Meyxananın dözülməz eybəcərliyi

Meyxananın dözülməz eybəcərliyi
14 noyabr 2019
# 13:49

Meyxananın TV-dən səslənməsi yaxın tarixdir, ANS-in “De gəlsin” verilişi ən baxılan telelayihə idi. O zamanlardan da meyxananın deqradasiyası başladı. Tək ona görə yox ki, meyxana “underground” mədəniyyətdir, onun televiziya kimi müstəviyə çıxması xeyrinə deyildi, həm də ona görə ki, bununla meyxana biznes kimi reklam olundu. Populyarlaşıb sözün hərfi mənasında qiymət qazandı. Oysa “Xərabət əhliydilər, meyxanələrdən çıxmışdılar”. Oysa xərabət əhli pul, qazanc dalınca deyildi, bir ovuc azadlıq ona bəs edərdi. Meyxananın əfsanələrində olduğu kimi.

Amma meyxana gəlib şou cərgəsində dayanıb pul qazanmaq istədi, şöhrət azarına düşdü, bəsitləşdikcə bəsitləşdi və bununla belə şair və yazıçıların yanında özünü qəbul etdirmək istəyinə düşdü.

Meyxananı niyə efirə buraxmaq olmaz? İTV-nin bu günlərdə yayımlanan “Sabaha saxlamayaq” debatında buna xeyli səbəb səsləndirilir. Belə baxanda TV-lərdə efirə buraxılanlarla müqayisə edəndə meyxananın nəyi əskikdir ki?

Ümumiyyətlə yanaşanda isə, debatda iştirak edən Kəramət Böyükçöl xeyli haqlıdır. Çünki, meyxana bir subkultura olaraq daha çox mühit faktıdır. Şair Şəhriyar del Gerani nahaq yerə onu dil faktı kimi “sırımağa” çalışır. Meyxana kişimərkəzçi dəyərlərə tapınan mühiti tərənnüm edir. Əlbəttə, klassik ədəbiyyata, əfsanələrə, dini motivlərə göndərişlər edən, keyfiyyətli metaforalar quran xüsusi peşəkarlıq tələb edən vəzndə qafiyələr açan meyxana nümunələri var, bunları mənə misal gətirə bilərsiniz. Amma və lakin, bunlar, sadə bir faktı dəyişmir: Meyxana iki xiridarın deyişməsi olsa da, canlı və birbaşa şəkildə publikaya işləyir, onun alqışlarından ruhlanır. Bu publika hansı mühitdir, kimlərdir, nədən zövq alırlar və onların dəyərləri nədir? Bu gün bu dəyərlər TV-dən təbliğ olunmalıdırmı?

Sual budur, bax. Veriliş boyu sualları özü də bilmədən, meyxananın yanında dayanıb onu hər şəkildə müdafiə edən Şəhriyar del Gerani özü səsləndirir; absurd məntiqi ilə: avtoxuliqanlıq yol polisinin problemi imiş, qadın haqları ailə institutunun. “Dil faktoru” şişirtməsindən sonra öz qapısına ikinci zərbə.

Meyxanada sərxoş başlar və bədənlər üçün ritm var. Dilin ritmi də var, təbii, fikir də var. Amma bu musiqinin ritminin kölgəsindədir. Yəni, meyxananın kütləviləşməsi fikrin keyfiyyətindən çox, bu ritm məsələsi ilə bağlıdır. Bu ritmin içində nəinki ümumişlək rus sözləri, hətta söyüş də qəbul olunur. Kişi məclisi üçün normaldır. Meyxana da kişilərin dünyasıdır.

Xudmani məclisdə ünsiyyətdən qopub böyük meydana çıxanda kiçik bir mühitin faktoru olan bir submədəniyyət efirdən ölkə miqyasında mədəniyyət, sənət kimi təqdim olunanda ölçülər qarışır. Meyxana da azadlığından itirir, tamaşaçı da mənəvi-əxlaqi dəyərlər sistemini qarışdırır.

Bir də, meyxananın efir dərdi niyə olsun axı? Kiçik məclislərdə söylənənlərin internetdə yerləşdirilmiş epizodları var. Kifayət qədər baxılan və populyar. Efirsə biznes dayağıdır. Biznes dərdinə düşmüş meyxana isə subkultura olmaqdan çıxır.

İki sərxoş adamın ekrandan söyüşlü hikmətli meyxana deməsi nə qədər anormaldırsa, iki qalstuklu meyxanaçının efirdə oturub ədəblə meyxana deməsi də o qədər gülüncdür.

Dil faktoruna gəldikdə, söyüş özü də folklordur, dil faktorudur. İnanmayanlar Rasim Qaracanın “Arqo deyimlər”ini tapıb oxuya bilər. Amma buna sənət demək heç kimin ağlına gəlmir.

Bu gün deyilən əksər meyxanalarda bəlli, tanış olana vurğu etmək, bununla auditoriyanı coşdurmaq var. Çünki, Çexovun sözlərilə desək, kütlə incəsənətdə ona bəlli olanı sevir. Sənətinsə görünməyəni üzə çıxarmaq, azadlığın, həyatın hüdudsuzluğunu tanıtmaq kimi bənzərsiz gücü var.

Məsələn, Sunay Akın “Fahişə” şerini diqqətinizə təqdim etmək istəyirəm.

“İncitirim korkusuyla
Yıkarken
Nasıl da usulca
Gezdirirdi ellerini
Teninde annen”

Etiraf edin ki, müştərilərin ağlagəlməz zorakılıqlarla davrandığı, təhqir etdiyi fahişə bədənində ana sevgisini görmək hər adamın, özəlliklə hər kişinin işi deyil. Meyxananı yetişdirən o kiçik mühitdə bu fikir səslənə bilərmi? Alqış qazanarmı? Necə deyilsə qazanar? Sənətkarlığı orada axtaracağıq.

# 4320 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #