Şuşaya belə getməzlər

Şuşaya belə getməzlər
26 noyabr 2019
# 12:30

Cəbrayıl işğal olunanda on üç yaşım vardı. Qarğıdalının pöhrə saçaqlarından parça gəlinciyinə saç düzəldən, əlcək, corab toxumağı öyrənməyə can atan qızcığaz idim…

O zamanlar mənim üçün ancaq yaşıl çinarlı kəhrizi, xoşbəxt uşaqlığı, çıxa biləcəyim gilas, əncir, qoz ağacları mövcud idi. Şuşa adlı şəhərin varlığından xəbərim yox idi. Amma indi-indi yadıma gəlir, rayonu iki yerə bölən çayın bir tərəfi yerlilərin, o biri tərəfi Şuşadan gələnlərin məhəlləsi idi. Onlar bizdən daha çox şəhərli hesab olunurdular. Amma onlara şuşalı yox, qalalılar tayfası deyirdilər. Gözəl plov dəmləyir, yaxşı şirniyyatı bişirirdilər. Adını unutduğum bir qadın vardı. Cəbrayılın bütün xeyir-şər məclislərində iri mis kəfkir əlindən yerə düşməzdi. Uzağı bir saata zəfəranlı plovun ətri hər tərəfi bürüyərdi.

Sonralar işğal sözünü eşitdim. Şuşadan düz Ağdama qədər sülənə-sülənə gələn işğal Cəbrayılı da ələ keçirdi. Nətər oldu, necə oldu bir də gözümüzü açıb gördük ki, Sabirabadda, daha sonra Bakıdayıq.

Evsiz-eşiksiz və heç nəsiz...

Qaçqın damğası ilə birlikdə qəfil böyüdüm. Daha nə qarğıdalı saçlı gəlinciyim, nə də çıxa biləcəyim gilas ağacım vardı.

Zərli saçları, parıltılı dodaqları olan gəlinciyin xəyalı başqaları ilə əvəzləndi. Gözlərimi yumurdum, xəyalən Şuşaya, Kəlbəcərə, Cəbrayıla gedirdim. Əvvəl kəşfiyyatçı kimi daxil olurdum, özümdən yeraltı keçidlər uydururdum. Ermənilərin sığınacaqlarını partladırdım. Ordan rayonumuza, ordan da evmiziə yollanırdım. Az keçmirdi, şöhrətim bütün ölkəyə yayılırdı. Təltiflər, mükafatlar ard-arda təqdim olunurdu. Bu, on üç yaşlı qız üçün nə qədər bəxtəvərçilik idi.

Bu yaxınlarda sosial şəbəkələrdə işğaldakı rayonlardan birinin son görüntüləri paylaşıldı. Bütün evlər yandırılmış, talan olunmuşdu. Taxta qapı-pəncərələri də söküb aparmışdılar. Halbuki biz elə bilirdik ki, hər şey olduğu kimi qalıb. Heç nə yandırılmayıb. Xəyallarımızda hər şey sonuncu gün qoyub çıxdığımız kimi idi.

Sən demə belə deyilmiş...

Bu yaxınlarda anam sarsıdıcı bir etirafını dilə gətirdi. Dedi, həyətin hər küncündə bitən otların yerini də dəqiq xatırlayıram.

Bütün bunları yazmağıma səbəb, daxilimi lay-lay tərpədən bir xəbər oldu: jurnalistlərimiz Qarabağa getmişdilər!

Gedişin tam təfərrüatlarını yazmaq istəmirəm. Olan hər nədirsə olur. Bu, ayrı bir konudur.

Lakin bu gediş yenidən Şuşanı, Laçını, Ağdamı, Cəbrayılı və bütövlükdə işğalı, məğlubiyyəti yadıma salmaqla yanaşı başqa bir dərdi də xatırlatdı.

Xalq Yazıçısı Sabir Əhmədlini...

Sabir Əhmədli ömrünün böyük bir hissəsini ədəbiyyata həsr etdi. İyirmi dörd romana imzasını atdı. Həyatının sonuna yaxın övladını şəhid verdi. Və... Sınmadı. Əksinə, “Axirət sevdası” romanı ilə yaradıcılığının daha bir şedevrini yaratdı.

Yazıçı təxəyyülünün gücü ilə Bakı-Mincivan qatarına əyləşib Cəbrayıla üz tutdu. Şəhid olan oğlu ilə birgə tikdiyi evin həyətində, ermənilər tərəfindən kəsilmiş ağacların kötükləri üstündə əyləşdi. Əyləşdi və Qarabağ xalılarını toxuyan qızların elə həmin xalıların üstündə düşmən tərəfindən zorlandığını xatırladı.

Sonra heykələ dönmüş qardaşını - Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu ziyarət etdi.

Qələbə əzmi ilə...

Nə zamansa o torpaqların gerçəkdə qayıdacağına inam hissi ilə...

O inam olmasaydı, Sabir Əhmədli bu romanı yaza bilməzdi.

Bizlər də Qarabağı arzulayan, ora qayıtmaq üçün bağrının başı sızıldayan insanlardan biri, birincisiyik.

Amma belə yox...

Küll halında...

Hamılıqla...

Və başımızın üstündə yad bayraqlar olmadan!

# 6128 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #