news-inner
clock14:21 calendar-gray 03 Aprel 2019 view-gray647 dəfə oxunub
view-gray647 dəfə oxunub

Qız və maneken – Səfər Alışarlının Yeni Povestinin davamı

Kulis.az yazıçı Səfər Alışarlının “Qız və maneken” adlı yeni povestinin davamını təqdim edir.

əvvəli burada

4

Sısqa şam ağaclarının küskün duruşuna, küləkdən əyilmiş qamətinə öz bənzətmələrilə xüsusi diqqət yetirdiyindən yoxuşu qalxanda fikri yayındı, it ondan geridə qaldı. Hətta ona elə gəldi ki, nəhayət, it çıxıb getdi. Həmin an o, xəyalən qızı ilə söhbət eləyə-eləyə ona axtarışları haqda deyil, uçmaq haqqında nağıl uydururdu. Nağıl əvvəlcə küləyi minib uçmaq haqqında idi, sonra dəyişdi, birdən at gəldi, ağaclar, quşlar peyda oldu. Dedi ki, o, atı minib uçdu, qalxdı göyün birinci qatına, burada göyüzü geniş və ağımtılıydı. “Gümüşü” ona görə demədi ki, onda gərək gümüşün də nə olduğunu anladaydı, üstəlik də qarşıda qızılın nə olduğunu izah etmək məcburiyyəti dururdu. Çünki işıqlar saçan göyüzündən qızıl zəncirlərin ucunda çoxlu ulduzlar sallanırdı, hər ulduzun da üstündə bir adam oturub onu düşmənlərdən qoruyurdu. Sonra bir qoca kişi ona yaxınlaşdı, o gördü ki, bu onun atasıdı. Atası onu qucaqlayıb dedi: Ay mənim hamıdan qəşəng, hamıdan ağıllı balam! Göyüzü doluydu çoxlu-çoxlu heyvanlarnan, quşlarnan. Onların içində çox böyük, özü də qar kimi ağappaq bir xoruz varıydı. Xoruz o qədər böyük idi ki, ayaqları göyün birinci qatında ola-ola pipiyi göyün ikinci qatına dəyirdi. Ora çatmaq üçün beş yüz il yol getmək lazım idi. Yəni yatıb-durub, yatıb-durub, çoxlu-çoxlu yatıb-durub, çoxlu-çoxlu süd aşı yeyib, çoxlu-çoxlu yol gedəndən sonra ora avtobusnan gedib çatmaq olardı. Ora dənizdən, 34-cü platformadanda uzaqdaydı. Bu xoruz hər səhər hava işıqlanmamış başlayırdı banlamağa, onun səsinə hamı oyanırdı.

Birdən o, arxadan cavan və qətiyyət dolu səs eşitdi:

– Adamlardan başqa...

Dönüb baxdı, adamı görmək ümidindəydi, heç iti də görmədi. Bir anlığa gözləri bulandı, elə bil uzaqda parıldayan dəniz şəhərin aşağıdakı zolağını evləri, ağacları, küçələrilə birlikdə yavaş-yavaş uddu və sürətlə qalxıb ona çatanda dayanaraq heç nə olmamış kimi xumar ləpələriylə yalnız bircə dəfə onun başmaqlarının burnunu yaladı. O isə başmaqlarının içindən asanlıqla çıxıb atlının dalınca uçaraq göyə qalxdı və xoruzun iki banlamasının arasındakı müddət ərzində aşağıdakı hər şeyi seyr edib təzədən öz yerinə, başmaqlarının içinə qayıtdı. Bu uçuş gözəlliyi bəs elədi ki, o, adamın, atın, itin – hər kəsin uçmağına inansın və bütün həyatı boyu məhz bu uçuşun qeyri-adi gözəlliyindən zövq alsın.

– Xoruzun səsinə adamların oyanmamasını mən özüm demədim, – o, ucadan danışmağa cəsarət etməyib demək istədiyini yalnız fikrindən keçirdi. – Çünki uşağa mövzudankənar nəyisə izah etməyə başlayanda o, əvvəl dinlədiklərini unudur.

– Sən izah elə, o başa düşər, – eyni səs bu dəfə də arxadan gəldi və o özünün artan ürək döyüntülərini eşidə-eşidə təzədən dönüb geri baxanda gördü ki, it qabaq ayaqlarını cütləyərək quyruğu üstdə oturub və iki addımlıqdan onun üzünə nəsə bozumtul gözlərində peyda olmuş qəribə bir təbəssüm qırığı ilə baxır. O, itin daxilən gülümsədiyini, hətta o təbəssüm qırığının harada yaranıb, yuxarıya doğru necə davamlı qıvrıla-qıvrıla qalxdığını da gördü.

Sonra o fikirləşdi ki, döndüyü an arxada gözləyən dəniz onu da udub öz sularına qərq eləyə bilərdi. Bu sehri anlayıbmış kimi uçuşu unutdu, əl-qolu boşaldı və platformadan yuyulmuş dostlarının yanına yollanmaq qismətilə barışdı. Amma heç nə baş vermədi, gözlərini yumub ətrafdakı səsləri dinlədi və aşağıda boğuq fitlə böyürən gəmi nəriltisini sonadək dinləməli oldu.

– Səniydin danışan? – nəhayət, özünü toparlayıb itdən soruşdu.

İt dinmədi, qalxıb yoluna davam etdi. İtin etimad və inam dolu sanballı yerişi özlüyündə onu arxasınca getməyə səslədi.

Darvazanın piyadalar keçidinə nəzarət edən polis onu itlə görən kimi yerində dikəlib pəncərədən baxdı və düyməni basıb turniketi şıqqıltı ilə açaraq dedi:

– Hə, Cabbarova xanım üçün gəlmisiniz? Keçin, keçin.

O keçdi, it ondan əvvəl turniketin aypara qolları altından sürüşüb həyətə açılan qapının önündə, adlı-sanlı klinikada dəyərli dişlərini müayinə etdirməyə hazır vəziyyətdə dayandı. Turniketi həmin avtomatik şıqqıltı ilə də kilidləyən polis keçiddə dayanmış vətəndaşlara səslənərək dedi:

– Vətəndaşlar, gözləməyin, bu gün buraxılış olmayacaq! Klinikada antisanitariya günüdür!

Polisin bu gözəl və elmi danışmaq istəyinə hətta it də fınxırıb quyruğunu yellədi, polis isə xəstə yanına gələnlər üçün qoyulmuş qadağanın səbəbini izah etməyi lazım bilmədən qapıya çıxıb ona öz iti ilə konkret hansı istiqamətdə getməyi göstərdi.

– Düppələndüz gedin! Xurustalnı şüşə qapılar olacaq, administrativ korpus...

“Şəfa” klinikasının mat şüşə qapıları arxasındakı geniş, işıqlı, yumşaq mebelli foyesində 3-4 nəfərlik mühafizə xidməti heyəti bütün sayıqlığı ilə fəaliyyət göstərirdi: vəzifəsi naməlum ağxələtli, vəzifəsi naməlum xələtsiz cavan oğlan, vəzifəsi məlum polis və lift şaxtalarının rəisi.

– Kimin yanına gəlmisiniz? – ağxələtli ondan soruşdu.

Adətən belə yerlərdə bu sualın iki başı olur: birinci, qonağa xidmət göstərib ondan qəpik-quruş qoparmaq üçün; ikinci, ondan firavan həyat yaşamasının intiqamını almaq üçün. Bu, ikinciyə daha çox oxşayırdı, çünki axələtli xanım bu onbeşmərtəbəli klinika korpusunda müalicə keçən bütün xəstələri adbaad tanıya bilməzdi. Soruşmağı da ona görə ola bilərdi ki, münaqişə yaranacağı təqdirdə belə qohum-əqrəbası olan xəstənin adını dəqiq bilsin.

– İtnən içəri keçmək olmaz, – cavab gözləmədən cavan oğlan ona çəmkirdi. – Paşol! – Bunu da itə dedi.

– Mən professor Həmzəyevin yanına gəlmişəm, – o burada heç kimi tanımadığı üçün divardakı ikimetrlik portretin altında yazılmış soyadından faydalanmaq istədi. Ağxələtli xanım onun üzünə elə baxdı ki, elə bil 1803-cü ildə Gəncədə Cavad xanı ruslara satmış xəyanətkarı indicə tapmışdı.

– Ya da Cabbarovun... – o, çaşqın tərzdə əlavə elədi.

Dörd cüt gözlə onu dübarə rentgendən və maqnit tomoqrafiyasından keçirdilər və gördülər ki, uzaqbaşı professorun assistent köməkçilərindən biri qəbul edə bilər. O da resepşndə qeydiyyatdan keçib zəruri məbləği ödəyəndən sonra.

– Nə probleminiz var? –bunu artıq polis soruşdu.

– Bilmirəm sizə necə izah eləyim, – o, fikrini ifadə etməkdə həqiqətən çətinlik çəkdi.

Fikrini cəmləşdirincə ağxələtli xanım kömək əlini uzatdı:

– Neyrocərrahiyəyə indi professor Əzizbəyli baxır. Professor Həmzəyevin isə ölümünün 5 ili tamam oldu, o gün burada qeyd eləyirdilər.

Нет описания фото.

O başa düşürdü ki, ömründə tanımadığı Həmzəyevin ölümü, bununla bağlı hədəfdən yan keçən ricətin fənalığı, hətta itin dişinin ağrıması kimi qeyri-dəqiq bir diaqnoz belə bu məsələdən ötrü məhz bura, ölkənin ən pullu və ən nüfuzlu adamlarının müalicə olunduğu klinikaya müraciətin yanında heç nədir. Ancaq dağın döşündə baş verənlərdən sonra o nədənsə bura gəlməyin vacibliyini dərk eləyərək bütün başqa şeyləri, onların doğuracağı mənaları və yozumları sanki öz əlləri ilə götürüb kənara qoymuşdu və indi itin dişinin ehtimal olunan ağrısı ona öz dişinin ağrısından da artıq əzab verməyə başlayırdı.

– Mənim itimin dişi ağrıyır! – birdən o ucadan, qəti səslə dedi. Az qala qışqırdı.

Bir anlığa susan mobil komanda heyətinin üzvləri sadəcə ondan üz döndərib başqa tərəfə baxdılar, yalnız polis vəzifə borcunu sonadək sədaqətlə davam etdirdi.

– Ayə, yeri çıx get burdan, sən başın! – bunu deyəndən sonra polis birdən elektrik cərəyanına qoşulmuş generator kimi yavaş-yavaş pırıldaya-pırıldaya öz-özünə gülməyə başladı, amma əlavə eləməyə də macal tapdı: –Burada... Pır-pır-pırrrrrr... Burada sto... stomatologiya şööööö-bəsi yox... Pırrrr-pırrrr- pırrrrrr...

Polisin bu gülməyinə vəzifəsi naməlum ağxələtli qadın da ölü ağlayırmış kimi dəvətsiz-zadsız birdən tərtəmiz zil səsini qaldıraraq qoşuldu və onlar gülmək həmrəyliyində Musayevi taybatay, qatbaqat şüşə qapılardan bayıra, orada gözləyən itin yanına çıxararaq daha nəsə demək istədilər, ancaq deyəmmədilər. Çünki, necə deyərlər, uğunmuşdular. Onların dayanmaq bilməyən gülüşündə hər pırıltılı qəhqəhəni uc-uca qoşub metrlə ölçmək mümkün olsaydı, başqa şəhərlərə gedib çıxmaq və buradakı olaylardan xəbər vermək üçün üfüqü istiqamətdə uzaqlaşan gülüş başının indi ən azı Tiflis vağzalına çatdığını düşünmək səhv olmazdı.

– Gedək, – o, gülənləri və gülüşləri mat şüşə arxasında qoyub təəssüflə itə dedi. – Gərək Musa Nağıyevə gedəydik. Ora heç olmasa ucuzdu.

İt qalxıb bir ağız hürdü, bununla sanki klinika rəhbərliyinə öz etirazını bildirmək istədi və o, itin hürüşünün ahəng və mənaca heç fərqlənmədiyini, “haff”ların isə yalnız sayca müxtəlif olduğunu görüb təəccübləndi. Ancaq bu an daha təəccüblü işlər oldu. Onlar yerlərindən tərpənməmiş Baş Səhiyyə İdarəsi “Şəfa” Klinikasının həyətində əsl müharibə həyəcanı başladı.

5

Həqiqətən də adamlar iki dəqiqə sonra başlarına nə gələcəyini bilmirlər. Kitabların birində bununla bağlı çox şeylər deyilib, birində isə qəti müəyyənliklə yazılıb ki, bunu bilmək üçün təkcə rəngbərəng oyuncaqlarla dolu dünyaya deyil, hərdən öz içindəki qaranlığa da baxmalısan. Adamlar bir çox səbəblər üzündən buna əməl edə bilmir, bəzən baxsalar belə orada heç nə görə bilmirlər.

Uca korpusun harasındasa səslənmiş həyəcan siqnalı nəticəsində xələtli personal əsas binadan çıxıb həyət boyu naməlum istiqamətlərə səpələnirdisə, darvaza tərəfdən qaça-qaça gələn xələtsizlər, silahlılar, əli çamadanlılar, başılolular qışqıra-qışqıra korpusa doluşmağa, dedikləri kimi, baş həkim Sərdarovu tutmağa və yerindəcə öldürməyə tələsirdilər. İş gününün sona yaxınlaşmasına baxmayaraq, Sərdarov hələ də vəzifəsinin icrasında idi və təbii ki, o da binadan çıxmaqda olan tibbi heyətin içində onu tutmaq və yerindəcə öldürmək istəyənlərə doğru yürüyürdü. Korpusun şüşə qapıları liftlərdən çıxan, pilləkənlərdən qaçaraq foyeyə enən ağ xələtliləri pambıq qozası təmizləyən maşın kimi topa-topa çölə tökürdü.

– Tap o oğraşı, na meste güllələ! – əlindəki tapançanı qarşısına çıxan hər kəsə, o cümlədən dişi ağrıyan itə də göstərən orta yaşlı kişi qabağında qaçan cavan oğlana əmr edirdi. Orta yaşlı məşhur kişinin adətən daz başına ekvatorfason doladığı uzun, qara tüklər ikiyə bölünüb matros papağının qoşa lenti kimi havada yellənirdi. Binalar, ağaclar da adamlar kimidir: həyatda mövcudluqlarının üzərindən illər keçdikcə gördükləri, şahidlik etdikləri hadisələrin də sayı artır. Belə həyəcanı paytaxt xəstəxanaları sonuncu dəfə 20 Yanvar inqilabının qanlı günlərində yaşamışdı.

Başqa əlisilahlılar da vardı, onlar sanki həyətdə, eks-rəislərin biri demişkən, milyon faiz gözlənilən atışma üçün əlverişli mövqe axtarır və tapan kimi əməliyyat planına uyğun olaraq göyə dalbadal atəş açmaqla mövqeyin ələ keçirildiyini komandirə məruzə edirdilər. Odur ki, binanın tinlərindən, ağacların, maşınların arxasından, yaşıl bəzək kollarının arasından göyə açılan atəş səsləri "Şəfa" klinikasının bütün korpuslarını ayağa qaldırmışdı.

Lakin tezliklə Sərdarovun əvəzinə ələ keçmiş hələ də gülməyə davam edən polisi və ağxələtli qadını sürüyə-sürüyə içəridən çölə çıxartdılar: cangüdənlər qışqırıb söyür, o ikisi isə aramsız gülüş pırıltılarından başqa onlara heç bir cavab vermirdi. Xəbərdarlıq kimi iki dəfə göyə açılan atəş də kömək eləmədi, çünki gülməkdən uğunmuş bu iki şəxsi dayandırmaq, kiritmək mümkün deyildi. Adama elə gəlirdi ki, onları bu dəqiqənin özündə güllələsələr belə yenə də gülməyə davam edəcəklər: kiçik fəvvarə şırıltısı ilə aramsız qaynayan gülüş dueti özlüyündə o qədər gur olmasa da, hədə-qorxu ciddiyyətinin içində adicə görünüşü ilə silahlıların ölüm-dirim həyəcanını ucuz məzhəkəyə çevirirdi.

– Ə, bınnar keflidi, diyəsən! – yekəpər silahlı qışqırdı və haldan düşməkdə olan polisi sadə güləş fəndi ilə danaboynu eləyib başını dizinin üstünə qoyaraq ağzını iylədi.

Sonra onların ikisini də sürüyə-sürüyə darvaza səmtə apardılar və həyətdə xofun yaratdığı uğultulu çaşqınlıqdan başqa heç nə qalmadı. Yalnız bundan sonra qaçışmaqda davam edən əlisilahlıların səsləri və onların demək istədikləri bütün aydınlığı ilə eşidilməyə başladı. Onların demək istədiyi isə bu idi ki, darvaza vaxtında açılmadığına görə ambulans hələ də içəri keçə bilməyib. Nəinki vaxtında açılmayıb, ümumiyyətlə açılmayıb: reduktorun içində nəsə ilişib və beş metr hündürlüyündə bir tağdan ibarət dəmir darvaza relsin üstündə nə sağa gedir, nə də sola. Akademik Sərdarov bu nüfuzlu müəssisənin rəhbəri olaraq həqiqətən də pis yerdə axşamlamışdı.

Çöldə bütün sirenaları ulayan ambulans və müşayiətçi maşınlar artıq həssas prospekti qapayıb tıxac yaratmışdılar. Qapını əzib keçmək üçün Müdafiə Nazirliyindən çağırılmış zirehli maşınlar haradasa həmin tıxacın içində dozanqurdu kimi çabalayırdı. Sərdarovu sürüyüb reduktora elə çırpmışdılar ki, daha yerindən qalxmağa heyi qalmamışdı. Başının hansı tərəfdə olduğu dəqiq bilinməsə də, ağ komadan arada zarıltı qalxırdı:

– Şestırna ilişib... Mənə qəsd elədilə-ə-ə-ə-ər!..

Ambulansın içində kimin olduğunu bilənlər üçün dost, düşmən, Sərdarov, reduktor-filan yoxuydu, əsas giriş darvazasının açılmaması, ehtiyat girişin qarşısındakı ağaclıqda özünə villa tikən birinin yola daş tökməsi və bunun pis nəticə verəcəyi təqdirdə bu dünyada hər şeyin onlar üçün tar-mar olmaq təhlükəsinin reallığı vardı. Onlar, zatən, indi də özlərini elə aparırdılar, sanki ambulansın içindəki Nazim müəllim ölmüşdü və dərdin, fəlakətin ağırlığı Nazim müəllimin qohum-əqrəbası qarşısında bunları dəli eləməyə təzə başlamışdı. Əmr gəlsəydi ki, müşayiətçi və cangüdənlər başlarına döyə-döyə kostyumlarını cırıq-cırıq eləsinlər və yaxud klinikaya od vursunlar, yəqin ki, dərhal yerinə yetirilərdi.

Zirehli döyüş transportyoru özünü təcili yardım maşını kimi yetirib darvazanı taran eləyəndə o, başıqırxıq kolluqların arxasındakı skamyada oturub itlə söhbət eləyirdi. Bütün bu həngaməni görməyin ona lazım olmadığını, qızının yüksək səslərdən qorxduğunu, özünün isə hələ də iş tapmadığını itə deyirdi. İt hər şeyi gözəl başa düşən, ancaq danışmağa qorxan məmur kimi susurdu, hərdən yüngülcə başını tərpədir, quyruğunu yelləyirdi.

Darvaza ağır çərçivə dəmirləri qarışıq gurultu ilə yerə gələndə sakitləşmiş ambulans və müşayiətçi maşın karvanının sirenaları "Mənsuriyyə" muğamının şaxsey-vaxsey guşəsində ulaşmağa başladı. İt zirehli maşının darvazanı sürüdüyü mərkəzi xiyabana tərəf qaçıb yenə narazılıqla bir-iki ağız hürdü və şuluqçu uşaqlara təpinmiş ağsaqqal ədası ilə qayıdıb skamyanın önündə durdu.

Onlar çıxışa doğru gedəndə baş həkim Sərdarovun vəzifədən və ərazidən qanuni yolla uzaqlaşdırılması proseduru darvazanın yarıuçuq deşiyində yekunlaşmaq üzrə idi. Sərdarovun kök bədənini reduktorun böyründən köməkləşib qaldırmış adamlar onu ayaq üstə qoya bilməyib birtəhər çölə sürüklədilər və yerə oturdub kürəyini səkiyə yaxın şam ağaclarından birinə söykədilər. Vida mərasiminin son akkordu olaraq o şəxslərdən biri cibindən kağız çıxarıb keçmiş baş həkimin divara sürtülüb qanamış daz başı üstündə ucadan oxudu ki, onun vəzifədən azad edilməsi haqqında əmrin imzalanması faktını hamı, hətta tıxacdakı sürücülər də eşidib bilsin: “...tutduğu vəzifədən azad edilsin. Baş Səhiyyə İdarəsinin müdiri Ələmdarov”. Şəxs son sözləri elə sərt, ciddi intonasiya və ruh yüksəkliyi ilə tələffüz etdi ki, sanki Ələmdarov öz yerinə ona imza qoyub baş həkimi vəzifəsindən qovmağı tapşırmışdı, o da bu məsuliyyətli işi çox dəqiqliklə yerinə yetirmişdi və beş dəqiqə sonra özü buranın baş həkimi olacaqdı.

Tibbi biliklərinin və canlıları duymaq qabiliyyətinin zirvəsini yaşayan akademik Sərdarov, əlbəttə, karyerasının son mərhələsini belə urvatsızlıqla başa vuracağını heç zaman ağlına gətirməmişdi. O yalnız indi, ağacın dibinə atılmış zədəli və lazımsız əşya vəziyyətində anladı ki, bu qeyri-ciddi həyatı və bir anın içində dəyişən münasibətlər dünyasını alim olaraq dəqiq biliklər və sınanmış təcrübə metodologiyası ilə deyil, ən ağlasığmaz fantaziyalarla yaşamaq lazımmış. Ona elə gəldi ki, fantaziya özünün irreallığı ilə belə yekuna gətirib çıxaracaq cəfəng və mənasız planlar qurmağa və başlıcası, onların itaətində dayanıb əsirinə çevrilməyə heç zaman imkan verməzmiş! Bu gözlənilməz kəşf Sərdarovun akademik fəaliyyətinə verilmiş ən yüksək mükafat kimi ona yerindən qalxmaq və fəaliyyətini tamam başqa bir aləmdə davam etdirmək üçün güc verdi.

– Fantaziya! – o öz kəşfinə heyrətlənərək qışqırdı. –Fantaziya! – bir də qışqırdı ki, yaxşı eşitsin: dəyməzmiş bu boyda əziyyətə! – Mən yetmiş ili Pavlovun iti kimi yaşamışam bu xarabada.

Bu həmin an idi ki, zehni sanki ildırım şaxıması ilə birdən-birə aydınlaşmış akademikin kürəyini söykədiyi qoca şam ağacının yanından mühəndis Musayev guya dişi ağrıyan iti ilə keçirdi.

Musayev yaxınlaşıb ona kömək eləmək istədi:

– Sərdarov, mənim itimin dişi ağrıyırdı, sənin adamların qapıdan qovdular bizi, – dedi. –Kömək eləyimmi qalxmağa?

Sərdarov başını qaldırmaq əvəzinə imkanı çatan qədər göz qapaqlarını və bəbəklərini qaldırıb diqqətlə ona, sonra da itə baxdı. Ona elə gəldi ki, qarşısındakı məşhur tibb alimi Pavlov özüdür, iti ilə gəlib ki, şərti reflekslər nəzəriyyəsinə birdəfəlik son qoyduğunu ona bəyan etsin.

– Mən daha akademik Sərdarov deyiləm, sadəcə Loğmanam! Vəssalam-şüttamam! Bundan sonra ayrı cür yaşayacam. Ələmdarov başda olmaqla hamısı getsin tullansın! Bir kopoyoğlunu müalicə eləmərəm bundan sonra. Qoy hamısı atreskelerozdan qırılsın!

– Müalicə eləməyəcəksənsə, daha nəyə Loğman olursan? – Musayev cızıq yerlərində qanı qurumuş daz başdan soruşdu. – Ol, məsələn, Vəlişan Abdinov! Admananavin-zad düzəlt.

– Yox. Olammaram. Kiminsə dublu olmağa həvəsim yoxdu. Onu da elə belə, bu qər-qəhbənin acığına dedim, – baş ləngimədən cavab verdi. –Ala, şestırna ilişib də, mən neyləyim!?

– Yaxşı, olan-oldu, keçənə güzəşt, – Musayev dedi. – Sən mənim bu itimin dişini müayinə edə bilərsənmi?

Sərdarov yerində çevrilib iti yaxşı görmək üçün xələtinin harasındansa eynəyini tapıb gözünə taxdı, təəssüf və ağrı ilə “Fantaziya!” deyib fısıldadı və Musayevə yox, birbaşa itə müraciətlə dedi:

– Hörmətli cənab it, zəhmət olmasa, yaxın gəlib ağzınızı açın. Bağışlayın ki, stomatoloq kreslomuz yoxdu, belə antisanitar şəraitdə işləməyə məcburuq.

İt Sərdarovun niyyətində məkr və şiddətin olmadığını onun səsindən müəyyən etsə də, hər ehtimala qarşı ağzını açmazdan əvvəl doktorun gözlərinə baxdı. Necə baxdısa, doktor heç nə olmamış kimi yerindən sıçrayıb qalxdı, cırıq xələtini əynindən çıxarıb şam ağacının xəstə qolutək halsızcasına sallanmış tozlu budağına keçirdi. Bununla vəzifədən çıxmağını yekunlaşdırıb əsl loğmalığa başladığını əmrlə rəsmiləşdirdi, sonra itin qarşısında çömbəlib bir də dedi:

– Ağzınızı açın, zəhmət olmasa. Ağız-burnunuz qurudu, çirk, selik yoxdu, deməli, quduz deyilsiniz. A-a-a eləyin görüm.

Loğman itə ağzını açmaqda kömək elədi, onun qırmızı dilinə, seyrəlmiş dişlərinin sıralarına və sanki it olduğunu sübut edəntək köpək dişinə baxdı. Çənəni qapayıb Musayevə müraciətlə dedi ki, itlərdə diş ağrısı olmur, çünki onlar birbaşa sümük yeyir, zəifləyən dişlər öz-özünə tökülür.

– Bunun qlandalarında bir az problem var, – dedi, – o da yəqin infeksiyalı yeməkdən olub. – Siz onun suyuna hər dəfə bir-iki tabletka nolitsin atın keçib gedəcək.

Onlar xəstəxana həyətində baş verən gülləbarandan sonra da tıxacı tərpənməyən prospektin abad səkisi boyu getdilər: onlar elə bil reflekslər aləmindən qopub harasa azad və firavan gələcəyə doğru gedirdilər, tıxac sıxlığına zıplanmış şəhər isə yerində qaldı. Tezliklə onlar ayrılmalı oldular, çünki loğman Sərdarovun dalınca gəlmiş adamlar onu aşağı küçələrin birində maşına oturdub, necə deyərlər, naməlum istiqamətə apardılar.

6

Onlar həyatı məhdudiyyətsiz, eyni dərinlikdə, eyni genişlikdə və eyni incəlikdə dərk etdiklərindən bir-birlərini daha yaxşı başa düşürdülər. Qız öz danışığında, oyun hərəkətlərində itə hər kəsdən çox inanırdı, onun nədəsə səhv edəcəyini, nəyisə başa düşməyəcəyini ağlına belə gətirmədən evdə, koridorda quş kimi ora-bura uçurdu, it onun dediyi hər şeyə dərhal, böyük həssaslıq və həvəslə itaət göstərirdi. Hərdən yerində tullanıb düşür, qabaq ayaqlarını uzadıb başını onların üstünə qoyaraq qızın üzünə elə şən oyunbazlıqla baxırdı ki, deyirdin, bu dəqiqə dil açıb danışacaq: “Mən çoxdan səni axtarırdım”, – deyəcək. Onlar təsadüfən görüşmüşdülər, təsadüfə bənzər bir şəkildə də ayrıldılar. Vaxt tamam olan kimi it quyruğunu tərpədə-tərpədə mehribanlıqla zingildəyib ondan ayrıldı və heç bir çağırış gözləmədən pilləkənlərlə beşinci mərtəbədən birbaşa aşağı qaçdı.

– Bəs onun adı nəydi? – yalnız it gedəndən sonra qız peşmanlıqla soruşdu.

Bu barədə heç düşünməmişdi və həmin an ağlına gələn yeganə ad, əlbəttə, “Loğman” idi. Eləcə də dedi:

– Loğman!

İtin yerinə qızı ilə oyunu özü davam etdirməli oldu. Bilirdi ki, bütün günü evdə olduğundan yorulmayınca oyunlarından əl çəkməyəcək. Ona gözlərini yumdurub özü isə stolun altında kuklaları ilə tərbiyəvi mövzuda söhbət eləyirdi. Oyun qaydasına görə o, gözlərini açmamalı idi, ancaq azacıq açmışdı və qızı bunu görsə, heç nə deməyəcəkdi, çünki qaydaları hələ tam dərk edə bilmirdi. Qaydalar onun üçün davamlı yox, ani xarakter daşıyırdı və onlar itin hərəkətləri, baxışı kimi hər an dəyişə bilərdi. Ona elə gəlirdi ki, oyun üçün iti əvəz eləyə bilmir, hətta danışığı da itin susmaqla, qaş-gözünü, quyruğunu oynatmaqla dediklərindən anlaşıqsız, qeyri-səmimi alınır. Ona görə onlar çox oynaya bilmədilər və yatmazdan əvvəl o, Əhmədin nağılını sanki öz xəyalında yenidən yarada-yarada, müxtəlif təfsilatlarla danışmağa başladı. Dedi ki, Əhmədin atı çox sürətlə uçurdu, yolda iki yerdə enib Əhmədə dedi ki, bu gözəl yerlərə baxsın. O, nağılı yarıya qədər danışanda hiss elədi ki, qızı yatıb, hətta bir neçə dəqiqənin içində qızının böyüdüyünü, daha ağlamayacağını hiss elədi. Amma dayanmadı, axıra qədər danışdı... Ona elə gəldi ki, danışdıqca bu nağıl həqiqət olur, həqiqət olduqca onu özünə daha çox inandırır, bağlayır və qəlbindəki tənhalıq hissini azaldır. Ona elə gəldi ki, sübh tezdən şəhərin çoxmərtəbəli bozluğu altında yaşıl oyuncaq kimi qalmış Piruşaq kəndinin xoruzları banlaşanda at, Əhməd, günbəzli məbəd, qızıl zəncirlərin ucundan sallanan ulduzlar ağappaq xoruzla haradasa lap yaxında, kəndin arxasındakı dərələrdə onu gözləyəcəklər. O mütləq ora gedib Əhmədlə, atla, xoruzla tanış olmalı, ona dənizdə batmış dostları haqqında danışmalıdır.

Gözəl qadın ona zəng vurub platformadakı faciəyə görə için-için ağladı. Elə bil üstünə ağlamağa başqa adam tapa bilməmişdi. Bəlkə də o, ölənlərdən çox onların uşaqları üçün ağlayırdı, sanki atalarını itirmiş uşaqların hamısı indi birdən onun həyatına doluşmuşdular və o, uşaqları nəinki sakitləşdirə bilmirdi, nəinki onlar naminə illər boyu düşündüyü fədakarlıqları edə bilmirdi, heç onlarla danışmağı da bacarmırdı.

– Sənin qızın... – hıçqıra-hıçqıra dedi. Sonra nəsə dili dolaşdı və demək istədiyini heç dolaşığı açılanda da izah eləmədi. Yenə səssizcə ağladı.

Ona elə gəldi ki, gözəl qadın fəlakətin miqyasını və məsuliyyətini hər dəqiqə yeni-yeni nəticələrlə dərk edənlərin arasında yeganə adamdır ki, hələ ağlaya bilir. Ona zəng vurub ağlamağı ilə onun simasında fəlakətdən daha bir adamın sağ-salamat qurtardığına sevindiyini bildirir.

– Qızım, deyəsən, daha ağlamır,– o dedi.

– Rəis dedi ki, qayıtmaq istəsən, sahildə nəsə tapmaq olar sənin üçün, – qadın dedi, telefon danışığına da, ağlamağına da nöqtə qoymaq istədi.

Telefonla danışa-danışa o, pəncərədən həyətə baxırdı, it bayaqdan gəlib qəzet köşkünün böyründə oturmuşdu, deməli, harasa getmək lazımmış. Baxa-baxa o, beşinci mərtəbədən ora məsafə hiss etmirdi, elə bil pəncərə arxasında balkonda oturmuş itlə yenə göz-gözə dayanmışdı, itin yüngül nəfəsini üzündə hiss edirdi. Qadına cavab vermək üçün bir az düşünməyə ehtiyacının olduğunu duydu. Hətta bir azdan görüşəcəyi Sərdarovla da bu barədə danışmağın vacibliyi çox sürüşkən bir eyham israrı ilə onun beyninə soxulmağa başladı. Və daxilən neftə qayıtmağa razılıq versə də, bəri başdan bildi ki, bu iş nəyə görəsə alınmayacaq, indiyədək heç nəyin təkrarı onun üçün faydalı olmamışdı.

Nə qədər fikir, hiss-həyəcan axıb keçmişdi. Bunu təklif etmək üçün dənizdə, “Şəfa” klinikasında baş verənlərə uzaqdan-uzağa şahidlikmi eləmək lazım idi? Əsas o idi ki, indi qızı ağlamırdı. Bir-iki dəfə axşamları evə özü qəsdən gec gəldi: nəticə o qədər sevindirici oldu ki, qonşunu çağırıb onunla sevincini bölüşdü.

– Mən baxaram, – o dedi.

– Bir şey tapa bilmisən? – qadın soruşdu.

– Yox, – o dedi, sonra səhvini düzəltməyə çalışdı. – Tapmışam: iki Loğmanı birdən.

Qadın heç nə başa düşmədi, heç nə də soruşmadı.

Narın yağış duman rütubəti kimi hər şeyin üstünə hopub hələlik yalnız rəngləri azacıq dəyişirdi. İrəlidə qayğılı yerişlə gedən itin belindəki Xəzər dənizi bu nəmişliyin kiçik zərrəciklərilə parıldaşırdı. Bu parlaq zərrəciklərə baxa-baxa ona elə gəlirdi ki, it də Əhmədin nağılından gəlmiş bir varlıqdır və o, nəyisə anlaqlı şəkildə düz eləməsə, it peyda olduğu kimi də birdən-birə yox olub gedəcək. O gedib itin qarşısında durdu, it bu lazımsız hərəkətdən heç nə anlamırmış kimi dayandı, başını da qaldırmadı. O xeyli baxandan sonra itin laqeydliyinə deyindi: “Deyəsən, daha dişin-zadın ağrımır ha-a, Loğman!” – dedi və öz yerinə qayıtdı. Sərdarovla görüşmək üçün hara gedəcəyini yaxşı bilsə də, indi it onu aparırdı. Eniş qurtaranda sağa dönüb böyük küçə ilə ortasındakı yaşıl təpədə heykəl durmuş meydana qədər getmək lazım idi. İt oranı yaxşı tanıyırdı, maşın az olanda göz-gözə vurub yolu keçir, qranit postamentin künclərini iyləyirdi. Heç yerə baxmırdı, gül şitillərinin arasından ehtiyatla keçib həmişə güney künclərdən birini seçirdi. Ora yolun o biri üzündəki hökumət binasından yaxşı görünürdü.

Yolda it dayanıb onu gözlədi və başını qaldırıb çiskin havaya, sonra isə onun başındakı kepkanın uzun dimdiyinə baxdı. O, başındakı xaosa görə itin bu qayğı dolu bəsirətli baxışından utandı, vaxtı belə boşuna, ən azı, faydalı şeylər düşünmədən keçirdiyinə görə xəcalət çəkdi.

– Mən təsadüfən bu itin də adını “Loğman” qoymuşam, – bundan sonrakı ömrünü yalnız fantaziya məntiqi ilə yaşamağı qət etmiş Sərdarova dedi. – Qızım qəflətən soruşdu, həmin an ondan başqa heç bir ad ağlıma gəlmədi.

– Əla! – Sərdarov səsini ucaldıb tüklü qaşlarının altından gicbəsər baxışlarını xarab olmuş monometr oxu kimi sağ-sola çırpdı. – Əla! Bir kabinet ona ayırarıq, birini də mənə. Xəstələri gah o qəbul eləyər, gah da mən! İstəsən, sən də qəbul eləyərsən!

Sərdarovun dediklərini o, bir qədər sonra vağzalüstü bərbad küçələrin birindəki klinikanın geniş həyətinə girəndə başa düşdü. Elə bil qəflətən daxil olduğu fantaziya aləmi həqiqətən Sərdarovu düşüncədə ondan bir neçə addım irəli atmışdı, dedikləri ona xeyli sonradan çatırdı. Hasar boyu düzülmüş uca sərv ağacları, ləklərdə açmış qızılgüllər və budaqları əymiş, yetişmək bilməyən heyvalar buranın tibb personalından xəbərsiz Sərdarovun pişvazına çıxmışdılar. Bir və iki mərtəbəli dam-daşın əhatəsində sıxılmış bu kvadrat həyət sıralama çoxsaylı qapı və pəncərələri ilə tibb müəssisəsindən çox Bakının köhnə bazarlarından birinə oxşayırdı.

– Sən elə bilirsən, “Şəfa”dakı həkimlər bundan çox bilir təbabət elmini? – Sərdarov iti göstərərək ondan soruşdu. – Sən bunun gözlərinə bax, gör nə qədər dərin, məna dolu baxışları var. Noolsun danışa bilmir! O, xəstənin psixi panik həyəcanını bir dəqiqənin içində götürə bilər. Mən onu “Şəfa”nın qabağında bircə baxışından hiss elədim. Hə-əə... Nəymiş ə, bu fentezi ilə yaşamaq?! Sən də öyrən, keç bu sistemə, – ona da loğman olmağı tövsiyə elədi.

İt Sərdarovun fantaziya məhsulu ilə dolu nitqinə sakitcə qulaq asıb ağır baxışlarını qaldırdı, sonra da bir ağız yüngülvarı hürməklə deyilənlərə öz münasibətini prinsipcə razılıq əlaməti kimi ifadə etdi.

– Gördün? – Sərdarov dedi. – Bayaqdan niyə hürmürdü? Dinlədi, dinlədi, gördü söhbət ondan gedir, başa düşdü və hürməklə xoş münasibət bildirdi.

Sərdarov itə dedi ki, bura onun şəxsi klinikasıdır, birinci mərtəbədəki kabinetini ona verir, özü isə yuxarıdakı otaqlardan birinə köçür.

Loğmanları şəxsi klinikada qoyub öz işlərinin arxasınca gedən Musayev bir neçə gün əvvəl arzuladığı bu işə görə qətiyyən sevinmirdi. Böyük ölçü ilə götürəndə, on iki il çalışdığı bu idarədən qızının, nəhayət, kiriyib, ağlamamağını son haqq-hesab kimi almağı da ona kifayət edirdi. Bu halda nə işləməyin, necə işləməyin və ya ümumiyyətlə işləməməyin elə də böyük fərqi yox idi. Ona görə də iş haqqında yox, həyatın belə gözlənilməz dəyişikliklərini daha çox özündə əks etdirən qəribə nağıllar haqqında düşünmək onun üçün daha xoş idi. Çünki nağılda daha heç nə dəyişib alt-üst ola bilməzdi, onun sevinci də, kədəri də tanış, doğma və əsl həqiqətə daha yaxın idi. Musayevə elə gəlirdi ki, Sərdarovun son dərəcə ciddi bir təkandan sonra öz həyatını sərt reallıq və həqiqətlər müstəvisindən nağıllar və fantaziyalar aləminə keçirməsi Sərdarovun özündən çox onun həyatı üçün vacibdir. O, Sərdarovun yeni aləminə keçməyə, orada nəyin necə baş verdiyinə baxmaq istəmədi, çünki hələlik kiçik də olsa, bir nağılı vardı və tanış olmayan qütbün birindən digərinə tullanmaqdansa bu nağılla kifayətlənib yaşamaq daha rahat idi.

Onlar nərdivanla ağ xoruzun pipiyi dəyən göyün ikinci qatına çıxdılar. Bura aşqarlanmış ağımtıl metaldan olduğu üçün işığının parıltısı göz qamaşdırırdı. Onlar burada bir gəmiçi kişi ilə rastlaşdılar. Onun gəmisi aşağıda qayalara dəyib parçalanmışdı, ancaq o, gəmisi, gəmidə gətirdiyi heyvanlar, quşlar haqqında onlara heç nə demədi, hətta inandırmaq istədiyi adamların ondan üz döndərdiyini də xatırlatmadı. Gəmiçi uzun müddət bu dağlarda tənha qalmışdı, onları sevinclə qucaqladı və mehribanlıqla yola saldı. Onlar nərdivanla yenə qalxdılar. Göyün üçüncü qatının da darvazasını döyəndə onlardan yenə soruşdular: kimsiniz? Əhmədin dostu yenə cavab verdi və onları içəri buraxdılar. Buralar çox qiymətli daş-qaşlarla bəzədilmişdi, bu daş-qaşın da parıltısı göz qamaşdırırdı. Burada çox ucaboylu birisi vardı, özü də onun gözlərinin arasındakı məsafə yetmiş min günlük yol uzaqlığında idi. Buradaca onun hökmü altında saysız-hesabsız silahlı qoşunlar döyüşə hazır vəziyyətdə durmuşdu. O-o, bu qoşun yola çıxsaydı, onun ayağının altından qalxan toz dünyadakı bütün canlıları boğub öldürərdi. Ucaboylunun qabağında özü kimi yekə bir kitab vardı, o, kitaba tez-tez nəsə yazır, nəsə pozurdu. Dedi ki, yer üzündə elə adam yoxdu ki, onun adı həmin kitaba düşməsin. Dedi ki, onun pozduğu adamlar həmin an həyatını bitirib ölənlər, yazdıqları isə təzə doğulacaq adamlardı. O fikirləşdi ki, nağılın bu hissəsini başa düşmək qızı üçün çətin olacaq, odur ki, onu qızına deyil, kadrlar idarəsindəki gözəl qadına danışdı.

Faciənin rəmzi nəticələrini öz səsindən və görkəmindən birinci mərtəbədəki şəkilli qara stendə köçürmüş qadın kreslosunda oturub diqqətlə onu dinləyirdi: hərdən üzündən oğrunca, fərari kimi qaçan təbəssüm qırığı onun ciddi görkəmini bürümüş gizli bir səbir və hövsələ sehrinə düşüb oradaca donurdu. Hərdən qadın öz qara donunda ram olunmağa hər an hazır neft fəvvarəsinə oxşayırdı. Sanki əlində öz taleyi kimi soyuqqanlıqla oynatdığı qələmi stolun üstündəki yerinə, başqa qələmlərin arasına qaytarıb qoysaydı, bu nağıl sahilboyu mədənlərə, dənizdəki platformalara qədər çatıb orada adamların işinə mane olacaqdı.

– Bəlkə səni ciddi bir vəzifəyə təyin eləmək istəyirlər, – qadın əlindən boşlayıb stolun üstünə uzatdığı cansız qələmin qırmızısına incikliklə baxa-baxa dedi. – Sən orda da belə nağıl danışacaqsan?

– Nədir, pis nağıldı bəyəm? – o, tam ciddiyyəti ilə soruşdu.

– Mənə danışdın bəsdir, daha buralarda heç kimə danışma,– xanım da tam ciddiliklə cavab verdi. – Adamlar müxtəlifdir, birinin nağıldan xoşu gəlir, birininki gəlmir, biri inanır, o biri mənim kimi belə şeylərə o qədər də inanmır. Çünki külək əsir, tufan qopur, partlayış baş verib platformanı dağıdır və 27 neftçi dənizin qara sularına qərq olur. Meyitləri də tapılmır. Başa düşürsən? Bu, nağıl deyil, reallıqdı, sərt və qəddar reallıq. Ona görə burada nağıla yer yoxdu.

O, bəzəkli koridoru gedə-gedə, pilləkənlərlə ikinci mərtəbəyə enə-enə ərkyana da olsa, qınaq dolu səsi maqnit yazısı kimi təkrar dinləyir və xanımın onu başa düşmədiyinə təəssüflənirdi.

Ağbaş rəis birinci dəfə gördüyü kimi sarsılmaz deyildi, elə bil payızın qəfləti gecə şaxtası vurub yuxarıda bir neçə yarpağını saraltmışdı. Hər şey öz yerində olsa da, otaq insanların ölüm xəbəri ilə sanki dəyişib xeyli adiləşmiş, hüznlü, fani bir görkəm almışdı. Dəyişəni tapmaq mümkün deyildi, amma o vardı hiss edilirdi, hətta stolun üstündə su butulkalarının təzə peyda olmuş kölgəsi kimi gözlə görünəni də vardı. Rəislər rəisi təkcə narahat görünmürdü, dənizdəki qəza sanki onun təzə kostyumuna toxunmadan içində canını əzmişdi: dodağı da uçuqlamışdı, səsi boğazında ilişib xəfiflənmişdi. Həmişə sarsılmazlığı ilə seçilən adamlar belə hallarda o qədər yazıqlaşır ki, onları görməyə peşman olursan.

Rəis qəza haqqında danışırdı, amma danışığında elə bil 34-cü platformanın estakadası üzərinə qalxmağa, orada baş verən faciəyə, adamları udmuş dənizə baxmağa, hətta onların adını belə çəkməyə nədənsə qorxurdu. Eləcə platformanın neçə kilometrliyindəsə katerini dayandırıb kapitan körpüsünün qalın şüşəsi arxasından irəli baxır, akvatoriyada axtarışların hələ davam etdiyini az qala qürur hissi ilə deyirdi.

– Qızınız necədi? – rəis ondan soruşdu. – Yenə ağlayır? O sizi necə xilas etdi! – dodağını yüngülcə dişləyib başını yırğaladı.

Borularını Avropaya uzatmış bu nəhəng müəssisənin ağlı-qaralı neft işlərində, dərinliklərində insan meyitlərini gizlədən dənizin sirli kəhkəşanında kiçicik bir nöqtə kimi də görünməyən qızının adının səslənməsi ona qəribə, bir az da qorxunc göründü. Keçən dəfə nəsə belə olmamışdı rəislə danışanda, hətta çox istəmişdi ki, rəis ona sahildə bir iş təklif etsin. Etməmişdi. İndi Sərdarovun nağıllar və fantaziyalar aləmindən uzaqda buna sevinən kimi oldu.

– Yox, daha ağlamır, – o dedi.

– Möcüzədi! Möcüzədi! – gözü qorxmuş rəis sanki bu möcüzənin də yaxınına getmədən uzaqdan-uzağa dedi və tez də mətləbə keçdi. – Bizim bu sahil strukturunda vakansiya yaranıb, texniki standartlaşdırma idarəsində. Dedim sizi ora dəvət etsinlər. Amma bir şərtlə, – rəis barmağını qaldırıb onun gözlərinə baxa-baxa gülümsündü. – İşə başlayandan sonra məni qızınızla tanış edərsiniz. Mən onu görmək istəyirəm.

Ona elə gəldi ki, haradasa yaxınlıqda, həyətdə it hürdü, Loğmanın səsinə oxşadı. Səsdən sonra bütün bu idarə dəniz, sahilboyu gen-bol yerləşmiş başqa idarələr kiçilməyə və qızı ilə müqayisədə tamam əhəmiyyətsizləşməyə başladı. Onun fikri, xəyalı birdən-birə aydınlaşmağa, orada yaranan hiss, həyəcan öz-özünə sakitləşib yerbəyer olmağa başladı. Kimsə onu yer üzündən qaldırıb göyün birinci qatına qoydu. İndi də ürəyi Dağüstü park yoxuşunu qalxanda olduğu kimi bir anlığa dayanıb hər şeyi ona tamam başqa, həqiqi rəng və ölçülərdə göstərdi. Hər tərəf ağımtıl rəngdə idi, ağ xoruz orada dayanmışdı, yuxarı baxmaqla da bu bir cüt ayağı sonadək görüb qurtarmaq olmurdu. Haradasa lap yuxarıda xoruzun göylərə dəyən qıpqırmızı pipiyi, dimdiyi, gözləri olmalı idi, amma onlar görünmürdü, sanki xəyal məhsulu idi. Birdən xoruz ayağını azacıq tərpətdi və onun ayağının altında yerindən oynayan müstəvinin böyüklüyü təsəvvürə sığmadı. Aşağı baxanda o, qızından başqa heç nəyi və heç kimi görmədi.

– Mən fikirləşərəm, –nəhayət, o dedi. – Əgər siz bu təklifi mənə işdən çıxanda etsəydiniz, buradan birbaşa texstandarta gedərdim. İndi vəziyyət bir qədər dəyişib.

– Noolub, qızın səhhətində problem tapılıb?

– Yox, – o dedi. – Problem tapılmayıb, birdən-birə mənim “Loğman” adında iki dostum tapılıb.

O, yuxarı mərtəbədəki gözəl qadına baş çəkmədən gözəl binanı tərk edəndə iki Loğmanın ikisi də güllü-çiçəkli həyəti qoruyan şlaqbaumun qarşısında onu gözləyirdi. Sərdarov ağ xələtində, o biri Loğman belindəki Xəzər dənizi şəklinin altında əvvəlki vaxtlara nisbətən xeyli nikbin görkəmlə var-gəl edirdilər. Adı dillər dastanı, boruları dünyanı dolaşan bu qara qızıl idarəsinin qarşısında it Sərdarovdan daha sanballı yerişlə şlaqbaum boyu irəli-geri yeriyirdi və ona baxanda itin adamdan daha dərin düşüncə və fantaziya qatına enə bildiyini ehtimal etmək heç də çətin deyildi. Sərdarov dərhal öz fantaziya aləmindən başını çıxarıb ona təpindi:

– Ala, nə gəlib giribsən yenə bu korrupsiya idarəsinə?

İt isə özünün sanballı düşüncə və fantaziya aləmindən kənara heç gözünün ucu ilə də baxmadı.

– İş təklif eləyirlər, – o dedi.

– Nə iş?! Nə iş?! – Sərdarov tez-tez öşələdi və onun qolundan yapışıb maşına tərəf apardı. – İş bu yandadı: Nazim ölüb! Məni çağırıblar “Şəfa”ya.

– Səni niyə?

– Mən ogünkü günə qədər kardiologiya professoruydum. O gündən bəri meyitlər professoruyam. Ha-aha-ha! Fantaziya mənim deyil? Kefim belə istəyir. Lazım döyüləmsə, çağırmasınlar. Elə döyülmü, a Loğman-2, sənin qadoyu alım? – əyilib itin üzünə baxa-baxa ondan ciddi tərzdə soruşdu və cavab yerinə yalnız Xəzər dənizini tumarlamağa layiq görüldü.

İt bu səfeh danışığı vecinə almadan şlaqbaumdan maşına qədər olan on-on beş addım yolu bayaqkı gümrahlıqla keçib qapı önündə dayandı və nə fikirləşdisə, birdən başını qaldırıb eynən yalquzaq kimi dəhşətli hüznlə uladı. Sərdarov itin “u” səsləri ilə dolu bu ulamasını diqqətlə dinləyə-dinləyə sanki yuxudan oyanmağa başladı, elə bil Sərdarovun bütün əqli, düşüncə və dərrakəsi onun cismindən çıxıb xeyli uzaq məkanlarda pərvəriş tapmışdı və ora yalnız itin hüzn dolu ulartısı gedib çatır və akademikə nələrisə ən son biçimdə anlada bilirdi.

– Nazimin ölümü bir günlük, uzağı, bir həftəlik işdi, – o dedi. –Sonra yenə haradasa işləmək lazım gələcək. Nə məsləhət görürsən, qayıdım bura?

– Mən məsləhət görmürəm, – Sərdarov bir an belə düşünmədən dedi. – Loğman ikidən soruş, bəlkə o, məsləhət biləcək.

Bir anlığa susub Loğman ikidən cavab gözlədilər, cavab yerinə idarəyə məxsus limandakı katerlərdən birinin xırıltılı fiti göyə yüksəldi. Elə bil o da itin yuxarılara göndərdiyi “uuu”lara işarə etdi.

davamı burda

news-inner-user
Səfər Alışarlı

16 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Böyük Azərbaycan şairi məşhur şeirlərini oxuyur - Video
12:11 08 Dekabr 2019
"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019