"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?
22 dekabr 2025
# 12:00

Kulis.az "Tarixiin kulisi" layihəsindən "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini Şəfi bəy Rüstəmbəyli haqqında materialı təqdim edir.

Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi tarixində nadirən xatırlanan, amma fəaliyyəti bütöv bir dövrü əhatə edən simalardan biri də Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəylidir.

O, 1893-cü il mayın 3-də Nuxa qəzasının Aydınqışlaq kəndində dünyaya gəlmişdi. Erkən yaşlarından ictimai fəaliyyətə meyil göstərən Şəfi bəy orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurduqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur.

Kiyevdə oxuduğu illərdə o, təkcə tələbə kimi deyil, təşkilatçı və ideya adamı kimi də formalaşır. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının rəhbər simalarından birinə çevrilən Şəfi bəy 1916-cı ildə ali hüquq təhsili alaraq Gəncəyə qayıdır. Burada dairə məhkəməsində çalışmaqla yanaşı, şəhərin mədəni və ictimai həyatında fəal iştirak edir.

undefined

***

1917-ci il Şəfi bəy Rüstəmbəylinin siyasi baxımdan tam formalaşdığı dövrdür. Həmin ilin aprelində Bakıda keçirilən Azərbaycan müsəlmanlarının qurultayında o, Azərbaycana muxtariyyət verilməsi tələbi ilə çıxış edən qətiyyətli nümayəndələrdən biri olur. Elə həmin ilin mayında Moskvada Rusiya müsəlmanlarının qurultayında da iştirak edir.

Zaqafqaziya Komissarlığı və Seymin müsəlman fraksiyasında fəal mövqe tutan Şəfi bəy, eyni zamanda, Azərbaycan Milli Şurasının Tiflis və Gəncə bölmələrində çalışır. 1918-ci il sentyabrın 15-dən etibarən Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan rusdilli “Azərbaycan” qəzetinin redaktoru təyin olunur. Onun qələmindən çıxan məqalələr dövrün siyasi və ictimai mənzərəsini aydın şəkildə əks etdirirdi.

***

1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinə deputat seçilən Şəfi bəy Rüstəmbəyli eyni zamanda “Azərbaycan” qəzetinin baş redaktoru idi. O, Azərbaycan parlamentində ilk milli mətbuat haqqında qanun layihəsini hazırlayıb qəbul etdirən şəxs kimi tarixə düşür.

Hökumətdə isə o, əvvəlcə Daxili İşlər Nazirliyində dəftərxana müdiri, 1920-ci ilin martından etibarən isə nazir müavini vəzifəsini icra edir. Aprel işğalı günlərində parlamentdə gedən mübahisələr zamanı Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə silahlı müqavimətin tərəfdarı olur. Lakin tarixi proseslər Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnir.

Parlamentin son iclaslarından birində Rəsulzadənin istilanın qaçılmaz olduğunu kədər içində dilə gətirdiyi anda zalda ağlama səsi gəlir. Şahidlərin xatırladığına görə, bu, “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəylinin hönkürtüsü idi.

undefined

Oturanlar: Şəfi bəy Rüstəmbəyov (soldan), Məhəmməd Əmin Rəsulzadə (ortada) və Məşədi Əli Rəfiyev (sağda)

***

1920-ci il aprelin 28-dən sonra Şəfi bəy əvvəlcə Tiflisə köçür və burada “Azərbaycanı xilasetmə komitəsi”nə rəhbərlik edir. Gürcüstanın da 1921-ci ildə işğalı onu Türkiyəyə aparır. İstanbulda başlayan mühacirət həyatı onun üçün həm ağır, həm də məhsuldar olur.

1923–1927-ci illərdə “Yeni Qafqaziyyə”, 1928–1931-ci illərdə “Azəri türkü”, 1928–1930-cu illərdə “Odlu yurd”, 1932-ci ildə isə “Azərbaycan yurd bilgisi” jurnal və qəzetlərini nəşr etdirir. Bu nəşrlərdə dərc olunan məqalələr Azərbaycanın istiqlal tarixinin mühacirətdə yazılan davamı idi. “Azərbaycan yurd bilgisi”nin bütün nömrələrinin bu gün Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunması da bunun təsdiqidir.

Mühacirlərin ağır maddi vəziyyəti Şəfi bəydən də yan keçmir. Ədalət Tahirzadənin sözlərinə görə, bu çətinlikdən onu dostları çıxarır:

"Şəfi bəyə kömək etdilər. Xəlil bəy Xasməmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı - onlar kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük".

***

Türkiyənin tanınmış qəzet yazarı Murad Çulcunun 1990-cı ildə İstanbulda nəşr etdirdiyi "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" adlı kitabında bildirilir ki, Şəfi bəy Rüstəmbəyli İstanbula gəldiyi gündən qızğın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüfdoğuracaq qədər az idi – cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy Rüstəmbəyli olur. Hüquqşünas ixtisası yenə də onun köməyinə gəlir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı:

"1918-ci ildə Bakıda partiyalar varmıydı?",

"Bu partiyaların birinə mənsub idinizmi?",

"Azərbaycan" qəzetində fəaliyyətiniz nədən ibarət idi?",

"Hansı mövzuda məqalələr yazırdınız?",

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?"

Şəfi bəy soruşulan bütün suallara böyük ağıl-zəka və doğru-dürüst cavab verir, məhkəməni çaşdırırdı. Bilərəkdən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə və "Azərbaycan" qəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: "Azərbaycan"ın mətbəəsi Bakının harasında yerləşirdi?" və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli" qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün? Dalbadal suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və o, hazırladığı protokolda onu belə ifadə edir:

"...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? Müsavat Partiyası üzvlərindən "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır".

Nəticədə, cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur, qatil bəraət alır, cəzasız qalır.

Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır:

"Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı".

Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

***

Şəfi bəyin atası Mustafa bəy Rüstəmbəyov Qəbələ bölgəsinin tanınmış bəylərindən idi və Cümhuriyyət ordusuna etdiyi yardımlarla yadda qalmışdı. 1920-ci ildə bolşeviklər tərəfindən güllələnməsi ailənin taleyində dərin iz buraxır. Qohumu Əliağa Şahmalıyevin sözlərinə görə, sovet dövründə ailədə Şəfi bəyin adını çəkmək belə qadağan edilmişdi:

"Rüstəmbəylilər çox böyük nəsil olub. Mən Şəfi bəyin qardaşı Hacı bəyin qızının oğluyam. Şəfi bəy mənim anamın əmisi idi. Sovetlərin gəlişindən sonra başqaları kimi Rüstəmbəyovlar zülmə düçar oldular. Bəziləri Rüstəmov oldular - bəy sözü silindi. Şəfi bəyin atasını Sovet hökuməti güllələdi. Mustafa bəy Qəbələ bölgəsinin ən sayılan adamlarından olub. İndiyə kimi də insanlar "Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol" deyə xatırlayırlar. Şəfi bəyin qardaşı Cəfər bəy Tiflisin baş terapevti idi. Onlar Tiflisdə yaşayırdılar. M.C.Bağırov onu Bakıya işə dəvət etdi və 6 aydan sonra güllələdi. Nənəm danışırdı ki, onu məhbəsdə az qala acından öldürmüşdülər..."

Bu ailənin digər üzvləri də repressiyalara məruz qalmış, bəziləri isə mühacirətə üz tutmuşdu.

undefined

Mustafa bəy Rüstəmbəyov

***

Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda “Vətən”, “Azərbaycan” deyərək dünyasını dəyişir. Uzun illər məzarı naməlum qalsa da, sonradan onun Feriköy məzarlığında dəfn edildiyi müəyyənləşdirilir.

O, silahla yox, qələmlə, tribunada yox, mətbuat səhifələrində, məhkəmə salonlarında mübarizə aparan istiqlal adamı idi. Şəfi bəy Rüstəmbəylinin həyatı Azərbaycan mühacirət tarixinin vicdanlı, ləyaqətli və ağrılı səhifələrindən biridir.

Şəfi bəy Rüstəmbəylinin ailə məzarı

# 147 dəfə oxunub

Oxşar xəbərlər

Səlim Babullaoğlunun kitabı Danimarkada  nəşr olundu

Səlim Babullaoğlunun kitabı Danimarkada nəşr olundu

13:35 22 dekabr 2025
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi - Sərəncam

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi - Sərəncam

13:16 22 dekabr 2025
Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

12:46 22 dekabr 2025
Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açıldı

Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açıldı

12:45 22 dekabr 2025
Orta Asiyanın "kobız" və "yurt"u  UNESCO-nun Ümumdünya İrs  Siyahısında

Orta Asiyanın "kobız" və "yurt"u UNESCO-nun Ümumdünya İrs Siyahısında

12:25 22 dekabr 2025
Amerikalı aktyor intihar etdi

Amerikalı aktyor intihar etdi

12:05 22 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər