Üç görüşün dərsi

Üç görüşün dərsi
1 mart 2011
# 16:19
Uşaqkən hər dəfə “Cəsur ürək”ə baxandan sonra bağçadakı ağaclarda bir dənə də salamat, yaşıl budaq qalmazdı. Hamısını filmin təsiri ilə düzəltdiyim taxta qılıncla biçib tökərdim.
Uşaq olanda baxdığım filmlərin, oxuduğum əsərlərin təsirləri uzun müddət canımdan çıxmazdı. Özümü həmən qəhrəmanlara bənzədərdim.
Bəzən günlərlə, həftələrlə oxuduğumuz bir əsərin, filmin təsirindən çıxa bilmərik. Bəzən bir əsər həyatımızı tamamilə dəyişər, yeni bir həyata başlayarıq. Orhan Pamukun “Yeni həyat”da dediyi kimi: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”.
Mehman əsgər yoldaşımdı. Çavuşluq məktəbində müdavim ikən ona heç diqqət etməzdim. Sakit, qarabaq, özünə qapalı oğlan idi.
Bir dəfə çəkməmin içi sıradan çıxmışdı. O qonşu çarpayıda oturmuşdu. Sakitcə dedi ki, tərlik al qoy içinə. Başımı qaldırdım:
- Hardan bilirsən bu sözü?
- Tərlik də, biologiyadan keçdiyimiz infuzor tərlik.
“Tərlik” sözünü biologiyadan birhüceyrəli heyvan adı kimi əlbəttə bilirdim. Nə mənaya gəldiyini isə bilmirdim. Beləcə söhbətimiz başladı.
Tibb universitetinə sənədlərini verib kəsilibmiş. Repetitor yanına getmirmiş. Kasıb kəndli ailəsində böyüb.
Çavuşluq məktəbini bitirib təyinatını alandan sonra dərslikləri gətirdib yenidən hazırlaşacaq.
Onun bu sözləri məni ruhlandırdı. Səhəri günü hərbi hissənin kitabxanasından bədii əsərlər alıb çoxdan buraxdığım mütaliəmi davam etdirməyə başladım.
İkinci dəfə onu Tibb Universieti tərəflərdə gördüm. Sevgi görüşünə gəlmişdim. Rastlaşdıq onunla. Adını da unutmuşdum. Amma hiss etdirmədim. Məlum olddu ki, universitetin ikinci kursunda oxuyur və indi də tikilən binalardan birinə fəhləliyə gedir. Dərsdən sonra və həftə sonları işləyir, bu qazancla bir təhər dolanır. Bu mətanəti mənə təsir elədi. O ərəfələr bir az da təkəbbürdən doğan işsizliyimin daşını atmağı qərara aldım.
Sonuncu dəfə bir il əvvəl gördüm onu. Bir aptekdə qarşılaşdıq. Xeyli söhbət etdik. Adını unutduğumu söylədim. O isə unutmamışdı. Aptekdə gecə növbəsində işləyirdi. Səhər tezdən dərsə gedir, günortadan sonra bir az dincəlib, aptekə gecə növbəsinə işə gəlir. Yuxusuz qalmamaq və gümrah olmaq üçünsə hər səhər “nə bilim nə” adlı bir təbii dərman atır.
Bu dəfə görüşəndə mən işləyirdim. Amma yolum uzaq idi. Səhərlər tezdən durmalı olur, axşamlar evə gec gəlirdim. Elə hey şikayət edirdim ki, yazmağa vaxtım yoxdur, yuxusuz oluram, doyunca yata bilmirəm.
Onunla görüşdən sonra xeyli təskinlik tapdım. Və öz-özümə düşündüm.
Çətin deyə bir şey yox.
İstək deyə bir şey var.
Yetər ki, istəyəsən.
O zaman bacaracaqsan.
# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #