Gərginlikdən ağladım

Gərginlikdən ağladım
19 mart 2020
# 19:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Şüşə oyuncaqlar” qısametrajlı bədii filmini təqdim edir.

Süjet: Əhvalat internat məktəblərindən birində, yeni il ərəfəsində baş verir. Danışmaq və eşitmək məhdudiyyəti olan uşaqlara bir gün yeni il yolkası gətirilir. Həyatları monoton keçən uşaqlar hədiyyəni - yolka və şüşə oyuncaqları böyük sevinclə qarşılayır. Uşaqların hər biri özünə bir oyuncaq seçir. Onların gənc və təcrübəsiz müəlliməsi yolkanı bəzəyəndə şüşə oyuncaqlardan birini sındırır. Müəllimənin ehtiyatsız hərəkəti uşaqları məyus edir və ona münasibətdə inamları bir növ sarsılır. Səhəri gün müəllimə yolkanı bəzəyən şüşə oyuncaqları görmür. Hər yeri axtarsa da onları tapa bilmir. Uşaqların yataq otağına girəndə şüşə oyuncaqların onların çarpayısının altından asıldığını görür...

Gallery

Elçin Musaoğlunun 2003-cü ildə ekranlara çıxan “Şüşə oyuncaqlar” filmi “Azərbaycantelefilm”də istehsal olunub. “Şüşə oyuncaqlar” Oberhausen qısametrajlı filmlər festivalında nümayiş olunub. 2006-cı ildə isə Əl Cəzirə Beynəlxalq Televiziya filmləri festivalında "Golden Award” mükafatına layiq görülüb.

Filmdə müəllimə roluna mən çəkilmişəm. Ancaq əhvalatın qəhrəmanları əlbəttə ki, uşaqlardır. Açığı “Şüşə oyuncaqlar”ı indiyədək tam izləməmişdim. Və bu, yəqin ki, özümü bir filmdə, kənardan görmək kompleksi ilə bağlıydı. Bu günlərdə yaxın dostlarımdan biri filmdən bir kadrı sosial şəbəkələrdə paylaşandan sonra redaktorun təklifi ilə ondan yazmağı qərara aldım. Səmimi desəm, həmin paylaşım olmasaydı, “Şüşə oyuncaqlar” yadıma düşməzdi.

Gallery

Öncə deyim ki, Elçin Musaoğlu uşaq və yeniyetmələrlə əla işləyir, onların qəlbini ələ almağı bacarır. Onun 1997-ci ildə çəkdiyi, müasir sənədli kinomuzun ən yaxşı filmlərindən olan “Qum dənəsi” sənədli lenti uşaq koloniyasında cəza çəkən azyaşlıların taleyindən danışır. Müxtəlif ailələrdən gələn, ağır travmalarla koloniyada yerləşən uşaqlarla dil tapmaq, onların etibarını qazanmaq rejissora asan başa gəlməyib. Uşaqlarla səmimi ünsiyyət qurmaq və filmə çəkməkdən ötrü o, uzun müddət onlarla birlikdə koloniyada qalıb. Filmdə insan duyğularına toxuna biləcək, həm emosional, həm sosial, həm məişət, həm mədəni qatı olan epizodlar var. Müəllif film boyu yeniyetmələrin günahlarını deyil, arzularını dilə gətirir. Burada onlara ittiham yoxdur, hər kadrda müəllifin qəhrəmanlarına mərhəməti, sevgisi duyulur.

“Şüşə oyuncaqlar” filmində Nizami rayonunda yerləşən, eşitmə və danışmaq qabiliyyəti məhdud olan uşaqların təhsil aldığı inernat məktəbinin şagirdləri iştirak edirdi. Yadıma gəlir ki, çəkiliş prosesində xüsusən oğlan şagirdlər hər cürə dəcəllik edir, texnikanın ətrafında fırlanır, ona toxunmağa çalışır, bir-biri ilə dalaşırdılar və s. E. Musaoğlu uşaqların hər birinə individual yanaşırdı, sevgi, mehribanlıq göstərirdi. Görünür bu səbəbdən də, ipə-sapa yatmayan uşaqlar daha çox rejissoru dinləyir, daha çox onun sözünə əhəmiyyət verirdilər. Çəkiliş heyətində yeganə qadın olduğumdan və ya nədənsə mənə hörmətlə yanaşırdılar. Hətta onlardan ən dəcəli hərdən gülümsəyib, baş barmağını üzümün qabağında oynadaraq “sən əlasan” işarəsini verirdi.

Gallery

Aradan uzun illər keçib və çəkiliş prosesinin çox detalını unutmuşam. Amma heç vaxt unutmayacağım, təsirləndiyim səhnə uşaqların günorta və şam yeməyində göstərdiyi davranışlar idi. Uşaqları səhərdən axşamadək çəkiliş meydanında qalmağa vadar edən təkcə prosesə olan maraqları yox, bəlkə daha çox onlara verilən bol və dadlı yeməklər idi. Yemək “Azərbaycantelefilm”in büdcəsi hesabına verilirdi. Yemək vaxtı uşaqlar onlara lazım olduğundan daha çox çörək götürür, gizlədir və hətta bir-birinin çörəyinə əl uzadırdılar. Niyəsə onlara elə gəlirdi ki, kimsə çörəyi onların əlindən alacaq. Naəlac qalan rejissor çörək dolu iri torbanı onlara göstərərək başa saldı ki, “narahat olmayın, nə qədər desəniz çörək var, hamınıza çatacaq”. Uşaqların davranışının motivi görünür, onlara internatda yetərincə yemək verilməməyindən qaynaqlanırdı.

Elçin Musaoğlu müəllimə rolunu mənə təklif edəndə dedi ki, “sənin üçündə mənə lazım olan bütün ifadələr var”. Ssenarini isə oxumağa vermədi və çəkilişboyu süjetdən xəbərsiz qaldım. Sadəcə, oynadığım epizodlarda təklif olunmuş vəziyyəti qısaca izah edirdi. Onun məni ssenaridən kənar tutması, yəqin onunla izah olunurdu ki, beynimdə mexaniki, öncədən düşünülmüş fəaliyyət yaranmasın, hər şeyi anında, təbii ifa edim və bəzi məqamlarda obrazın düşdüyü vəziyyətə uyğun olaraq bir növ çaşqınlıq, spontanlıq duyulsun. Hərçənd, filmi izləyəndə öz ifamda bəzi hallarda saxtalıq, qeyri-təbiilik gördüm. Milsaçün, mənim qəhrəmanımın yuxudan oyanması səhnəsi qətiyyən təbii, inandırıcı alınmayıb. Mexaniki oyanmışam və bir qayda olaraq yuxudan əllərini göyə qaldıraraq oyanmırlar, gözlər də ovuşdurulmur. Görünür, rejissor öz tərzinə sadiq qalaraq həmin epizoda bir balaca poetik ton vermək istəyib, amma alınmayıb.

Gallery

Ümumən isə Elçin Musaoğlu tələbkar rejissordur. Filmdə oyuncaqları axtarmaq səhnəsi alınmırdı. Peşəkar aktrisa olmadığımdan zəruri olan gərginliyi, təşvişi verə bilmirdim. İş o yerə çatdı ki, yoruldum və gərginlikdən ağlamağa başladım. Onda rejissor dedi ki, mənə məhz ağlamağın lazımdır, amma çox ağlamağa ehtiyac yoxdur, burada hind filmi çəkmirik. Yəqin ki, ən təbii alınan səhnəm elə ağlamaqdan gözlərimin şişdiyi səhnəydi.

Dərs dediyim səhnədə uşaqlarla jestlərlə, əl işarələri ilə ünsiyyət qururdum. Bunu mənə onlarla çəkilişə gələn yaşlı müəllimə (adını təəssüf ki, unutmuşam) öyrədirdi. Hərçənd, o qadın mənim yadımda yaxşı xatirələr saxlamayıb. Acıqlı, sözbaz, ona aid olmayan işlərə burnunu soxan biri idi. Üstəlik, uşaqlarla mehriban rəftar etmirdi.

Filmin əvvəli və finalı eyni planla bitir. Uzaqdan qarlı havada göstərilən tənha binanın nəzərdə tuturam. Yeri gəlmişkən bu kadrlar rayonlardan birində çəkilib. Səhv etmirəmsə, Şamaxıda. Həmin vaxt E. Musaoğlu başqa bir filminin çəkilişi zamanı bu kadrları “Şüşə oyuncaqlar” üçün lentə alıb. Qalan çəkilişlər isə Bakıdakı bağçalardan birində aparılıb.

Gallery

Əslində ilk və son epizodların intonasiyası filmin məqsədini bəyan edir: dünyanın harasındasa, unudulmuş, sevgiyə ehtiyac olan uşaqların bir gününü ifadə etmək. Və böyüklərin ani bir diqqətsizlikdən onların sevgisini, etibarını itirə biləcəyindən...

Filmin operatoru, Elxan Nəbiyevi xüsusi qeyd etmək istəyirəm. E.Nəbiyev E.Musaoğlu ilə xeyli filmdə işləyib və onların uğurlu tandemi nəticəsində maraqlı işlər alınıb. “Şüşə oyuncaqlar”da bəzi vəziyyətlərin oyuncaqların əksi ilə göstərilməsi, çarpayı altına düzülmüş oyuncaqların maraqlı təsviri, rəvan kamera hərəkəti və s. bu yaradıcı əməkdaşlığın nəticəsidir. Və əsas odur ki, dramaturji-təsvir baxımından oyuncaqlar əhvalatda funksionaldır...

# 3527 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #