Taleh Yüzbəyovun oynadığı əzik obraz: "Oxşarabad-2"

Taleh Yüzbəyovun oynadığı əzik obraz: "Oxşarabad-2"
30 yanvar 2020
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Oxşarabad-2” bədii televiziya filmini təqdim edir.

Süjet: Əhvalatın qəhrəmanı Əziz (Taleh Yüzbəyov) İTV-nin “Ötən günlər” verilişində tamaşaçı ilə işləyən, onu idarə edən prodüsser işləyir. Verilişdə milli incəsənətimizin korifeyləri xatırlanır. Onlar haqda süjet gedəndə, tamaşaçılar arasında oturan Əziz ağlamağa başlayır, bununla verilişin emosional təsirini gücləndirir, tamaşaçıya təsir göstərir və proqramın reytinqini qaldırır. Yeni il ərəfəsində televiziya rəhbərliyi əməkdaşları ilə toplantı keçirir. Və yeni il şənliyini necə hazırlamaq haqda müzakirələr aparılır. Verilən təkliflər dəstəklənmir. Televiziya rəhbəri (Balaş Qasımov ) təklif edir ki, yeni il tədbirinin hazırlanması Əzizə tapşırılsın və o, Azərbaycanın korifey sənətkarlarını tapsın. Qarşısında çətin tapşırıq qoyulan Əziz isə yeni il tədbirlərini hazırlamaqdan yorulub. O, axtarışa başlayır və təsadüfən tale onun üzünə gülür...

Filmin təhlilinə keçməzdən öncə bir məsələni qeyd edim. Şair Rasim Qaraca bir müddət əvvəl filmdə baş rol alan Taleh Yüzbəyov haqda aşağıdakı fikir səsləndirmişdi: "Orta Statistik Rasim" az-çox müstəqil rejissor işinin təcəssümü və onunla konsept olaraq təzad təşkil edən "Oxşarabad" kimi konyuktur əsər - eyni rejissorun beyninin və ya əməyinin məhsuludur. Bax, sənətdəki bu ikibaşlılıq məncə hər zaman ziyanlıdır, gec-tez talantın məhv olmasına gətirib çıxarır. Yüzbəyov mənə görə böyük talantdır, ancaq onun şəxsiyyətinin bu şəkildə ikiləşməsi özünün mənfi təsirini göstərəcək və bu talant inkişaf edə bilməyəcək - bu həqiqəti təəssüflə dərk edirəm".

Gallery

Əvvəla, İTV-nin istehsalı olan “Oxşarabad-2” filminin rejissoru Taleh Yüzbəyov yox, Emin Əfəndiyevdir. İkincisi Rasim Qaracanın münasibəti əsassızdır. Çünki dünya kino praktikasında istedadlı, peşəkar aktyorun kommersiya, tamaşaçı kütləsinə hesablanmış bir filmdə oynaması tamamilə normaldır. Cek Nikolson kimi böyük aktyor “Betmen”də və ya Ralf Fayns “Harri Potter” silsiləsində oynayıb. Yəni bu cür onlarla nümunə çəkmək olar.

Qayıdaq filmə. İTV-nin istehsalı olan film televiziya üçün vacib məsələlərdən birini - tamaşaçının ekrandan ayrılmaması üçün əlamətdar günlərin hansı keyfiyyətdə hazırlanma prosesini, kollektivin yaradıcı potensialını, ssenari problemini əks etdirir. Misalçün, mən bir tamaşaçı kimi axırıncı dəfə hansısa telekanalın yeni il şənliyinə baxdığımı xatırlamıram. Üstəlik, indi alternativlər də çoxalıb: bir tərəfdən xarici kanallar, digər tərəfdən internet faktoru...

“Oxşarabad 2” komediyası çətin rəqabətə dayanmağa cəhd göstərən telekanalın yaradıcı axtarışlarına fokuslanır. Ancaq “Oxşarabad 2” ilə İTV özünü digər telekanallardan üstün mövqeyə qoymur, təkcə ümumi vəziyyətə yox, həm də özünə ironik intonasiyada yanaşa bilir. Belə ironik ton eyni zamanda İTV rəhbərliyinin ssenarist və rejissorlara müəyyən ifadə azadlığını (özünütənqidi) tanıdığının göstəricisidir.

Epizodlardan birində tv rəhbərliyinin toplantısında kimsə orijinal ideya irəli sürə bilmir. Əksinə bir-birindən absurd fikirlər səslənir. Nəticədə maraqlı yanaşma tapa bilməyən rəhbərlik təklif edir ki, yeni il proqramı korifeylərin üzərində qursun. Korifeylərə qayıdış bir tərəfdən sənətdə bugünkü keyfiyyətsizliyi, digər tərəfdən yeni məhsul istehsalındakı yaradıcı boşluğu ifadə edir.

Filmdə diqqəti çəkən reytinq məsələsinə münasibətdir. Əzizin verilişdə kütləni yönləndirməyə və reytinq toplamağa hesablanmış ağlaşması telekanalların mövcud durumunu göstərir.

Gallery

Rejissor Əzizin iş ilə məişət həyatını paralel işləyir. Bazar rəqabəti telekanalları reytinq, tamaşaçı uğrunda savaş açmağa məcbur edir və bu savaşda Əziz kimi sıravi əməkdaş işini itirməmək, daha çox pul qazanmaqdan ötrü mümkün olmayanı mümkün etməlidir, hardasa mənəvi dəyərlərini tapdalamalıdır. Üstəlik, məişət qayğılarını təmin etmək üçün çalışmalı, xoşbəxt ər rolunu da oynamalıdır. Monoton yeni il verilişləri hazırlamaqdan usanan, yeni ildə heç bir möcüzə gözləməyən qəhrəmanın obrazı ona görə də depressiv, əzik kimi təsvir olunur.

Yeni il proqramını hazırlamaq məsuliyyəti Əzizin qarabasmasına çevrilir. İlk epizodlarda onun yuxusuna müasir müğənnilər gəlir, Eldar Qasımov gecə evinin qapısını döyüb yeni il konsertinə çağrılmasını istəyir, İzzət Bağırov qonaq otağında, Elza Seyidcahan yataq otağında peyda olun onları yeni il şənliyinə çağrılmasını xahiş edir. Hərçənd, rejissorun yuxunu bir az daha sürreal qatda, reallıqla yuxu arasında təsvir etməsi daha maraqlı olardı.

Gallery

Rejissor Əzizin sehrbaz qoca - Şaxta baba (Şamil Süleymanov) ilə rastlaşmasını bir az magik realizm tonallığında işləyib. Yəni Əzizin sehrbaz qoca ilə rastlaşması, baş verənlər daha çox normallıq kimi təqdim olunur. Qocanın sahib olduğu qarderobda məşhur aktyor və müğənnilərin kostyumları saxlanılır. Bu kostyumu geyən adam onlardan birinə çevrilir. Əziz buradan Nəsibə Zeynalovanın “Qaynana” filmində geydiyi kostyumu götürür. Və onu N. Zeynalova haqda hazırlanan verilişə dəvət elədiyi Qorxmaz Əliliyə verir ki, onu təqlid eləsin. Qorxmaz Əlili Cənnət xalaya çevrilir. Qocanın sehrindən qurtula bilməyən aktyorda şəxsiyyət ikiləşməsi başlayır. O, bir tərəfdən öz cildinə qayıtmaq istəyir, digər tərəfdən isə özünü Cənnət kimi hiss edir. Belə bir ziddiyyətli vəziyyət aktyorun gözlənilməz reaksiyalarına səbəb olur. Misalçün, oteldə kimsə tərəfindən tanınmayanda o, əsəbləşir.

Əziz qocanın sayəsində prodüser kimi udur və onun proqramı uğur qazanır. Yeni ildən möcüzə gözləməyən Əzizin arzusu baş tutur və bununla müəlliflər heç bir halda inamı itirməməyin vacibliyini vurğulayırlar.

Ayrı-ayrı epizodlarda fevralın 9-da keçiriləcək parlament seçkilərinə münasibət də göstərilir. Satirik çalarda millət vəkillərinə namizədlərə xalqın inamsızlığı, etimadsızlığı vurğulanır. Misalçün, İntiqam Soltanın oynadığı millət vəkilliyin namizədə Əziz sual verir ki: “Bəlkə də bu sualı sizə çox veriblər, həmişə də cavabsız qalıb. Bizə kömək eləyə bilərsiz?”.

Ümumiyyətlə, müxtəlif xırda süjetlərdə müəlliflər günün digər aktual məsələlərini də aktuallaşdırıblar.

Filmin ssenari müəllifləri Fərid Rzayev, Qalib Nadir, Azər Baxşəliyev, opertoru Şahmar Səfəroğludur.

# 5582 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #