news-inner
clock17:44 calendar-gray 16 Oktyabr 2019 view-gray537 dəfə oxunub
view-gray537 dəfə oxunub

Şabanın oğlunun ata uğursuzluğu – “Hərəkət səkkiz” filminin pərdəarxası

Kulis.az Aliyənin “Hərəkət səkkiz”ə baxanlar nəyə gülürlər?” yazısını təqdim edir.

Yerli kommersiya filmlərinin türk komediyaları ilə rəqabətdə olduğu bir vaxtda müştərək filmlərin çəkilməsi və hər iki ölkədə yayımlanması kommersiya hədəfindən başqa bir təcrübə də qazandırmalıdır.

Əgər müştərək aktyor işi varsa və ya ssenari müştərək yazılırsa, o zaman bir-birindən öyrənəcək nə var?

Azərbaycan və türk aktyorlarının çəkildiyi “Hərəkət səkkiz” filmi bu istiqamətdə bizim üçün bir nümunə ola bilər. Daha düzü, bu nümunə əsasında kommersiya filmi standartının nə olduğu və nə qədər keyfiyyətli olduğunu öyrənə bilərik.

Müştərək filmsə, deməli mövzu yerli əhəmiyyətli yox, hər iki ölkə üçün aktual və ümumi olmalıdır. Bu, ssenari üçün məhdudiyyətlər yaradır, eyni zamanda yeni imkanlar açır. Əgər yerli kommersiya filmlərində, gənclərin problemi əsasən, kasıblıqdan xilas, maddi rifah – ev və evlənməkdirsə, türk komediyalarında mövzu spekteri daha genişdir.

Ümumi olan bir məsələ də var: baş qəhrəmanlardan birinin xəttində sentimental bir çalar (şitlik ehtimalı olan komediyanın duzu istiotu kimi), sadə adamın ümummilli arzuları, maneə və ya şərlə mübarizədə məğdur durumu, şərqsayağı “happy end” (adətən toyla bitir)..

“Hərəkət səkkiz” filminin ideyası və ana xətti (Ayberk Çinar) sadədir: dünyanı xilas etmək. Xeyrin Şər üzərində qələbəsi. Bəs filmdə min illərlə işlənmiş konfliktə rəng qatan nədir?

Filmin müəllifləri türk komediyalarında illərlə sınanılmış bir personajı kiçik dəyişikliklərlə filmə çıxarırlar: aktyor Ali Sunal atası Kemal Sunalın gerizəkalı, küt, amma mənən saf qəhrəmanlarını təkrarlayır: əlavə cizgilər qatmaqla.

Onun polis məmuru Binyaminin bu keyfiyyətlərdən başqa bir cəhəti də var. O cəsarətli deyil, uğursuzluqları onda bacarıqsızlıq kompleksi yaradıb. Atasının qarşısındakına rahatca “Eşşək oğlu eşşək” deyə bilən Şabanından fərqli olaraq, o, xüsusən özündən rütbəcə böyüklərin dalınca söyür, özüsə aşağılanır. Amma film onun polis komandasının qələbəsi ilə başa çatır.

Süjetə görə Binyamin fərsiz bir polisdir: jurnalist qız, evdar qadın və iki həmkarından ibarət kiçik bir dəstə ilə Türkiyədə yeni tapılan təbii sərvət - bor maddəsini ölkədən çıxarıb silah düzəldəcək rus mafiya liderini zərərsizləşdirməlidir.

Filmin əvvəlində süjetin fabulasında dayanan hadisənin - Türkiyədə bor maddəsinin tapılmasının Türkiyə cəmiyyətinin müxtəlif qatlarında hansı reaksiyalara səbəb olması olduqca uğurlu bir girişdir. Bununla müəlliflər hadisənin, qəhrəmanların hansı bir ortamda, cəmiyyətdə yetişməsini göstərir (bu hadisə və qəhrəmanların bu cəmiyyətə adekvat olub-olmaması isə ayrı məsələdir). Hər cür yanaşma var: küçədə sorğu edən müxbirlə namus davası edən respondentdən ilahiyyatçı opponentə qədər. Ölkənin təbii sərvətinə vətəndaşların münasibətinin absurd mozaikası ilə işlənməsi hadisələrə əla girişdir. Yumoru itidir. Ölkə ictimaiyyətinin mənzərəsini göstərəcək qədər də əhatəlidir.

Konflikt və onun həllində komediyaya xas şərtlik var: dünyanı xilas edəcək adam kütlüyünə, yabanılığına, savadsızlığına, qeyri-peşəkarlığına baxmayaraq savadlı, mədəni qılaflı, iti ağıllı adama qalib gəlir. Əlbəttə, bu, komediyadır, dediyim kimi şərtilik var və burada ciddi-ciddi analiz aparmaq yersizdir. Filmin ötürdüyü bir mesaj da var: niyyət yaxşı olunca işlər yoluna düşür. Bu, həm bir şərqli rahatlığıdır.

Amma bu, həm də türk komediyalarının klişesidir və xatırladığım qədər bizə yoluxmuş klişedir – Elməddin Cəfərovun belə qəhrəmanları var. Amma bizim qəhrəmanların uğuru məhz kütlüklə əsaslandırılır. Bunun şərqin xoşniyyətlilik fəlsəfəsinə dəxli yoxdur. Elməddinin qəhrəmanları ona görə varlıdır ki, kütdürlər. Bu, kütlənin inandığı nəzəriyyədir. Həm bizim Elməddinin qəhrəmanlarının dünyanı xilas etmək kimi dərdi yoxdur, onun uğuru gün güzəran qazanmaq, varlı olmaqdır.

“Hərəkət səkkiz”in müəllifləri (Rej.Ali Yorğançıoğlu) qəhrəmanlarının yalnız kütlük kimi cəhətinə dayaqlana, onu dərinləşdirə bilmir, əksinə, onlar bu qəhrəmanlarla bağlı epizodlara klişe situasiyalar - oturanda yıxılmaq, qapıdan iki-iki keçmək; çirkli yumor – qeyri-münasib ortamda söyüş, təbii ehtiyac – ifrazat aktları (Rəşad qusur, Kazım sidik ifraz edir və s) və ya bu haqda söhbətlər əlavə edirlər. Əlbəttə, “filmdə bunlar olmaz” deyə bir qayda yoxdur, amma “komediyada illah ki bunlar olmalıdır” deyə bir qayda da yoxdur, əgər tamaşaçı kimi bu məqamların bura Receb İvedik uğuruna görə salındığını duyursansa, bu, artıq səni güldürmür. Necə deyərlər, sən filmdə personajın yox, müəllifin niyyətini duyduğun anda iş bitmişdir. Ümumiyyətlə filmdə min dəfələrlə işlənmiş situativ səhnəciklər, tiplər var: milçəyi tutmağa çalışan yuxulu kişi epizodundakı kimi.

Uğurla tapılmış tip isə sillənin qisasını almaq üçün Bakıyadək gəlib çıxan, sonda bir qadının silləsi ilə təqdimatı yekunlaşan türk kişisi obrazıdır.

Filmdə konflikt tərəflərindən birinin – mafiya liderinin Bakıya gəlməsi ilə hadisələr bizim şəhərimizə keçir və burada diqqət çəkən bir epizod – Binyaminə su və peçenye satan satıcının İstanbuldakının eynisi olması – qəhrəmanı öz xeyir niyyətilə doğmalaşdırır: dünya kiçikdir, adamlar eyni şeyləri yaşaya və danışa bilir, başqa ləhcələrlə danışan eyni dərdlilərik...

Yalnızca Bakı epizodlarında azərbaycanlı aktyorların Osmanlı ləhcəsində danışması əsaslandırılmır. Məlum, hadisələr Bakıya keçir, deməli azərbaycanlı polislər – aktyorlar İslam Mehrəliyev və Elcan Rəsulov – Azərbaycan dilində danışmalıdır. Aktyorlar nədən israr etmirlər? Türkcə bizə doğmalaşdığı kimi azərbaycanca da Türkiyənin auditoriyasına da doğmalaşsa olmazmı?

"Hərəkət səkkiz" də toy xəbəri ilə bitir. Amma bizim kommersiya komediyalarının türklərdən götürə biləcəyi bir şey varmı? Buna cavab vermək üçün bir film yetərli deyil. Həm də bu, peşəkarları, kino prodüserləri, menecerləri, kino üzrə sosioloji araşdırma aparanları maraqlandırar. Tamaşaçı gülüşün şərtlərini bilmir, amma gülmək istəyir. Hərçənd bir şərt də tamaşaçının özündədir: o xeyli şeyi gülüb keçməli, “gülünmüşlər” qovluğuna atmalı, köhnəltməlidir.

Xatırladaq ki, Türkiyənin DADA Vision kino şirkətində istehsal olunan “Hərəkət səkkiz” komediya filmində Ali Sunal, Hande Katipoğlu, Devrim Yakut, Hakan Bilgin, Gürgen Öz və Onur Atilla ilə yanaşı azərbaycanlı aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və Pərvin Abıyeva çəkiliblər. Film “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur. Filmin Azərbaycan tərəfdaşı “Aranfilm” yaradıcılıq mərkəzidir.

news-inner-user
Aliyə

996 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
21:01 20 Noyabr 2019
“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
18:45 20 Noyabr 2019
Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
18:10 20 Noyabr 2019
Yazarlarımızın məşhur uşaqları - Fotolar
17:30 20 Noyabr 2019
Çərçivələr - Şeir
16:50 20 Noyabr 2019
Xalq yazıçısının kitabları təqdim olunacaq
16:10 20 Noyabr 2019
İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı - FOTOLAR
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19:00 19 Noyabr 2019