news-inner
clock13:05 calendar-gray 17 May 2019 view-gray483 dəfə oxunub
view-gray483 dəfə oxunub

Həyatı smartfondan ibarət Rəcəb – Hekayə

Kulis.az Simran Qədimin “Yeni dünya” hekayəsini təqdim edir.

Rəcəb avtobusda

Avtobus dayanacağa çatıb, sanki köks ötürürmüş kimi fısıltıyla dayandı. Qapılar açıldı, içəri tamam boşalmadan sərnişinlər ön qapıdan salona doluşdu. Rəcəb – həmişəki kimi, əlində sevimli smartfonu - avtobusa ən sonda minənlərdən olsa belə, arxa oturacaqlardan birində özünə yer tapa bildi. Dayanacaqda necə çiyinlərini qısıb, belini büküb həris-həris telefonuna baxırdısa, indi də eləcə, bir an da gözlərini ayırmadan displeyə marıtlamış, dünya-aləmdən təcrid olunmuşdu. Hərdən ciddi-ciddi nəsə yazır, üzündə gah məmnunluq, gah da təəccüb və məyusluq ifadəsi dolaşırdı. Elə bil yer üzündən milyonlarla kilometr uzaqda, tamam başqa bir planetin qoynunda idi. Bu dəqiqələrdə onun diqqətini heç kim, heç nə yayındıra bilməzdi, yəqin. Nə ön oturacaqda anasının qucağında ağlayan uşaq, nə rəfiqəsiylə odlu-alovlu söhbətdə kimisə çəkib-çəkişdirən xanım, nə də dəqiqəbaşı siqnal verib, avtobusu necə gəldi, dəli at kimi çapan sürücü vecinəydi Rəcəbin. Onun maraq dairəsində tək bircə şey vardı: əlbəttə ki, əlindəki “super gücə” malik smartfon!

Keçən ay təzə modelini aldığı smartfon həyatının mənasına çevrilmişdi. Rəcəb bu misilsiz “oyuncağı” hər kəsdən, hər şeydən çox istəyirdi, onu heç nəyə dəyişməzdi. Sosial şəbəkələr, günaşırı çıxan cürbəcür proqram-əlavələr, saysız-hesabsız oyunlar! Facebook, Twitter, İnstagram, WhatsApp, Periscope, Snapchat və daha nələr, nələr... Bu aşıb-daşan texniki yeniliklərin, belə bir virtual, rəqəmsal bolluğun içində başqa nəyə ehtiyacı olacaqdı, nədən ötrü darıxacaqdı, axı?! Onun nəzərində həyat olduqca maraqlı, rəngarəng idi. Rəcəbin imkanı olsaydı, heç gecələr də yuxu yatmaz, bayquşlar, yarasalar kimi sübhəcən oyaq qalıb, bütün vaxtını virtual aləmdəcə keçirərdi. Nə yemək, nə içmək, nə evdən çölə çıxmaq, nə də dərsə getmək... Heç nə! Ən vacibi bu smartfonun təklif etdiyi hüdudsuz imkanlar idi. Həyata başqa gözlə baxıb, əlavə nəsə qarışdırmağın nə önəmi vardı ki?

Rəcəbin başının üstünü qoca bir kişi kəsdirib, tərs-tərs ona baxırdı, arada bir-iki dəfə ucadan “öhö-öhö” eləyib, guya dərindən öskürdü. Sonuncu belə “öskürək”dən sonra Rəcəb onun dərdini anladı, gözlərini smartfonundan çəkmədən, ayağa durub yerini qocaya verdi. Qocanın təşəkkürü müqabilində əsla qımıldanmadı: taleyüklü bir iş görürmüş, bəşəriyyətin taleyi onun barmaqlarına bağlıymış kimi smartfonuyla sıx təmasa dalmışdı. Salondakı səs-küy, radiodan yayılan düşük mahnı, sərnişinlərin sürücüyə “düz-əməlli sür, adam daşıyırsan burda!” məzmunlu çəmkirmələri - bütün bunlar ondan ötrü guya başqa qalaktikaya aid, duyulmaz siqnallar idi.

Ayaq üstə duran sərnişinlər avtobusla birgə o tərəf-bu tərəfə yellənə-yellənə bir-birilərini itələdilər, itələyə-itələyə Rəcəbi də sıxışdırdılar. Rəcəb isə buna məhəl qoymurdu. Üç-dörd nəfərin arasında əzilir, get-gedə çiyinlərini daha çox qısır, büzüşürdü. Bu sürtüşmənin ortasında da smartfonundan nə gözlərini, nə barmaqlarını çəkirdi. “İnsan məngənəsi”ndə sıxılıb-əzilməsi vecinə deyildi.

Rəcəb dərsdə

-Biogeosenozun strukturunu bəlli canlılar təşkil edir: produsentlər, konsumentlər, redusentlər. Produsentlər üzvi maddələr istehsalçılarıdır, qeyri-üzvi maddələrdən üzvisini sintez edir. Bunlara avtotrof orqanizmlər, əsas da yaşıl bitkilər aiddir. Konsumentlər hazır üzvi maddəylə qidalanan heterotrof orqanizmlərdir. Bu orqanizmlər...

Müəllim nəfəs dərmədən mühazirə deyir, Rəcəb isə sevimli smartfonunu masanın altında gizlədib, kiminləsə mesajlaşırdı. Dərsə qulaq asmaq heç ağlının ucundan belə keçmirdi. Niyə də qulaq asaydı ki?! Axı danışılanlar çox maraqsız, hətta mənasız idi ondan ötrü. Bütün bu deyilənlər onun nəyinə gərəkdi, ümumiyyətlə, kimə lazımdı axı?! Adamın dili də tutmayan bu biogeosenozdur-nədir, onun strukturundan adama nə fayda?! Produsentlərin, konsumentlərin, ya da lap elə redusentlərin iş fəaliyyəti nə verəcəkdi Rəcəbə?! “Produsent, konsument, redusent!.. Nə qədər olar, axı?! Az qalır adamın başı partlaya, ağlı yerindən oynaya...” Rəcəb həm də bu düşüncəylə müəllimə qulaq asmırdı. Onun aləmində, bu anlaşılmaz söz yığınını ancaq başdanxarablar dinləyərdi...

- Produsentlə konsumentlər məhv olur, sonra onların qalıqlarını mikroorqanizmlər parçalayır. Bunlar redusent orqanizmlər adlanır. Redusentlərin minerallaşdırdığı üzvi maddələr isə təzədən produsentlər tərəfindən mənimsəniləcək şəklə salınır, ardınca təkrar istifadə edilir...

Bir çəngə tükü uzadıb başının keçəl yerini birtəhər örtmüş yaşlı müəllim qəfil susdu, sinfə sükut çökdü. Bir, iki, üç... beş... yeddi... Onuncu saniyədə müəllim dilə gəldi, qalın, xırıltılı səsiylə Rəcəbi çağırdı:

- A bala, ey! Səninləyəm, a bala! Neynirsən sən orda?! Yığışdır o telefonu! Bu nə saymazlıqdır, dərsdəsən, xəbərin var?!

Rəcəb başını qaldırdı, üzündə pərtlikdən, təlaşdan əsər-əlamət sezilmirdi, əksinə, irişərək telefonu bir kənara qoydu – hələlik... Saxta ciddiyyətlə dərsə qulaq asmağa başladı. Daha doğrusu, qulaq asmırdı, özünü o cür göstərirdi sadəcə. Fikri-zikri, elə baxışları da smartfonunda, bayaqdan qapıldığı mesaj trafikində idi.

Az sonra tənəffüsə çıxdılar. Yoldaşlarının çoxu kollecin dəhlizində yığışıb söhbətə başladılar. Rəcəb isə onlara qoşulmadı, o, həmişəki məşğuliyyətindən ayrılmamışdı, öz aləmində idi; yazışmalar, bir proqramdan o birinə keçidlər...

- Yenə nə fırıldağın var, kiminlə çatlaşırsan, Rəcəb? Gəl bura, yaxşı söhbətlər var, təzə...

Rəcəb əvvəlcə yoldaşının sualını, təklifini eşitməzliyə vurdu. Sual da, təklif də oxşar məzmunda və təxminən eyni tərzdə təkrarlandı, axırda məcbur qalıb cavab verməli oldu Rəcəb. Gözünü displeydən ayırmadan ağızucu dilləndi:

- Təzə tanış olmuşam, əsl möcüzədi, fantastikadı!... Kəllədi e, kəllə!...

- Kimdir ki? Nə məsələdir, de, biz də bilək də...

- Porsche - 440.

Yoldaşları birağızdan şaqqanaq çəkdilər:

-Ha-ha-ha… Məzən olsun, Rəcəb! Yox bir, Bentley -630...

Rəcəb evdə və dükanda

Yuxudan ayılan kimi smartfonunu qapıb, status yazmağa girişdi. Bu gecə heç üç saat yatmamışdı, özünü əzgin hiss edirdi, əslində, əhvalının düz-əməlli fərqinə varmağa macalı olmamışdı, amma yenə də bu sözləri yazmaqdan özünü saxlaya bilmədi:

“Heç üç saat yatmamışam bu gecə. Başım partlayır... lənətə gələsiniz sizi!!!”

Bu gün üçün işi çox idi: təzə başladığı oyunun axırına çıxmaq, “bomba” status tapıb yazmaq, maraqlı bir şəkil çəkib İnstagramda paylaşmaq. Bunların hamısını gün ərzində ən yüksək səviyyədə həll etməliydi. Axı necə ola bilərdi ki, oyunda qoyulan maneələrdə ilişsin, get-getə çətinləşən səviyyələri keçə bilməsin? Ya da statuslarına bolluca layk yığmasın? Yaxud fotolarına onlarla komment yazılmasın? Bu tərs variantlara Rəcəbin təsəvvüründə qətiyyən yer yox idi...

Qapı aralandı, nənəsi başını içəri uzadıb deyinməyə başladı: “A bala, sən nə qədər yatacaqsan?! A bala, nə qədər olar axı?! Bir dur gəl, əl-üzünü yu, qarnına bir tikə yemək ye”, “Ay Rəcəb, o, əlindəki zəhrimar sənin başını xarab eləyəcək, a bala, sən niyə məni eşitmirsən axı...”

Rəcəb zorla eşidiləcək səslə: “yaxşı”,- dedi, amma hələ bir neçə dəqiqə də gözlərini, barmaqlarını smartfonundan çəkmədi. Nənə dəfələrlə qapını açıb-örtdü, örtüb-açdı, hər dəfə də eyni tərzdə deyindi, axır ki, nəvəsini yerindən qalxmağa vadar elədi. Rəcəb - bir əlində smartfonu - əynini birtəhər geyinib, mətbəxə keçdi. Nənəsinin sobadan təzəcə çıxartdığı kişmişli bulkayla pürrəngi çayın fotosunu çəkib İnstagrama qoydu. Sonra da heç bulkanın dadına baxmadan, çay içib, babasının yanına getdi.

Babası televizorun qabağında oturmuşdu. Nəsə tarixə aid bir veriliş gedirdi: Hitleri göstərirdilər. Az sonra reklama keçdilər, baba da Rəcəbə müharibədən danışmağa başladı:

- Müharibə qırğındı, aclıqdı, müsibətdi, bala! Dildə deməklə deyil, dərk eləmək lazımdı. Tarix oxu, bala, tarix! Gör bu qaniçən zırrama öz ölkəsini də, dünyanı da nə yaman günlərə qoyubmuş... Heç nədən xəbəriniz yoxdu, elə bilirsiz, həyat elə o telefonla oynamaqdı, vəssalam. Gör insanlar necə çətinliklərdən keçib, hansı məşəqqətlərə qatlaşıblar. Yoxsa səhər-axşam orda bardaş qur, burda boş-boş gəz, ağlına gələni yaz, şəkil çək... Belə həyatmı olar?!..

Babası acıqlı-acıqlı danışır, Rəcəb isə onun dediklərini qulaqardına vurub, smartfonunda status selini, mesaj axınını izləyirdi.

Bir azdan Rəcəbi səsləyən nənəsi onu, yüz minnətlə, binanın başındakı dükandan çörək almağa göndərdi. Rəcəb smartfonunu əldən və gözdən qoymadan həyətə düşdü, dükana girib, başını qaldırmadan, çörəyin pulunu ödədi, dükandan çıxmaq istəyirdi ki, kassadakı qız dalınca çığırdı:

- Ay oğlan, çörək qaldı, axı! Pulu verdin, çörəyi götürmək yadından çıxdı, deyəsən.

Rəcəb halını pozmadan geri dönüb, heç baxmadan, çörəyi qızdan aldı. Evə qayıdanbaş az qaldı təpəsini işıq dirəyinə çırpa.

- Eeey, dayan!!!

Arxadan bir oğlan bağırdı və Rəcəb bu səsdən diksinib yerindəcə durdu. Axır ki, bayaqdan ilk dəfə başını qaldırıb baxdı: düz dirəyin önündə dayanmışdı. Çiyinlərini çəkdi, sonra da heç nə olmamış kimi, dirəkdən yan keçib, yoluna davam etdi. Yenə də fikri və gözləri smartfonundaydı...

Rəcəb metroda və yolda

Vaqondakıların hərəsi bir işlə məşğul idi; söhbət edən kim, fikrə dalan kim, kitab oxuyan kim… Hətta eynilə Rəcəb kimi telefonunda nəyəsə baxan da vardı. Amma heç kəs Rəcəb qədər öz aləminə qapılmamışdı, onun simasına tamam ayrı bir ifadə yayılmışdı. Rəcəb əlindəki smartfonda oyun oynayırdı. Barmağını sensorlu ekranda elə şövqlə oynadırdı ki, deyərdin, pianonun dilləri üzərində gəzdirib ritmik bir musiqi ifa edir. Transa düşmüş, vəcdə dalıb hər şeyi unutmuşdu...

...Birdən metronun işıqları söndü, vaqon dayandı. İçəridə təlaş qopdu, adamlar vahiməyə düşdülər. Kimisi ağlamağa, kimisi dua etməyə başladı, kimisi də vaqonun qapılarını, divarlarını yumruq-təpiklə döyəclədi. Dəqiqələr sonra hamı sakitləşdi: dəhşət içində dayanıb bir-birinə baxır, nə olacağını gözləyirdilər. Bu sükut da çox çəkmədi:

-Eeeeyyy, maşinistlər! Nə oldu belə?!

- Tez çıxarın bizi burdan! Ürəyim sıxılır!...

- Aman Allah, bu nəydi axı?! Elə burdaca qalıb öləcəyik, deyəsən!

- Ağzını xeyirliyə aç sən də!... İndi düzələr, yəqin...

- Yox, çətin vəziyyətdi, kim gələcək ki bura?!

Beləcə, nidalar, səs-küy vaqonu başına götürmüşdü. Sözsüz ki, o biri vaqonlarda da vəziyyət bundan fərqli deyildi, orda da hamı canının hayında idi. Bu hay-harayın içində bircə Rəcəb öz kefindəydi, olanlara məhəl qoymayıb, dinməzcə, maraqla oyununu oynayırdı. Displeydə görünən qaranlıq tuneldə zombilərlə vuruşan oğlan ordan-bura, burdan-ora tullanır, nəfəs dərmədən, xallar yığırdı.

Nəhayət, işıqlar yandı, vaqon fısıldayıb hərəkətə gəldi. Bu dəfə də sevinc çığırtıları, alqış nidaları qopdu, adamlar gurultuyla əl çaldılar. Rəcəbdən başqa: o, daha doğrusu, seçdiyi qəhrəman indi başqa bir “tunel”də macəraya atılmışdı, elə hey xallar toplayırdı.

Amma Rəcəbin bir qulağı vaqonda səslənən elanda imiş, görünür. Qatar onun getdiyi stansiyaya çatan kimi Rəcəb vaqondan düşdü. Platformadan ta bayıra qədər başını qaldırmadan gözlərini və barmaqlarını smartfonundan ayırmadı, elə bil avtomatik rejimə qoşulmuşdu. Dar səkiylə yeyin addımlarla gedirdi. Addımını sağa atdı. Sonra bir addım da sağa... Və birdən…! Yenə işıq dirəyi! Bu dəfə onu kimsə səsləyib saxlamadı...

Toqquşmanın zərbindən beyni yerindən oynadı, gözlərində şimşək çaxdı, elə bil! Başı gicəlləndi, dəhşətli ağrı saçından dırnaqlarına qədər yayıldı. Yerində fırlanmağa başladı: əvvəlcə saat əqrəbi istiqamətində, sonra isə tərsinə... Smartfonu isə əlindəydi, onu buraxmamışdı. Hələ zərbənin yeri, təsiri istiydi deyə, Rəcəb ilk şokdan sonra artıq toparlandığını düşündü. Saniyənin onda biri qədər müddətdə beynindən bu fikir keçdi: “Düzələr indi, oyundan çıxmayım...” Ancaq başı yenə hərləndiyindən, səndələyir, müvazinətini güclə saxlayırdı. Bu an daha bir müdhiş fikir şütüdü zehnində: bu vəziyyətdə - səndələyib fırlanan yerdə, yolun ortasındaca selfi çəkmək! Rəcəbin varlığını inanılmaz bir həyəcan bürüdü. Telefonunu qaldırıb selfiyə hazırlaşırdı ki, qəfil döngədən yola çıxmaqda olan qara “Mercedes” Rəcəbi haqladı. Sürücü əyləci basıb siqnal verdisə də, çox gec idi artıq: Rəcəbə çırpılan maşın onu göyə tulladı! Bayaqdan heç nəyi vecinə almayan oğlan da, sevimli smartfonu da indi yerin cazibə qüvvəsinə ram olub, yolun ortasına düşdü...

Rəcəb xəstəxanada

Palatadakı xüsusi çarpayıda uzanmışdı: baş-gözü, bədəninin neçə yeri sarıqlı, əl-ayağı gipsdə... Əsas bu idi ki, özü yaman günə düşsə də, smartfonu bu hadisədən, üç-dörd önəmsiz cızıq nəzərə alınmasa, salamat qurtulmuşdu. “Gözəl smartfonum mənim! Kişisən e, kişi!” - özünə gəlib smartfonunu istəyən Rəcəb onun açılıb işlədiyini görəndə sevincindən bu sözləri hayqırdı!

Rəcəb güclə qolunu qaldırıb, nəhayət, arzusunda olduğu yeni selfisini çəkə bildi. Vaxt itirmədən də şəbəkəyə keçib şəkli paylaşdı. Bu şəklə çox ümidliydi: heç vaxt yığmadığı qədər layk gəlməliydi buna! Və budur, artıq ilk layklar, kommentlər, smayliklər...

Rəcəb məmnun-məmnun gülümsəyib, çox çətinliklə də olsa, kommentləri cavablandırmağa girişdi.

Onun həris-həris baş vurub büsbütün qapıldığı bu virtual dünyanın fərqli uclarında indi yüzminlərlə, milyonlarla Rəcəbkimilər dolaşırdı.

news-inner-user

12866 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019