Kameranın güllədən xilas etdiyi fələstinli rejissor

Kameranın güllədən xilas etdiyi fələstinli rejissor
23 noyabr 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Kristi Puyunun “Syeranevada” və Emad Burnatla Qay Davidinin “Sındırılmış beş kamera” filmlərini təqdim edir.

Rumın rejissoru Kristi Puyunun “Syeranevada” bədii filmi 2016-cı ildə Kann festivalında nümayiş olunub. Fransa və Rumıniya istehsalı olan film Oskara “xarici dildə ən yaxşı film” nominasiyasında irəli sürülüb.

Süjet: Film bir ailədən bəhs edir. İlk epziodlarda həkim nevroloq Larri (Mimi Branesku) arvadı Laura (Katalina Moqa) ilə Buxarestə anasının evinə yollanır. Burda onun bütün qohumları, atasının ölümünün 40-cı günü münasibətilə yığışaraq keşişi gözləyirlər. Evdə hazırlıq görülür, müxtəlif yeməklər bişirilir. Qohumlar yalnız keşiş gəlib dua oxuyandan sonra, yeməklərdən dada biləcəklər. Bu müddətdə isə onlar dərdləşir, müxtəlif mövzularda mübahisə edirlər. Bu həmin dönəmdir ki, Parisdə satirik jurnal Şarli Ebdoya qarşı terror aktı yenicə baş verib. Və qohumlar Parisdəki terror aktı və 11 sentyabr Amerika hadisələri haqda mülahizələr yürüdür, ehtimallar irəli sürür, Çauşesku dövrünün Rumıniyasını müzakirə edirlər. Bəzən mübahisə emosional xarakter alır, münasibətlər gərginləşir...

Rejissor Kristin Puyu üç saatlıq əhvalatında məişət münasibətlərini ictimai-siyasi diskussiyalara qataraq xaotik film-miks düzəldir. Hadisələr demək olar ki, bir neçə otaqlı dar mənzildə baş verir. Belə bir kamera filmində işləmək xüsusən, operatordan çeviklik, güclü duyum tələb edir. Təxminən ondan çox personajın olduğu mənzildə dinamik şəkildə personajdan personaja, fərqli vəziyyətdən vəziyyətə keçilərək bütöv bir əhvalatın dramaturgiyası qurulur.

Gallery

Film rumın yeni dalğasına xas üslubda, psevdodokumental, işlənilib. Bu isə tamaşaçıya hadisələrin içində yaşamaq imkanı verir. Burdakı vəziyyət bir növ cəmiyyətin modeli kimi göstərilir: müxtəliflik, fərqli münasibətlər, gərginlik, sevgi.

Filmin adının Amerikanın Syerra Nevada dağları ilə əlaqəsi yoxdur. Rejissor burada bilərəkdən hərf səhvinə yol verərək, bütün dillərdə onun eyni şəkildə səslənməsinə vurğu edib...

Fələstin kəndlisi Emad Burnatın və israilli fəal Qay Davidinin “Sındırılmış beş kamera” sənədli filmi 2011-ci ildə ekranlara çıxıb. Fələstin, İsrail, Fransa və Niderlandın birgə istehsalı olan film müxtəlif festivallarda mükafatlara layiq görülüb. Eyni zamanda Oskara ən yaxşı sənədli film nominasiyasında irəli sürülüb.

Gallery

Film Bilyin kəndində yaşayan fələstinli kəndli Emadın beş kamerasının taleyindən bəhs edir. Ailənin dördüncü uşağı Cibril doğulanda, 2005-ci ildə Emad ilk kamerasını alır. Bu kamera təkcə onun ailəsini yox, bölgədəki ictimai-siyasi hadisələri də lentə alır. Məsələ ondadır ki, oğlunun doğulması Bilyin kəndində təhlükəsizlik hasarının tikintisi ilə üst-üstə düşür. 790 km uzunluğu olan bu hasarın tikilməsini 2000-ci illərdə İsrailin o vaxtkı baş naziri Ariel Şaron təsdiq edir. Hasarın çəkilməsində məqsəd Fələstin ərəblərinin silahlı qruplaşmasının İsrail hakimiyyətinə qarşı fəaliyyətinin qarşısını kəsmək olub. Bu hasarın tikilməsi ilə Bilyin kəndinin bir hissəsi zəbt edilirdi. Sakinlər buna etiraz edir, aksiya keçirir, proses nəticəsində ölənlər və həbs olunanlar da olur. Burnat bu prosesi çəkir. Konfliktin qurbanı həm də Burnatın kameraları olur. Çəkiliş zamanı onun beş kamerası sıradan çıxır. Hətta kameralardan biri onun həyatını xilas edir: güllə ona yox, kameraya dəyir. Nəhayət, İsrail Ali Məhkəməsinin qərarı ilə hasar kəndin ərazisindən kənarda çəkilir.

İsrail-Fələstin reallığını lentə alan xronika - Bilyin sakinlərinin etiraz aksiyalarında iştirak edən israilli fəal Qay Davidinin təklifi ilə tammetrajlı sənədli film kimi ərsəyə gətirilib.

Gallery

Filmə bir fələstinlinin gözü ilə baxırıq. Burada etiraz etmək, etiraz aksiyaları uşaqlar da daxil olmaqla sakinlərin gündəlik həyat tərzidir. “Sındırılmış beş kamera” Amerikada prokatda 110 min dollar, Böyük Britaniyada isə 36 min dollar toplayıb.

Film İsraildə birmənalı qarşılanmayıb. Sağ yönümlü siyasətçilər onu antiisrail filmi kimi dəyərləndirib. Amma bunlara baxmayaraq, “Sındırılmış beş kamera” 2012-ci ildə Yerusəlim festivalında ən yaxı sənədli filmi mükafatına layiq görülüb.

# 3045 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #