news-inner
clock12:17 calendar-gray 04 Mart 2019 view-gray630 dəfə oxunub
view-gray630 dəfə oxunub

Amerikalı yazar Azərbaycanlı şairdən yazdı - Resenziya

Bu günlərdə gənc şair Fərid Hüseynin Amerikanın “Mundrus Atrium Press” nəşriyyatında "Kəpənək dərsi" (“Studying a butterfly”) adlı kitabı çap olunub. Şeirlər kitabını ingilis dilinə tənqidçi Cavanşir Yusifli tərcümə edib, nəşrin redaktoru tanınmış şair “BookMan Prize” laureatı şair Gjeke Marinajdır. Kitab haqqında Korri Kezar məqalə yazıb. Korri Kezar “Dallas Business” jurnalının redaktorudur və yazıçıdır. O, kiçik hekayələr qələmə almaqla bərabər həm də bir çox kitablara resenziyalar yazıb.

Kulis.az Korri Kezarın yuxarıda adı çəkilən kitab barədəki “Fərid Hüseynin “Kəpənək dərsi”: İtki və eşq” adlı resenziyasını təqdim edir:

Vətəni Azərbaycanda ədəbiyyatçı kimi yetişən, ilhamını ərəb hekayətləri, fars poeziyası, rus ədəbiyyatı, fransız fəlsəfəsi və xristian mətnlərindən alan, bu cür ən müxtəlif qaynaq və mənbələr içində sırf milli şair kimi yetişən Fərid Hüseyn öz şeirlər toplusu ilə ölüm və yenidən doğuluş, tənhalıq və ümidin canlı obrazlarını yaradır. “Kəpənək dərsi” şeirlər toplusu eşqi əski və modern metaforaların sınağına çəkir, ordan sevən, ağrıyan və ümidsizlikdən göynəyən qəlbin tarixçəsini orijinal biçimdə – bütün çaxnaşma və təbəddülatlarıyla birgə təqdim edir. Şair dünyanın yaradılması ilə bağlı qənaətində Adəmin öz qabırğasını Həvvaya “bağışlamasını” ən müasir obraz və məcazların içindən keçirərək qələmə alır. Məsələn, bu məqamda aşiqin öz sevgilisinə görə ovcunda quşlara dən verməsini xatırlayaraq hər şeyi eşqə qurban etməsi vurğulanır.

Fəridin şeirləri ürək çırpıntılarıdı. O şeirlərdə aşiqin əliylə ayrılığa toxunmaq kimi həssas məsələlər yer alır. Aşiq sevgi, məhəbbət itkisini dərindən-dərinə yaşayır, burda heç şübhəsiz ki, hansısa romantik halədən, bəzək-düzəkdən, dekorasiyadan söhbət getmir, ailə itkisindən söz açılır və misralar oxucunun əlini, üzünü, nəfəsini yandırır. Yusif peyğəmbərdən bəhs olunan şeirində (“Yusif Peyğəmbərə danışdığım yuxu”) Fərid Hüseyn atasının ölümündən sonra anasının hiss etdiyi, onun dünyasına hopan qaranlığı quyuya atıldıqdan sonra Yusifin tuş gəldiyi zülmətlə müqayisə edir. Sevgidə əli boş qalmaq, yanıb kül olmaq kimi cizgilərdən Fərid qəfildən müharibənin səbəb olduğu əzablara keçid edir, onları sanki ürəyinin, hissiyyat dünyasının dibindən çıxarıb göstərir. “Qadınım öləndə hamı güllə səsində gizlənmişdi” kimi güclə, enerjiylə dolu poetik ifadələrdən istifadə etməklə o, müharibədə qətlə yetirilən sevdiyi insanı dəfn etməyin ifadəolunmaz dərdini dilə gətirir.

Bununla belə, Fəridin mətni itki və ayrılığı incə şəkildə fəhm edə bildiyi kimi dirçəlmə və yenidən doğulma kimi məsələləri də məharətlə şeirə çevirə bilir. Kitabın adı şeirlərin hər hansı birində xatırlanmasa da, həmin kəpənəyin qanadları hər bir misrada varlığını hiss etdirir, – bu misralarda sevən bir ürəyin atəşi, yanğısı ilə qanad çalan kəpənəyin tozunu da görə bilərsiniz. “Uçduğuma görə qanadımdan vurulmuşam” deyən Fərid, buna baxmayaraq, sonra “Peşman deyiləm” yazır. İnsanın başına həyatda nə gəlirsə gəlin, şairin qənaətincə ümid həmişə var, hər bir başlanğıcda onun sonu gizlin şəkildə yaşayır, bu mənada şairin ümidi misralar arasında qaynaşan enerjinin bətnindədir. O, bir şeirdə “gül eşqinə yağış olmalısan” deyir və sonra əlavə edir: “İnsan eşqilə Allah olmaqdansa, Allah eşqiylə insan ol. Onda biləcəksən ki, körpələr qurşunların acığına doğulur”.

Şair, esseist, tərcüməçi, jurnalist və redaktor kimi fəaliyyət göstərən Fərid Hüseynin şeirləri bir neçə ölkədə, o cümlədən, Rusiya, Belarus, İngiltərə, Türkiyə, Ukrayna, Serbiya və Gürcüstanda tərcümə və nəşr edilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Kaspi” qəzetinin Ədəbiyyat əlavəsinin redaktorudur. Azərbaycanın Kürdəmir şəhərindən olan Fərid Hüseyn Slavyan Universitetində də təhsil alıb və hazırda ədəbiyyat üzrə dissertantdır (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi). “Kəpənək dərsi” toplusunu ingilis dilinə Cavanşir Yusifli tərcümə edib.

Həyatın itki və ümidsizlik kimi dəhşətli yaşantılarına şəfqətlə dolu mətnlər, iztiraba rəğmən təravətləndirici ümid işartısı bu kitabdakı şeirlərdə dominant plandadır. Fəridin yeni kitabı, zənnimizcə, onun yaradıcılığında yeni sözdür. Bu kitab onun qəlbinin dərinliyindəki mənbələrə edilən istinadlar zənginliyi və çoxqatlılığı ilə seçilir. Fəridin yazı üslubu zərif və orijinaldır, o, adi ştrixlərlə insanlığın ən keşməkeşli savaş və zəfərlərini təsvir edir.

İngilis dilindən tərcümə edənlər: Cavanşir Yusifli, Şəbnəm Mikayılova

news-inner-user

15393 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bulvar yazıçıları: Rövşən Abdullaoğlu, Elxan Elatlı, Varis, Qaraqan...
12:07 03 İyun 2020
Tövrat Azərbaycan dilinə tərcümə olunur
11:30 03 İyun 2020
Avtobusda öpüşdüyüm maskalı qız
11:02 03 İyun 2020
Anın şeirini yazan yeganə şair - Şərif Ağayar yazır...
10:29 03 İyun 2020
5 sözlük şedevr – Günün şeiri
09:45 03 İyun 2020
Nigar Camal: "Yekəqarın kişiləri xoşlayıram" - Müsahibə
09:01 03 İyun 2020
Seks haqqında aforizmlər
21:00 02 İyun 2020
Vatikan muzeylərinin fəaliyyəti bərpa edildi
18:50 02 İyun 2020
Bakı 1937-ci ildə... - Repressiya illərindən maraqlı video
18:11 02 İyun 2020
“Yarımçıq qalmış” onlayn göstəriləcək
17:30 02 İyun 2020
Ərli qadına gül bağışlayan ayı - Gürcü hekayəsi
16:49 02 İyun 2020
Nikahdan kənar oğlu oldu, sevdiyinə həsrət qaldı, xəstəxanada ürəyi partladı – Məşədi İbadı yaradan sənətkardan maraqlı faktlar
16:10 02 İyun 2020
17 yaşlı rejissorumuzun filmi ABŞ-da qalib oldu
15:31 02 İyun 2020
"Başımı kəssəniz də..." - Çexovun pandemiya məktubu
14:53 02 İyun 2020
Niyaməddin Musayevin saçları - Sərdar Amin yazır...
14:18 02 İyun 2020
Xalq artistinə abidə qoyuldu - Fotolar
13:40 02 İyun 2020
“Vəsiyyət” tamaşası nümayiş ediləcək
13:11 02 İyun 2020
Dahi şairin qohumu: “Onun nəslindən olduğumu bilmirdim”
12:35 02 İyun 2020
İkinci qatda səni öpdüm – Təbrizli şairdən modern şeirlər
12:03 02 İyun 2020
Məşhur rejissor polis cinayətinə film həsr etdi
11:39 02 İyun 2020