Şair dostu Fərqanənin ölümünə elegiya yazdı – Mətn

Şair dostu Fərqanənin ölümünə elegiya yazdı – Mətn
5 may 2020
# 10:33

İlham Qəhrəman

Fərqanənin ölümünə

(elegiya)

Narıngül, Şəfəq, Məlahət,
Faiq, mən, Aləmzər, Qiymət...
Əyləşdik yan otaqda
ölümünü qarşılamağa.
Ayıbımıza gəldi – ölüm olsa da,
dost adını deyib gəlir.
Axı o da bekar deyil,
hardasa işini qoyub gəlir.
Faiq dözmədi, çıxdı...
Bilirsən Faiq dildən pərgardı -
Bəlkə də ölümü dilə tutmağa,
Bir hovur ləngitməyə,
başını qatmağa çıxdı.
Ondan olsa, ölümün
gələn yolunu düyə bilərdi,
Ölümün üzünə qırmızı
burda yoxsan deyə bilərdi.
Ölüm də ölümdü ee...
Gələndə heç nəyə baxmaz,
gözaltısını buraxmaz.
Qəfil sən olan otaqdan şivən qalxdı,
Elə bil əlahəzərət gəlmişdi
əsgər kimi ayağa durduq.
Aləmzər titrəyirdi əsim-əsim,
Öz aramızdı - hesabınan gərək
ölümün bizdən inciməsin.
Səninki də belə yazıldı,
dərgaha oxunmağa o yazı getdi,
Narahat olma, yaxşı pay apardı,
ölümün bizdən razı getdi.

2

Zalım, sağlığında inanmazdın...
İlqar büzüşüb bir sifətə düşdü -
üzünə baxmağa gücüm olmadı.
Yəqin ona yanırdı siqaretiynən -
sənə qıyan ölümə öcü olmadı.
Bu necə ölümdü, Fərqanə, -
mağarın qurulmadı, üçün olmadı?!

“Bacın qurban!” deyərdin...
Yaxşı qardaşın bu şeiri yazmağa əli gəlməz.
Allah görür - sənin ölümünə də
pis deməyə dilim gəlməz.
Adını çəkirəm, Fərqanə,
Bəlkə bir işim düşüb elə,
adam bir haya çıxmazmı?!
Qardaş deyən bacı qardaş gələndə
durub qapıya çıxmazmı?!

Doğrandın bıçaqlara,
bıçaqlar ağzında getdin.
Ona yanıram – qışa dözdün,
fəslin yazında getdin.

Doğrandın bıçaqlara,
dözümünlə sirr oldun,
Can, ay bacım! Sağalmaq umuduna
Təbrizin yollarında yesir oldun.

Fələk bir oyun oynadı,
bağlanmayan yer qalmadı...
Yaxşısı bağlandı, pisi bağlandı.
Səni gördü dünya qarışdı,
umudunun qapısı bağlandı.

Özünü xəstəliyə də sevdirdin,
Çox xəstəliyin altın çəkdin,
Çox xəstəlik başına gəldi.
O qədər sadə idin,
Nicat da ürəkləndi yasına gəldi.

Bir dəvətdən qalmırdın,
hər dəvətə varırdın...
Yarımcanla, ağrıyla
yenə məclis aparırdın.

“Ulduz”da hamıya istisi çatan
korun yanan ocaqdın.
Dəfninə çata bilmədim,
Qəbrinə qələm qoyacaqdım.

Yarpaqdan tutulan ipək misallı,
nə darda, nə möhnətdəsən, şair.
Biri ünvan soruşurdu,
dedim cənnətdəsən, şair!

04.05.2020

# 4701 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər