Bu şairlər də Kulisin yarışmasına qatıldı - Mətnlər

Bu şairlər də Kulisin yarışmasına qatıldı - Mətnlər
28 sentyabr 2019
# 16:20

Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.

Alik

Bir yol uzanır uşaqlığıma,
Atamın evə gəlişi
Anamın gənclik gülüşü.
Ot basmış bir yol...

Bu yolla qayıdır
hər axşam naxır..
Bu yolun başında atam dayanıb
Əlini alnına qoyub,
dalımca baxır...

Bir yol uzanır uşaqlığıma

Uzaqlarda bir qoca,
Durubdur yol üstündə
Gəlib gedənə kübarca başını əyir,
Yanında da bir uşaq var
Maşınlara əl yelləyir...

Bir yol uzanır uşaqlığıma.

Dəmir yolundan
Hər gün bu vaxtda
Bir köhnə qatar keçir,
oturacaqları taxtadan
vaqonlar köhnə,
şüşələri sarı...
Hardan harasa daşıyır
Kədərli, yorğun adamları...

Bir yol uzanır uşaqlığıma

Ot basmış həyət,
Ot basmış baca…
Təəssüf…
Ora heç vaxt qayıtmayacam…

***

Amil Amal

Başım ağrıyanda başımı,
dişim ağrıyanda dişimi,
mədəm ağrıyanda mədəmi,
belim ağrıyanda belimi,
ürəyim ağrıyanda ürəyimi tutub
sıxıram ki, ağrımasın.

Yəni, haram ağrıyırsa bədənimdə
Əlimlə oramı tutub sıxıram ki,
ağrımasın həmin yerim.

Bəs vicdanım ağrıyanda,
bəs vicdanım sızlayanda
Haramı tutum,
haramı sıxım, ilahi?

***

Məşədi Qaffarlı Əli


Heç kimə demə

Sənə bir şeir yazım,
Yazım heç kimə demə.
Canım kimsə bilməsin,
Gözüm heç kimə demə.

Yazım ki, çiçəyimsən,
Qoy çiçəklər qısqansın.
Yazım, gələcəyimsən,
Qoy keçmişin utansın.

Sənə bir şeir yazım,
Çiçəklərin dilindən.
Agacların, quşların,
Böcəklərin dilindən.

Yalanları susdurum,
Gerçəklərin dilindən.
Dərddən yanıb, qovrulan,
Ürəklərin dilindən.
Yazım heç kimə demə.

Yağışların, qarların,
Küləklərin dilindən.
Şeytanlarla savaşan,
Mələklərin dilindən.
Yazım öz əlimdən,
Yazım heç kimə demə.

Bizim haqda danışma,
Bir doğmaya bir kəsə.
Yenə qalaydıq sənlə,
Kaşki nəfəs-nəfəsə,
Dəli ürəyim gəlir,
Hərdən dəli həvəsə,
Quzum heç kimə demə.

Sənə bir şeir yazım,
Tanrı da göydən baxır.
Sənə olan sevgimin,
Bircə adı var axı,
Gözüm heç kimə demə..

Sənə bir şeir yazım,
Yazım da, daha sənsən.
Ancaq özünə oxu,
Bu şeiri istəsən,
Quzum heç kimə demə.
Gözüm heç kimə demə,
Özüm heç kimə demə...

***

Mustafa Qıpçaq

Alzheymer


Hafizəsini kayb etmiş nənəm -
yaddaşını itirmiş, yəni.
Türk seriallarından yoluxub yoxsa?
Yoluxucudurmu bu xəstəlik də?

Əvvəllər belə şeylər olmayıb - deyirlər,
Təzəmi çıxdı bu da?
Olmaya, biz də
Beləcə qocalacağıq -
hafizəsiz, yaddaşsız?

İnstinktlə gəzib-addımlayır nənəm
Unudub olub-keçən kədərlərini,
Silinib sevincli günləri.
İndi nənəmin beyni
mamır bağlamış
qədim yaşıl qayadı.
Bəlkə də bütün yazıları
“delete” olunmuş
ağ lövhə kimidi hafizəsi.

Gəzir bağı-bağçanı
İnstinktlə gülüb-danışır
İnstinktlə yeyir yeməyini
İnstinktlə qucaqlayıb əzizləyir məni.
Bilsə ki bu qədər
kömək eləyir
instinkt ona
belinə bağladığı şalın arasından
qırmızı bir alma çıxarıb verər
instinktinə
“qadan alım” deyər instinktə.

Bir dəfə məni qucaqlayıb
utana-utana
qulağıma pıçıldadı:
“Bala, suyun yaman şirin gəlir” -
de görüm, kimsən?”
Ağlamaq tutdu məni.

Bilsəydim harda salıb
“nerdə kayb eləyib hafizəsini”
tapıb özünə qaytarardım...

Yerinə qoya bilsəydik
nənəmin hafizəsini
tanıyardı nənəm məni
üzünün işıqlı qırışlarıyla gülüb:
“bıy, qadan alım, havax gəlmisən?”
- deyərdi mənə...
Nənə, ay nənə...


***

Şəhriyar İbrahimov


Mavi bir intihar

Buralar yanğın yeri..
Buralar tarixin susduğu neçənci günahların
içində qeyb olmuş xarabalıqdır..
Bilmirəm hansı fəsildir..
Uzaqların xəyanətindən daşqalaq olduğum neçənci payızdır..
Qışa əsir düşən neçənci bahardır.
Onu bilirəm ki, bir neçə dodaq əvvəl öpüşmüşdük,
Bir neçə bədən əvvəl sevişmişdik..

İndi bir nəfər əksik qalmışam bu eşq oyununda,
bir nəfər azlıqda..
Sarışın axşamçağıların birində nəhəng boşluğa
söykənib yox oluşumu izləyirəm.

İndi gözlərimdəki ulduzlar daha sönükdür,
Sabahlarımda boylanan günəş daha solğundur..

Gecələrin çarmıxında daha çox ağrıyır ürəyim,
Daha çox titrəyir əllərim,
Daha çox quruyur dodaqlarım..

Evimin divarlarından
körpəsini itirən ana yuxusuzluğu yağır,
ölüm susan hayqırışlar damlayır..

Sonuncu ümid qutusunu da ciyərlərimə sərf etdim.
Rəsmini də yandırdım-
Gözlərimin açıq qalmasına
səbəbkar heç nə qalmadı daha.
Heç kim qalmadı daha,
məni, ölüm qoxuyan sabahların
sevişmələrindən qurtaracaq.
İndi küləyin səsi həbsxanada oxunan
musiqilər qədər ağrı verir sol yanıma.
Bir nəfər azlıqda qalmışam bu oyunda..

Alın yazımda alnıma
güllə çaxmağım yazılmasa da..
Bilirəm..
Hiss edirəm..
Boğazımda azğın bir intihar kəndirinin yeri göynəyir..
Təkcə torpaq gülümsəyir mənə..
təkcə torpaq qucaq açmaq istəyir vücuduma..
Burnum ətrinin əsarətindən qurtulmadan,
Yaddaşımı əsir alan qaranlıq gözlərinin
əzbərləri yadımdan çıxmadan getmək istəyirəm..
Mavi bir intihara doğru qanadlanmaq..
Cəhənnəmdə bir yer saxlayın lütfən..


***

Fidan Həsənova

Eylərəm


Sevgimi utanmaram ərzi-bəyan eyləyərəm,
Səni məndən alalar ahü-fəğan eyləyərəm.

Qılmaram pünhan onu dəxi cəmi aləmdə,
Əhli-eşq seyrə durar çün aşikar eyləyərəm.

Qorxaram zülflərinə ki dəyə bir əğyar əli,
Qıyaram çəkinmərəm canə cəfa eyləyərəm.

Halımı məmnun qıl ol rüxsarın əsirgəmə,
Gəzdiyin hər bir güzarı gülizar eyləyərəm.

Bimaram təbib nə karə yarama məlhəm edə,
Vəslini xəyal edib dərdə şəfa eyləyərəm.


***

Əli Həsənov

Əsası varmı?

Mənə yağdırırsan suallarını,
Qəlbində hisslərin əsası varmı?
Gözlərin ürəyi oxuya bilirmi?
Ruhunun ruhuma təması varmı?

Önümdə dayanıb pərişan halın,
Ağarıb fikirdən saçın, saqqalın,
Əllərin bomboşdur, ayağın yalın,
Üryan bədəninin libası varmı?

Sənə birgə ömür gəlməsin asan,
Güzgüdə özünə baxıb anlasan,
Bir addım da atsan, uçurumdasan,
Getdiyin bu yolun xilası varmı?

Mənsə gözlərinə baxıb gülürəm,
Bəlkə belə sənə əzab verirəm,
Suala sualla cavab verirəm,
Sözünü könlündə sədası varmı?

Bir dəfə ruhundan qaçmısanmı heç?
Sevincdən qanadsız uçmusanmı heç?
Əlini Allaha açmısanmı heç?
Cisminin Tanrıya duası varmı?

Öhdəlik qoyulub sənin üçün də,
Adət-ənənəylə imkan gücündə,
Gətirdiyin cehiz qablar içində,
Daşmayan bir səbir kasası varmı?

Özümü oynadım, başqa rolum yox,
Başa düş, sən yoxsan, əlim, qolum yox,
Geriyə dönməyə inan yolum yox,
Ölümcül xəstənin şəfası varmı?

Mənə maraqlıdır, bu küləklərin,
Yarpağın otların və çiçəklərin
Hirsinə boğulmuş daş ürəklərin
Məndən alacağı qisası varmı?

***

Günel Rəcəb

Bürün payız rənglərimə

Aç evinin pəncərəsin
Payızı qonaq çağır.
Əsən səhər nəsimi
Yuxuna haram qatır.
Payızın isti rənglərinə
Boyayıb saçlarımı
Sənə qonaq gəlim yenə
Dönüb Şimal küləyinə.
Payız qədər ola bilsə,
Bu görüşün qədəri...
Payız kimi sevə bilsə
Küləklər bu şəhəri...
Yarpaq-yarpaq tökülərəm
Otağının canına
Xəzan ollam döşənərəm
Sənin ayaqlarına.
Nə olsun ki, payızam.
Yarpağım yox, gülüm yox.
Yoxsunam, yorğunam
Çılpağam, solğunam,
Bir xatirəyəm
Həsrətindən saralmış.
Bir bəxtsiz sevgidən
Yadigar qalmış.
Nə olsun ki, payızam.
Təbiətin ən səmimi halıyam.
Ən küskün şeirlər,
Ən həzin mahnıların
Beşiyiyəm
Yırğalaram dünyanı.
Bu sonsuz ahəngin xətrinə gəl, sevgilim,
Bürün bütün rənglərimə, sevgilim.


***


Elşad can Şamil

Mənim ayrılıqlarım

Mənim ayrılıqlarım
müharibə kimidir
Hər iki tərəfdə münaqişə,
hər iki tərəfdə itki
Bir tərəfin digər tərəfə öz mövqeyini
zorla qəbul etdirmək cəhdi
Sevgi cəhdlərinin ən uğursuzudur,
sevgi adı altında qandırılmasıdır
Yaddan çıxmış sevgi əhdi,
Bütün geri qayıdış körpüləri yandırılmasıdır.
Münasibətlər qəzəbli və öfkəlidir
Durduğu yerdən gerisi zirzəmi, uçurum,
Geriyə baxmaq da təhlükəlidir
Nəinki qayıtmaq…

Mənim ayrılıqlarım uşaq kimidir
Onu istəyirəm onu deyə-deyə
günbəgün sızıldayar
Ağlayar, çörək yeməz,
tərslik edər, söz dinləməz.
Ta onu başqası ilə başın
qarışdırıb unutdurana qədər
Göz yaşın qurutdurana qədər…

Mənim ayrılıqlarım kişi kimidir,
Götürər papağın rədd olar, çıxar gedər evdən
Bütün xırdalıqları içinə ata-ata
İçini xarabalığa çevirər
Evini xarabalıqdan uzaq tutmaq üçün
Özünü tilovda balığa çevirər
Kimin və nəyin əlinə keçər keçər…

Mənim ayrılıqlarım küçük kimidir
Anasının yerdə qalmış ölüsünün yanında
Zingildəyər gecəni o baş bu başa qaçaraq
İti vuranın əli qurusun
Guya yazığı gəlib balaya
Rəhmi gəlib tək anasın öldürüb
2 ayaqlı qancıqlara gücü çatmayanlardır
4 ayaqlı qancıqlara qənim kəsilənlər

Mənim ayrılıqlarım
şəlalə kimidir
Atar özünü dağ
başından çırpılar qayalıqlara
Yaşamaq daşlıqlara
çırpılmaqdır deyə düşünər
Bu səbəbdən ən hündür zirvələrdən
uğultu və şırıltı ilə
Yer üzünün abrını tökər,
şıram açar üzündə
İnsanlar nə gözəl mənzərədir
deyə tamaşa edərlər
Şəkil çəkərlər, dərdini çəkməzlər,
O dərdi o uğultuda sezməzlər…
Onlar bilməzlər, bilməzlər…


***


Pərviz Əlyaroğlu

Gəl

gəl,
bir qış günü
qəfil doğan günəş kimi
bu şaxtadan qurtar məni
nəfəsinlə bədənimə taqət gətir
bir bahar da yaşat məni
bu boranlı həyatıma nəşə gətir
sevinc gətir
gülüşünlə güldür məni
gəlişinlə gözlərimə işıq gətir
getsən əgər
gedişinlə öldür məni
yağ,
baharda
qəfil yağan leysan kimi
səhralarda islat məni
ciyərlərim susuzluqdan alovlanır
bir çay olub sularında
uzaqlara apar məni
əs,
dənizdə
qəfil qalxan külək kimi
bu sonsuz ümmanların
caynağından götür məni
boğuluram,
dalğalandır bu dənizi
tez sahilə yetir məni
gəl,
tez gəl
gec olmadan
ciyərimə su dolmadan
damarımda axan qanım
buz bağlayıb, don vurmadan
tələs nolar, qurtar məni
gəlirsənsə, xəbər eylə
bir ömür də gözlərəm mən
səhralara,
dənizlərə,
şaxtalara dözərəm mən
yetər ki, gəl
görüm səni
tut əlimdən qaldır göyə
cənnətinə apar məni
bu amansız təbiətdən
gəl, ömürlük qopar məni.


Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

# 4695 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
#
#
# # #