news-inner
clock12:03 calendar-gray 18 May 2020 view-gray8160 dəfə oxunub
view-gray8160 dəfə oxunub

İrza sənə görə arvadını boşayır – Güneyli yazarın hekayəsi

Kulis.az “Sözün Güneyi” layihəsindən Güney Azərbaycanın Biləsuvar bölgəsindən olan Solmaz Cəmalinin "Bu cəhənnəm o cəhənnəmdən daha yaxşıdır!" hekayəsini təqdim edir.

Solmaz Cəmali 1991-ci ildə doğulub. Təbriz Universitetində pedaqoji elmlər üzrə təhsil alıb. Hal-hazırda Tehranda yaşayır.

1.

"Bu xaraba otaqdan bi çölə çıx dənə. Gülsara xala genə səni soruşur. Day üzüm də gəlmir deyəm kitab oxuyur. Deyir, hay düşüb qızun boşanır. Görürsən?! Sözlərimi qulağunda sırğa eləmədün, bu da axırı."

Anam hirsli-hirsli yuxarıdan aşağı məni süzür. Acı baxışları ilə az qalır məni deşik-deşik eləsin...

Yan dövrəmə nifərtlə göz gəzdirir .

Dirsəklərimi söykədiyim masanın üzərindən götürüb oturacaqda dik otururam. Gözümü oxuduğum kitabın sətirlərindən alıram. Əllərim ilə hər iki yandan saçlarımı yığıb başımın arxasında topalayıram.

"O arvad heç nəyin ağını bozunu bilmədi. Həmişə qazanı qarışdırır, çaxnaşma salır. qüruru, bicliyi, sayğısızlığı yerə-göyə sığmır." -

deyirəm.

"Düşmüşük ağızlara, ancaq sənin ağzından hələ də Gülsara xala düşmür. Niyə başa düşmeysən? Südəmər uşaq da bildi bunu, sən bilmədün."

Kürəyini dayadığı divardan götürüb mənə sarı gəlir. Masanın üzərindən oxuduğum kitabı qaldırıb əllərini altdan onun hər iki tərəfinə qoyur; şabbıltı ilə bağlayıb masama tullayır.

Ürəyimdə incə-incə ağrılar dolaşır.

"Özüzü allatmeyın, ortada mənim «qız» doğulmağımnan başqa bir problem yoxdu. Siz hələ də yüz il bundan qabağın dəbinə uyub onun bunun sözinən, qızlarızın günün tutusuz göy əskiyə. Alı qızı onu deyir, oruc qızı bunu deyir. Özəl sözlərizi belə onnan-bunnan paylaşırsız."

Danışdıqca içimdə əsirdim. Nəfəsim güclə çıxırdı.

"Oturub onun-bunun dalicaq danışmaq hünər dəyil. O arvadın, bu arvadın başmağınnan, donunnan danışmağı hamı başarar!"

Sağ əlimi alnıma qoyub ehmalca övkələyirəm. Əl atıb özümü saçlamaq istəyirəm.

"Beş yaşımdan hey gözünü ağartdın, dilini dişlədin. Dedin, ucadan gülmə; Oruc qızı duvarın deşiyindən görər, Hacı Cəlil eşidər. Oynama! Alı qızı nə deyər adama?! Onu geymə, bunu geymə."

Nə zaman ağladığımı, gözümün yaşının üzümdən boynuma necə axıb getdiyini bilmirdim.

"Sağ-solumu tanımadan məni bibim oğluna verdiz; anadan olcaq bizi deyilgi etmişdiz. Mən hələ təzə-təzə, uşaqlığımda, qohumlarımızın mənlə onu bir yerdə gördüklərində qaş-göz oynatmalarının, şuxluq dolu gülüşlərinin nədənini anleyıram..."

Günəş alovlanmışdı. Yumşaq əsinti bacanın tül pərdələrini yüngül-yüngül tərpədirdi.

"Arvad acı bağırsaq kimi uzatdıqca uzadır. Qırmızı-qırmızı belə sözün yetirir sanki İrza sənə görə arvadın boşeyır. O da qorxur dənə yazıq arvad..."

Anam əllərini övkələyə-övkələyə titrək səs ilə davam eləyir.

Oturduğum yerdə eləcə quruyub qalıram.

Bir neçə anlıq masamın üzərində tikanlı, yarpaqsız, ətli gövdəsi olan kaktus gülümə gözüm sataşır.

Açıq bacadan cırıltıları içəri dolub otağın səssizliyini pozan cırcıramaların səsi, qəfil hönkürtümün içində itir.

Anam əl-ayağını itirir: "Qızım, qınama bizi. Biz də gözümüzü açıb belə görüb örgəşmişik. Başuva dönüm, ay bala, day sənə heç nə demiyəcəm."

Qıvraqca qapıdan çıxarkən: "Aynaz bax, ağlama ha, əyəm bir də sənə bi söz dedim, nə desən de." - deyib gedir.

2.

Qardaşımla anamın pıçıltılarını duyuram. Məni görüncə səsləri ucalır.

"Hələ başı açıq şəkilin qoyur instagrama, telegrama! Sənün ixtiyarun keşgə məndə olurdu."

Qardaşımın gözlərindən nifrət fışqırır.

"İndiyəcək bebilə kitab oxuyubsan nolub? Boynunnan midal asıblar? Cibüvi pulnan doldurublar?"

Anam hərzamankı kimi sərt baxışlarını gözlərimə tuşlayır; gözlərini bərəldir. Əllərini ölçə-ölçə dodağını dişləyir: "Mən olsam kitabnan özümü öldürmək yerinə qəşəh duraram mahnını qoyaram qızımnan oyneyıb dingildərəm. Gedib-gəlib mivədən yiyərəm, qızımı yedirdərəm. Aaaz, elə bileysən arvatsan? Sən heç... Da dəyirsən."

Ürəyimdəki ağrı, bütün canımı dolaşıb ayaqlarıma axır. Aşağı səs ilə mızıldanıram:

"Məni assaz da, kəssəz də, o dediklərizi sevmirəm."

Çöküb oturduğu yerdən sıçrayıb üzbəüzümdə durur. Nəfəsini dərmədən bir düzünə danışır:

"Ay qız, hamı sənin ucuz, kətdi model pal-paltarını danışıre..."

Anamın ağzı köpüklənirdi, tüpürcəyi üzümə sıçrayırdı. Amacı məni şaqqalamaq olduğu üçün istədiklərini zorla beynimə yeritmək istəyirdi.

Onun bu halını görəndə uşaqlığımda məni qəfəsdə saxladığını xatırlayırkən, həmən qorxu məni çulğayırdı.

Xatirələr görüntü kimi gözümün önündə bulanıb özü-özünə dalğalanmağa, itip-tapılmağa başlayır.

Bir gün olmadı anamla qardaşımın yerinə özüm bazara gedəm. İstədiyim pal-paltarı bəyənib sevərək alam.

Heç elə bil, bizlərlə onların arasında bu boyda zaman məsafəsi yox idı. Ancaq və ancaq geyimlərimiz dəyişmişdi.

3.

Gün batmaq üzrədir. Yer üzü ala-bula olur. Gün ərzində səsləri çıxmayan qaranquşların qıvraq uçuşlarını seyr edirəm.

Eyvanda toplanıb ordan-burdan danışırlar. Həyətin sağ bucağında damı, divarı çökmüş təndirxanaya sarı boylanıb baxıram. Uşaqlığımı xatırlayıram; təndirin başında əyləşib ayaqlarımı içinə sallamaq istəyirəm. Yanan ağacların çırtaçırt səsi, özəl qoxusu, təzə çörəyin iyisi hər yanı bürüyüb.

Təndirxananın divarındakı mismarladan çuvallar, torbalar asılıb.

Keçmişdə günəş, çiy kərpiclə tikilmiş təndirxananın kiçik deşiyindən uzun, sarı bir qılınc kimi içəri dürtülərdi. Payızda tavanından daman yağışın izləri görünərdi.

İndi isə divarları çökmüş təndirxana, kölgəsini kol-kosun, otların üzərinə tutqun xalça kimi döşəmişdi. Göylük böcəkləri yam-yaşıl otları sarmışdı.

Bir vaxtlar həmən o otların üzərinə uzanıb kürəyimdə, boynumun dalında incə toxunuşlarını hiss edərdim. Bəzən qanadları xallı kəpənəklər otların arasında ehmal hərəkətlərlə yoxuşlu-enişli uçuşardılar, onlara qısqanardım. Eşitdiyim acı sözlər uğultu ilə beynimə işləyib qasırğa qopardığı an, həyətdə gəzişib göz yaşlarımı silə-silə çiçək dərərdim, yarpaq dərərdim. İçimdə bölük-bölük buludlar dolub-boşalardı...

Otların arasından acılıqla dolu yuxuya bənzər həyatımı hələ də dəfələrlə kabus kimi görürəm.

"Ay bala, belə əl-ayağuvun sümügü görsənir e. Başuvu zindəgüvə, ərüvə, uşağuva qat. Yalannan nəyə durub gəlibsən?"

Yaşlılıqdan qırışmış dodaqlarının qırağında aşağılayıcı bir ifadə vardı. İri ayağını yana çəkilmiş tuman köynəyindən görürdüm. Ayağının barmaqlarını oynadırdı.

"Gülsaranı hələ də bəzi gecələr əri döyər. Özü də hessadın üstündə..."

Nənəm narahat-narahat deyir.

"Hə nolsun? Arvatda ağıl olmaz..."

Gülsara xala səsini ucaldır.

"İrza canı, Oruc qızı deyirdi o Güləbətinin ərinnən boşanan qızı yoxdu?"

Nənəm ilə anam «hə, hə» deyə-deyə başlarını tərpədirlər.

"Deyirlər, bi alahı kişiynən tutublar. Bi tünlük var imış. Tifağun dağılsın qız olan bəndə! Bizim zaman olseydı dədəsi, qardaşları şaqqalardılar qızı."

Qıya baxdıqca kiçik gözləri ilə elə bil ürəyimin düz içinə girmək istəyir.

"Tay hamı tükü tükdən seçir. Hamımız yolları, izləri, cığırları, obaları bir-bir gəzib bura çatmışuq."

Hiyləli baxışını gözlərimdən çəkmir. Bu xına o xınadan deyildi deyəsən.

Günəşi içinə sümürüb kölgəsini yan dövrəsinə sərən təndirxananı süzürəm. Orada xatirələrin tanış qırıntıları köpüklənirdi.

"Ürəyimi qara-qara şübhələr gəmirir. Başımıza kül ələnəcək."

Anam bu sözü az qala pıçıltı ilə özü-özünə deyir.

Dizi üstünə qoyduğu əli astaca əsməyə başlayır.

Yüngül yel əsir. Tikanlı otların, kol-kosun iyisi, təzə çörək iyisi qoxuyan havanı çulğayır.

Heysiz, utancaq səsim sürünüb boğazımdan çıxır.

"Mən istəmirəm sizə oxşiyam."

İllər boyu o qadına, nənəmə, anama oxşaram deyə çox qorxardım. Onların gülüşləri, baxışları belə çox qorxunc idı. Quru torpaq kimi çat-çat olmuş üzlərində yoxsunluğun dolaşdığını sezirdim.

Nənəm ört-basdır eləyib sözün yönünü dəyişdirməyə çalışsa da ox artıq yaydan çıxmışdı.

Qaşları çatılır. Barmaqlarını sanki gözümə təpəcək kimi havada oynadır.

Qadın birdən götürülür. Sözü ağzından fışqırır: ləçəyüü ört, çölə düşmüş! Ordan-burdan baxan olar.

Səsi yavaş-yavaş sərtləşir.

Külək, əlimdə bərk-brək tutduğum «özgə» kitabının qıraqlarını xışıldadır.

«Qadın», qadın doğulmur, «qadın» olunur." Bu cümlə beynimin qaranlığında yellənir, gözümün dənizində ləpələnir. Ləpələnib-ləpələnib bütün vücuduma yayılır, yazılır. Çayların, bulaqların şırıltısına qarışır.

Anamın gözləri qırpılmadan bir nöqtəyə dikilmişdi.

Nənəm Aysunun kiçik əllərinə sığal çəkərək kefsiz və yorğun səsi ilə ağır-ağır oxuyurdu:

Aysu balam bi qətrə
Gedə bulağdan su gətirə
Suyu verə atasına
Atası tökə zəmisinə

Aysu əllərini bir-birinə çırpır, sevincək qışqırır: “Elçin atam?”

Altı göz çönüb mənə baxır.

Nənəm düşüncələrinə dalır.

O, mütəkkəyə dirsəklənib nalça üstə uzanmışdı. Dilinin altında həzin-həzin başqa bir bayatı oxuyur:

Ay məstana məstana
Aysu girib bostana
Qorxuyam yağış yağa
Qızımın donu islana

Aysu uğunur.

Nənəm çatıq qaşlarını göyə qaldırır: "Düz dan yeri söküləndən oyanmışam. Xəmir elə, güd acısın. Kündələ, təndiri sal, külfəni aç, taxta oxlonu ilfidəni irahla, sora yay, yap bişir. Day düz ölürəm bala (anama baxaraq) canım çıxır."

Dodağım qaçır. Gözalti Gülsara xalanın nənəmə qarşı baxışına baxıram.

"Ay qız, tay yazıxlara az qan utdur. Qəşəh ər hələm-hələm tapılmaz. Ərün benavadı birin də doğ qoy oğlu olsun."

Üz-gözünü turşudur. Bir zəhmlə baxır ki, sanasan ödümü yaracaq. Qadının acığı hələ də soyumamışdı.

Nənəm için-için gülməyə başlayır. Nəsə xatırlamışdı.

"Yadımdadı, tək Məhəmmədi doğmuşdum. Gördüm, Alı qızı, Oruc qızı ikisin doğub üçüncüsünə boyludular. Elə bil qarnıma ilan soxdular. Durdum, qaçdım Zərnisənin yanına, dedim qarnımı bağla, uşağa qalım."

Şaqqıldayıb gülürlər.

«Nənəm nalı mıxa döyür mıxı nala. Baaah dədönnən məni qınıyıan.»

4.

Otaqdan atamın mən eşidim deyə uca səs ilə dediyi sözləri duyuram.

"Özümü öldürəcəm bu qızın əlinnən. Evin-eşigin boşleyıb gəlib bura ki nola? O kitablarda nə var?! Gecə yarısınacan yuxu gözümə girmir, yerin içində səhər açılıncaq çabaleyıram."

Qapını açıb otaqdan çıxıram. Atamın hirsli baxışları sinirlərimi gərir. Kiçik qardaşım dodağı qaçmış mənə zillənir.

"Mən başımı aşağı salıb sevdiyim işi görürəm. Bunun nəyi sizə ağır gəlir? Burnumu onun-bunun həyatına soxmuram. Bir-birimizin düşüncəsinə, geyiminə, yaşayışına sayqımız olsun lütfən."

Yenə dilim söz tutmur. Dolaşıq-qarışıq sözlər bir-birinə qarışır.

Qardaşım mısmırığını sallayır. Sərt baxışları üzümdə donub qalır: "Elə bu böyük-böyük danışmaqları o kitablardan örgəşisən. Bizim abrımızı aparıb salıbsan ağızlara hələ utanmadan danışısan da. Burda şöngüyüb gözünü kitabnan instaya zilləmək yerinə get otur evində ərüvə uşağuva məhəbbət elə. Elə məhəbbət görmiyən ər canu alıb onun-bunun yanına gedər."

Atama baxıb guruldayır: "Kitabların otdeyun, mubaylın sındurun. Bi şillə də yapışdurun ağzına bəlkə adam oldu."

"Bu evdə məni incidən sayqının olmamağıdı, ədalətsizlikdi, ayrı-seçkilikdi. Böyük-kiçik sayılmır bu evdə. Nə cür olur da məni adam görmüsüz!?"

Atama baxıb qardaşımı tuşlayaraq deyirəm.

"Az sən fərli qız olseydun deyərdün dədəmin-nənəmin sözü yerə düşüncək, qoy mənim başım yerə düşsün."

Səs-küylü arsız qarğalar çılpaq budaqlara şığıyan kimi anam kəskin sözü ilə üstümə şığıyır. Birdən-birə üzü göm-göy göyərir. Hönkürüb bozlayır.

"Soyundur ba sözünü. Deməyin nədi?"

Atam nəyi isə beynində götür-qoy edirdi. Tutqun olub qatı hirslənmişdi.

Bu sözləri səhər çağı evdən çıxıb gecə yarısı evə dönən atamdan eşidirəm. Vaxtının çoxunu ayləsi ilə yox, dostları ilə paylaşan atamdan. Maşını götürüb səhərdən axşama xiyabanları boşuna dolaşan, o qıza-bu qıza qulluq edən, yüksək lisans elmi dərəcəsi olan və məndən yaşca xırda olan qardaşımdan eşidirəm.

Kişi doğulub bütün qırmızı cizgiləri keçə bilməyi kişiliklərinə doğru bilənlərdən eşidirəm.

Sözləri daraq kimi bir-birinə keçirilmişdi; bilirdim bu sözlərin sonu hara yetişəcək.

- Qayıt öz evinə, nağayreysan orda elə? Sən yolunu azıbsan deyəsən.

Atam gözlərini yumur. Sağ əli ilə alnını tumarlaya-tumarlaya astadan dillənir.

Ürəyimdə nəsə, elə bil sap qırılır.

«Nə zaman dayaq oldun ki» dişimi-dişimə sıxaraq mızıldanıram.

Gözlərini gözlərimə dikir: günahuvi üz-gözündə yox, ürəyində gəz tap.

Gözlərimi ailəm dediyim insanların üzündə gəzdirirəm.

"Sizlər mənə bir «həyat» borclusuz." - beyirəm.

Atamın mat qalmış gözlərinə zillənirəm:

"O əllərini həmişə qızından əsirgədin."

Atam ayağa durur, hüzün dolu bir baxış atır mənə sarı; heç bir söz demədən ağır-ağır çölə çıxır.

Ürəyim zoqqul-zoqqul zoqquldayır.

Həyatımın hər anında mənə yaşatdığı və qarşısını almadığı bu hiss heç unutmayacağım bir şəkildə yaddaşıma cızılırdı. Hazırlanıram; heç bir zaman mənimsəmədiyim o evə qayıdıram.

5.

Bacanın yan divarına söykənib qaranlıq həyətə zillənirəm.

- Qayıtdın?

Bir az susuram. Beynimdə dalğalanan, ləpələnən istəklərə, arzulara nisgillənirəm.

Bu şəhər böyüyə-böyüyə ruhumu udmuş, mənliyimi, insanlığımı kültürün, toplumun sıxlığında sümürmüşdü. Bu acılıqları, irinli yaraları ürəyimin məzarlığına yığa-yığa özümü gömmüşdüm.

Kölgələr susqun həyətdə gəzişirdilər. Ağızları-başları bəlli deyildi.

Bacanın şüşəsindən gözünü bizdən çəkməyən qızımı görürəm. Qolçağı qucağında bizdən bir az aralı bardaşın qurub yerdə oturub.

Bacanın enli taxçasına düzdüyüm doğal güllərimə zillənirəm.

"Bu cəhənnəm o cəhənnəmnən daha yaxcıdı" deyirəm.

- Qardaşın zəng eləmişdi. Dedi sənə deyəm kitablarının dalicaq getmiyəsən.

Gözlərimi güllərimdən alıram. Çönüb qızımın üzünə gülümsəyirəm. Səksəkəli ürəyi ilə qolçağını daha da özünə sıxıb gülümsəyir.

Əllərini şalvarının cibinə salır, qımışır:

- Hamısın təndirxanada qalayıb yandırıblar...

Oxşar xəbərlər

Xəbər lenti

Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020
Aygün Fətullayeva: "İstənilən rola çəkilərəm" - Video
21:02 25 Sentyabr 2020
Bakı caz festivalı yubileyini qeyd edəcək
18:50 25 Sentyabr 2020
Natali Portman kitab yazdı
18:15 25 Sentyabr 2020
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020