Nüvə silahının düyməsinə qonan eşşək arısı

Nüvə silahının düyməsinə qonan eşşək arısı
19 mart 2020
# 17:59

Kulis.az Rahid Uluselin “Dünyanın sonuncu iki insanı” fəlsəfi pritçasını təqdim edir.

Kralquyruğu pandemiyasından xilas olan bəşəriyyət qırx il sonra şahgənəsi yoluxması ilə qırılıb qurtarmışdı. Dünyanın ən qüdrətli dövlətlərinin başçıları, milyarderləri, yüksək elitası öncədən hazırladıqları bunkerlərdə belə ondan qurtula bilməmiş, XXI əsrdə də küçədə yatan yüz milyonlarca insanla eyni aqibəti yaşamışdılar. İnsan tapdağından dirçələn təbiətin qırışığı açılmış, tənəksayaq hər yerə sarmaşmağa başlamışdı. Amazonka ilə Paris seçilməz olurdu. Yırtıcıların bayramı idi: insan məskənlərindən çöllüklərə, meşəliklərə axışan, hələ vəhşiyyət qanunlarına qayıtmağa macal tapmamış məsum ev heyvanları asanlıqla onların ovuna çevrilirdi. Ekosistem mürgüsündən ayılıb planetdə yeni bir nizama ayaq qoyurdu...

Yalnız iki insan xilas ola bilmişdi. Mağara kahalarının dolanbac labirintindəki termal sularda ləzzətlə pivələnib aramsız üzən bu iki şəhərli kişi elə orada tanış olmuşdular. Biri yerli, biri gəlmə idi. Şəhərə yaxınlaşanda vahimə onları bürümüşdü. İnsan həniri kəsilmiş küçələrdən yarasa kimi keçib buradan uzaqlaşmışdılar. Hərbi aviasiya poliqonuna çatanda istefada olan təyyarəçi ekstremal vəziyyətlərə alışmamış bank şefini birtəhər ovundurmuşdu. Onlar artıq çayır basmış poliqondan yüksək sürətli qırıcı təyyarə ilə səmaya qalxanda heç ağıllarına da gəlməzdi ki, dörd ay müddətində yanacaq və uçaqları, poliqon, aeroport və aerodromları dəyişə-dəyişə, dünyanın bir çox ölkələrini dolaşacaq, ancaq nəinki evlərində doğmalarını tapmayacaq, heç yer üzündə bir həmcinsinə də rast gəlməyəcəklər...

Bu iki nəfər dünya paytaxtlarındakı mərmər sütun və pilləkənlərini, ali kreslo və masalarını toz basmış ünlü dövlət idarələrinə, beynəlxalq təşkilatlara, hörümçək toru sallanan hərbi-sənaye komplekslərinə, hətta nüvə silahı obyektlərinə, ətrafını meşə pöhrəlikləri bürüyən böyük şəhərlərin zəngin bina, otel, universitet, muzey, teatr, dəlixana, stadion, satış mərkəzləri və banklarına sərbəstcə daxil olmuş, azadlıq və sıxıntı hisslərinin görünməmiş qarışığını yaşamışdılar. Banklardakı pul bağlamalarının və qızıl külçələrinin necə şaşaraq pərt olub utandığına, uşaq bağçalarında oyuncaqların asta-asta yelləndiyinə, uzaqmənzilli ballistik raketlərin erotik duruşda əsnədiyinə şahid olmuş, kilsə, məscid və məbədlərdəki müqəddəs kitabların açıq pəncərələrdən dolan mehdən necə öz-özünə aram-aram vərəqləndiyini görmüş, nüvə silahını işə salacaq düymənin üstünə oturan eşşək arısını ehmalca qovmuşdular...

Dəlicəsinə uğunub gedir, hönkür-hönkür ağlayır, bir-birinə sarılıb özlərini toxtadırdılar. Bir-birinin əlini belə buraxmağa cəsarət etmirdilər. Onca doğmalaşmışdılar ki, birgə yatır, titrəyə-titrəyə bir-birini qızındırırdılar. Son dəfə axşamladıqları otel otağının yatağında səhər tezdən qıvrılıb-açılıb üz-üzə uzanmışdılar.

– Səni bilmirəm, mənə... qadınsız qalmaq çox çətindi...

– Elə mənə də...

– Bu qədər yer dolaşdıq, bircəsi rast gəlmədi...

– Yəni, demək istəyirsən, ikimizə biri...

– Hə, doğrudan ha...

– Deməli, biz öləndə... insan nəsli də kəsiləcək...

– Hə, elədi...

– Kədərlidi...

– Bura bax, yaman xoruldayırsan...

– Sən də fısıldayırsan...

– Bəlkə, ayrı yataq?

– Yataq...

Səhəri gün artıq bir yerdə yaşaya bilməyəcəklərini anlamışdılar. Tək qalmaqdan nə qədər üşənib-ürpərsələr də, ayrılmaq qərarına gəldilər. Ancaq elə-belə ayrılmaq yox. Düşündülər ki, bu planetdə bizdən başqa yaşayan yoxdursa, deməli, onun sahibi bizik. Onu qardaşcasına bölək və bir-birimizin əl-ayağına dolaşmadan rahatca yaşayaq.

İki insan yer kürəsini öz aralarında bölmək üçün optimal məkan seçmiş, tarixin ən qədim imperiyalarından birinin paytaxtına – “Əbədi Şəhər” – “Eternal City” deyilən Romaya uçmuşdular. Bir qlobus götürüb şəhərin 500 il öncə Mikelancelo tərəfindən layihələşdirilən Müqəddəs Pyotr məbədinin qarşısındakı meydana gəlmişdilər. Burada vaxtilə quraşdırılmış, milyon illərdən sonra Pompeytək torpaq-kül layları altında qalacaq kameraya onların daha bir kimsəyə bəlli olmayacaq qonuşması köçmüşdü...

– Bu gündən planetin yarısının sahibi mən olacağam, yarısının sahibi sən. İndi onu necə bölək, qardaşım? Meridianlar, yoxsa paralellər üzrə?

– Əsas odur ki, elə bölək, mənim torpağım səninkindən, sənin torpağın mənimkindən artıq olmasın. Yəni ədalətlə...

– Planetimizin qərb və şərq yarımkürələri bölgüsü var. Bəlkə biz də ona uyğun bölək? Bir tərəfdən Atlantik, o biri tərəfdən Sakit okean boyunca...

– Yaxşı fikirdir. Burada bir çətinliyimiz olmaz. Püşk atıb, məsələni həll edərik...

– Əlbəttə... Varlığa nə darlıq... Mən sənə min kvadrat kilometrlərlə ərazini bağışlaya da bilərəm. Təki razılığa gələk...

– Elə mən də...

– Ancaq... Yadındamı, biz Amerika qitəsindən Asiya qitəsinə Sakit okean üzərindən uçanda tənha bir adacıq görmüşdük... Aşağıdan uçub diqqətlə baxmışdıq... Heyrətamiz idi...

– Hə. Yadımdadı. Daşlı-qayalı, kol-koslu bir ada... Dörd hektar ancaq olardı. Heç xəritəyə də düşməyib. Oxumuşam haqqında. Okean qabaranda batır, çəkiləndə çıxır üzə.

– İstərdim ki, o mənim olsun...

– O sənin nəyinə lazımdır ki?! Bəlkə orada hərbi baza yaradacaqsan? Sualtı qayıq-filan...

– Yoox... İkimizin sahib olduğumuz dünyada hərbi baza nəyimizə gərək... Sadəcə, xoşuma gəlir...

– Nə bilirsən, bəlkə mənim də xoşuma gəlir?

– ...Demək, sən mənim istəyimə qarşı çıxırsan. Heç gözləməzdim... Axı, biz bu dünyada tək qalmışıq! Planetin yarısını sənə verirəm. Sən isə bir adacığı mənə qıymırsan!..

– Yox, qardaşım. Sən elə bəri başdan bizim şərtləşdiyimiz ədalət prinsipini pozursan! Planet məgər sənindirmi ki, onun yarısını mənə verəsən?! Biz onu yarıdan bölməliyik. Sən isə üstəlik bir adanı da istəyirsən!

– Sənə dünyanın yarısı bəs etmirmi?!

– Bəs sənə necə?! İmperator kimi danışmağı yığışdır!

– Sən isə imperialist iddialarından əl çək!

– Mən belə iddialarda deyiləm. Yalan danışma!

– Yalançı sənsən!

– Tamahkar!

– Acgöz!

– Mən olmasam, sən bu dünyada tək qalacaqsan! İt kimi gəbərəcəksən! Basdıranın da olmayacaq!

– Nə bilirsən, bəlkə məndən qabaq sən öləcəksən?! Bank şefinin əxlaqına bax!

– Lağ eləmə! Mən dünyanın aparıcı banklarından birində böyük vəzifə daşımışam!

– Sənin o bankın indi heç kimə gərək deyil! Pullarını siçanlar-siçovullar yeyəcək!..

– Bəs sən kim olubsan? – Kəşfiyyatçı təyyarəçi! Özün deyirdin: Əfqanıstanda terrorist dəstəsi əvəzinə səhv salıb toy karvanını atəşə tutubsan! Tövbə də etməmisən!

– Mən dövlətimin ordusunda sədaqətlə qulluq etmişəm! Əfqanıstanda, İraqda, Suriyada döyüşmüşəm! Atam da Vyetnam müharibəsində həlak olub...

– Elə ona görə belə qanlı-qanlı danışırsan! Sənin iştirak etdiyin, milyardlar xərclənən o savaşların indi bir qəpiklik əhəmiyyəti yoxdur... Sən indi paslanmış bir silah – vecsiz bir məxluqsan!

– Aman allah, mən səni tanımamışam!.. Əsil sifətin çıxır üzə! Sən o vəhşi əcdadlarını xatırladırsan – lap elə o qıllı homo rudolfensisi!..

– Sən isə yırtıcılardan fərqlənməyən avstralopitekusu!..

– Sən homo erektus kimi dik yerisən də, alçaq davranışınla nifrət oyandırırsan!

– Mən heç bilməmişəm: qarşımda dayanan neandertalmış!..

Homo erqaster! Sənin ondan nə fərqin var?!

– Səndə Mardukla Daranın qanı birləşib!..

– İnsanı buzlu suda titrədəndən sonra qaynar qazanda bişirə-bişirə əzablarına gülən Çin imperatoru cəlladının dölüsən sanki!

– Sarsaq Roma imperatorlarının ən yaramaz hərəkətləri sənin üzündən oxunur!

– Bacıları ilə, ən yaxın saray əyanlarının arvadları ilə yatan, atını Senata senator seçdirən əyyaş və dəyyus Kaliqula!

– Ustadı Senekanı intihara sürükləyən rəhmsiz Neron!

– Oh! Sağdan baxanda XIV Lüdovik, soldan baxanda İvan Qroznı!

– Taxt-tac davasında atalarını, qardaşlarını, övladlarını öldürtdürən, sonra da “cahan hökmdarı” olaraq salnamələrdə özünü vəsf etdirən xəlifə, sultan və kralların xəlitəsisən sən!

– Sən Hitlersən!

– Sən Stalinsən!

– Sən Mao Tse Dunsan!

– Sən Pol Potsan!

– Sən Şimali Koreya diktatorlarının üç nəslisən!

– Sən ağ dərili Muqabesən!

– “Əl-Qaidə”çi!

– “İŞİD”çi!

– Sən rəqibini təbəssümlə qarşılayıb fincanına zəhər damızdıran diplomatsan!

– Sən kimyəvi tullantılarla su hövzələrini batıran kapitalist, kosmosu zibilləyən siyasətçisən!

– Beynəlxalq qanunları çeynəməyə, ekspansiyaya sənin kimilər sürükləyir dövlətləri, xalqları!

– Mən artıq qəti əminəm ki, yeni bir dünya müharibəsi baş versəydi, sən onun ön sıralarında olardın!

– Mən də heç şübhə etmirəm ki, sən bank işini atıb, tərəddüd etmədən insanı həşərata çevirəcək məxfi bioloji laboratoriyalarda iyrənc eksperimentlər aparardın! Sonra da özünü klonlaşdırıb bəşəriyyətin sonuncu iblisinə çevrilərdin!

– Daha bəsdir! Səbrim tükəndi! Mən indi gözlərini oyub, o xoşladığın adaya tullayaram səni! Ömrünün axırına qədər daşlar, çınqıllar arasında kaktus tikanlarını yalayarsan!

– Buna bir bax!!! Sən nə cəsarət edirsən, köstəbək?! Mən səni ayağımın altında darıya döndərərəm!!!

...Onlar beləcə bir-birini diddikcə, dırnaqları uzanmış, caynaqlara çevrilmişdi. Qatlanıb itilənən caynaqlarını bir-birinin xirtdəyinə keçirmiş, bir-birinin nəfəsini kəsmişdilər... Meydanın mərmər döşəməsi onların dizləri altında sürtülüb parıldamışdı... Ətrafdan şəhərin içərilərinə doğru sürünən kol və sarmaşıq pöhrəliklərinin təzə-tər zoğları özü ilə yırtıcıları da gətirmişdi... Kükrəyən meşə cəngəlliyi sivilizasiya cəngəlliyini tapdalayıb çulğamaqdan həzz alırdı... Tindən-döngədən çıxan kaftarlar meydanın ortasındakı həlim qan iyinə toplaşdılar... Azacıq yalayan kimi bir-birilərinə baxıb ikrahla kənara sıçradılar. Yüz min illər idi ki, kaftar sürüsü insanın belə bulanıq qanını dadmamışdı... Ardınca çaqqallar gəldi, onlar da eymənə-eymənə çəkilib getdilər...

Xəbər qarışqalara çatdı. İnsanla davranmağın strategiyasına çoxdan yiyələnmiş, on min illərcə tapdalana-tapdalana hətta meqapolislərdə belə nəslini qorumağı bacarmış təbiətin bu müdrik canlıları bir-birini qanına bələmiş iki insanı dərhal dövrəyə aldılar. Gördülər ki, kaftarlar da, çaqqallar da yanılmayıb... Qarışqabaşı qanın şirəsinə şirniklənməyərək, sakitcə sürüsünü çəkib apardı... Bu adlı-sanlı sürünün bir qarışqası Qarışqaların Elmi Şurasında bitki dərmanlarının tətbiqinə görə Doktor Qarışqa dərəcəsi almışdı. Bircə o, analiz etmək üçün hər iki insanın qanından çörəkotu boyda nümunə götürdü. Qarışqabaşının tapşırığı və Sərkərdə Qarışqanın müşayiəti ilə iki qan damlacığını əvvəlcə torpağın altına – yuvalarına apardı, sonra öz laboratoriyasına qaldırdı.

Doktor Qarışqanın laboratoriyası yüz metrlik evkalipt ağacının təpəsində yerləşirdi. O, Günəşə doğru, ən hündür budağın ən tər yarpağının sağ layına bir qan damlacığını, sol layına bir qan damlacığını qoydu. İnsan qanının necəliyi barədə son qərarı ulu Günəş verəcəkdi...

Təbiət isə Yer planeti üzərində insan yaradılışı üçün yeni bir təkamül fazasını hərəkətə gətirmək zərurətini min dəfələrlə götür-qoy edəcəkdi... Təbiətin canında bir İnsan ağrısı vardı... Təbiət İnsansız yaşaya bilməyəcəkdi... Ən saf toxumlarından onu yenidən cücərdəcəkdi...

Üzü üstə, xaç şəklində Müqəddəs Pyotr meydanına sərilən iki insanın bərəli gözlərinin tutqun əksi isə hələ də mərmər döşəmədən onların tuluqlanmış sifətinə baxırdı...

2020, mart

# 3295 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #