Öpsün ciyərindən tüstülər, adam! – Orxan Bahadırsoydan Yeni Şeirlər

Öpsün ciyərindən tüstülər, adam! – Orxan Bahadırsoydan Yeni Şeirlər
19 avqust 2019
# 13:12

Kulis.az Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Ölümdən o yana

Sən heç görmüsənmi daş körpülərin,
intihar səsindən usanmağını?
Kəndirin boğazdan utanmağını,
dəmirin biləkdən əfv ummağını,
sən heç görmüsənmi, heç görmüsənmi?

Amma mən görmüşəm, gözüm, görmüşəm!
Heç kim danışmayıb, özüm görmüşəm!
Ölümün min cürə üzün görmüşəm!
Səni görməmişəm, yüzün görmüşəm!

Sənsə bu vədədə ölüm deyirsən,
hansı xəyaldasan, hansı həvəsdə?
Dərdin ağac-ağac yolumun üstə,
söykə kürəyini, nəfəs al, adam!

Mənə tutunmağı çıxar yadından,
indi nə çətirəm, nə əsa, adam!
Sənə taleyimdən yol da çəkərəm,
getməyə bir yolun olmasa, adam!

Kim vəd etmişdi ki, xoşbəxt olmağı?
Bu sərsəm arzunun başını burax!
Bir dəfə dərdə də badə qaldıraq:
bizi unutmadı dərd də sağ olsun!
Nədən gileylisən, nədən narahat,
bir adam göstər ki, xoşbəxt doğulsun!?

Mən hasar çəkmişəm dörd tərəfimə,
hər dərdi ayrıca yol eləmişəm.
Bu dar çərçivədə gün keçsin deyə,
dərdimi bir xeyli bol eləmişəm.
Hissim, duyğularım, cismim cəhənnəm,
mən sənə ağlımı qul eləmişəm!

Sən nə danışırsan, nədən deyirsən?
Ağrın-acın bitər, dərdin tükənər,
ölərsə bir quru bədən, deyirsən?
Burax bu xülyanın başını, burax!


Götür, yenə dərdə badə qaldıraq!

Sən heç görmüsənmi, gün necə doğar?
Ölüm necə başlar ayaqlarından?
Arzular uçuşar, ümidlər gülər,
bir otun qurumuş yarpaqlarında.
Fikrinə gün doğar, gün doğar, doğar...
nitqin kəkələyər dodaqlarında!

Sən heç görməmisən, heç görməmisən...
sən də bu “ot” kimi, hər şeyə bəssən!
Sən elə ağrısan, ölmür ki, xəstən,
sən elə ağrısan, çəkmək də olmur.
Sən də bu “ot” kimi şərsən, xətasan,
unutmaq da olmur, əkmək də olmur.

Bəsdir ölüm dedin, nədir ki, ölüm:
bir körpü, bir kəndir, ya bir dəmirsə...
ölümə hamıdan çox layiq olan,
ar edib bircə yol ölüm demirsə,
bu dərdə ölüm də kar eləmirsə,
qaldır o badəni, yandır bu otu,
öpsün ciyərindən tüstülər, adam!
Qaçıb buludlarda gizlənək gərək,
yolları köpəklər kəsdilər, adam!

Xatirəmdə gözəl qal

Dünən görmüşəm səni, dünən gecə bu vaxtda.
Dünən də ayrılmışıq, bu evdə, bu otaqda.
Eləcə, bir dad idin, bir həvəsdin mənimçün.
Azacıq əylənməyə belə, bəsdin mənimçün.
Bir-iki saat çəkdi, cəmi bir-iki saat...
O bir-iki saata, necə sığdı bir həyat?
Həyat deyirəm sənə - sevincdi, həyəcandı...
Bir tərəfi xoşbəxtlik, bir tərəfi hicrandı.
Od püskürdü hər yanın, üzün, gözün, dodağın,
nəfəsindən çatladı divarları otağın.
Səsin qulaqlarıma nəğmə idi, şeirdi,
bütün varlığın mənə ölsəm azdı, deyirdi.
Əllərim hüzurunda haray çəkdi hər yerə,
sən isə yüksəlirdin bütün yüksəkliklərə.
Üzrlü say, sən canın, kinayədə qəsdimi,
mənə gülməli gəlir ruhumun bu təslimi.
Mən özümü bilirəm, bilirəm, hələm-mələm,
belə yenik düşmərəm, yığılsa bütün aləm.
Cəmi bir-iki saat, bütün bunlara bəsmi?
Bilmədim ki, varlığın ömürlükmü, həvəsmi?
Sonra bitdi və getdin... məni niyə acıdır?
Sənin getdiyin bu son nəyin başlanğıcıdır?
Niyə çıxır yadımdan üzün, gözün, gülüşün?
Niyə özün qalmısan, qalmayıb görünüşün?
Bütün davranışların yadımdadır, ay adam,
amma görünüşünü unutmuşam mən tamam.
Mən bu hissi bilirəm, bilirəm nə gəzirsən?
Yaddaşımın içindən ruhumamı sızırsan?
Gözəlliyi unudur adam aşiq olanda!
Bu nə sevda həvəsi? Yaddaşımda dayan da!
Səni, hiyləgər adam, sandın görmədim səni?
Bu şıltaq kələklərin yanılda bilməz məni!
Oğrun-oğrun yadımdan çıxıb getdiyin yeri,
mən min ildi hamıdan qoruyuram, dön geri.
Dön geri hafizəmə, yaddaşıma yazıl, qal!
Ruhumda nə işin var? Xatirəmdə gözəl qal!

Ruhun həbsi

Ölüm kimi nə sıxırsan nəbzimi?!
Bu yoxluğun intiharın rəmzimi?
Hökm etmişəm özümə öz həbsimi,
sənə yenik düşə bilməz qürurum!

Kölgəsini adam bilib qucaqlar,
bu halına zildən gülər, bəm ağlar.
Bədənimin hər yanını cırmaqlar,
qolları ki, qandal tutmaz ruhumun.

Yoxdur misli dərdə dözmək tövrümün.
Lap ucunda dayanmışam səbrimin.
Mən sağ ikən içindəyəm qəbrimin,
ölü ikən bu dünyadan nə umum?

Çox getmişəm bu axının əksinə,
İndi ömrüm bir tufana diksinər.
Bu tufanda sən buludtək rəqs elə,
bu tufanda mən dəfnimə yuyunum!

Elə bilmə ölüm məni qorxudur...
Dünyadır da... ana doğur, yer udur.
Deyirəm ki, dərd o deyil, dərd budur,
mən gedirəm səndə qalır şüurum!

Qolların ömür yolum

Dərd eləmə, bir dənəm, bütün cahan düzülə,
qoymaram ki, ümidim, əlim səndən üzülə.
Üzümdən, ətəyimdən qan süzülə-süzülə,
izindən öpə-öpə gəlib taparam səni.

Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə,
Sən ey zirvələr quşum, bircə dəfə qon yerə!
Parçalansam yüz yerə, min yerə, milyon yerə,
bilirsən ki, yenə də sevər hər param səni.

Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa,
bizdən sonra dünyaya beş-on sümük qalıqsa,
hər tərəf uçurumsa, hər yan xarabalıqsa,
hara qaçırım səni, hara aparım səni?

Gəlmirsə məndən sənə bircə cığır, səbr elə!
Əlini aç göylərə, məni çağır, səbr elə!
Mən dedimsə gələrəm əvvəl-axır, səbr elə!
Səbrindən, dözümündən gəlib öpərəm sənin!

Qolların ömür yolum, uzat sinəmə sarı!
Uzat, başına dönüm, sarıl ömrümə, sarıl!
Sənsiz bu ömür yarı, həyat yarı, can yarı,
mən bu ruhdan, bu candan necə qoparım səni?

Bir uşaq var

Bir uşaq var, arıq-cılız, çəlimsiz...
Ötüşməz bir günü dərdsiz, zülümsüz.
Bir uşaq var, bir uşaq var, ölümsüz!
Yarıb gedər küçələri, böyüməz.

Yarasına kar eləməz sarğılar.
Yeri gəlsə, tanrını da yarğılar!
Əvvəl-axır hamımızı sorğular,
"niyə"ləri, "necə"ləri böyüməz!

Günlər, aylar dönüb-dönüb il olsa,
danışmaz ki, milyon-milyon dil olsa.
Qarşısında hamı dönüb fil olsa,
onun körpə sərçələri böyüməz.

Qum evidir, gəlincikdir bu uşaq.
Yaşanmayan gələcəkdir bu uşaq.
Bir bax hələ nələr çəkdi bu uşaq!?
Yenə ötməz cücələri, böyüməz!

İçimizdə bir uşaq var, döyükdü.
Qorumadıq, indi bizdən dönükdü!
Gündüzləri özümüzdən böyükdü,
yenə gələr gecələri, böyüməz!

Özgəsinə ağlayan

Özgəsinə ağlayan
gözlərində nəyəm mən?
Nəyəmsə çağır məni,
olarmı gəlməyəm mən?

Gəlim, qoparım səni
hicranın zəncirindən.
Gəlim, öpüm ruhunun
qan süzülən yerindən.

Gözlərinin yaş çıxan
yerindən öpüm sənin.
Əlində, ayağında,
haranda ölüm sənin?

Ölüm, hirsin soyusun,
sən qalma bu zülümdə.
Mən hər yerdə ölürəm,
elə səndə ölüm də!?

Səbrimin çatlarıdır
yanağımda cizgilər.
Səni göstərir axı
mənə bütün güzgülər!

Sənə açılır axı,
pəncərələr, qapılar!
İçində basdırmağa
mənə də yer tapılar...

Özgəsinə ağlayan,
çağır adımı, çağır!
Sənin üçün ağlayan,
sənsiz adamı çağır!

Heç kim yox idi

Sənə bir söz deyim, heç kimə demə:
mən çoxdan ölmüşəm, çoxdan, əzizim.
Ölü torpağımdan yığıb özümü,
bir var düzəltmişəm yoxdan, əzizim.

Səni də yaratdım lap Allah kimi,
yoxdan var elədim səni özümə.
Qurub zərrə-zərrə bəxtini yazdım,
mən düçar elədim səni özümə!

Onsuz da başıma nə gəlib mənim,
elə öz əlimdən gəlib həmişə.
Özümə ən böyük yaxşılığı və
ən böyük pisliyi mən eləmişəm.

Sən nədən qorxursan, nədən, əzizim?
İblisdən, şeytandan, kabusdan, cindən?
Mən məndən qorxuram, burax onları,
adam çıxarıram torpaq içindən.

Adam çıxarıram daşın içindən,
fəza boşluğundan, yol çuxurundan.
Ömrüm lap əvvəldən belə gətirdi,
qorxuram bu ömrün lap axırından.

Təbiət başqaydı, mizan başqaydı,
yaşayıb ölürdü mən bilən hər kəs.
Mən çoxdan ölmüşəm, amma ki, sağam,
ölüb yaşamağın adı nədir bəs?

Sənə dediyimi heç kimə demə,
demə öldüyümü, qoy bilməsinlər.
Mənim də anam var, atam var axı,
qoy ağlamasınlar, üzülməsinlər.

Mən dərd danışmağa bu yer üzündə
bir Allah bəndəsi gəzdim, yox idi.
Çıxıb göy üzünə tutdum ruhumu,
yox idi, yox idi, heç kim yox idi.

# 7351 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #