Həyatın məhrəm yerləri

Həyatın məhrəm yerləri
16 yanvar 2020
# 14:25

Mən ona çox şey yaza bilərdim, çox şey. Əlimə yaxşı fürsət keçmişkən, sadəcə ondan sonrakı ilk günümü yazsaydım, məsələn, böyük bir hekayə olardı, povest olardı, roman olardı, amma yazmadım, yazsaydım nə dəyişəcəkdi ki!

Yox, əzizim, yazmadım, eləcə telefonumu kündə kimi əlimin içinə uzadıb artıq əhatəm dairəsindən xaricdə olan nömrəsinə xırda bir SMS göndərdim: Səndə darıxdıqlarım var...!

Onda darıxdıqlarım vardı, bəli, burnumun ucunu göynədən cəhətləri! Hanısını deyim, hansını danışım ki! Sualımı özümə qaytarmağını sevərdim, məsələn, deyərdim, “əzizim, səncə, filan şey niyə elə deyil belədi?” Tələsməzdi cavab verməyə, dirsəklənərdi qəşəngcə, gözlərini gözlərimin içində gəzdirib xəfifcə dillənərdi: "bəs səncə?"

Hələ onun suallarıma dəxlisiz cavabları... Əzizim, sovet hökuməti niyə dağıldı? Cavab: “bağsız ayaqqabıların istehsalı çoxaldı deyə!”
Əsəb götürərdi məni, bu nə cavabdı, nə dəxli axı! Amma böyüdükcə, dərinləşdikcə və bir az da durulduqca görərdim ki, adam həqiqətin dibinəcən haqlı, Sovet İttifaqı məhz o dediyi səbəbdən dağılıb!

Sonradan bir alimin həyatında da gördüm bu cəhəti. Təsəvvür edin, bir ata oğlunu gətirib ki, tələbə olsun və utana-utana soruşur: “ustad, sizcə bu uşaqdan bir şey çıxar?” Qaşlarını çatır ustad: “yox! Pencəyinin düyməsi çoxdur!”

Bir az sonralar bildim ki, Ana kitabda da varmış bənzər söhbət. Bəqərə surəsi, Bəqərə hadisəsi. İsrail övladları birini öldürüb gəlirlər həzrət Musanın yanına ki, lütfən gerçək qatili tap bizimçün! Musanın cavabına baxın: "fəzbəhu bəqarah!" (Bunun üçün bir inək kəsin!) Quran deyir, adamlar dərhal şığımışdı Musanın üstünə, bu nədir, bizi ələ salmısan? Nədən ki, insanlar suallarına standart, uyğun, aydın cavab axtarırlar, həyatınsa, əzizim, cavab vermə metodu özünəməxsus!

Həyat, kişiyə vermək istəmədiyi qiymətli şeyi məhrəm yerində gizlədən işvəli qadın kimidir, götür görüm necə götürürsən! Yəni bir az cəsarətli, bir az bilgili olmalı insan, üzdə, göz qabağında axtarmamalı istədiyini - cavab, əl-əlbət, həyatın məhrəm yerlərindədir.

Niyə belə edir həyat? Niyə belə edir Tanrı? Dedim axı, onda darıxdıqlarım var.

Məşhəd ziyarətindəydik, çağırdı məni yanına, bir sualına cavab vermək istəyirəm, dedi. Danışdıqca həyəcanlandım, danışdıqca tərlədim və... hesabladım: düz 4 il 3 ay keçirdi o sualımın üstündən. Bəs niyə indi, bəs niyə məhz 4 il 3 ay sonra? Nə baş verdi ki? Nə dəyişdi ki? Sual sual ardınca axıb töküldüm üstünə. Dirsəkləndi qəşəng-qəşəng, gözlərini gözlərimin içində gəzdirib qımışdı: “Bəs səncə?”

# 3106 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #