Kulis.az “Azərbaycan” jurnalına istinadən görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlının söhbətini təqdim edir.
- Müəyyən məsələlərin öz adı ilə adlandırması tədqiqatçıya qarşı hər zaman ziddiyyətli münasibətlərə səbəb olur. Məsələn, sovet dövründə “xaricdə yerləşən mühacir mərkəzləri ilə əlaqə saxlamaqda və millətçi təmayülün ilhamvericisi olmaqda” günahlandırılanaraq həbs edilmiş bir adam haqqında “Məmmədhəsən Hacinskinin xəyanəti” ifadəsini işlədir, “Hacınski Azərbaycanın dövlət müstəqilliyini erkən itirməsində mənhus rollardan birini oynamışdı” deyirsiniz... Ə.Topçubaşovun “Paris məktubları” kitabına yazdığınız ön sözdə daha başqa daxili münaqişələr də diqqətinizdən kənarda qalmır... Sizcə, bu cür faktlar qabardılmalıdırmı?
- Demirəm ki, mütləq qabardılmalıdır. Amma eyni zamanda, gizlətməyə də ehtiyac yoxdur. Ən azı, olduğu kimi təqdim edilməlidir. Bədii əsərdə ayrı-ayrı şəxsiyyətlərə, yaxud hadisələrə sərbəst yanaşma yol veriləndir. Tarixi tədqiqat isə, təbii ki, belə münasibəti istisna edir. Bilirsiniz, olanların öz adı ilə deyilməsi ilə tarixi şəxsiyyətlərə qarşı bu günün mövqeyindən çıxış edərək hansısa əsassız, fakta və sənədə söykənməyən ittihamlar irəli sürülməsi fərq-fərqli anlayışlardır. “Tarixi təcrübə” deyilən bir məfhum var. Tarixi təcrübə keçmişin təkcə uğur və qələbələrinə deyil, həm də səhv və yanlışlarına əsaslanır. Yəni birinciyə qovuşmaq üçün ikincilərdən də ibrət dərsi götürməyi tələb edir.
Qeyd etdiyiniz konkret fakta gəlincə isə, qətiyyən o fikirdə deyiləm ki, əgər Hacınski bolşeviklərlə əlaqəyə girməsəydi, Azərbaycan Cümhuriyyətini xilas etmək mümkün olacaqdı. Yox, həmin dövrdə Bakının və deməli, milli dövlətçiliyin taleyi artıq həll olunmuşdu. Mövcud şəraitdə qırmızı işğalın qarşısını alacaq qüvvə mövcud deyildi. Baxın: bolşeviklər müvafiq şərait yaranan kimi dünya birliyinin, hətta sovet Rusiyasının özünün de-yure tanıdığı, bir çox Avropa ölkələrinin arxasında dayandığı Gürcüstanı işğaldan çəkinmədilər. Etiraf etmək lazımdır ki, 1920-ci ildə Gürcüstanla müqayisədə Azərbaycan daha zəif durumda idi.
Amma gəlin, məsələnin digər tərəfinə baxaq: hətta məğlubiyyətin qaçılmazlığını bildiyin halda düşmənə monolit müqavimət göstərib məğlub olmaq bir şeydir, kiminsə ön atəş xəttindən çəkilməsi nəticəsində gerçəkləşməsi daha da tezləşən, asanlaşan məğlubiyyət başqa şeydir. Əgər biz sona qədər dirəniş göstərənlərin, duruş gətirənlərin şərəfinə himn oxuyuruqsa, döyüş sıralarını vaxtından əvvəl tərk edib gedənlərin, düşmənin qələbəsini asanlaşdıranların adlarını niyə çəkməməliyik? Məntiq haradadır?
Cümhuriyyət dövrünün tanınmış isimlərindən Şəfi bəy Rüstəmbəylini, yəqin ki, tanıyırsınız. Rus dilində çıxan rəsmi “Azərbaycan” qəzetinin redaktoru,daxili işlər nazirinin müavini olmuşdu. Fəal müsavatçı idi. 1920-ci il aprelin 27-də gecə bolşeviklər parlamentə gəlib hakimiyyətin təhvil verilməsi ilə bağlı ultimatum təqdim edəndə hönkür-hönkür ağlayırmış. Məclisin stenoqramında belə yazılıb. Amma bir müddət sonra mühacirətdə həmin Şəfi bəy Cümhuriyyət qurucusunun – M.Ə.Rəsulzadənin ən barışmaz opponentlərindən birinə çevrilib. Hətta Məhəmməd Əmin zərərli siyasi təmayül – “şəfibəyçilik” haqqında ayrıca bir əsər yazmalı olub. İndi necə düşünürsünüz, milli hökumətin süqutuna göz yaşı tökməsi Şəfi bəyi bütün sonrakı səhv və günahlarından da arındırırmı? Mən belə düşünmürəm. Fikirləşirəm ki, həyatda olan adamlar kimi tarixi şəxsiyyətlərə bütün yaxşı işlərinə görə təşəkkür bildirmək, səhvlərini isə bir də təkrarlanmasın deyə mütləq açıqlamaq və sonrakı nəsillərə çatdırmaq lazımdır. Amma bunu indi ara-sıra təsadüf etdiyimiz kimi çığırğan və sevincək əda ilə deyil, tarixi situasiyanın və şəraitin obyektiv təhlilinə əsaslanaraq etmək lazımdır.
- Azərbaycan tarixi, ədəbiyyatı və ədəbi fikrində yeri olan şəxsiyyətlərin yaradıcılığını, şəxsiyyətini araşdırmağınız aydındır. Amma övladlarının taleyi?!.. Məsələn, Axundzadənin oğlu Rəşid haqqında yazdıqlarınız, Əhməd Ağaoğlunun övladı Səməd Ağaoğlu haqqında yazdıqlarınız... Bu maraq nədən qaynaqlanır? Ailə, övladlar, tale, talesizliklər... Bütün bunların qabardılmasını əsaslandıran səbəb nə ola bilər?
- Ən əski zamanlardan Azərbaycan ədəbiyyatında yaradıcı sülalələr olub. Eyni tendensiya indi də davam etməkdədir. Bizim günlərdə də bəzi məşhur ədiblərin övladları ilə bağlı “yazıçı uşaqları”, “şair uşaqları” ifadəsi dildən-dilə düşüb. Atalarının yaradıcılıq estafetini davam etdirən qələm adamlarımız az deyil. Bütünlükdə “atalar və oğullar” problemini izləmək maraqlıdır. Ədəbiyyatda, sənətdə isə, bu maraq daha mühüm əhəmiyyət kəsb edir. Öz evinin içində oxunmayan, övladları tərəfindən təqdir olunmayan müəllif başqalarının ürəyinə yol tapa bilərmi? Xalqı yüksək mənəvi dəyərlərə səsləyən insanlar bu nəcib istəyi dar ailə, nəsil mühiti çərçivəsində də yaya bilmişdilərmi?
Bu suallara cavab axtararkən ortaya maraqlı məqamlar çıxır. Məsələn, məlum olur ki, “külli ədyanı puç və əfsanə hesab edən” Mirzə Fətəlinin oğlu Rəşid rus gimnaziyasında və Avropa universitetində təhsil almasına rəğmən, inanclı bir şiə imiş. Gündəlik həyatında islamın tələblərinə əməl edirmiş. Atasının bədii yaradıcılığına müəyyən qədər tənqidi yanaşsa da, imkanları daxilində onun əsərlərinin Avropa dillərinə tərcümə olunmasına, səhnəyə qoyulmasına çalışırmış. Gəncliyində İbsenin təsiri altına düşən Səməd isə, türk ədəbi-ictimai fikrində atasının da sıralarına daxil olduğu “bütləri” yıxmaqla bağlı çağırışları ilə yadda qalmışdı. Səməd Ağaoğlunun övladları – Mim. Kaf. Ağayev təxəllüsü ilə yazan Mustafa Kamal Ağaoğlu şair, Təkdaş Ağaoğlu isə yazıçı və tərcüməçi kimi tanınmışdı. Bu ədəbi sülalə – baba, oğul və nəvələr türk ədəbiyyatına yüz ildən çox xidmət etmişdilər. Təbii ki, bu prosesi öyrənmək, bir ailənin müxtəlif nəsillərinin ədəbiyyata və sözə münasibətini araşdırmaq özü yetərincə maraqlıdır.
- “Fyüzatın iki yazarı” kitabınız Krım tatarı Asan (Həsən) Səbri Ayvazov və Anadolu əsilli Əhməd Kamalın ömür yoluna və yaradıcılığına həsr olunub. Bilmək olarmı bu maraq necə və nədən doğdu?
- Bir az özünü öymək kimi çıxmasın, mən qazax Çokan Vəlixanov, qumuq Rəşid xan Kaplanov, Kazan tatarı Xusain Feyzixanov, başqırd Zəki Vəlidi Toğan, xakas Nadya Acikmaa-Ruşeva haqqında da yazmışam. “Polşa tatarları Azərbaycanda” kitabım Varşavada rus və polyak dillərində nəşr olunub. “Baş nazirin xanımı” adlı araşdırmam İsmayıl Qaspralının qızı, Nəsib bəy Usubbəyovun xanımı Şəfiqə Qaspralıdan bəhs edir. İsmayıl bəyin özünün “Firəngistan məktubları” romanını Krım türkcəsindən dilimizə uyğunlaşdırıb çap etdirmişəm. Türk yazıçısı və tarixçi alimi Şevket Sürəyya Aydəmir, bizim “Maarif və mədəniyyət” jurnalının qurucularından olan digər türk alimi Mühitdin Birgən haqqında araşdırmalarım var. Hazırda “Bəkir Çobanzadə Budapeştdə” adlı monoqrafiya üzərində işləyirəm. Yəqin, bu ilin sonuna qədər başa çatdıraram.
İndi isə müxtəlif türk xalqlarının ədəbiyyat və sənət xadimlərinin şəxsiyyəti və birgə fəaliyyəti ilə belə ciddi maraqlanmağımın səbəblərini izah edim. İlk dəfə bu mövzu diqqətimi təxminən 35 il əvvəl, doktorluq dissertasiyası üzərindəki işimlə əlaqədar Kazan və Leninqrad (Peterburq) arxivlərində işlədiyim dövrdə cəlb etmişdi. O dövrdə cidd-cəhdlə təqdir edilən slavyanofillikdən fərqli olaraq, türk birliyi ideyası – pantürkizm hələ də mürtəce və millətçi ideya cərəyanı kimi qələmə verilirdi. Pantürkizm 1937-ci ilin “böyük terrorunda” bir çox görkəmli ədəbi şəxsiyyətlərimizə verilən əsas ittihamlardan biri olmuşdu.
XX əsrin əvvəllərində kommunikasiya vasitələrinin bütün məhdudluğuna baxmayaraq, böyük Rusiya imperiyasının müxtəlif guşələrinə səpələnmiş türklər arasında kifayət qədər intensiv əlaqələr vardı. Kiçik “Əkinçi”ni hətta Penza quberniyasındakı tatarlar oxuyurdu. Eyni dərəcədə kiçik “Tərcüman” da qısa müddətdə ümumtürk qəzetinə çevrilmişdi. Qafqaz Senzura Komitəsindəki erməni senzorların “Həyat” qəzetinə basqılarına gənc tatar şairi Abdulla Tukay “Həyatına “Həyat”ın, Qibtə etdi ermənilər” misraları ilə başlayan şeiri ilə cavab vermişdi. Yaxud “Molla Nəsrəddin” jurnalı unudulmuş kiçik türk toplumu – Polşa tatarları ilə maraqlanırdı. Azərbaycan teatrı Volqaboyu və Orta Asiya türkləri arasında bu sənətə marağın yaranmasında böyük rol oynamışdı. Rusiya türklərinin 1905-1907-ci illərdəki qurultaylarını, imperiyanın süqutundan sonra, 1917-ci ilin may ayındakı Moskva qurultayını yada salaq. “İttifaqi-Müslimin” partiyasının sədri seçilmiş Ə.Topçubaşovun apardığı böyük işi xatırlayaq. Bu məqsədlə qatar, gəmi, at-arabası ilə Kazandan Tümenə qədər böyük bir məsafə qət etmiş, yüzlərlə insanla görüşərək onların fikir və düşüncələrini hərəkətə gətirməyə çalışmışdı.
1926-cı ildə Bakıda öz işini uğurla başa çatdıran I Türkoloji qurultay sovet rejiminin gözünü necə qorxutdusa, təkcə bu nəcib məqsədli forumun iştirakçılarına divan tutmaqla kifayətlənmədilər. Həm də türk xalqlarının hər hansı şəkildə bir araya gəlməsinə həmişəlik qadağa qoydular. Sovet dövründə bu münasibətlər formal-ehtiyatlı xarakter daşıyırdı. Elmi araşdırmalar bir yana qalsın, adi ünsiyyət zamanı da adamlar sanki daxillərindəki senzorun diqtəsi ilə hərəkət edirdilər. Öz hiss və düşüncələrini dilə gətirməyə çətinlik çəkirdilər.
Bu qadağa ətalət gücünün təsiri altında öz qüvvəsini sanki hələ də davam etdirməkdədir. Yadımdadır, 1990-cı ilin Qara Yanvarından sonra o zaman çox möhkəm dostluq etdiyim mərhum Aydın Məmmədovla birlikdə xalqımızın məruz qaldığı dəhşətli haqsızlıq, habelə günü-gündən daha da genişlənməkdə olan erməni ekspansiyası haqqında məlumat yaymaq, bir növ, özümüzə dostlar və tərəfdarlar qazanmaq məqsədilə, bizim EA rəhbərliyinin razılığı ilə Orta Asiya turnesinə çıxmışdıq. Qardaşlarımızın yanına getdiyimizi düşünürdük. Amma çox yerdə laqeyd münasibətlə qarşılaşdıq. Çingiz Aytmatovla iki saatlıq söhbət ərzində ondan xalqımızın mövqeyini dəstəkləyən bir söz də eşidə bilmədik. Türkmənistan EA-da ölkə partiya təşkilatının rəsmi razılığı olmasa bizi qəbul edə bilməyəcəklərini dedilər... Qırğız akademiklərdən biri “qədim və unikal mədəniyyətə malik erməni xalqı ilə qarşıdurmaya getməməyimizi” məsləhət gördü...
Bilirsiniz, “Türkün türkdən başqa dostu yoxdur!” şüarının illüziyasına qapılmaqla iş bitmir. Əvvəla, hamı ilə yaxşı münasibətlər qırmağa çalışmaq lazımdır. Digər tərəfdən də, təkcə gözəl şüarlarla, çağırış və kliplərlə iş bitmir. Bu istiqamətdə daim çalışmaq, mövcud olanları öyrənib təbliğ etmək, habelə yeni və daha intensiv əlaqələr qurmaq lazımdır. Bu baxımdan xalqlarımıza keçmişdən böyük miras və yaşadılmasına ehtiyac duyulan nəcib ənənələr qalıb. XX əsrin sözdə deyil, işdə “türk əsrinə çevrilməsi üçün biri-birimizi daha yaxından tanımalı, ortaq dəyərlərimizi üzə çıxarmalı və qorumalıyıq. Yazılarımda imkan daxilində türk mövzusuna üstünlük verilməsinin səbəblərini, yəqin, belə izah edə bilərəm.
- Əslində, bu sual ona görə yarandı ki, “Füyuzat”ın fəal müəllifləri sırasında baş redaktor Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan və Osmanlı ədəbiyyatını təmsil edən Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Abdulla Sur, Tofiq Fikrət, Səid Səlmasi, Abdullah Cövdət, Rəcaizadə Mahmud Əkrəm, Xalid Ziya Uşaqlıgil... adlarını sadalayırsınız... Amma Əhməd Kamal və Asan Səbri Ayvazovun jurnalla əlaqələri və yaradıcılıq yolları üzərində daha geniş dayanırsınız. Nə üçün məhz bu iki şəxsiyyəti tədqiqat obyekti seçdiniz? Burada, sadəcə, qarşılaşdığımız mənbələri, sənədləri, faktları dəyərləndirmə istəyi əsas rol oynayıb? Özünüz də qeyd edirsiniz ki, “Simpatiya və antipatiyaları bir kənara buraxıb obyektiv mülahizə yürütsək, onların “Füyuzat”ın simasını dəyişməsindən və Azərbaycan ədəbi fikrinə hansısa ciddi təsirindən danışmaq inandırıcı görünməzdi”. Hərçənd ki, daha sonra onların vətənlərində kifayət qədər məşhur olduqlarını bildirsəniz də...
- Sualınızın sonundan başlayaq. Əvvəla, öz vətənində məşhur olmaq hələ başqa bir milli ədəbiyyata təsir göstərmək, onun simasını və istiqamətini dəyişmək üçün bir əsas vermir. Hansı səbəbdən məhz bu müəlliflərin yaradıcılığına müraciət etməyimə gəldikdə isə, Asan Səbri Ayvazovla Əhməd Kamal “Füyuzat”ın ən fəal müəllifləri idilər. İkinci rəsmi əməkdaş sayılırdı və məcmuənin nəşrində redaktor müavini, yaxud redaksiya müdiri kimi bir funksiya daşıyırdı. Digər tərəfdən, onların “Füyuzat” cameəsində tutduqları mövqe də maraqlıdır. Asan Səbri bir çox məqalələrində Azərbaycanı Rusiya türklərinin qabaqcıl qüvvəsi, lokomotivi kimi gördüyünü gizlətmir, hətta Krım tatarlarının xilası ilə bağlı ümidlərini də Bakıya bağladığını açıq etiraf edirdi. Onun yazıları daha səmimi və iddiasız idi. Qüvvə və imkanları daxilində türk dilinin, mədəniyyətinin inkişafına, maarifin və ictimai tərəqqinin yayılmasına xidmət göstərməyə çalışırdı. Siyasi xadim kimi Krımın qısa müstəqillik dövründəki fəaliyyəti, Azərbaycan Cümhuriyyətinin Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Yusif Vəzir Çəmənzəminli kimi tanınmış nümayəndələri ilə münasibətləri də az maraqlı deyildi. Yəni başdan-başa bir Azərbaycan sevdalısı idi və bu baxımdan öyrənilməsinə ehtiyac vardı.
Əhməd Kamal isə bir qədər fərqli mövqe tuturdu. Özü böyük ədəbi istedad sahibi olmasa da, yerli müəlliflərə çox yuxarıdan baxırdı. Özünü İstanbuldan göndərilmiş bir ədəbiyyat müfəttişi kimi aparırdı. XX əsr Azərbaycan şeirinin ən ustad sənətkarı Sabirlə birlikdə Balaxanı məktəbində çalışmasına baxmayaraq, böyük satirikin adını bir məqaləsində də çəkməmişdi. Çünki Sabir ədəbi kredosu ilə özünü türk dekadansının yaradıcılarından sayan Əhməd Kamalın zövqünə cavab vermirdi. Öz əsərlərinin dili kifayət qədər çətin və anlaşılmaz olsa da, azərbaycanlı müəllifləri ərəb-fars ədəbiyyatının təsir dairəsinə düşməkdə ittiham edirdi. Ədəbi mübahisələrində kifayət qədər tolerantlıq və etika nümayiş etdirməyi bacarmırdı. Amma ədalət naminə, yanlışlıqları ilə bir sırada ədəbi həyata bir canlılıq əhval-ruhiyyəsi, polemika havası gətirdiyi də etiraf olunmalıdır. O, Abdulla Sur, yaxud Məhəmməd Hadi kimi soydaşlarımızla birlikdə XX yüzilliyin başlanğıcda Osmanlı və Azərbaycan ədəbi-mədəni mühitlərinin yaxınlaşmasına, bir-biri ilə yaradıcılıq əlaqələri qurmasında fəal rol oynamışdı. Türkçülük düşüncəsinin yayılmasına müəyyən qədər təkan vermişdi.
Bütün bu amilləri nəzərə alaraq, adlarını çəkdiyiniz müəlliflərin şəxsiyyət və yaradıcılıqlarının bir tərəfdən “Füyuzat” ədəbi məktəbi, digər tərəfdən isə, türkçülük hərəkatı kontekstində daha əhatəli öyrənilməsinə ehtiyac duydum. Gördüyünüz kimi, nəticədə ortaya bir kitablıq material çıxdı. Təbii ki, bu adların indiyə qədər milli ədəbiyyatşünaslıq və ədəbiyyat tarixçiliyimizdə diqqətdən kənarda qalması da mövzu seçimində az rol oynamadı.
- Sizin maraq dairənizdə olan XX əsrin əvvəlləri ilə yaşadığımız XXI əsrin əvvəlləri arasında qəribə bir ruh, ovqat, proses, situasiya eyniyyəti duyulur. Bilmirəm, sizdə belə bir təəssürat yaranıbmı yazılanları oxuduqda, prosesləri izlədikdə...
- Çox tez-tez belə düşünürəm. Bənzərliklər, analogiyalar, az qala, hər addımda üzə çıxır. Onlara siyasi, ictimai, mədəni və mənəvi həyatımızda, qonşu xalqlara münasibət məsələsində az qala hər addımbaşı təsadüf etmək mümkündür. Sanki Sabirin şeirləri, Mirzə Cəlilin felyetonları, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəyin publisist yazıları bu günümüz üçün qələmə alınıb. Aradan keçən onilliklər onları, toxunduqları mətləbləri qətiyyən köhnəltməyib, əsla gündəmdən çıxarmayıb. Sabir 110 il əvvəl deyirdi:
Qarışıqdır hələlik millətin istedadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi.
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Aradan bir əsrdən çox vaxt keçib. Zaman bizi çox çalxalayıb, silkələyib, yerdən yerə vurub. Amma təəssüf ki, istedadımız hələ də durulmayıb. Yağımızla şorumuz, tozumuzla safımız yenə də biri-birindən ayrılmayıb, hərəsi öz yerini tutmayıb. Bu günlərdə cəmiyyətimizdə rus təhsili ilə ana dilli təhsil tərəfdarları arasında qızğın mübahisə gedir. Bu, XX əsrin əvvəlindəki “rus başlılarla” “müsəlmanların” qarşılaşması deyilmi? Yaxud, indinin özündə də keçən əsrin əvvəllərində olduğu kimi,
Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq bana,
Eyibdir, öz eybimizi anlarıq...
düşüncəsi ilə yaşayan, müstəqilliyin 27-ci ilində milli həyatı bütün mümkün vasitələrlə canlandırmaq, yüksəltmək əvəzinə xilas yolunu yad dillərə, mədəniyyətlərə bağlayanlar azdırmı? “Molla Nəsrəddin” jurnalının səhifələrində çap olunmuş bir sıra felyeton və karikaturalar aradan yüz il keçəndən sonra da aktuallığı qorumurmu? Doğrusu, insanlarımızın bir əsr ərzində bu sehrli dairənin hüdudlarını aşa bilməməsi bəzən hətta bədbinlik və ümidsizlik yaradır...
- Kitablarınızdan birində Əhməd Kamalın bir fikrinə rast gəldim: “Mətbuat bir millətin lisanı, nəzəri, beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz!" Cəmiyyətimizin güzgüsü olan müstəqil mətbuatımız haqda düşüncələrinizi bilmək istərdim... Ədəbi mətbuatımız haqda fikirlərinizi də əlavə etməklə... Kənardan baxış hər zaman maraqlıdır...
- Ümumən götürsək, düşüncələrim bir o qədər də ürəkaçan deyil. Kənardan baxanda, üstəlik də müəyyən müqayisə və analogiya imkanlarına malik olanda bu kədər hissi daha da artır və XXI əsrin ilk qərinəsində bizdən düz yüz il əvvəl yaşamış ədəbiyyat və sənət korifeylərimizin məşhur ritorik sualını təkrarlamaqdan vaz keçə bilmirsən – Nədən bu halə qaldıq?
Ədəbi mətbuatımıza xüsusi iradım yoxdur. Aydın məsələdir ki, bütün istək və səylərinə rəğmən onlar ədəbiyyat yarada bilməz. Sadəcə, mövcud olanların güzgüsü rolunda çıxış edirlər. Çağdaş ədəbiyyatın səviyyəsi nədirsə, ədəbi jurnal və qəzetlərin səviyyəsi də elə olacaq. Əməkdaşların üzərinə sadəcə daha vicdanlı və obyektiv seçim etmək vəzifəsi düşür. Bu mənada ədəbi jurnal və qəzet redaksiyalarında çalışanlara hər hansı irad tutmaq haqsızlıq olardı. “Azərbaycan” jurnalı, yaxud “525-ci qəzet”lə daha sıx əlaqə saxladığımdan, İntiqam Qasımzadənin, Südabə Ağabalayevanın, yaxud Rəşad Məcidin uğurlu bir yazıya müəllifdən az sevinmədiklərini dəfələrlə müşahidə etmişəm.
Bir çox qəzetlər, xüsusən də elektron mətbuat bərbad vəziyyətdədir. Eyni sözləri daha geniş auditoriyaya malik televiziyalar haqda da demək mümkündür. Sanki millətimizin əxlaqını və mənəviyyatını pozmaq, zövqünü korlamaq, onu ən yaramaz örnəklərlə üzbəüz qoyub “Sən busan!” demək uğrunda bir mübarizə gedir. Nə qədər acınacaqlı olsa da, bu mübarizəni aparanlar artıq müəyyən uğurlar qazanıblar, insanların, xüsusən də gənclərin beyinlərini yumağa nail olublar. Odur ki, məsələn, “Dağlıq Qarabağ danışıqlarında mühüm irəliləyiş” başlığı altında verilmiş bir materiala on-on beş nəfər baxdığı halda “Filan sənətçi uşağının atasının adını açıqlayacaq” tipli heç bir mənəvi və ictimai-əxlaqi dəyəri olmayan yazını minlərlə adamın oxuması və fəal münasibət bildirməsi adi hal alıb. Vətənpərvərlik tərbiyəsi, milli hiss və duyğuların aşılanması, dövlətçilik mövqeyi kimi mühüm məsələlər tədricən arxa plana keçir. Bu isə bütövlükdə cəmiyyət, habelə bizim kimi müharibə təhlükəsi və güclü ideya pressinqi altında olan bir ölkəyə yaxşı heç nə vəd etmir. Müstəqil mətbuat hansısa boşluqda fəaliyyət göstərmir. Yəni mövcud olduğu, yayıldığı cəmiyyətin dəyərləri ilə hesablaşmalıdır. Bu barədə isə, ilk növbədə, özünü müstəqil sayanların özləri düşünməlidir.
- Vilayət müəllim, siz diplomatsınız, aydındır, amma hər yerdə və hər sahədə fəaliyyətinizdə bir “ədəbiyyat istiqaməti” mövcuddur. Ədəbiyyat naminə gördüyünüz işlər, apardığınız tədqiqat və araşdırmalar az deyil. Necə düşünürsünüz - diplomatlıq bu istiqamətdə maneədir, yoxsa yardımçı?
- Düşünürəm ki, diplomatiya və ədəbiyyat biri-birinə çox yaxın sahələrdir. Əgər belə demək mümkündürsə, hər ikisi söz sənətidir, sözlə inandırmaq, təsir göstərmək, dosta və müttəfiqinə çevirmək peşəsidir. Siyasətlə mədəniyyətin sıx qovuşduğu məqamdır. Dünya tarixindən buna çoxsaylı misal gətirmək olar. Təbii ki, müqayisə aparmaq niyyətində deyiləm, amma ədəbiyyat sahəsində Nobel mükafatı laureatlarından bir neçəsi həm də tanınmış diplomat olub. Yalnız milli ədəbiyyatlarını deyil, dövlətlərini də uğurla təmsil ediblər. Yaxud bizim qısa ömürlü Azərbaycan Cümhuriyyətini götürək. Diplomatik işə kimlər cəlb edilib – Yusif Vəzir, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Divanbəyoğlu... Hətta böyük Hüseyn Cavid də Naxçıvanda qurulan Araz Respublikasının təmsilçisi kimi Bakıya gəlib... Və diplomatik fəaliyyət onları yaradıcılıqdan ayırmayıb.
Şübhəsiz, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənmək, təbliğ etmək baxımından da diplomatiyanın imkanları genişdir. Məsələn, deyək ki, Moskva, yaxud London arxivlərində işləmək istəyən azərbaycanlı alim həmin şəhərlərə 1-2 həftəlik, maksimum 1 aylıq ezamiyyətə gedə bilər. Belə ezamiyyələrin nə qədər problematik olduğunu Akademiyadakı iş təcrübəmdən bilirəm. Siz də, təbii ki, xəbərsiz deyilsiniz. Müxtəlif xarakterli çətinliklər (otel, nəqliyyat, qidalanma, vaxt defisiti) can atdığın arxiv və ya kitabxananın olduğu şəhərə çatandan sonra da davam edir. Nəticədə, deyək ki, 2 həftəlik ezamiyyətə yollanan əməkdaş həmin vaxtın 3-4 gününü texniki və məişət çətinliklərinin həllinə sərf etməli olur.
Diplomat isə, hər hansı bir xarici ölkədə illərlə yaşayır. Otel, yaxud nəqliyyat problemi ilə üzləşmir, bir sıra hallarda yerli xalqın dilini bilir, arxiv və kitabxanalarda çalışmasına hər hansı maneə yaradılmır. Yəni həvəsi və marağı olan diplomat hətta tədqiqat aparmasa da, ölkəsi ilə bağlı sənədlərin, materialların surətini çıxarıb vətənə göndərə bilər. Yadımdadır ki, Bakıda, XİN-də işlədiyim dövrdə səfirliklərimizə fəaliyyət göstərdikləri ölkələrin arxivlərində Azərbaycanla bağlı mühüm materialların foto və ksero surətlərini əldə edib Bakıya göndərməklə bağlı tapşırıq vermişdik. O zaman yalnız Vyanadakı səfirimiz Vaqif Sadıxov 1919-1920-ci illərdə Bakıda mövcud olmuş Avstriya konsulluğunun fəaliyyəti ilə bağlı materialları arxivlərdən toplatdırıb göndərmişdi.
Polşada çalışdığım dövrdə mənim iri həcmli “Azərbaycan siyasi mühacirəti Polşada. XX əsrin 30-cu illəri” kitabım məhz yerli arxiv materiallarının öyrənilməsi nəticəsində yaranmışdı. Yanımda çalışan gənc diplomatları da həmişə axtarışlara sövq etməyə çalışıram. Amma təəssüf ki, belə fədakar gənclər azdır. Şübhəsiz, məhz diplomatik sahədə işləməyim Azərbaycan ədəbiyyatının və tarixinin nisbətən diqqətdən kənarda qalan səhifələrini, mövzu və şəxsiyyətlərini araşdırmağıma böyük stimul verib. Bu mənada vəzifə borcum nəinki mənə mane olur, əksinə, qarşımda yeni imkanlar açır. Təbii ki, heç vaxt əsas işimi də yaddan çıxarmıram. Ölkəmizin maraq və mənafelərinin müdafiəsi, dövlətimizin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası ilk sırada dayanır.
- Və son olaraq: siz ədəbi prosesin hər üzünü görmüş, təcrübəsindən adlamış təcrübəli alim, ictimai xadim və ziyalısınız. İstedadsızların (əksərən) at oynatdığı, istedadlıların isə (yenə də çox zaman olduğu kimi) kənara çəkilərək sakitcə yazdığı, susduğu və incidiyi bu mühit, şəxsən mənə elə gəlir ki, mahiyyətcə dəyişməyib. Zaman dəyişsə də, proses təkərək kimi fırlanaraq eyni trayektoriyanı cızır. Yazıçının, imzanın, əsərin təbliğatını da, ölkədən kənara çıxarılmasını da, tanıtımını da, layiq olduğu münasibəti “almasını” da tamamilə fərqli “parametrlər” müəyyənləşdirir. Sizcə, “Zaman özü dəyər verəcək” ümidi ilə yaşamağa dəyərmi?
- Yox. Yaxşıya yaxşı, pisə pis demək, şair demişkən, insanlara sağlığında qiymət vermək lazımdır. Hər şeyi zamanın öhdəsinə buraxmaq zəif təsəllidir. Sizi başa düşürəm. Mən də bəzən bədbinlik hissinə qapılıram. Ədəbiyyata qətiyyən dəxli olmayan birisinin bər-bəzəkli çoxcildliklərinin çap olunduğunu, qrafomanların yuxarı başa keçirildiyini, yaxud kiminsə öz “ədəbi kölələrinə” kitab yazdırıb böyük alim, yazıçı kimi tanındığını eşidəndə... hətta sərt, dəqiq reqlamentli sovet dövrü üçün, az da olsa, nostalgiya hissi yaşayıram.
Tarixdən bəllidir ki, xalqımız arasında kütləvi savadsızlığın hökm sürdüyü dövrlərdə də kitaba, yazıya böyük dəyər verilib. İnsanlar kitab deyəndə ilk növbədə Qurani-kərimi nəzərdə tutublar, onun qutsallığına, müqəddəsliyinə inanıblar. And içəndə “Kitab haqqı!” deyiblər. İndi isə, kitab bu ucalıqdan endirilib. Pulla dissertasiya, kitab yazdırmaq adi hala çevrilib. İstər elmi və alimi, istərsə də, bütünlükdə kitabı, yaradıcılığı dəyərdən salan amillərdən biri də budur.
Bir halda ki, tək bədii ədəbiyyatdan deyil, həm də ədəbiyyat haqda elmdən danışırıq, başqa bir bəlanı da xatırlatmalıyam: söhbət bütün sərhədləri aşan plagiatdan gedir. Sən, deyək ki, vaxtını, gözünün nurunu, cibinin pulunu sərf edib Bakıda, yaxud ölkəmizin hüdudlarından kənarda çoxsaylı çətinlikləri dəf edərək, saralmış vərəqlərin tozunu uda-uda arxivlərdə çalışırsan, yeni fakt və sənədlər üzə çıxarırsan, başqa birisi isə, rahat mənzilində oturub əsla vicdan əzabı çəkmədən onları “özününküləşdirir” və bu zaman adi bir istinada da lüzum görmür. Ayrı-ayrı faktları demirəm, hətta bütöv məqalələrimin beləcə mənimsənildiyini görmüşəm və təəssüflənməkdən başqa əlimdən bir iş gəlməyib.
Və burada söhbətimizi, deyəsən, yenidən başladığımız məqama qaytarmaq zərurəti yaranır – bütün bunlara “dur!” demək üçün cəsarətli tənqidə, sağlam və obyektiv ədəbi mühitə ehtiyac var. Həqiqət zamanında deyiləndə faydalı və təsirli olur. Oturub həqiqət anının gələcəyini gözləmək isə, sadəcə, vaxtın və tapındığımız, tapınmalı olduğumuz dəyərlərin itirilməsindən başqa bir şey deyildir.