Bayram Nurlunun böyük sirri

Bayram Nurlunun böyük sirri
12 aprel 2019
# 17:28

Səmimi deyim, Bayram Nurlunun videoları mənə həmişə pozitiv enerji verib. Bu səbəbdən arada izləyirəm. Əminəm, Bayramın mənim kimi izləyicisi çoxdur.

Məsələn, maşının yanında oynaya-oynaya getdiyi video məni “qah-qah” güldürüb və ona qəti şəkildə aqressiya bəsləməmişəm.

Hələ bir videosu var, aşıq çalır, o da oynayır. Aləmdir! O aşıq bilirsiniz kimdir? Kəlbəcərli aşıq Duman. Əclaf bir dəfə möhkəm ağladıb məni. Çox həssas vaxtım idi. Bir baxam bu qırışmal Bəhmən Vətənoğlunun məşhur “Axşam da qəribdi mən də qəribəm” misrası ilə başlanan qoşmasını sazın müşayiəti ilə “Segah” üstündə oxuyur. Şeirin möhür bəndi belədir:

Qoy yazım varağı qalmasın ağı

Kim çəkər həsrəti Bəhmənsayağı

Çox da müqəddəsdi Gəncə torpağı

Kəlbəcər yadıma düşdü darıxdım.

Aşıq ikinci misranı dəyişib belə oxuyur:

Kim yaza-yazmaya Bəhmənsayağı...

Şəhriyar del Geraninin Mirzə Cəlildən çox sevdiyi Azərbaycan xalqının bu ilahi talantı və bu cür ilhamla yazılmış şeirin içində astaca gəzişən inanılmaz redaktə qabiliyyəti, ən əsası bu gözəlliyinə rəğmən belə fəlakətlər yaşaması məni it balası kimi ağlatdı.

Həmin aşığı Bayramla görəndə kefim xeyli açıldı. Bayram göz yaşlarımı geri qaytardı, içimdəki ağrı və nisgil mənə əzab verməyəcək dərəcəyə qədər əridi.

Bir videosunda bizim kulturoloq – mən qulduroloq deyirəm – Aydın Xanla tutaşması var. Müsibət! Lütfən bütün aqressiyanızı kənara qoyub, açın baxın, əminəm, ən azı dodağınıza təbəssüm qonacaq.

Nə demək istəyirəm?

Bayram Nurlu pozitiv adamdır yazmayacam. Bunu zatən hamı bilir. Mənim dediyim budur: Bayram Nurlu həmişə maraqlı ola bilir! Bizim hamımızın, xüsusən, sənətə iddialı insanların Bayramdan öyrənəcəyi ən vacib məqam budur.

Ey, Coysu, Prustu vərəqləyib özünü dahiliyə qoyan dost, əmin ol, Bayram Nurlunun yarısının yarısının yarısı qədər maraqlı deyilsən. Sən ondan maraqlı olmağı öyrənsən, həm də maraqlı yazıb-yaradacaqsan, özün də qazanacaqsan, cəmiyyət də.

Dəhşətli burasıdır ki, sən Bayramdan maraqsız olduğunu ya bilmirsən, ya da qəbul etmək istəmirsən. Deyəsən, aqressiyanın səbəbi də budur.

Söhbət Bayram kimi olmaqdan getmir, amma həm də Bayram kimi olmaqdan gedir. Biz də öz məcazi və müstəqim orientasiyamızda onun kimi maraqlı olmağa çalışmalıyıq. Sosial şəbəkələr hamıya bərabər haqq verib. Buyur, yaz-yarat, çək-göstər, daha səviyyəli, daha vacib mətləbləri günün konusu elə, ondan sonra əmin ol, canlı yayımlara səni çağıracaqlar.

Mətbuat oxucu üçün ayna, onu işlədənlər üçün isə durbindir. Siz bizim göstərdiyimizə baxırsınız, biz sizin içinizdən keçənlərə. Və sizin içinizdən keçənləri göstərmək, sizi canlı yayıma eyni anda min nəfər olaraq bağlamaq dünyadakı bütün mütərəqqi mətbuatın ən böyük arzusu və uğurudur. Bundan “Vaşinqton-post” da imtina eləməz, “CNN” telekanalı da.

Biri yazır İP güdürsünüz. Əlbəttə güdürük! İşimiz bu, lan! Biz AYB deyilik ki, israrla oxunmayan jurnallar buraxaq. Oxucu yoxdursa mətbuat yoxdur. Qəzetlərin maliyyəsi niyə dayandı, əcəba? Oxucu yoxdur deyə olmasın? Maliyyələşən mətbuat İP-ni neyləyir deyənlər tapılır. Maliyyələşdirən ona görə maliyyələşdirir! Siz cırıb-atmaq üçün qəzet buraxıb, açmadan bağlanan sayt işlədərsiniz? Bu dəlilik olmazmı?

İP yoxdursa media yoxdur. Müasir media heç yoxdur. Redaktor olaraq çıxıb oriental oynamalı olsan da İP yığmalısan.

Sizcə, redaktor istəməz ki, oxucu səviyyəli yazılara gəlsin, bu həm imicə, həm maddi qazanca işləsin? Axmaq sayırsınız adamları?

Fb-də like istəməyən neçə adam var, əlini qaldırsın? Like sayına baxmayan neçə adam var? Hətta like edənlərin siyahısına baxmayan? Kimi aldadırıq? Dedim axı, əlimizdə durbin var. Görürük. Və statistik rəqəmlər də durbinin doğru göstərdiyini təsdiq edir.

Və ən dəhşətlisi, biz sizi qınamırıq, siz bizi söyüb-yamanlayırsınız.

Bayrama tiraj verən də siz, medianı söyən də?

İnstagramı da lent.az işlədir? 200 min izləyicisinin içində Antraktida pinqvinləri yoxdur hər halda.

O gün bir jurnalist dostumuz deyir, Damla haqqında Ayxan Ayvaz niyə yazıb? Cavab amansızdır: çünki ona “yutub”da 10 milyon adam baxıb. Üstəlik, Ayxan Ayvaz Damlaya baxın yazmır, ona münasibətdə bu qədər abartılı olub tiraj verməyin deyir.

Hər tirajlı adamı sayta çıxarmalısınız? Maraqlı sualdır. Cavab da maraqlıdır. Bəli! İctimai maraqda olan adamlarla hesablaşmaq, onları muhatab almaq zorundayıq. Dünyada olduğu kimi.

Və belə baxıram, senzura hökumət dairələrində ləğv olundu, amma bizim içimizdə qalıb.

Bayram Nurlunu efirə çıxarmayın deyən var. Niyə? Adam zatən efirdə deyilmi? Sizin sayənizdə bizim Bayram Nurluya ehtiyacımız var e, onun bizə yox.

Baxın, Kulis.az-da Səfər Alışarlının möhtəşəm bir povesti yayımlanıb. Günlərdir görünən yerdə saxlayıram, təbliğ edirəm, paylaşıram, oxunma sayı heç cür minə çatmır. Bayramı söymək əvəzinə sakit-səssiz onu oxumaq daha səmimi olmazdımı? Axı durbinlə baxırıq. Görürük. 30 minlə müqayisədə Səfər minə çatsaydı bizdə də bir ümid yaranardı, başqa povest axtarıb yayımlayardıq.

Yenə deyirəm, Səfəri Alışarlını oxumamaq, Bayrama baxmaq sizin haqqınızdır, mən buna müdaxilə edə bilmirəm. Amma bir gün baxmaq istədiyinizi sizə göstərəndə lütfən hirslənib söyməyin.

Yeri gəlmişkən, mən Səfərin povestindən yazmaq istəyirdim, sosial sifariş bu yazını yazdırdı.

O ki qaldı cinsi orientasiya məsələsinə, mən Bayramın efirdə homoseksuallığı təbliğ etdiyini görməmişəm. Şayiələrə əsasən deyirsinizsə ki, o da o cürdür, efirə çıxarmayın, söz verirəm, nəzərə alarıq. İndən belə kişi qonaqlarımız olanda qırağa çəkib qulağına astaca pıçıldayarıq: “Birdən siz də onlardan olarsınız, elədirsə, boynunuza alın, biz o cür adamları efirə çıxarmırıq!”

# 9075 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #