Xristianlığa meyl edən gənclərimiz

Xristianlığa meyl edən gənclərimiz
20 avqust 2019
# 21:00

Kulis.az Əsəd Cahangirin “Ədəbi gənclik nə istəyir?” məqaləsinin ikinci hissəsini təqdim edir.

İlk hissə burada

90-cı illərə baxanda bu gün nəsrə iddialı gənclərin sayı artır. Öz coşqun ilhamını ya kommunizm, ya da antikommunizmdən alan sovet (dövrü!) yazıçıları və meydan hərəkatından çıxan 90-cılardan fərqli marketinq dönəmi yazıçısı üçün nasiranəlik səciyyəvidir.

Antologiyada nəsri 20-dən yuxarı gənc təmsil edir. Realist və modernist üslublarda yazılan, bəzən alleqorizm və romantizmə meyllənən gənclərin hekayələri içində postmodernizm örnəyi az qala yox dərəcəsindədir. Belə durum ədəbi-bədii fikrin 20 ildən bəri uğraşdığı bu yaradıcılıq metoduyla vidalaşması, bu isə xaos dönəminin bitməsinin göstəricisidir. Bəs, yeni bədii söz hara yönəlir – keçmişə, ya gələcəyə? Gənc yazarlar nə istəyir?

Gənclərin hekayələrinə ən konseptual anlayış – Allaha yanaşma yönündən baxmaq bu suala aydınlıq gətirir. Onların hekayələrinin, demək olar ki, hamısında Allahla dialoq çabası var. Bu dialoq öz ifadəsini müsahibə və ya mübahisə şəklində, dərk olunmuş və ya şüuraltı qatda, birbaşa və ya dolayısıyla tapa bilər. Amma bu forma fərqləri bir ən ümumi həqiqəti inkar etmir – çağdaş gənc yazarın düşüncəsinin baş qəhrəmanı Allahdır. Bunun ən ümumi tarixi-kulturoloji səbəbini 70 illik sovet yasağından sonra bədii düşüncənin yenidən əzəli və əbədi həqiqətlərə qayıtmaq cəhdində görürəm. Gənclər ümummilli taleyüklü məsələlərdən tutmuş fərdi istəklərəcən ən geniş çevrədə Allahla həsbi-hal edirlər. Antologiyadakı hekayələrin təhlili bu həsbi-halı bütün genişlik və dərinliyi, pozitiv və neqativ yönləriylə ilə üzə çıxarır.

Modernizmə meylli Ayxan Ayvazın yetim böyümüş, infantil qəhrəmanının göylə gedən təyyarələrə baxa-baxa atasının yolunu gözləməsi mənə Allah-ata axtarışının rəmzi işarəsi kimi göründü ("Sarı göyərçinlər”) Düzdür, Ayxan nə S.Baycan kimi xaçpərəstliyi qəbul elədiyini, nə də Ə.Əylisli kimi ruhunu Eçmiədzin kilsəsinə bağışladığını yazır. Lakin kim nə deyir desin, Allah-ata paralelləşməsi altında xristian simvolizminin dayandığını düşünürəm. Yox, əgər Ayxan bu psixoanalitik yozumla razılaşmasa və qayıdıb desə ki, elə deyil, belədir, mən elə düşünməmiş, belə yazmışam, bunu tam normal qarşılayaram. Çünki söhbət düşünülmüş yox, şüuraltı qatdan gedir. Amma mənim məqsədim sadəcə Ayxan və onun şüuraltı dolanbaclarının analizi deyil, məsələ qat-qat ciddidir.

Mövzudan kənarlaşmadan bir haşiyə çıxacam. Məncə, çağdaş gənclərdə xristianlığa maraq "demokratik” qərbin üstünlüklərinin səbəbini bu "sevgi” dinində görmələriylə bağlıdır. Əslində is,ə məsələ tam əksinədir – qərb bugünkü duruma inkvizisiya tonqallarında qurbanlar verə-verə məhz xristianlıqdan imtina hesabına çatıb. Xristianlığın 1000 illik hakimiyyəti isə qərb mədəniyyəti tarixinə "zülmət dövrü” kimi daxil olub. Kim bu 1000 ildə yaranan bircə ciddi ədəbi-bədii faktın adını çəkə bilər?

Halbuki, gənclərin bəzilərinin "qorxu dini” saydıqları İslam təkcə şərq yox, qərb intibahının da əsasında durub. Bircə faktı deyəcəm – Dantenin Qərb renessans ədəbiyyatının özülünü qoyan "İlahi komediya”sı böyük müsəlman mistiki İbn Ərəbinin İslam Peyğəmbərinin meracını təsvir edən risaləsi əsasında yazılıb. Bunu indi mən demirəm, düz 100 il öncə özünün "İslamın xrsitianlaşdırılması” (1919) əsərində ünlü ispan ədəbiyyatşünası Palasios deyib. Sonra da fransız metafiziki Rene Genon özünün "Dantenin ezoterizmi” adlı dahiyanə araşdırmasında təsdiq edib. Mən isə uzaqbaşı bunu deyə bilərəm – düz söz vaxtına (2019) çəkər.

Elə güman eləməyin ki, bu sözlərlə gənc yazarları bir inancı qoyub, digərinə üstünlük verməyə çağırıram. Əsla! Çünki iman insanda ən müqəddəs, ən toxunulmaz duyğudur və mən ona toxunmağı ağlımın ucundan belə keçirmirəm. Demək istədiyim odur ki, yazıçı, ümumən ziyalı öz xalqının inanc tarixini bilməyə (və bu inanca sayğıyla yanaşmağa!) borcludur. Yəni söhbətimizin mövzusu dini yox, kulturoloji səciyyə daşıyır. Hansı inanca qail olması və ümumən olub-olmaması isə hər kəsin, o sıradan da hər yazıçının fərdi seçim haqqı – vicdan məsələsidir.

Ayxan məsələsinə qayıdınca, bir neçə il öncə işıq üzü görən "Buri” hekayələr kitabından sonra onun hər hansı ciddi irəliləyişindən danışmaq, mənə zor görünür. Bəlkə, məhsuldar müxbirlik fəaliyyəti ona mane olur? Bəlkə, başı güzəran sorunlarına qarışıb? Bəlkə, yeni hekayələrini yazmaq üçün daxili hazırlıq görür? Bilmirəm, amma nə səbəbdən olursa-olsun, öncəki Ayxanın sonrakı inkişafını hələki görmürəm.

Ayxan uşaqlıq xatirələriylə bağlı olduğu Gürcüstandan qopub Azərbaycana, keçmişlə vidalaşıb bu günə gələ bilmir. O hətta Bakıdan yazdığı hekayələrdə də üslub və düşüncə baxımından tiflisli olaraq qalır. Sözün ciddi anlamında ədəbiyyat isə yazıçının tərcümeyi-halının qurtardığı yerdən başlayır – sənəd sənətə çevrilir. Şəxsi həyatını bədiiləşdirməklə yazıçı, əlbəttə, çox şeylər yaza bilər. Yüzlər, minlərlə yazıçı elə belə də eləyir. Amma bu, yüz romanın yanına yüz birincini, min hekayənin böyrünə min birincini qoymaqdan, kəmiyyətə işləməkdən başqa bir şey deyil. Keyfiyyət sıçrayışı isə onda başlayır ki, yazıçı sadəcə özünün yox, M.Süleymanlının "Köç”ü, Ç.Aytmatovun "Əsrə bərabər gün”ündə olduğu kimi xalqın, K.Hamsunun "Torpağın bərəkəti”, Q.Q.Markesin "Yüzlilin tənhalığı”, Muğannanın "İdeal”ında olduğu kimi insanlığın uşaqlığını xatırlayır.

Fərd, xalq, insan və Tanrı! Ədəbiyyat hər dəfə genişlənən bu çevrələr üzrə "xatırlama” deməkdir. Bunu 2500 il öncə dahi Platon yazırdı. Yazıçının uğuru onda baş verir ki, o, bu çevrələri bir nöqtəyə gətirib, "damlada dərya, zərrədə küllü” göstərə bilir. Bunu isə bir neçə il öncə "gənc yazarlara məsləhətiniz nədir?” sualıma cavab olaraq böyük Muğanna demişdi. "Sarı göyərçinlər”in qəhrəmanı ancaq öz fərdi uşaqlığını xatırlayır, yerdə qalan çevrələri M.Süleymanlının İmiri kimi hətta yuxusunda da görmür. Amma buna baxmayaraq, Ayxanın nasir gələcəyindən bədgüman deyiləm. Çünki ta yeniyetməlik və gənclik illərimdən bu günəcən təkcə ədəbiyyat yox, ümumən sənət məsələlərində ilk təəssüratımın məni bir dəfə də olsun aldatdığını xatırlamıram. İnanıram ki, Ayxan məsələsində də aldanmamışam.

Müharibə gedən ölkənin kəndlərindən birindəki dözülməz həyata təkcə lokal yox, həm də qlobal rəmzi məna verməyə çalışan Mansur Rəğbətoğlu Qərb ekzistensialistlərinə analoji düşünür – həyat təsadüfi, insan tənha, dünya absurddur, çünki onun Sahibi "yoxdur” ("Aclıq erası”) Bu analogiya məntiqidir: ekzistensializm faşizm qarşısındakı xofdan doğmuşdu; başdan-başa müharibə xofuyla dolu "Aclıq erası” müəllifinin də uşaqlığı Qarabağ müharibəsi illərinə düşüb. Ekzistensialistlər soruşurdu ki, əgər Allah varsa, bəs, onda dünyanı qana çalxalayan Hitler kimdir? Mansur isə soruşur ki, əgər Allah varsa, qandan qorxan ermənilərin başımıza açdığı bu oyunlar nədir?

"Aclıq erası”nın ilk baxışdan "primitivizm” kimi görünən bir çox özəllikləri var. Azca diqqət edəndə isə bunlar müəllif ideyasının qabarıq və görümlü ifadəsinə xidmət edir. Filosoflardan Santayana deyirdi: "Ədəbiyyatın vəzifəsi hadisəni ideyaya çevirməkdir.” Mansur hadisə yox, hadisələr kaleydoskopunu ideyaya çevirir, çünki onun hekayəsinin sözün ənənəvi anlamında süjeti yoxdur. Elə bil, hekayənin cümlələri o qədər aclıq çəkib ki, heydən-hərəkətdən kəsilib. Süjetsizlik vaxtın dayanmasına işarədir! Zaman durub! Hadisələrin inkişafdan qaldığı yer kimi müəllifin bütün koordinatları naməlum hansısa bir kəndi seçməsi də təsadüfi deyil – demək, yer hissi də aradan qalxıb! Məkan itib! Hekayənin konkret qəhrəmanının yoxluğu da özəl anlam daşıyır – insan müharibə olayları fonunda öz fərdi müəyyənliyini itirərək kütləyə qarışıb! İnsan itib! Nəhayət, dialoqlardan imtina da eyni məntiq(sizlik)dən doğur. Müharibə insana özünün ən vacib özəlliyini – danışmağı belə unutdurub!! Söz bitib! Bir sözlə, dünyanın axırıdır!!!

Mansur hekayədən daha çox etüdü xatırladan balaca bir mətndə özəl esxatoloji ovqat yaradıb, oxucunu ora daxil edə bilir. Onun hekayəsinə Kavafisin "Barbarları gözlərkən”, yaxud Bekketin "Qodonu gözlərkən” əsərlərinə məxsus güclü bir intizar duyğusu hakimdir (Məndən olsa, hekayənin çox iddialı səslənən adını dəyişib, sadəcə "İntizar” qoyardım) Kavafis öz şeirində düşmənlərin hücumu, Bekket öz pyesində Allahın zühurunu gözləməkdən danışır. "Aclıq erası”nda bu iki özləm bir araya gəlir. Amma bütün bunlar dünya və həyatın mənası, tarixin məqsədyönlü olmasıyla bağlı gənc yazarla polemikaya girməyimə mane olmayacaq.

Tarix ilahi bir ssenaridir. Lakin biz bu ssenarinin yalnız bir parçasına baxdığımızdan onun arxasında duran və ilahi iradədən doğan teleoloji (məqsədyönlü) mənanı qavramır, çətinliyə düşən kimi tələsik qərar çıxarır və ümidsizliyə qapılırıq. Məncə, gənc yazıçının ekzistensial pessimizmi də burdan doğur. Amma maraqlıdır ki, hekayənin son cümləsi ümid işartısı verir: "Məscidin taxta qapısı önündə bitmiş qaratikan kolları Allaha çatmağa can atırdılar...” Bu ümid bütün zəifliyi və neqativ simvolikasına (qaratikan kolları!) baxmayaraq, qurtuluş gözləyən insan ruhunun əzəli və əbədi ehtiyacından doğur.

Bu gün bizdə xristianlığa meyl dəbdədir, dəstədən geri qalmamaq üçün Həvari Pavelin məktublarının birindən mən də bir sitat çəkəcəm: "İndi üç şey qalır – iman, sevgi və ümid.” Bu gün iman artıq qeybə çəkilib, sevgi tükənib, axıra qalan yalnız ümiddir. Odur ki, ədəbiyyat çox şeyi, hətta iman və sevgini belə əlimizdən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur. Son cümləsi göstərir ki, deyəsən, Mansur da belə düşünür.

Amma "bir ümidin ətəyindən tutub” nə qədər "fırlan”maq olar? Bu, boğulanın saman çöpündən yapışması deyilmi? Biz sadəcə maddi yox, mənəvi aclıq erasının insanlarıyıq. Bu aclığı yalnız və yalnız yeni inanca gəlmək, yeni yola girmək, yeni insana çevrilməklə doyurmaq olar. Axır zamanı təsvir edən Mansur özünün hər cümləsiylə özü də fərqinə varmadan bunu deyir və hekayənin ən qiymətli tərəfi bu deyilmədən deyilənlərdir. Axır zamandan sonra yeni zaman gəlməlidir! Amma ora aparan inanc nə, yol hansı, insan kimdir? Təəssüf ki, bütün yaşıdları kimi Mansur da bu suallara cavab ver(ə bil)mir.

Şikəst, ev-eşiksiz, kimsəsiz bir qocanın ağlasığmaz güzəranını göstərən Bahəddin Salmana görə, Allah var, amma onun varlığı ilə yoxluğu birdir, çünki bəndələrinə münasibətdə Adil deyil. Əgər belə olmasaydı, zavallı bir qocanın dualarını eşidərdi ("Qozbelin son duası”)

Bahəddinin istər "Qozbel”i, istərsə də digər hekayələrində bir meyl görürəm – həyatın dibindəkilərə (bomjlar, cüzamlılar...) qarşı ədalətli olmaq tələbi! Amma, bəlkə, o qoca, məhz belə ömrə layiqdir və bunun özü ilahi ədalətin təzahürüdür, onda necə? Bəlkə, qozbel doğulması onun uğursuz taleyinə fitri işarədir? Bahəddin isə "axı, necə olur ki, bu adamlar həyatın dibinə yuvarlanır?” deyə nə özü özünə sual, nə də bu suala tale qatı bir yana, hətta sosial qatda cavab verir. Səbəbin dərki olmadığından nəticə də yoxdur – qəhrəmanlar qaçılmaz ölümdən qaça bilmir. Bu, gənc yazarın dirilmə ideyasına (hələ!) çatmadığını göstərir. Ona "İncil”dən Lazarın dirilməsiylə bağlı qissəni bir də oxumağı məsləhət görərdim, amma görməyəcəm, çünki oxumaqla olmur, dirilmə ilk öncə insanın ruhunda getməlidir. Gəlişigözəl səslənən bu prosesin çarmıx əzablarına qatlaşmaq isə Dostoyevski, Tolstoy, Muğanna olmağı tələb edir. Üstəlik də dirilmə fərdi istək yox, alın yazısıyla bağlıdır. Odur ki, dirilmə idealını kiminsə qarşısına tələb kimi qoymağın idiotizm olduğunu başa düşürəm. Amma onu da bilirəm ki, "İdiot”, "Dirilmə”, "İdeal” birbaşa bu ruhi prosesdən doğulub. Əgər dirilmə yoxdursa, sözün ciddi anlamında ədəbiyyat da yoxdur, olsa-olsa bu gün ədəbi prosesi sarmaşıq kimi bürüyən estetik manipulyasiya, formal söz oyunları, özümüzdən və özgələrdən oğurluqlar ola bilər.

Maraqlıdır ki, dirilmənin dini formasına iman gətirməyən Bahəddin, onu elmi yolla vəd edən postinsan ideyasına da inam gətirmir. Onun fikri qətidir – qozbeli qəbir düzəldər. Amma müəllifin istəyindən asılı olmayaraq, hekayə xəstə, şikəst (qozbel!) insanlığın gələcəyi yoxdur, dünyaya yeni tip insan gəlməlidir deyə oxucuya gizli mesaj ötürür. Mətn, əgər o həqiqətən də mətndirsə, müəllifdən ən azı bir addım qabağı görür.

Bahəddinin yazı tərzi üçün naturalistik detalçılığa qabarıq meyl səciyyəvidir. Suçəkən suyu özünə çəkdiyi kimi onun mətnləri də həyatın, məişətin ən xırda detallarını belə özünə hopdurur. Bunun hesabına oxucu hər gün zibillikdə eşələnən qozbel qocanı, onun çirkli üst-başını, kirayə qaldığı köhnə evi, bu evin ovulub-tökülən tavanı və dəhşətli cırıltı qoparan dəmir başlıqlı çarpayılarını aydın təsəvvür edir. Dünya nəsrinin şedevrləriylə gənc yazarın ilk qələm məşqi arasında müqayisə yersiz görünsə də, bu təsvir üsulu mənə Emil Zolyanın əsərlərini, özəlliklə də şaxtaçıların ağlasığmaz dərəcədə ağır güzəranını ən xırda təfərrüatlarına qədər göstərən "Yerminal” romanını xatrılatdı. Lakin ünlü fransız yazıçısından fərqli gənc yazar bəzən ölçü hissini itirdiyindən sadəcə detallara yox, həm də ifrata varır və bu, onun ziyanına işləyir. Mən bunu deyəndə ilk öncə hekayənin başlanğıcındakı qatar epizodunu nəzərdə tuturam. Kənddən Bakıya işləməyə gələn qəhrəmanla təsadüfən bir kupeni bölüşən, hələ qatardan düşməmiş müəllifin nəzər-diqqətindən düşən, hadisələrin sonrakı gedişində bir də görünməyən kəndçi oğlanın kobud, çirkli əllərlə yemək yeməsi və digər ürəkbulandıran vərdişlərinin aşırı dərəcədə qeyri-estetik, mikroskopik təsvirinə, görəsən, çoxmu ehtiyac var? Nə demək istədiyim tam aydın olsun deyə mən o epizoddan sitat çəkərdim, amma oxucuların iştahasını küsdürəcəyimdən ehtiyat edirəm. Müəllif süjetdə zəruri yeri olmayan, əsas ideya ilə birbaşa bağlanmayan bu epizodu çox asanlıqla montaj edib, hekayəyə əsas hadisədən də başlaya bilərdi. Dostoyevski deyirdi: "Yazıçının ən böyük bacarığı pozmağı bacarmaqdır.” Aydındır ki, pozmaq – özəlliklə də yazmağa təzə başlayan adam üçün – o qədər də asan deyil. Bu, özünə kənardan baxmaq və tənqidi yanaşmaq qabiliyyəti, çoxillik yazı təcrübəsi tələb edir. Gəlin, inanaq ki, Bahəddin zamanla bu vərdişə yiyələncək.

Azərbaycan ədəbiyyatı üçün orijinal mövzuya üz tutan Dilqəm Əhməd özünün "Cuhud Yaqub” hekayəsində Bahəddinlə müqayisədə daha optimist mövqedən çıxış edir – ədalət var və hər şey əvvəl-axır öz yerini, hər kəs gec-tez cəzasını alır. Dilqəm bu gün dünya ədəbiyyatı və kinosunda dəbdə olan "xolokost” mövzusunun təsiriylə yəhudilərə canıyananlıq göstərmir, amma bütöv bir xalqı qaralara da bürümür. O, Qızıl Ordu tərkibində Bakıya gələn və şəhər əhalisinin çıxılmaz durumundan istifadə edib, su qiymətinə antikvariat toplayan yəhudiyə, onun ərinə etiraz edən arvadına, Bakıda doğulub boya-başa çatan, üzdə elmi fəaliyyət, altda ideoloji təxribatla məşğul olan oğluna, nəhayət, bir ailə və onun timsalında bir qövmün öz əkduyini biçməsinə nə qədər mümkünsə və nə qədər bacarırsa, obyektiv yanaşmağa çalışır. Obyektivlik müəllifin müstəntiq, prokuror, hakim yox, yazıçı iddiasından xəbər verir və bu, gözəl iddiadır.

Amma... Dilqəm həyatın bumeranq qanunuyla idarə olunduğunu görsə də, olayların üzünü astarına çevirib, bu qanunun yaradıcısını göstərmir, sözün o üzünə keçmir. Ola bilsin, o, bədii fikkin ilahi çevrəyə daxil olmaq hüququnu qəbul eləmir, yaxud daxilən qəbul eləsə də, "real” görünməyəcəyindən ehtiyat edib, bunu büruzə vermir. Əslində isə, ağlımız haracan işləyirsə, reallıq da oracandır. Çünki varlıq şüurdan və maddi dünya da daxil olmaqla şüurun fərqli dərəcələrdəki emanasiyasından (dalğalanmalarından) ibarətdir. Ona görə, Hegelin məşhur aforizmiylə desək, ağla gələn hər şey realdır. Sözün belə geniş, konseptual anlamında realizm Dilqəmin ağlına gəlmir – onun üçün gerçəklik gözünə görünənlər qədərdir. Bu qeyri-konseptual, məhdud "realizm” isə dünyada tarazlığı (ədaləti!) saxlayan hansı qüvvədir sualına aydın cavab verməyə ona imkan vermir.

Bu sualı "Səlibçi arvadı” hekayəsinin müəllifi Yadigar Ələkbərov cavablandırır. Əri səlib müharibəsinə gedən, iki uşağıyla aclıq çəkən, ruhanilərin "cadugər” deyə qaralayıb tonqala atmaq, zadəganların yatağa sürükləmək, kütlənin daş-qalaq etmək istədiyi köməksiz qadın düşdüyü durumdan ilahi möcüzəylə qurtulur. Körpələr ianə üçün getdiyi kilsədən əliboş qayıdan ananı müjdələyirlər – Peyğəmbər İliya gəldi və bizə çörək, qızıl verib getdi. Dante metaforasıyla desək, dünya özünün bütün bəşəri tragizminə baxmayaraq, ilahi komediyadır. Çünki olayları yönləndirən fövqəlbəşər iradə var. Hekayə ən ümumi yöndən bunu deyir.

Amma bu ümumi yön məsələnin müəlliflə bağlı konkret tərəfini istisna etmir. Çünki Yadigar şəhid oğludur – onun hekayəsi həm də fərdi hekayətidir. Bəs, bu gün şəhid yadigarları atalarının qəhrəmanlığına layiq münasibətlə üzləşirmi? Təəssüf ki, bəzən yox! "Səlibçi arvadı” bu etinasızlığa bədii-tarixi kamuflyaj altında pərdələnmiş etirazın ifadəsidir.

Haqsızlıqla üzləşmək insanı seçim qarşısında qoyur – o ya xeyri, ya da şəri seçir. Hekayədə final akkordunun ilahi möcüzəylə vurulması göstərir ki, Yadigar birincilərdəndir. Möcüzəyə inam özü də müəllifin bu seçimindən doğur. Əgər Allah varsa, mümkünsüz heç nə yoxdur və deməli, möcüzə realdır. Sadəcə, reallıq anlayışımızı genişləndirməli, ona konseptual yanaşmalıyıq. Amma, görəsən, möcüzəni niyə məhz körpələr görür? Bəlkə, bu uşaq xəyalpərvərliyindən doğan fantaziyadır? Axı, ortada onun gerçəkliyini göstərən maddi sübutlar (çörək və qızıl) var. Bəlkə, möcüzənin baş verməsi uşaq saflığı tələb edir? Məncə, müəllif özünün körpə obrazlarıyla daha çox bunu deyir. Yəni ilahi iradənin təzahürü təkcə yuxarıdan müəyyənləşən birtərəfli akt olmayıb, həm də aşağıdan asılıdır, təkcə Allah yox, həm də insanla, təkcə küll yox, həm də zərrəylə bağlıdır. Bu sərt, namərd, amansız, imansız dünyada yeganə çıxış yolu insanın Allah, zərrənin küll ilə birliyindədir. Mövzu ilə bağlı bütün xristian simvolikasına ("müqəddəs ana”, "körpə”, "qurtuluş”) baxmayaraq, Yadigarın düşüncəsinin altyapısında sufi ideyası – zərrə və küllün vəhdəti məsələsi durur.

Düzdür, bizdə indi filoloji dəb üzrə sufizmin özünü də xristianlığa bağlayırlar, amma bu, bəzi qərb alimlərinin şərqi, onları təqlid edən bizimkilərin isə nə qərbi, nə də özümüzü bilməməsindən doğan dayaz yanaşmadan başqa bir şey deyil. Sufizmin xristianlıqla əlaqəsi isə dünyada olan istənilən bir şeyin digəriylə əlaqəsi qədərdir – nə az, nə də çox. Yəni sufizm və xristianlıq arasındakı analoji məqamlar onların birinin digərindən yaranması yox, hər ikisinin vahid bir Mənbədən yaranmasından irəli gəlir.

Modern metodla, poetik nəsr diliylə yazılmış "Buynuzsuz gərgədan” hekayəsinin müəllifi Orxan Həsəni məhz bu Mənbəyə qarşı çıxır – Allahın Vahid adına etiraz edir. Bəlkə də, yanılıram, amma hekayədə gərgədanın alnının ortasındakı tək buynuzunu monotezim (tövhid!) və avtoritarizmin, buynuzsuzluğu isə atezim və plüralizmin rəmzi işarəsi kimi başa düşdüm. Hekayə özünün buynuz(suzluq) simvolikası və ən ümumi ideyası ilə kinorejossor Bəhmən Qubadinin "Gərgədan mövsümü” filmini xatırladır. Ünlü İran rejissoruna da, əslən cənubdan olan gənc yazıçıya da görə, qurtuluş tövhidin inkarındadır.

Orxan bu düşüncədə tək deyil və odur ki, bu sualları onun timsalında çoxlarına ünvanlayıram. Əgər qalaktikanın planetləri öz cazibəsində saxlayan mərkəzi nöqtəsi – Günəş olmasa, kosmos öz yerini xaosa verməzmi? Bəs, sonsuz qalaktikaların mərkəzi nöqtəsi olan Allah ideyası aradan qalxsa, nələr ola bilər? Tolstoy yazırdı: "Əgər xristianlıq, yoxsa islam deyə seçim zərurəti yaransa, ağlı başında olan hər kəs İslamın tək (!) Allah və Peyğəmbərini qoyub, xristianlığın üç üqnum və çoxsaylı ayinlərini qəbul eləməz.” Məncə, dahi yazıçının sözlərini şərhə ehtiyac yoxdur. Çünki qaranlıq yazanlar şərh olunur, aydın yazanlar isə anlaşılır. Tolstoy baba öz nəsihətini inanılmaz dərəcədə aydın yazıb və deyib ki, gəlin ağlımızı bir nöqtəyə – başımıza yığaq.

Əlbəttə, mən bu təhlili hekayənin zahiri süjet xətti yox, altyapısı əsasında aparıram. Onun süjeti isə o qədər də yadda qalmayan tamam "başqa şeylərdən” danışır və Orxan dediyim məsələlərdən nəinki çılpaqlığı ilə yazmır, bu haqda olsun ki, mən deyən aydınlıqla düşünmür də. Bu, sovet dönəmi yazıçısının dovtələb, deklarativ ateizminin şüuraltı qata işləməsi, dərinə kök atmasının göstəricisi, deməli, daha ciddi bir şeydir. Ola da bilsin ki, əksinə, minalanmış əraziyə (şirk!) girdiyini başa düşən müəllif konspiroloji fənd işlədərək, simvollar altında gizlənir və bununla da diqqəti əsas məsələdən (tövhidin tənqidi!) yayındırmaq istəyir. Hər iki halda gərgədanın buynuzu nə vaxtsa çıxacaq, çünki buynuzsuz gərgədan olmur. /artkaspi.az/

# 4029 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #