Dünya şedevrinin baş qəhrəmanı Azərbaycan filmində

Dünya şedevrinin baş qəhrəmanı Azərbaycan filmində
20 fevral 2020
# 08:59

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Tərsinə çevrilən dünya” bədii filmini təqdim edir.

Süjet: Hadisə ondan başlayır ki, Azərbaycana məxsus gəmi İrandan gələn gəmini nəzarətə götürür. Və xüsusi xidmət orqanları Azərbaycana narkotik maddə gətirən gəminin heyətini həbs eləyir. Əhvalatın mərkəzində dayanan Nazim (Məhəmmədrza Forutən) xüsusi xidmət orqanlarının əməkdaşıdır. Onun əsas fəaliyyəti İrandan Azərbaycana narkotik maddə daşıyanları və onların ölkəmizdəki əlbirlərini araşdırmaqdır. Bu işdə İran və Azərbaycanın daxili işlər orqanları, xüsusi xidmət idarələri birgə fəaliyyət göstərirlər. Nazim cinayətkarları tələyə salmaqdan ötrü bir ildən çox narkotik qaçaqmalçılığı ilə məçğul olan dəstənin rəhbəri Bəhraminin (Humayun İrşadi) əlaltılarından biri Kazeminin (Məmməd Səfa) yanında işləyir, onun etibarını qazanır. Kazeminin yaxın adamına çevrilən Nazim daha etibarlı görünmək üçün bir hiyləyə də əl atır. Azərbaycan tərəfi onları həbs edəndə o, Kazemini ölümdən xilas eləyir. Bu xəbər Bəhraminin qulaqlarına çatanda onun Nazimə inamı yaranır. O, Kazeminin vəzifəsini Nazimə həvalə eləyir. Və Nazim onları növbəti dəfə tələyə salır.

Daxili işlər orqanlarının yüksək rütbəli məmuru Cəfərov (Fuad Poladov) iranlı narkotik ticarətçiləri ilə birgə işləyir, onlara gizli infomasiya ötürür. Daha sonra Kazemi həbsxanada öldürülür. Nazim isə bütün bu işlərdə yüksək rütbəli zabit atası Məmməd Əliyevdən (Rasim Balayev) şübhələnir.

Gallery

Ümumiyyətlə, filmdə çox hadisələr də baş verir. Polis əməkdaşı Dilarə (Günel Məmmədova) öldürülür. Nazimin atası qətlə yetilir. Bununla belə sonda ədalət qələbə çalır...

“Tərsinə çevrilən dünya” İran və Azərbaycanın ilk müştərək layihəsidir. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası, "Sədrafilm" kinostudiyası və "Iran Center for Film Industries Inc." şirkəti ilə birgə istehsal olunub.

2011-ci ildə ekranlara çıxan “Tərsinə çevrilən dünya”nın rejissoru Ənvər Əbluc, operatoru Kənan Məmmədov, bəstəkarı Oqtay Rəcəbovdur.

Gallery

Janr etibarilə “Tərsinə çevrilən dünya” detektiv trillerdir. Və bu zaman detektiv janrının elementlərindən istifadə olunsa da, əhvalat əsasən trillerin üzərində qurulur. Hərçənd, bu ekran işində triller bir janr kimi özünü o qədər də doğrultmayıb. Məsələ ondadır ki, detektivdən fərqli olaraq, triller janrı daha çox tamaşaçını intensiv gərginliklə, həyəcanla yükləyir, konfliktin dərinləşməsi ilə daha dəhşətli hadisələrin baş verəcəyi gözləntisi verilir. Və tamaşaçını sual qarşısında qoyur ki, dəhşətli hadisə baş verəcəkmi, onun qarşısı alınacaqmı? Bundan başqa, detektivdən fərqli olaraq bu janrlı filmlərdə günahkarların kimliyi ilə bağlı tamaşaçı məlumatlandırılır. Detektivlərdə isə cinayətkar sonda bəlli olur. Triller janrında əsas məsələlərdən biri cinayətkarın fəaliyyəti, nələr edəcəyidir. Məhz bu naməlumluq, cavabsız suallar emosional gərginliyi artırır.

Gallery

“Tərsinə çevrilən dünya”da nə baş verir? Düzdür, rejissor süjet xəttini mürəkkəbləşdirməyə cəhd eləyir, konflikti alt mənalarla yükləyir. Misalçün, Nazim həmişə onun üçün nümunəvi olan polis atası Məmməd Əliyevdən şübhələnir ki, o, cinayətkarlarla əlbirdir. Və o, Kazemini bilərəkdən başqa həbsxanaya köçürülməsi əmrini verir ki, onu öldürsünlər. Nazim atasının sağlığında ondan cavab ala bilmir və həqiqəti bilmək üçün atasının ölümündən sonra anasını sorğulayır. Ata əslində günahsız olsa da, rejissor tapşırığına uyğun olaraq ikimənalı davranışı ilə tamaşaçını şübhələndirir və bu detal detektiv janrı üçün keçərlidir. Əhvalatın ilk epizodlarından birində zabit Cəfərovun casus olmasının bilinməsi trillerin, daxili işlər orqanlarının əməkdaşı Dilarənin gözlənilmədən ələ keçirərək qətlə yetirilməsi, qatilin kimliyi ilk baxışda triller janrının əlamətləri kimi görünə bilər. Lakin önəmli olan cəhətlərin əhvalatda özünü doğrultması, dramaturji və janra uyğun bəraət alması üçün eyni zamanda onun bədii, emosional həlli olmalıdır. Bütün hadisələrin dramaturji gedişatı texniki səviyyədə təzahür eləyir. Təklif olunan vəziyyətlər təsvir və emosiya baxımından yoxsuldur, statikdir, biz daha çox dinləyirik, nəinki fəaliyyət görürük. Halbuki triller daha çox fəaliyyətdir, hərəkətdir. Misalçün, Cəfərovun fəaliyyəti heç bir əndişə, təhlükə hissi yaratmır, onun fəaliyyəti ara sıra Kazemi ilə görüşüb söhbətləşməsi ilə məhdudlaşır. Yaxud daxili işlər orqanları iranlı həmkarları ilə birgə bir neçə vacib əməliyyat keçirilir. Biz süjetdə həmin əməliyyatın bəsit formada nəticəsini, hər şeyin ideal şəkildə həyata keçirildiyini görürük. Halbuki, əməliyyatın hazırlanma prosesinin, həyata keçirilməsinin müəyyən detalları ən azı həyəcanlı atmosfer ötürə bilərdi. Və ya Bəhraminin evinin xidmətçisinin belə filmin ortalarında casus olduğu aydınlaşır. Ancaq bu obrazın əhvalatda funksionallığı yoxdur.

Gallery

Yeri gəlmişkən, filmin ssenari müəllifi Çingiz Abdullayevdir. Ç. Abdullayev yüngül, bəsit detektivlər yazdığından onun triller janrının özəlliklərini mənimsəməməsi təbiidir.

Bayaq yuxarıda emosional yoxsulluqdan təsadüfən danışmadım. Elnur Kərimovun oynadığı personajın (Fərhad) nişanlısı Dilarə öldürülür. Əməkdaşlar hadisə yerinə gələrək meyitin kimliyini müəyyənləşdirməlidirlər. Fərhad sevdiyi qızın ölümünə elə reaksiya verir ki, sanki yerdə insan yox, ölü qarışqa görür.

Bir epizodda Məmməd Əliyev oğluna özünün keçmişini, polislərin Qarabağdakı şücaətindən danışır. Səhnənin intonasiyasından tamamilə aydın olur ki, müəllifin əsas məqsəd polislərin şərəfli keçmişindən danışmaq, bu peşəyə rəğbət hissi oyatmaqdır. Sadəcə, keçmişə dönüş səhnələri pafosla işlənəndə inandırıcı ola bilmir, ona görə epizodun ritorikası doğru seçilməlidir.

Qeyd edim ki, Bəhrami obrazını ifa edən aktyor Humayun İrşadi Abbas Kiarostaminin “Albalı dadı” filmində baş rolun ifaçısı olub.

# 3719 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #