Varlıların qorxunc, sıxıcı həyatı

Varlıların qorxunc, sıxıcı həyatı
19 aprel 2019
# 17:21

Samirə Əşrəf

Varlıların həyatı həmişə məndə qorxu hissi yaradıb. Lap uşaqlıqdan evimizin yaxınlığında yerləşən qonaq evində müxtəlif rayonlardan gələn vəzifəli adamlar, indiki dillə desək cavan, orta yaşlı məmurlar gecələyirdilər. Bəzən səhərə qədər onların məclisləri davam edir, səsləri, gülüşləri kəsilmək bilmirdi.

Şəhər yerinə ağlınız getməsin, rayonda, əyalətdə vəzifənin, var-dövlətin ayrı cazibəsi, qorxu-ürküsü olur.

Biz rayonda yaşayan vəzifəli adamların evlərinin harda olmasını onların mülklərini əhatəyə alan hasarların hündürlüyündən bilirdik. Bu hasarların yanından ötəndə səsimizin nazik yerinə salar, bəzənsə səssizcə ordan uzaqlaşardıq.

Dövlətli adamların uşaqları ilə heç vaxt oynamazdıq. Onlar da bizə yaxın gəlməzdi. Onları ancaq bahalı avtomobillərə əyləşəndə, bir də ordan düşəndə görə bilirdik.

Böyüdükcə varlılar haqqında təsəvvürlərim daha da dəyişdi. Getdikcə varlı olmağın, dəbdəbəli yaşayışın göründüyü qədər cazibəli olmadığını anlayır, varlılarla kasıblar arasındakı uçurumun fərqini, bu fərqin səbəblərini hiss edirdim. Zaman keçdikcə zəngin insanlar niyəsə məndə gecəylə, qaranlıqla assosiasiya olunmağa başladı. Artıq izlədiyim seriallardan, filmlərdən, oxuduğum kitablardan bilirdim ki, bu cür adamların gecələri daha aktiv, daha ürküdücü və xeyli qaranlıq olur.

Növbəti müsahibim olan məşhur xanım müğənni ilə də gecə vaxtı, şər qarışanda görüşəcəkdim. Həm də şəhərin mərkəzində yerləşən beşulduzlu otellerin birində. Oteldəki restoranın açılışına dəvət olunan müğənni yalnız həmin gün açılışdan əvvəl bircə saat vaxtı olacağını bildirmişdi. İşimiz bu deyib fotoqrafla həmin məkana yollandıq. Otelin fırfıra kimi fırlanan qapısı ilə biz də fırlanıb içəri, zənginlərin əhatəsinə düşdük. Salonda qadınlı-kişili on beşə yaxın adam vardı. Otelin həyətinə gələn maşınlardan düşən rəngbərəng paltarlı kişi və qadınlar tələsik salona keçir, tanış-bilişlərini tapıb söhbətə qərq olurdular. Bu qadınların heç biri ürəkdən gülmür, danışmır, sanki həyatlarındakı gündəlik, ənənəvi fəaliyyətlərindən, vəzifələrindən birini yerinə yetirmək üçün bura gəlmişdilər.

Müşahidə hissinin yaxşı olması hərdən adamı əziyyətə də salır. Salondakı insanların baxışları, hərəkətləri, səs çalarları xoşbəxtlikdən xəbər vermirdi. Əksinə hamısı yorğun, saxta, yalançı gülüşlərə məcbur vəziyyətdə idilər. Taxdıqları müxtəlif rəngli, əhvallı maskalar onlara əziyyət verirdi.

Bu kimi cəmiyyətlərdə düşüncə, xasiyyət və fəaliyyət baxımından hamı bir-birinə bənzəyirdi. Onların hamısının simasında oxşar donuqluq, etinasızlıq, heç nədən həzz ala bilməməyin əzabı hiss olunurdu. Parlayan libasların, bahalı daş-qaşların, donuq simaların əhatəsində bircə mən idim yad məxluq.

Özümü tox tutmuşdum. Ətrafdakı adamlardan fərqləndiyimi, onlara qarşı heç bir qibtə hissi duymadığımı, onlardan olmadığım üçün hətta özümü xoşbəxt sandığımın fərqinə vardım. Məni bu qədər özündən əmin edən nə idi?!

Bu barədə çox düşünmədim, sirri bilirdim. Bu günə qədər oxuduğum, təsirləndiyim kitabların müəlliflərini, baxdığım filmlərin rejissorlarını, ədəbiyyatın və kinonun nəhənglərini bir-bir xatırlayıb xoşbəxt oldum. Ətrafımda hər şeyi olan bu qədər insan Tolstoyun, Folknerin, Markesin, Tarkovskinin, Berqmanın varlığından, onların ruhu zənginləşdirən möcüzələrindən xəbərsiz idilər. Onların heç nəyi vardı, mənimsə hər şeyim.

Bu kimi düşüncələrə qərq olmuşkən, müğənni xanım yaxasına atdığı mavi kəlağayısının küləyi ilə özünü bizə yetirdi. Əvvəllər qədimiliyi, tarixi, torpaq insanını xatırladan kəlağayı indi zənginliyin simvoluna çevrilmişdi.

Liftlə yuxarı mərtəbələrdən birinə qalxdıq. Fotoqrafın fotoaparatından qalxan işıq şüaları müğənninin bər-bəzəkli simasını bir az da işıqlandırır, həyatın onun dərisində toxuduğu qırışları faş edirdi. Söhbət əsnasında əvvəllər yoxsul həyatı olan, sonralar isə xeyli zənginləşən müğənnini diqqətlə izləyir, az-çox mütaliəli olduğundan ədəbiyyatın işartılarını onda hiss edirdim. Amma çox az, lap güclə. O, da varlı həyatın nümayəndəsi idi. Dəbdəbəsi, bahalı libasları, zinət əşyaları vardı. Bu qədər həngamə onun ruhunu dəyişməyə bilməzdi. Söz arası özü də qeyd etdi ki, nə vaxtlarsa povestlər, romanlar oxuyub. Nə vaxtlarsa... Söhbətimiz bitəndə hava əməlli-başlı qaralmış, şəhər küçələrinin işıqları yandırılmışdı. Pəncərədən aşağı baxanda gözüm qaraldı. Bayaq içərisində gəzişdiyim şəhər, indi ayağımın altında idi. Müğənniyə tərəf çevrilib soruşdum:

- Biz neçənci mərtəbədəyik?

Müğənni çantasını eşələyə-eşələyə:

- 25-ci.

Sonra o, da mənə yaxınlaşdı:

- Avtomobillər necə də balaca görsənirlər.

- Həm də adamlar.

Amma nədənsə həmin məqamda aşağıdakı küçələrdə ora-bura hərəkət edən insanlara yox, göyün tərkində olan varlılara acıdım. Gününün çox hissəsini yerdəkilərə bu qədər hündürlükdən baxan, onları nöqtə, vergül həcmində görən adamların qəlbindən doluluq, baxışlarından canlılıq tələb etmək doğru deyildi.

Həmsöhbətim bizi birinci mərtəbəyə düşürüb özü liftlə geri qayıtdı. İzdihamlı səsli-küylü, parıltısı çox, səadəti az olan həyatına.

Bayıra çıxanda üzümə çırpılan külək ürəyimə sərinlik gətirdi. Yüngülləşmişdim. Fotoqrafla sağollaşıb soyuqlu havalarda şüşələrinin arxasına daldalandığımız dayanacağa doğru tələsdim. Arxaya çevrilib son mənzərəni hafizəmdə saxlamağa çalışdım. Mavi şüşələri olan nəhəng bina olduğu kimi yerindəydi.

Bir də böyük boşluq...

# 4348 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #