news-inner
clock17:26 calendar-gray 29 Dekabr 2019 view-gray799 dəfə oxunub
view-gray799 dəfə oxunub

Ot göyərəndə... - Sara Oğuzun hekayəsi - İlk dəfə

Bu gün, 29 dekabr mərhum yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın anadan olmasından 75 il keçir. Bu münasibətlə Kulis.az yazıçının “Ot göyrəndə” hekayəsini təqdim edir. Hekayə internet resurslarında ilk dəfə yayımlanır.

Cərrahiyə stolunun üzərində uzadılmış qadın əməliyyat otağının pəncərəsində dırmaşmış məktəbli qızı əcayib quş kimi görürdü. Qız xəstənin ona baxdığını duyub yerə atıldıqca, ara verib yenə qalxdıqca qadına elə gəlirdi ki, quş qanadlarını çırpıb üstünə şığımaq istəyir, irilənib kölgə olur, ala-tala əski parçalarına dönüb yox olurdu. Qız qadının ona zillənmiş gözlərinin heç tərpənmədiyi, deyəsən onu heç görmədiyini hiss edib çarmıxa çəklmiş kimi pəncərəyə sarmaşanda, əcayib quş qadının sinəsinə sərildi. Qara kölgələr başına dolanıb, ağırlığı ilə onu basdılar. Mələfələrin ağına, saçlarının dolaşığına sərilmiş qadının əl-qolunu, ayaqlarını məktəbli qız əriyib axmış mum gölməçələrinə oxşayırdı. Bu gölməçələr elə bil onun sapsarı üzünü basmış tər puçurları axıb yaratmışdı. Mum gölməçəsinin gah bu, gah da o tərəfində iynələr, rezin borular peyda olurdu. Pörtüb qızarmış ağ xələtli iki qadın xəstənin dövrəsində vurnuxur, qorxu ilə:

- Nəfəs al, nəfəs al! Neynirsən, Şükufə bacı? Boğdun uşağı, nəfəs al, - deyə qışqırır, qadının getdikcə əriyən üzünü döyəcləyirdilər.

Burnunu şüşəyə dirəmiş qız fikirləşdi ki, bu saat bu otaqda nə isə mühüm bir hadisə baş verir. Elə mühüm ki, hətta o, öz ürəyinin döyüntüsünü hiss edir. Elə bil ovcu ilə tutduğu pəncərənin dəmiri deyil, yuvadan düşmüş sərçə balası idi. Keçən il ilk dəfə imtahan verəndə olduğu kimi, mədəsinin altından arı kimi ağırlıq qalxıb boğazına yığılırdı və gördüyü mənzərədə nə isə bir şey vardı ki, əti çimçəşirdi. Göy-qırmızı məchulluq həkimin əlinə sıçrayan kimi xəstənin baş tərəfində calışan ağ xalatlının üzü təbəssümdən yayıldı, əyilib xəstəyə nə isə dedi. Qıza elə gəldi ki, mum gölməçəsi daha heç vaxt gözünü açmayacaq. Deyəsən əriməyi də dayandı. Amma onun başı tərpəndi, kirpikləıri aralandı. Baxışları həkimin əlinə dikildi. Qızcığaz qulaqlarına inanmadı. Mum gölməçəsindən “Uhu-uhu” - deyə, gülüş opdu. Başı yenə ağ mələfələrə batdı.

Məktəbli qız yerə atıldı. Qaçıb kiməsə demək istədi. Amma qaçmağa gücü olmadı. Ona elə gəldi ki, dünya dəyişmişdi. Xəstəxananın həyəti də, göydən asılan günəş də, onun özü də. Adi olmuşdu, bir az yaxın. Bundan sonra nə qədər olsa da heç nə dəyişməyəcək. Bundan sonra nə qədər qalsa da böyüməyəcək. Daim dəyişən, qarışan, uzaqlarda nə isə gizli, gözəl böyük bir sirr saxlayan dünyasının dayanıb durmasından, aydınlaşmasından, adiləşməsindən - rəngarəng dünyasının dünəninin, bu gününün, sabahının eyniliyini anladığından ağlamaq istədi. Xəstəxana həyətinin kətilində oturmuş pal-paltarının arasında itmiş müqəvva təki arıq-soluq Tutu qarı və Palturka Həmidə gözaydınlığı verən sanitar qadın muştuluq istəmək əvəzinə:

- Fikir etməyin, bu dəfə inşallah qalar. Əmizdirməsin, vəssalam! Aparın uzaq qohumlarınızdan birinə verin, saxlasın. Heç anasının üzünü də görməsin - deyirdi.

Tutu qarı cavab vermir, oturduğu yerdə yumaq təki yumulub yelləncəkdə yellənirmiş kimi irəli geri tərpənir, ara-sıra kəsik-kəsik hıçqırırdı.

Palturka Həmid oğlu olduğunu eşidəndə dik atıldı. Bir an döyüküb şalvarının, pencəyinin ciblərini ələk-vələk elədi. Neçə dəfə əlinə gəlib qayıdan papirosu çıxarıb odladı. Bir neçə addım xəstəxanaya doğru atıb yenə qayıtdı. Doqqaza söykənmiş məktəbli qızı bağlama kimi qoltuğuna vurub kabinaya oturtdu. Maşını düz məktəbin həyətinə sürüb ətrafına cuman uşaqlara:

- Doluşun, - dedi.

Cındırından cin ürkən “polutorka” üzü dağa torpaq yolun çala-çuxurunda ləngər vurduqca: quyulara düşüb əyildikcə, bir ban uşağın ciyiltisi , qəhqəhəsi maşının bu tayından o tayına yıxıldıqca Palturka Həmidə elə gəlirdi ki, ömründə yaxşı nə görübsə, bu saat maşınına yığıb aparır. Elə bildi yer göy tutmaz sevincdi bu saat banına yüklədiyi. Maşın silkələndikcə Palturka Həmidin şin kimi kələ-kötür, çopur üzünün sallaq yanaqlarını əsdirir, ətli sifətinin içində itmiş gözlərindən axan yaş üzünün şırımlarını suvarırdı. Kabinada oturmuş məktəbli qız palturka Həmidin qara boz sifətinə, dərinlikdə qara işıqla yanan gözlərinə baxdıqca anasının Şükufə xala ilə Palturka Həmidən danışdıqları yadına düşürdü. Onların danışığından bilirdi ki, Palturka Həmid bu üzü üzlər görmüş maşını ilə bütün müharibəni keçmişdi.

Gözləyəsi adamı olmadığından öz yerlərinə qayıtmamış, davada sürdüyü polutorkasını bu rayona verdiklərindən maşınına minib özü də gəlmişdi.

Maşın da getdiyindən çox dayanırdı. Yaz, yay, qış Həmidi maşının altında o yolda, bu körpüdə yatan görərdilər.

- A, Həmid sən maşını minməkdənsə maşın səni minir ha, - deyə, camaat sataşardı

MTS-ə yeni qaz 51 maşını gələndə Həmidə gözaydınlığı vermişdilər ki, daha yolda yatmaqdan canın qurtardı.

Həmid papirosuna bir qullab vurub, dirsəyini kabinənin qapısına söykəyib:

-Kişinin atı, arvadı, papağı bir olar, - demişdi.

Müharibədən təzə gələndə Həmid kəndlərində ən məhşur adam idi. Yolun tozu duman olanda maşın yox, Palturka Həmid gəlir deyirdilər. Kənd uşaqlarının Palturka Həmidin tərkinə minmək arzusu çin olanda, kənd qızlarının “Palturka Həmid”də gəlin getməsi gerçəkləşəndə müharibədən qalmış aclıq, qorxu sovuşub gedirdi. Bəlkə ona görə boğazından su içəndə görükən, nəcim nazik, gəzəndə su sonası tək süzən Şükufə təki gəlin yaşı bilinməz, əsli-kökü ünülməz Həmidə ərə getmişdi. Bəlkə cavan əri öldüyündən, üstəlik ondan ciyər xəstəliyi tutduğundan? Kimdi mərəzə yiyə duran? Bəlkə müharibənin kişi xeylaqlarını silib-süpürdüyündən, başıpapaqlıların barmaqla göstərildiyindən?

Polutorka laxhalax, tökülə-tökülə torpaq yolun tozunu üzünə duvaq edib, qabaqdakı dağın köksünə tuşlanıb getdikcə, kabinada oturan məktəbli qıza elə gəlirdi ki, Palturka Həmid maşınını batan günəşin boyadığı dağın qarına batırınca sürəcək. Maşının sükanından yapışmış əllərinə baxdıqca Şükufə xalanın anası ilə etdiyi söhbəti xatırlayırdı.

“Həmidin ovcu quş yuvasıdı, Səltənət bacı. Məni qınama. Mən əhdimə xilaf çıxmamışdım. İlk ərim gecə səhərə qədər tər içində çapaladıqca ki, sən elədin, sən elədin məni qaçaq, dünyanı gözüm görəsi gəlmirdi. Üzə çıxandan sonra da el qınağından günüm göy əskiyə düyülmüşdü. Vallahi, nə görmüşəmsə, Həmiddən görmüşəm Səltənət bacı, hər səhər Həmidin əl-üzünü yumaq üçün su tökəndə fikirləşirəm ki, Allah, iki əldə nə qədər qədirbilənlik olarmış.

Həmidin uşaqları qırılırdı. Hamısı sapsağlam doğulub, üçcə günün içərisində analarından yoluxub tez tələf olurdular. Biri lap altı aylıq da olmuşdu. Həmid gözünü ona dikmişdi... olmadı.

Yox, bu gün hər şey təzədən başlayır. Bu gün Həmidin dördüncü balası dünyaya gəlmişdi. Qoymaz başına bir iş gəlsin. Dünyanın o başına alıb aparar, qoymaz. Bu gün dünənkilərdən olub anasından ayrılan kimi ayrılmışdı. Bu günün ipi dünənkilərdən olub anasının ipindən qırılan kimi qırılmışdı. Bu gün qabağına sürünən möhtəşəm dağın axşamın ayazında göyərən qarı vardı. Maşının banına yüklədiyi bir dünya sevinci, üzünü görmədiyi ətcə balası, su sonası Şükufəsi, ürəyində bütün bunları sarıyan, ilmək vurub düyünləyən bağ bu gün vardı.

- A Səltənət bacı, xətrinə dəyməsin, sözdü deyirəm... Sənin özünə yazığın gəlmir, gəlməsin. Körpə uşaqların var axı. Tutu qarı bu kənddə bir adamın qapısını açmır ki azar yoluxduraram.... Görmürsən, qarının dağ kimi oğlu getdi? Görmürsən, Şükufə canı ağzından çıxa-çıxa 4 uşaq doğub, beşiyi boş qalıb? ...

- Şükufə mərifətli gəlindi, Rüxsarə.

- Kimdi söz deyən? El aləm bilir nəcimliyini. Uşaqların yazıqdı deyirəm, körpədilər. Gedib gəlib keçirərsən. Özün də cavansan. Bacılıq eləməyə adam tapmadın?

- Allah baisin evini yıxsın. Canlara dəyən gəlindi Şükufə, əsilzadə arvaddı, Tutu qarı.

- Əsilzadə arvaddı, əsilzadə arvaddı... davadan qaçıb quyuda gizlənən Cəbrayıla qız verəndə bilmirdi?

- Doğmaca əmisi oğluydu Şükufənin.

- Əmisi oğlu olmayıb lap Allahın qardaşı oğlu olsun. Bəyəm camaatınkından əziz çıxdı? Xələf oldu elinkindən? Elnən gələn qada toy bayramdı, deyəllər.

- Uşaqlıqdan bir-birlərini istəyirlərmiş. Çox istəkliymişlər. Elə Şükufənin dərdindən qaçıb gəldi evi yıxılmış. Nəydi, bir tikə uşaqdı gedəndə.

- Özü- özünə qəbir qazdı. Quyuya girib arvad tumanı altda yatdı. Altıca ay Şükufəynən öylük eliyə bilmədi. İki il gün üzü görməyəsən, zarafatdı?

- Ölünün dalıyca danışmazlar, Rüxsarə.

- Kül ölü başına. Nə aqibət qazandı, nə axirət. Ara yerdə su caladı Tutu qarının yurduna. Birinin qara bayramı çıxmamış o biri çatır. Üstündə bir qarış ot da bitdi, əməli itmədi.

- Şükufənin halı yenə xarabdı, - deyə Səltənət gözünün yaşını sildi.

- Ot bitən vaxtdı da... Bu yazdan çıxa bilsə, qaldı gələn yaza. – Rüxsarə peşman-peşman səsini alçaltdı.

Anasının yanında oturub yarpız təmizləyən məktəbli qızın gözünün qabağına nədənsə, küləyin yaladığı ucsuz-bucaqsız yamyaşıl zəmi gəldi.

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020