Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
Çox keçməmiş Cavid tələbə yoldaşlarının bir qismini evimizə dadandırdı. Liseydəki tərbiyəçiləri, müəllimləri də bizi unutmamışdılar, vaxtaşırı hədiyyə dolu çantalarla qapımızı döyürdülər. Faiq müəllim övladı kimi istədiyi yetirməsi Cavidin hər halını, hər uğurunu gözüylə görməyə can atırdı, oğlum onun zənginə bir az gec cavab verəndə məni arayıb axtarırdı.
Universitetdə Cavidə dərs deyən müəllimlər hər həftə tələbələri bir məşhur sənət adamının, elm adamının görüşünə aparırdılar. Bu kimi tədbirlərə çox da maraq göstərməyən, ancaq müəllimlərə yox deməyə də üzü gəlməyən oğlum bir bəhanəylə aradan çıxmağa çalışanda onlar səbirlə gözləyib uşağın əlini əllərindən buraxmırdılar...
Noyabrın əvvəli Lalənin qızının ad günüydü. Xəstəlikdən yenicə ayılmışdım, ayaq üstə çox duranda, çox gəzəndə əsələnirdim. Bacım halımı bilsə də əl çəkmədi, Cavidə qoşulub onlara getməyə məcbur oldum.
Oğlumun qolundan sallaşıb metroya düşəndə gördüm polis bir cılız, cürəfə uşağı salıb yumruğunun altına, mal kimi budayır. Cavidə baxdım, oğlum qolumdan bir az da bərk yapışıb dedi:
- Ana, bura kənd deyil ha, yolunla düz get.
Qolumu sıyırıb Cavidin əlindən çıxarıb onlara yaxınlaşdım. Polis zopasını uşağın kürəyinə endirdikcə yazıqdan elə fəryad qopurdu ki, özümü toplaya bilməyib uçalanmağa başladım. Döyənin yanındakı kepkası xirtdəyinə keçmiş tösmərək polis döyülənin yerdəki papağına bir təpik vuranda irəli şığıdım:
- Ay vicdansız, niyə öldürürsən xalxın uşağını, - deyib bunu itələdim.
Tösmərək polis töyəciyəndə uşağın boynunu qoltuğunun altına salıb sıxan polisə cumdum:
- Özünü kimə göstərirsən, - dedim, - burax uşağı!
Mən polisdən sallaşdım, Cavid məndən:
- Ana, sənə dedim axı burax camaatın yaxasını.
Üçümüz süpürləşəndə uşaq boynunu polisin qoltuğundan çıxarıb metronun içinə doğru götürüldü. Mən polislərlə bozalaşdım, adamlar səsimə yığışanda bayaq itələdiyim polis yumşaldı:
- Ay xanım, heç nə eləmirdim ey, qorxudurdum, - dedi. - Türkdü, tələbədi, burda oxuyur. Hər dəfə ondan sənəd istəyirəm, göstərmir.
- Sənin onun barəsində bunları bilməyin özü bir sənəd deyilmi, - dedim, - zopanı zolladın uşağın kürəyinə, utanmırsan heç?
Polisdən aralanıb pilləkəni düşməyə başladım. Qorxumdan Cavidin üzünə baxa bilmirdim. Qatara minib küncdəki oturacaqların birinə çökdüm. Qatar gurultuyla tərpənəndə Cavid mənə sarı çönüb qəzəbli istehzayla dedi:
- Lazımıydı bu sənə? Yaxşı, sən özünü kimə göstərirdin?
Cavidə deyəcəklərimi ürəyimdə vərəvurd eləyirdim ki, qara yumağa oxşayan bir baş qucağıma tərəf uzandı, gözlərimə baxıb altdan-yuxarı Cavidə çəmkirdi:
- Hə, lazımıydı, əlbəttə lazımıydı.
Polisin qoltuğundan dartıb çıxardığım həmən o uşaq idi. Üçümüz də güldük. Oğlan özünü yanımdakı boş yerə yıxdı:
- Teyzə, verin əllərinizi öpüm, siz olmasaydınız polis məni öldürəcəkdi.
Bacımgilə çatanacan türk tələbəylə dostlaşdıq. Düşəndə onu da yedəyimizə alıb Laləgilə apardıq. Bizi görəndə hamı sevindi. Anar dərhal özünü ortalığa atıb soruşdu:
- Xala, bunu hardan tapmısan?
- Onu metrodan tapmışam, qadan alım, - dedim.
Anar anasının üzünə baxıb köks ötürdü:
- Allah mənim anamı öldürməsin, bir dəfə metroya minmir ki, bir uşaq da o tapa.
Cavid elə Anar qədər nadinc olan türkə baxıb dedi:
- Qadan alım, yüzcə manat ver Taylanı bağışlayaq sizə.
Taylan ərklə gözünü üzümə dikib tez dilləndi:
- Sən versən də Bircəcik teyzəm verməz.
Ad günündə yaxşıca yeyib içib əyləndik. Qardaşıma, yeznəmə Taylanı Cavidin qrup yoldaşı kimi qələmə verdik, məclis bitəndən sonra türkü də götürüb evimizə qayıtdıq.
O gündən Taylan, demək olar, köçüb bizdə yaşamağa başladı. Hakim zəng vurub gəldiyini xəbər verən kimi yetimimizi geyindirib-keçindirib atırdıq küçəyə, qardaşım gedəndən sonra onu qaldırırdıq evə. Hələ bilmirdik uşağın bizdə qalmağına Hakim nə deyər, ona görə onu da Nuşu xala kimi bir müddət hamıdan gizlədik.
***
Qış ağzı yenə soyuqladım. Eyvana bir qaz sobası qoydurmuşdum, xörəyi, şirniyyatı açıq havadakı o sobanın üstündə bişirirdim. İsti evdən soyuq eyvana çıxıb qayıtmaqdan möhkəm azarladım, qızdırmayla öskürək əhədimi kəsdi. Evdə adam çox olurdu deyə Cavid mənə elə məhəl qoymurdu. Biş-düşü Nuşu xala eləyirdi. Aygün Lalə gələnəcən yastığımın dibindən genimirdi. Evin xırda-xuruş bazarlığına Taylan baxırdı – axşamdan oturub alacaqlarının siyahısını tuturdu. Arada Nuşu xalayla üz-göz olurdular. Arvad türkümüzü divara dirəyirdi:
- Qaçqın, köçkün, niyə yumru düyü, tomat almamısan?
Taylan şirin ləhcəsiylə onu kiridirdi:
- Annəm xəstədi, bizə pul lazım olacaq. Mən baxmışam, hələ düyü də var, tomat da.
Birdən üçü də məni bir-birinə qısqanırdı. Aygünün heç dözümü yoxuydu:
- Mən bişirəni yemirsən, - deyirdi, - Nüşabənin ütələdiklərini gözünə təpirsən, Taylanın dəmlədiyi çayı içirsən.
Qızdırmam gücürgəyib atlı qarışqalar, yarasalar üstümə tökülüşəndə, mən yarı huşsuz halda sayıqlamağa başlayanda hamısı hüzn içində susurdu. Nuşu xala türkəçarəyə, Aygün iynə-dərmana, Taylan da buzlu suya güvənirdi...
Novruzun ilk çərşənbəsi yataqdan qalxdım. Günaşırı Cavid tələbə yoldaşlarından başına bir dəstə toplayıb evə gətirirdi. Əsinə-əsinə onların qulluğunda dururdum, istədiklərini bişirirdim, kirli paltarlarını yuyub ütüləyirdim. Ancaq gecə qalmaqlarına cırnayırdım, çünki gecəni yatmırdılar. Oğlum iri döşəkləri öz otağında düzürdü yan-yana, balaca yastıqlarla zopu təpirdilər.
Cavid gətirdiyi uşaqlara qoşulub Taylanı cırnadanda havalanırdım – bir dəstə tülüngüylə evin içində şilingi vurub deyirdi:
- Ə, metro düdüyü, dur qəlyanımızı xodda, meyvələrimizi soy, boynumuzun tükünü təmizlə.
O belə dedikcə Taylanın balaca boyu lap gödəlirdi, üzümə yazıq-yazıq baxıb məndən mədəd umurdu. Cavidi daldaya çəkib yanından bir çimdik götürürdüm:
- Sabah hamı gedəcək, sən bunun üzünə necə baxacaqsan? Evin uşağını utanmırsan corabı iyli gədələrin ayağına verirsən?
- Sən Taylanı məndən çox istəyirsən.
- Hə, istəyərəm də, iki aydı Taylan qulluğumda durur, buz kimi suyla gətirdiyin kələlərin ayaqqabılarını yuyur.
- Ana, sən Allah yenə başlama, - deyib oğlum özünü verirdi dostlarının yanına.
Taylanı götürüb düşürdüm bizdən bir az aralıda yaşayan Aygüngilə, bacılığımın evində səbbimizi alıb geri qayıdırdıq. Cavid belə-belə məni o qədər tıncıxdırdı ki, axırda dərdimi qardaşlarıma açmağa məcbur oldum. Onlar da oğlumun tərəfini saxladılar. Hakim dedi:
- Ay bacı, indi çox pis zəmanədi, sən sevin ki, uşağın öz evində gecələyir, gözünün qabağında olur. Canını dişinə tut, onun dostlarının da qulluğunda dur.
***
İkinci çərşənbədə evi Cavidin, dostlarının umuduna qoyub bacı-qardaşlarımdan gizli rayona – Səməndərin yanına qaçdım. Danışığımız belə olmuşdu ki, Cavid gecə məni mindirəcək avtobusa, səhərə yaxın qardaşım rayon mərkəzində qarşılayacaq. Bütün günü onlarda olacam, gecə Səməndər yenidən məni Bakı avtobusuyla geri göndərəcək.
Yüz ilin ayrısı kimi həyəcan keçirirdim. Səməndəri görəndə əsə-əsə ağlamağa başladım. Qardaşım paltosunun yaxasını açıb pencəyinin qoltuq cibindən mənə ayaz vurmuş, yarı büzüşmüş başı düyməçəli bir dəstə gül uzatdı:
- Ağlasan bunu sənə verməyəcəm. Gör bacıma nə gətirmişəm! Əllərimlə yığmışam ey, hələ bax, barmağıma tikan da batıb.
Tikan sözünü eşitcək gözümün yaşı qurudu. Nənəm, atam Səməndəri uşaqlıqdan gül qırmağa, meyvə dərməyə qoymazdılar. İyirmi yaşına qədər ayda iki dəfə ona qan vurulmuşdu. Nənəm elə bilirdi bir yeri yaralansa vurulan qan axıb gedəcək, əziz nəvəsi tələf olacaq. İndi qardaşım məni toxtatmaq üçün tikan-barmaq məsələsini qəsdən şişirdirdi.
Avtobus ayağında bizi gözləyən əmoğlu Mahirin maşınıyla evə getdik. Qardaşımın arvadı, qızları, Mahirin ailəsi səhərin alaqaranlığında hamılıqca cəm olub yolumu gözləyirdilər. Davadan yarımçıq qayıtmış yaralı əsgər kimiydim, azar-bezarım, ağrım-acım yadımdan çıxmışdı. Səməndər hamının ağzının qaytanını bərkitdi ki, kənddəkilər gəldiyimi bilməsinlər. Günortayacan birtəhər dözdüm – Kamili, Rüfəti görməmiş qayıtmağı özümə man bilirdim. İndi də mən başladım Səməndərin yumşaq damarını sığallamağa:
- Sənin həyətinin harası kəndimizə baxır?
- Neylirsən, kəndə sarı boylanmaq istəyirsən?
- Yox, o tərəfdə duracam ki, kəndimizdən üzübəri əsən külək, Kamilin, Rüfətin üzünə dəyən yellər sinəmə dolsun.
- Onlardan çıxan yel erməninin burnuna dolsun, - deyib qardaşım güldü.
- Heç olmasa Rüfəti görüm.
- Kamil bilsə bura kimi gəlib kəndə getməmisən, qaxıncından qurtara bilmərik. Qoy zəng eləyim görüm Rüfət hardadı. Kənddən ürəyin nə istəyir? Heç olmasa bir şey de, o adla Rüfəti aldadım gətirim.
- Qovurğa istəyirəm. Telli mamanın qovudundan, qovrulmuş əriştəsindən, bir də bişi, qatlama istəyirəm.
Səməndər Rüfətə zəng vurdu:
- Ay yanığa yamaq (Rüfətdən qabaq üç yaşlı bir qardaşımız ölmüşdü, bu səbəbdən nənəm ölənəcən sonbeşiyimizi belə çağırdı), hardasan? Mənim uzaqdan qonağım gəlib, gör kimdən qovurğa, qovut, əriştə, bişi tapa bilərsən.
Rüfət o başdan dedi:
- İstədiklərin ancaq Telli xanımda olar.
- Yüyür onlara, nə tapsan götür gəl. Qonaq ayağını qaçaraq qoyub, axşam yola düşəcək.
***
Sonbeşik tapşırılanlar əlində Səməndərin bacasından enəndə qızlar məni pərdənin dalında gizlədilər. Rüfət pilləkəndə Səməndərlə görüşüb özünü evə təpdi, otaqları bulğanıb heç kimi görməyəndə böyük qardaşa qovzandı:
- Ay qoca lotu, sənin də bir-iki buruq dostun var, bizi onların yolunda çaqqal tələsinə döndərmisən, - dedi. - Hanı bəs qonağın?
- Budəfəki qonaq buruqlardan deyil.
Səməndərin Rusiyada yaşayan bir qarnıyırtıq dostu vardı, canındakı mərəzin ucbatından yazıq kişi bir az gülməli yeriyirdi, buna görə Rüfət ona buruq deyirdi.
Sonbeşik özünü evə bir də təpib heç kimi görməyəndə dözəmmədim, gizləndiyim yerdən çıxıb onun boynuna sarıldım. Ərköyün, dəcəlov balaca qardaşım məni qollarının arasında sıxıb qabırğalarımı şaqqıldatdı, içimdən doğan arvad səsinə bənzər bir səs çıxdı. Səməndər Rüfətin kəlbətin barmaqlarını belimdən araladı:
- Ay dəli, yavaş ol, qız bütün qışı xəstə yatıb, sümüklərini qırarsan.
Avtobusun vaxtına kimi bacı-qardaş dərdləşib olan-olmazdan yedik. Telli mamanın boxçasından çıxan qovurğanın, qovudun iyi evi götürmüşdü. Səməndərin arvadının bişirdiyi mürəbbədən, tutduğu turşudan, duzladığı yarpaqdan, qurutduğu meyvədən bağladığım yükü şəllənib yola çıxdım. Avtobus ayağına çatanda Rüfətin dəliliyi tutdu:
- İkiniz də nəsə boyun olmasanız gedən kimi qoburnatın qızına sənin oğurluq gəldiyini xəbərləyəcəm.
- Mən bir azdan yolda olacam, desən də inanmayacaq.
Səməndər anamızı hamıdan yaxşı tanıdığına görə tez təslim oldu:
- Mən bilirdim sən dilini dinc saxlamayacaqsan. De görək nə istəyirsən?
- İki nərdtaxtan var, birini ver, dilimi dinc qoyum.
- Sənin nərdinə kimin gülləsi dəydi?
- Uşaqların hansısa oğurlayıb, tapammıram.
Səməndərin nərd azarkeşi olduğunu bildiyimə görə dedim:
- Rüfət, onun nərdtaxtasına dəymə, mən bir də gələndə sənə yaxşısını alaram.
Qardaşlarımı duz kimi yalayıb Bakı avtobusuna mindim. Avtobus tərpənəndə Rüfət yerdən oturduğum tərəfə başını uzadıb dedi:
- Kövrəlmək var, ağlamaq yoxdu.
Kövrəlmək də oldu, ağlamaq da. Bir neçə rayonu geridə qoyana qədər özümü kiridə bilmədim.
***
Poçt qutusunu hər gün yoxladığımı görən türküm başladı mənə ilişməyə. Şirin ləhcəsiylə məni o qutudan iyrəndirməyə çalışırdı:
- Gözəl annəm, kəndini boşuna yorma, ordan heç nə tapmayacaqsan.
- Bəlkə bir gün tapdım, nə bilirsən?
- Sənə məktub yazmayan o şərəfsizi göstər, gedim atım Xəzər dənizinə.
- Tanısam özüm ataram.
- Bir gün o qutunu qırıb tullayacam.
Cavid Taylanın belə ərklə danışdığını görəndə onun yaralı yerini cırmaqlayırdı:
- Ayran içib ara qarışdırma, metrodakı polis gəlib yenə mal dəyənəyiylə dümbəyini əzər.
Taylan da heç dil altında qalmırdı. Mənim ağzımdan götürdüyü sicilləməni Cavidin təpəsindən yağdırırdı:
Dəvələrin qatar-qatar,
ay Meyzəbanı,
Qara qatır, qapıda yatır,
ay Meyzəbanı,
Əl vurmamış şıllaq atır,
ay Meyzəbanı,
Sarı köynək şingilim atır,
ay Meyzəbanı,
Düyünçədə düyün gəlir,
ay Meyzəbanı,
Çömçədə yağın gəlir,
ay Meyzəbanı...
Uşaq sözünü bitirməmiş Cavid atılırdı onun üstünə:
- Meyzəbanı sənsən ey, ay alçaq, gəlib yıxılmısan evimizə, olanımızı basıb yeyirsən.
Taylanın qulağına pıçıldayırdım:
- Denən sən qazananda yeməyəcəm, indi dayılarımın qazancını yeyirəm.
Cavid səhər, Taylan günorta dərsə gedirdi. Onu qapıdan ötürəndə mütləq poçt qutusuna baxıb məni arxayın salırdı:
- Annəm, enib özünü yorma, hələ yazan yoxdu.
Bir axşam süfrə başında Cavid dedi:
- Bu gün poçt qutusunu yoxlayanınız olub?
Taylanla göz-gözə gəldik, sonra türk oğlum dilləndi:
- Günorta baxmışdım, boşuydu.
- Bəlkə indi nəsə var, yatmamış yenə baxın.
Taylan əlini yeməkdən çəkib qapıdan çıxdı, zərf şəklində bükülmüş ağ kağızla geri qayıtdı:
- Ya annəm, deyəsən gözlədiyin gəlmiş.
Cavidin bizi süfrə başında qoyub əkilməyindən bildim şətəl ondan keçib. Taylanı təsadüfən tapdığımıza görə bacım çox vaxt ona Tapdıq deyirdi. Cavid başını otağının qapısından çölə uzadıb qışqırdı:
- Ə, Tapdıq, aç da, nə qurumusan.
Tapdıq sevincək “zərfi” açdı, içindən dörd qatlanmış bir salfet çıxdı. Salfetin üstünə nəsə yazılmışdı, qorxdum söyüş olar deyə tez Taylanın əlindən aldım. Uşaq suvaşdı mənə:
- Annə, nolar bərkdən oxu, mən də eşidim.
Xətti baxan kimi tanıdım:
“Salam, qəşəng qız, bilirəm yaxşısız. Yanındakı eşşək vurub cənnətə salmışı məndən çox istəyirsən. Bəs nədən ona hər gün qırx qəpik, mənə bir manat verirsən? Bu zülmü Allah götürməz. Düzdü, dolmanın yekəsini onun boşqabına yığırsan, amma eyb etməz, onsuz da mən kələm dolmasını xoşlamıram. Əvəzində xalamgildən zənbil gətirməyə onu göndərirsən, tort yeməyə məni. Bax buna görə sevirəm səni. Bir səhər oyanıb görəcəksən ki, sənin sevimli Tapdığını öldürmüşəm. Onsuz da gecə kirli corablarımı onun burnunun qabağına qoyub yatıram. Ağ vərəq tapmadım deyə məktubu burnumu sildiyim salfetə yazdım. Məni bağışlayın, bağışlamasanız hamama bir manat qoyun, tezdən dərsə getməliyəm”.
Ətim çimçəşdi, kağızı tullayıb şığıdım Cavidin otağına sarı. Beynimi qara duman bürümüşdü – oğlum poçt qutumuzun siftəsini korlamışdı, Məryəm ananın bətni kimi bir gün Haqdan nur üfürüləcəyini gözlədiyim o qutunu çirkabla doldurub gözümdən salmağa çalışmışdı.
Cavid qapını arxadan bağlayıb xorna çəkirdi – yəni yatmışam, məni heç kim narahat eləməsin. Taylanın üzünə baxa bilmirdim, aramızda müqəddəsatı təhqir olunmuş poçt qutusu durmuşdu. Pərtliyimi, sınıqlığımı duyan uşaq gülə-gülə ortalığı isitməyə can atırdı:
- Ya annəciyim, burax getsin, Cavid zarafat eləyib bizimlə.
- Qoy sabah açılsın, öldürəcəm onu.
- Öldürmə, axı sənin başqa övladın yoxdu.
- Səni niyə incidir bəs?
- Eybi yox, biz altı qardaşıq, mənə bir şey olsa geriyə beşi qalar. Cavid məni çox istəyir.
O gecə hirsimdən oğluma yolpulu qoymadım. Səhər üzümə gülə-gülə güzgünün qabağındakı manatlığı cibinə basıb çıxanda dedim:
- O pulu ələ saldığın Tapdıq qoyub, ta məndən haray yoxdu sənə.
- Eybi yox, sən Tapdığa yaxşı görüm-baxım elə, o öz payından mənə də verər, - deyib pillələri iki-iki düşüb getdi...