Seçilmişlər həmişə müqəddəs olmurl!  - Orxan Fikrətoğludan yeni hekayə        

Seçilmişlər həmişə müqəddəs olmurl!  - Orxan Fikrətoğludan yeni hekayə        
27 fevral 2020
# 18:00

Kulis.az yazıçı Orxan Fikrətoğlunun “Müqəddəs Avreelin “İncil”i” hekayəsini təqdim edir.

Və o gəldi. Gəlməyə də bilərdi, yəqin bizə dərs olsun deyə gəldi. O, elə bir zamanda gəldi ki, dənizlər artıq dəniz idilər. Küləklər sağa-sola əsirdilər. Dağlar daha ayaq açacaqlarına inanmırdılar. Günəş bundan artıq isinməyəcəyini bilirdi. O, həmin zaman doğuldu. Adını kiçik dayısı Ayaz qoydu. Ayaz hamı kimi anasından doğulsa da, hamı kimi aynan, ilnən böyümədi. Tez böyüdü. Ona görə ki, seçilmiş idi. Mən onu uşaqlıqdan tanıyırdım. Ağıllı uşaq deyildi. Kitab da oxumurdu. Bir elə mərdliyi də yox idi. Arıq, çəlimsiz, bir çiyni o birindən alçaq, burnunun suyu illərlə yanağından yuyulmayan bir uşaqdı. Atasının sınıq-salxaq maşını vardı. Hər səhər atası Ayazı döyə-döyə bu maşınla məktəbə gətirib hər axşam da döyə-döyə evə qaytarardı. Ona nə oldusa sonradan oldu. Kimsə onu seçdi. Və bir gün hamı gördü ki, heç kəsdən heç nəylə seçilməyən Ayaz böyüyüb və şəhər içində ona salam verirlər. Ayaz o əhvalat baş verən zaman bir o qədər də qoca deyildi. Amma cavan da deyildi. Ona hörmət edən adam çox deyildi, amma az da deyildi. O, şəhərin dalda bir küçəsində tikilmiş böyüklərin öz əliylə seçdiyi kiçik bir idarənin seçilmiş rəisiydi. Hər gün sürücüsünü dili dodağına dolaşa-dolaşa seçilmiş söyüşlərlə söyərdi. Söymək onun ən yaxşı bacardığı iş idi. Əlindən özgə iş gəlməzdi. Kiçik qızının cibinə pul qoyduğu zaman isə məğrur-məğrur güzgüyə baxardı. Bu isə onun seçilmişliyinə işarə idi. Amma məsələ bunda deyil. Onun nə işlə məşğul olması mənə maraqlı deyil. Onun ailə işlərinə qarışmaqdan da uzağam. Çünki seçilmişliyi nə işi ilə bağlı idi, nə də ailəsi ilə. Müqəddəs Avreelin mənə danışdığı əhvalat onun tamam başqa bir tərəfi ilə bağlı idi. O, tərəfi ilə bağlı idi ki, adətən həmin tərəf haqqında abırlı adamlar danışmırlar. Bu əhvalatın mətninin də bütün müqəddəs mətnlər kimi gizlin və sirli alt qatı var. Rəmziliklərlə, simgələrlə işarələnib. Ayazın seçilmişlyi haqqında bu əhvalatı müqəddəs Avreel mənə yaz günü danışıb. Ona görə də üstü bir az şehli çıxıb. Quru yeri azdır. Mən də onun bu müqəddəs mətnini sizə necə danışıbsa, eləcə də çatdırıram. Mətnə heç bir əlavə eləməmişəm. Qorxmuşam ki, ağzım əyilər.

Müqəddəs Avreelin “İncil”i

Deyir həmin səhər Ayaz yuxudan çox erkən oyanıbmış. Quş kimi yumşaq, səssiz çəkələklərini ehmallıca yerə basa-basa hamam otağına girib yuyunmaq üçün soyunubmuş. Hava o gün nə isti imiş, nə də soyuq. Nə yağış yağırmış, nə də göydən yerə qar ələnirmiş. Günəş də göy üzündə yox imiş. Ancaq hardansa uzaqdan müqəddəs Ənqa quşunun qaqqıltısı eşidilirmiş. Deyir, Ayaz ayağı sürüşməsin deyə aramla duş kabinəyə keçib çiləyin puçunu burduğu zaman əvvəlcə qarnında, sonra isə arxasında dözülməz ağrılar hiss edibmiş. Get-gedə ağrılar lap şiddətlənibmiş. Ayaz qarnından başlamış bu kəskin ağrını əvvəlcə pis yerə yozmayıbmış. Düşünübmüş ki , yəqin qarnına ağrı verən ya qazdır, ya da ayaq yolunun vaxtıdır. Bir azdan özü-özünə keçib gedəcək. Duş kabinədən çıxıb ayaqyolu tərəfə dönmək istədiyi an Ayaz, müqəddəs Avreelin dediyinə görə, arxasından nəsə yekə bir şeyin ağrı ilə çıxıb ağ kafellərin üstünə düşdüyünü görübmüş. Deyir, Ayaz bu işdən əvvəlcə bərk qorxubmuş. Kim olsa qorxar da. Qınamayın! Nə olsun seşilmişdir. Ayaz da adamdır da. Bunun məsələyə nə dəxli var? Gözləmədiyin yerdə qəfil arxandan nəyinsə çıxıb tarappıltıyla kafel döşəməyə düşməsi sənə elə də asan gəlməsin. Belə şeymi görünüb? Adamın içində artıq heç nə yoxdur. Nə varsa, hamısı yaşamaq üçün vacibdir. Nədir axı bu özbaşına dalından çıxıb yerə düşən? Adamın başına min-bir fikir gələr. Müqəddəs Avreel deyir, Ayaz əvvəl elə bilibmiş, bağırsaqlarıdı arxasından çıxıb şarappıltıyla hamamın ağappaq kafel döşəməsinə dağılıb. Sonra düşünüb ki, bəlkə, ürəyidir belə dalından çıxır. Nəhayət qorxa-qorxa olsa da çevrilib yerə düşmüş həmin o yekə şeyi gördüyü zaman deyir, Ayaz gözlərinə inanmayıb. Dalından çıxıb ədəli-dədədi hamam otağının ağ kafelinin üstünə düşən şey elə Ayazın özü imiş. Yəni, özü öz dalından çıxıb düşübmüş kafel döşəmənin üstünə ki, salamməleyküm! Ayaz özünü lüt ətcəbala yerdə oturmuş görəndə ilk ağlına gələn fikir də bu olubmuş ki, yaxşı, əgər mən dalımdan çıxıb yerə düşmüşəmsə, onda hələ məndə qalan bu mən kimdir? Məndən necə dənə imiş? Sonra müqəddəs Avreel deyir ki, Ayaz ayıq olduğunu yoxlamaq üçün özünü üç dəfə ayrı-ayrı yerlərindən çimdikləyibmiş də. Düşünübmüş ki, bəlkə, yuxu görür. Amma çimdik yerlərinin ağrısı onu daha da ayıldıbmış. Və Ayaz başa düşübmüş ki, gördüyü yeni şəkillənməsi nə yuxudur, nə də qarabasmadır. İndi Ayaz da uşaq deyil. Seçilmiş adamdır. Az bilmir. Bu işin qırımından o dəqiqə anlayıbmış ki, bu olan nədirsə hər halda dünya işi deyil, ilahi müdaxilədir. Və burda bir hikmət var. Ona görə də “sudan” quru çıxmaq lazımdır. Bu iş nə işdirsə görüntüsü onun hamam otağında, gözünün qabağında baş verir. Mənası isə sonra açılacaq. İndi o, öz dalından çıxıb döşəmənin üstündə oturub. Bic-bic gülən gözləri ilə özü özünə baxır. Və tələsik bu əngəl işi həll etmək lazımdır ki, ara qarışmasın. Ən qəribəsi də bu imiş ki, Ayaz özünü hələ də özündə hiss edirmiş. Bəs onda döşəmədə oturmuş o ikinci bədəninin fikirlərini bundan sonra hansı başı fikirləşəcəkdi görəsən? Onun o ikinci başının içində kim vardı? Müqəddəs Avreel and içir ki, Ayaz bu sualların cavabını o zaman bilməsə də döşəmədə oturub ona baxan ikinci özünün özü olduğuna əmin imiş. Nəhayət Ayaz özünü toparlayıb səsi əsə-əsə özündən: “Sən mənim dalımdan çıxmısan?” - deyə soruşubmuş.

Döşəmədə oturan özü onun bu sualına: “Mən öz dalımdan çıxmışam!” - deyə cavab veribmiş.

Onda Ayaz ürəklənib özündən “İndi sən kimsən?” deyə bir də soruşubmuş.

İkinci Ayaz özünə: “Sənəm!” deyibmiş.

Onda Ayaz özündən bir də öyrənmək istəyibmiş ki, yaxşı, mən idinsə çölə niyə çıxırdın? Oturmuşdun da özün üçün! Neçə ildir birlikdə yaşamırdıq? Pis idi mən olmaq?

O zaman ikinci Ayaz köksünü ötürüb: “Seçilmiş olandan dediklərimi eşitmirdin!” - deyə mızıldanıbmış.

Müqəddəs Avreel and içir ki, bu sözləri eşidən Ayaz yaman hirslənibmiş. Ayaqlarını döşəməyə vura-vura özü öz üstünə bağırıbmış: “Gəl gir dalıma, oğraş köpəkoğlu! Məni hirsləndirmə! Səni də, özümü də bu dəqiqə öldürərəm!”

Deyir, Ayazın bu hirsi ikinci Ayazın heç vecinə də olmayıbmış. Gülə-gülə ayağa qalxdıqdan sonra əsil Ayaza deyibmiş ki, sağ ol, mən özüm üçün yaşamağa gedirəm!

Müqəddəs Avreel and içir ki, əsil Ayaz ikinci Ayazın nə demək istədiyini anlamasa da onun arxasınca: “Gedirsən get, amma bil ki, sən mənsiz heç nəsən! - qışqırıbmış.

Onda ikinci Ayaz birinci Ayaza “Əlbəttə heç nəyəm! Sənəm axı!” - deyibmiş.

Müqəddəs Avreel deyir, əsil Ayaz ikinci Ayazın bu sözlərindən sonra hamam otağından qəzəblə dəhlizə çıxıbmış. Suyu süzülə-süzülə dolabdan iki dəst geyinəcək çıxarıb özüylə bərabər ikinci Ayazı da geyindiribmiş. Sonra onu zorla maşınına oturdub polis bölməsinə gətiribmiş. Qolundan tutub təpikləyə-təpikləyə onu rəisin otağına salıbmış. İçəridə rəisdən soruşubmuş: “Sən bu adamı görürsənmi?”

Bir Ayazdan illərdir yaxşı xeyir görən rəis iki Ayazdan daha çox xeyir tutacağını düşünə-düşünə: “Əlbəttə görürəm. Sənsən də. İki dənə olmusan!” deyibmiş.

Əsil Ayaz həmin an rəisin cibinə pul basıb ona yalvarıbmış ki, rəis, sən allah bu ikinci məni tut və ondan öyrən gör əslində kimdir? Və mənim dalımda illərdir nə iş görürmüş? Mənim şəklimə, donuma girib hansı hoqqalardan çıxırmış?

Deyir, rəis ikinci Ayazı tutub damladıqdan sonra ona olmazın işgəncələr veribmiş. İlk günlər heç nə danışmayan ikinci Ayaz nəhayət it zülmündən ağır olan işgəncələrə dözmədiyindən boynuna alıbmış ki, Ayazın ruhudur. Müqəddəs Avreel deyir, bu xəbəri eşidən Ayaz bir xeyli bığaltı gülümsədikdən sonra dostlarına “Mənim bəxtimə bax e... sən allah. Camaatın ruhu ağzından çıxıb göyə ucalır, mənimki də arxamdan çıxıb yerə döşənir!” deyibmiş.

Deyir, Ayaz öz ruhunu ömürlük tutdurduqdan sonra idarəsinə qayıdıbmış. İşçilərini otağına yığıb onlara başına gələn bu qəribə “qəziyyəni” danışdıqdan sonra əmr veribmiş ki, müqəddəs ruhunun belə alçaqcasına aşağı enib dalından çölə çıxmasını dərindən təhlil etsinlər. Ruhunun geriyə dönmə yollarını tapsınlar!

Müqəddəs Avreel deyir, bu çətin sualın ağırlığı altında əzilən işçilər bir ay düşündükdən sonra nəhayət qərara gəliblərmiş ki, Ayazın öz halal ruhu onu bəyənmirsə o, mütləq arxadan özünə təzə bir ruh saldırmalıdır. Ona görə ki, ruhsuz yaşamaq olmaz!

Deyir, Ayazın idarəsində bir arıq işçi varmış. Onun işi elə beləcə adamlara girmək imiş. Bu işi çox yaxşı bacardığından işçilər Ayaza onu məsləhət biliblərmiş. Müqəddəs Avreel sirdir deyə, göylərin işinə müdaxilədir deyə həmin o arıq adamın adını öz salnaməsində çəkmir. Amma Ayazın ayaqlarını qorxa-qorxa aralamasını, həmin adamın arxadan onun bədəninə necə girməsini isə öz gözləriylə gördüyünə and içir. Mən ona inanıram. Çünki Ayazın seçilmiş, Avreeilin isə müqəddəs olduğuna şəkkim yoxdur.

Müqəddəs Avreel deyir, uzun illər imiş o ruhun adama necə çevrildiyini hər doğulan körpədən hiss edirmiş, adamın ruh olmasını isə ilk dəfə Ayazın arxasına girən o adamda görübmüş.

Müqəddəs Avreel onu da deyir ki, Ayaz öz halal ruhunu tutdurub arxasından özünə yeni ruh saldırdıqdan sonra çox xarab olubmuş. Əvvəllər bir əclaflıq edirmişsə, içinə ikinci adam girdikdən sonra iki adamın yerinə, iki dəfə çox əclaflıq edirmiş. Bütün işçilərinin ruhunu arxalarından maqqaşla çıxartdırıbmış. Və nəhayət illər sonra o gün gəlibmiş ki, rahat ölməkdən ötrü Ayaz son dəfə taxt üstünə uzanıbmış. Amma göydən enən “ölüm mələyi” onun ruhsuz olduğunu görüb Ayazı özüylə ölümə aparmayıbmış. Ona “Get öz halal ruhunu tap. Sən onsuz ölə bilməzsən!” deyibmiş.

Son nəfəsində öz əliylə həbsxanaya saldırdığı ruhunu xatırlayan Ayaz arıq işçisini dalından çıxartdırıb halal ruhunun arxasınca qaça-qaça həbsxanaya gedibmiş.

Və müqəddəs Avreel and içir, deyir, Ayaz gedib həbsxanada öz gözləri ilə görübmüş ki, ruhu neçə illərdir qolu qandallı-qandallı ölüb.

Müqəddəs Avreel deyir ki, Ayaz bu gün də sağdır. İstəsə də ölə bilmir. Ruhu yoxdur deyə, yaşayıb həyatdan zövq də ala bilmir. Eləcə quru müqəvva kimi mövcuddur. “Qaxdı” deyirsən! Toxunsan düşəcək. Amma düşə bilmir.

Müqəddəs Avreel onu da deyir ki, seçilmişlər həmişə müqəddəs olmurlar!

Son

# 2209 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #