İsi Məlikzadədən sevgi hekayəsi: Ağrı

İsi Məlikzadədən sevgi hekayəsi: Ağrı
12 noyabr 2019
# 08:44

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz üçüncü hekayə “Ağrı”dır.

Məktəbdən qayıdandan sonra Şərif qəsəbənin ayağındakı meydançada tay-tuşlarıynan futbol oynamağa vaxt tapmırdı. Dərslər o qədər çox, o qədər ağır idi ki, çatdırıb hazırlamaq olmurdu. Amma Şərif əlaçı idi, sinfin gözü idi, gərək dərslərin öhdəsindən gələydi. Kitab-dəftərləri qabağına töküb oxuyurdu, əzbərləyirdi, yazıb-pozurdu, bir də görürdü ki, axşam düşüb. Hərdən o qədər yorulurdu ki, yeməyə də həvəsi olmurdu. Onda anası başlayırdı bərkdən deyinməyə:

«Ay başınıza dönüm, bu qədər kitab olar, bu qədər dərs olar? Görəsən, yuxarıda oturanlar bilmirlər ki, uşaqları belə yükləmək insafsızlıqdı? Özləri uşaq olmayıblar yəni?»

Bu evin dörd övladı vardı, dördü də oğlan idi. Üçü məktəbi yarımçıq qoyub qaçmışdı, hərəsi bir sənət dalınca getmişdi. Şərif sonbeşik idi, indi səkkizinci sinifdə oxuyurdu və səkkiz ildə «əla»dan savayı qiymət almamışdı. Qardaşları deyirdilər:

«Biz səfeh olmuşuq, qaqaş, sən oxu. Heç olmasa, bizim də ailədən bir savadlı, kəlləli adam çıxsın».

Ana da, qardaşlar da Şəriflə öyünürdülər, təkcə ata onun məktəbi, təhsiliylə maraqlanmırdı. Feyruz kişi heç doğru-düzgün bilmirdi ki, oğlu neçənci sinifdə oxuyur. Obaşdannan gedirdi bazara, bir də şər qarışandan sonra qayıdırdı. Feyruz kişi otuz ildən çox idi ki, bazarda fındıq satırdı – adı qalmışdı «Fındıq Feyruz».

Feyruz kişi axır vaxtlar gecələr də Şərifi ağıllı-başlı görə bilmirdi, çünki Şərif televizora-zada baxmırdı, axşamdan gedib girirdi yorğan-döşəyə. Yatağında şirin xəyallara dalırdı, qanadlanıb Məhruzənin yanına uçurdu.

Şərif xəyalında mərmərdən işıqlı bir saray qurmuşdu, Məhruzə ilə həmişə bu sarayda görüşürdü. Bu balaca saraydan bütün dünyaya ağappaq nur yayılırdı. Bu sarayda Şərif hər axşam gözlərinin toyşu gedənəcən Məhruzəyə baxırdı, sonra onun sarımtıl, yumyumşaq saçlarını tumarlayırdı. Qız da gülümsəyə-gülümsəyə pilə barmaqlarını Şərifin üzündə gəzdirirdi. Onda işıqlı saray gəmi kimi axıb gedirdi, beşikdə yellənən körpə kimi Şərifin gözləri süzülürdü və Şərif daha heç nə görmürdü, heç nə hiss eləmirdi, qaranlıq bir dünyanın dibinə uçurdu.

Məhruzə, İskəndər həkimin qızı idi, Şərifdən bir sinif aşağıda oxuyurdu. Üç ay əvvəl Məhruzə məktəbin uzun dəhlizində əlaçıların şəkli vurulmuş lövhəyə baxanda, Şərif özü də bilmədi ki, niyə gəlib qızın arxasında dayandı. Ürəyinə damdı ki, Məhruzə onun şəklinə baxır. Məhruzə geri qanrılıb gözlərini Şərifin gözlərinə dikdi, məhrəm-məhrəm işıqlı təbəssümlə gülümsədi.

Şərif dərsdə fikrini cəmləşdirə bilmədi. Hara baxdısa, Məhruzənin nurlu, ala gözlərini gördü. «Bu nədir, görəsən? Yəni məhəbbət gələndə belə gəlir? Yəni məhəbbətdir bu? Bircə dəfə gülümsəyib baxmaqla məhəbbət yaranar?”

Şərif məhəbbət barədə fikirləşməyə ehtiyat edirdi. Birdən yoldaşları şübhələnərlər ondan. Birdən bax, bu coğrafiya müəllimi İxtiyar onun ürəyindəkilərdən xəbər tutar. Yaxşı ki, İxtiyar müəllim Şərifin üzünə baxmırdı, ovdan danışırdı. İxtiyar müəllim ovçu idi – boş vaxtlarını çöllərdə, bağda-bərədə keçirirdi – uşaqlar dərsi bilməyəndə quşdan, heyvandan söz salırdılar, o da başına gələn əhvalatlardan, bir gülləyə iki turac vurmağından, balalı dovşanı diri tutmağından vəcdlə danışırdı. Dərs yaddan çıxırdı, zəng vurulanda İxtiyar müəllim uşaqlara möhkəm-möhkəm tapşırırdı ki, filan paraqrafdan filan paraqrafacan oxuyarsınız.

Tənəffüsdə Şərif çəkinə-çəkinə Məhruzəgilin sinfinə tərəf getdi, ancaq qızı görə bilmədi.

Növbəti dərs ədəbiyyat dərsi idi. Cəfər müəllim jurnalda adları oxuyandan sonra sinfə göz gəzdirdi, nəzərlərini Şərifin üzündə saxlayıb soruşdu ki: «Nə olub? Niyə fikirlisən?» Şərifin ürəyindəki əsməcə artdı. Bu cavan müəllim elə bil adamın içini görür.

Şərif səhərlər darvazalarının qabağında dayanır, Məhruzənin yolunu gözləyirdi, onun ardınca düşüb məktəbə gedirdi. Məhruzəni görməyəndə darıxırdı, hərdən nədənsə kövrəlirdi, ağlamaq istəyirdi. Onda fikirləşirdi ki, doğrudan da, məhəbbətdir bu.

Üç ay idi ki Şərifin rahatlığı pozulmuşdu. Şərif nəsə bir möcüzə yaratmaq, qəhrəmanlıq göstərmək arzusunda idi. İstəyirdi ki, bütün qəsəbə ondan danışsın. Məhruzənin atası İskəndər həkim hər gün evində Şərifdən söz salsın. Desin ki, kaş adamın belə bir qohumu olaydı. Bax, onda Şərif Məhruzənin də xoşuna gələrdi. Amma indi bilmirdi neyləsin, bilmirdi möcüzəni necə yaradırlar, oğlanlar qızların ürəyini ələ necə alırlar? Oğul Məlik kimi, olar: özü ilə bir sinifdə oxuyan Zərdəni sevir. Zərdə də onu sevir. Bunu bütün məktəb bilir, müəllimlər də bilirlər. Amma Məlik heç kimdən çəkinmir, qorxmur. Onuncu sinifdə oxuyur, özünü yaşlı adam kimi aparır. «Sağ ol, Məlik! Kişi adamsan!»

Bir gün Şərif Zərdəgilin darvazasının üstündə yazı gördü. Yaşıl rəngli dəmir darvazaya təbaşirlə iri-iri yazılmışdı:

«Mən bir gənc idim, çıxdın qarşıma,

Məhəbbət tacını qoydun başıma,

İmza: Məlik».

Şərif bu sözləri əzbərləyib axşam evdə ağ kağıza səliqə ilə köçürdü. Altından da öz adını yazdı.

Səhəri günü böyük tənəffüsdə özünü Məhruzəgilin sinfinə salıb məktubu qızın kitablarından birinin arasına qoydu.

Axırıncı dərsə qədər ürəyi çırpına-çırpına sinifdə oturdu. Qorxurdu ki, birdən Məhruzə içəri girib uşaqların gözlərinin qabağında məktubu onun sifətinə çırpar: «Başına dəysin sənin şeirin!»

Axırıncı dərs coğrafiya dərsi idi. İxtiyar müəllim qımışa-qımışa sinfə girdi. Üzünü Şərifə tutub xırdaca gözləri ilə gülümsəyə-gülümsəyə xeyli baxdı ona və birdən çiyinləri atıla-atıla güldü. Dedi:

- Ə, Fındıq Feyruzun oğlu, neynəmisən, ə?

İxtiyar müəllim bu vaxtacan onu belə çağırmamışdı. Şərifin göbəyinin altından bir ağrı qopdu. Qorxa-qorxa İxtiyar müəllimin ağzına baxdı. «Deməsin... nə olar, deməsin».

Amma İxtiyar müəllim Şərifin gözlərindəki yalvarışı görmədi, gülə-gülə dedi:

- Ə, deyəsən, Məcnun olmusan? «Mən bir gənc idim, çıxdın qarşıma, məhəbbət tacını qoydun başıma... İmza...» Ay zalım, o nədi heylə? O nə tacdı, ə? Qızıldandı?... İskəndər həkimnən qohum olmaq istəyirsən?

Bayaq Şərifin göbəyinin altından qopan ağrı bütün bədəninə yayıldı. Sonra qulaqlarında gurultu qopdu. İxtiyar müəllimin gülə-gülə dediklərini daha eşitmədi. İşıqlı ağ mərmər saray Şərifin gözlərinin qabağında uçulub töküldü.

Çölə çıxanda Şərif gördü ki, uşaqlar topa-topa dayanıb ona baxırlar. Kimsə dedi: «Müəllimlər otağında səni çağırırlar»

Heç özü də bilmədi ki, ora necə getdi. Müəllimlər otağının qapısına çatanda içəridən Cəfər müəllimin səsini eşitdi.

- Yaşda məndən böyük olsanız da, İxtiyar müəllim, deməliyəm ki, ləyaqətsiz iş tutmusunuz. Qızın kitabının arasından, məktub düşür, siz onu götürüb oxuyursunuz, axı qız heç bilmir ki, orda nə yazılıb, onu kim yazıb. Amma siz orda yazılanları bütün sinfə elan eləyirsiniz və qızın ağlamağından zövq alırsınız. Sonra da o biri sinifdə məktub yazan oğlanı yoldaşlarının yanında lağa qoyub gülürsünüz. İndi də bura çağırırsınız ki, onu – əlaçı şagirdi burda ələ salasınız. Sizin əvəzinizə xəcalət çəkirəm!

Şərif geri döndü. Qızdırmalı adam kimi bədəni od içində yanırdı, addım atanda dizləri bükülürdü.

Qapı çırpıldı. Cəfər müəllim pörtmüşdü, hirsli-hirsli dedi:

- Axı, o məktub deyil, orda ad-zad da yoxdur. Sən deyə bilərsən ki, mən onu heç kimə yazmamışam. Elə-belə yazmışam.

Şərif başını buladı.

- Məhruzəyə yazmışam, – dedi.

Məktəbin həyətindən çıxanda onu Məlik saxladı.

-Dost, sən o şeiri hardan bilirsən?

Şərif bircə kəlmə:

- Darvaza... – dedi.

Məlik Şəriflə yanaşı gedə-gedə dedi:

- Məktub niyə yazırsan, dost? Hasarlarına yaz... Darvazalarının üstünə... – Əlini Şərifin çiyninə vurub dayandı. Arxadan qışqırdı: – Lap yaxşı eləmisən! Kişi adamsan!

***

Bazarda adam az idi. Feyruz kişi çəkilib oturmuşdu fındıq kisəsinin üstündə, tərəzinin dalında dayanmış Şərifə fikirli-fikirli baxırdı. Baxırdı və elə bil indicə görürdü ki, oğlu o qədər də yaraşıqlı deyil. Şərifin başı da, ağız-burnu da bir balaca yekə idi. Feyruz kişi inanırdı ki, böyüdükcə, ətə-qana gəldikcə Şərifin başı da qaydasına düşəcək, ağız-burnu da. O biri qardaşları da uşaq vaxtı bir az kələ-kötür olublar, indi, maşallah, yarrı-yaraşıqlı oğlandırlar..

İxtiyar müəllim böyürdən çıxanda, Feyruz kişi gözlərini oğlundan çəkdi.

İxtiyar müəllim tərəzinin qabağında dayanıb qımışa-qımışa gah Feyruza baxdı, gah Şərifə. Gördü ki, nə ata ona məhəl qoyur, nə oğul. Dedi:

- Feyruz kişi, bu qəsəbədə fındıq ağacı yoxdur, axı. Burda fındıq ağacı bitmir.

Feyruz kişi dedi:

- Mənim bağımdakı fındıq ağacları bu il bitraq kimi gətirib. Ağacların budaqları yerə dəyir, müəllim.

Kişi birdən üzünü camaata tutub elə qışqırdı ki, boğazının damarları şax-budaq oldu: – Gəlin ha! Alın ha! Qurtardı! Öz bağımın fındığıdı! Axşam bazarıdı, ucuz verirəm! – Təzədən üzünü İxtiyar müəllimə çevirib səsini aşağı saldı, – İstəyirsən müftə apar... Keçmişdə Şərifin müəllimi olmusan.

İxtiyar müəllim daha Şərifə tərəf baxmırdı, deyəsən, bir az pərt olmuşdu. Dedi: .

- Oğlun alim ola bilərdi. Bunu niyə gətirib bazarda otuzdurmusan? Yaxşı mühəndis, həkim ola bilərdi, aqronom, müəllim...

Feyruz kişi onun sözünü yarımçıq kəsdi.

- Oğlum ruzisini burda çıxarır. Ac qalmaz, inşallah. Bəd ayaqda şəftəli satar. Qoy adı qalsın «Şəftəli Şərif». – Yenə qışqırdı: – Gəlin ha! Qurtardı!

Şərif sanki İxtiyar müəllimin burda olmağından xəbərsiz idi, gözlərini göyə zilləyib qalmışdı. Neçə vaxt idi ki, Məhruzəni xatırlaya bilmirdi. Gecələr yatağına girəndə də bazarın səs-küyü qulaqlarından getmirdi, elə bu səs-küyün içindəcə daşa dönüb yatırdı. Görəsən, o mərmər sarayı uçurdandan sonra İxtiyar müəllim bura nə üzlə gəlib?

İxtiyar müəllim Şərifə qorxaq bir nəzər saldı.

- Bir aydan çoxdur ki, oğlun məktəbə ayaq basmır.

Feyruz acıqdan qaynaşan gözlərini qıydı.

- Anası təsadüfən böyürdən çıxıb Şərifi kəndirdən almasaydı, Şərif indi o dünyadaydı. Şərif ikinci dəfə doğulub, onu allah mənə təzədən verib. Sənin məktəbin Şərifə lazım deyil, müəllim! Eşitdin?!

İxtiyar müəllim başa düşdü ki, çıxıb getmək lazımdır. Şərif, İxtiyar müəllimin ardınca baxa-baxa, bazara ayaq açdığı gündən birinci dəfə səsini qaldırıb, sözlərini onun ensiz, taxta kürəyinə mıxladı:

- Gəlin, haa! Alın, haa! Öz bağımızın fındığıdı! Gəl görüm, ay müştəri! Qızıldandı dişdəri!

Səsinin cır çıxmağından, haçalanmağından Şərif utanmadı. İnanırdı ki, günlər keçdikcə səsi atasının səsi kimi qartıyıb bərkiyəcək!

1987

Qeyd: Hekayələr “Qanun” nəşriyyatında işıq üzü görən “Qatarda” kitabından götürülüb

# 4637 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #