Ölüm gününə gülən Xəyyam Mirzəzadə

 Ölüm gününə gülən Xəyyam Mirzəzadə
31 iyul 2018
# 12:00

Bu gün bəstəkar, Dövlət Mükafatı laureatı Xəyyam Mirzəzadə vəfat etdi. Xəyyam Mirzəzadə Azərbaycan filmlərinə, tamaşalara estrada və caz pyeslərinə, mahnılara musiqi yazıb.

Tanımayanlara onu “Yeddi oğul istərəm” filminə yazdığı musiqi ilə tanıdırlar. Bununla da insəcənətlə mütəmadi maraqlanmayan kəs belə anlayır ki, bir kino epoxası, sənət epoxası qapanmışdır. Həm də bu, kütləvi rəyə yarınan hansısa populist bir fikir deyil. Həqiqətən də, Azərbaycan incəsənəti tarixində başqa qaydalarla, başqa meyarlarla işləyən, fəaliyyət göstərən bir nəslin sonuncu nümayəndələri ilə vidalaşırıq. O nəsil ki, rəssamları, bəstəkarları, şairləri, yazıçıları bir-biri ilə yaradıcı əlaqə saxlayırdı.

Xəyyam Mirzəzadə ilə iki, ya üç dəfə müsahibə üçün görüşdüm. Balaca qeyd dəftərçəsi vardı, ora bəzi adamlara, məmurlara taxdığı ayamaları, cəmiyyətə qoyduğu diaqnozları yazırdı.

Təhsil, istedad öz yerində, amma məncə, insanda bundan daha artıq bir kod olmalıdır. Nəsillərdən gələn, genetik bir bağ olmalıdır. Ki, bununla o, dünyanı hiss edə bilsin. Dünyada rahat ola bilsin. Xəyyam Mirzəzadədə bu genetik bağ, kod var idi. Məhz buna görə, o, Şərq müdriki kimi rahat idi.

Hər kəsə rahatca sözünü deyirdi. O qeyd dəftərçəsinə qoyduğu yazdığı diaqnozlarda dəhşət və yumor birləşirdi. Bu müdriklik olmasa, o dəftərçəyə yazdıqları dəhşətli diaqnozlarda yumor olmazdı (Bura yazılası olmayan ifadələri xatırlayıb gülümsəyirəm indi).

Sanki bu adam əsasını yerə yox, yüz illərlə möhkəmlənən hikmətlərə basırdı. Bu möhkəmlikdən güc ala-ala söymək istədiyini söyür, pisləmək istədiyini pisləyirdi. Bu icazəni ona özü vermişdi.

Məsələn, Eldar Quliyevin “Nizami” filmini tənqid edib deyirdi ki, Nizaminin üzü “rafinirovannıy”dır. Yəni, emal olunmuş. Ya da Rasim Balayevin Nəsimisini. Və bir çox müsahiblər kimi “bunları vermə, Eldar inciyər” demirdi. Çünki onun üçün Nizaminin, Nəsiminin xətri əziz idi. Həm də Xəyyam Mirzəzadəni bu məsələlərdə aldatmaq olmazdı.

Və mili kino, musiqi məhz bu xarakterlərin, daha doğrusu, böyük sənətə, sənət kodlarına, ənənəyə söykənən şəxsiyyətlərin hesabına uğurlu nümunələr yarada bildi. Xəyyam Mirzəzadə yaradıcılığı ilə sübut etdi ki, ənənə var və kimsə bu özül ənənənin üstündə yox, onun kənarında nəsə tikirsə və uçulursa, bu, onun yoxluğu demək deyil.

Bir də bu tikilini kiməsə göstərməzdən qabaq özün üçün tikirsən.

Tikili demişkən, müsahibədə özü adının mənasını bizə izah etmişdi:

“Xəyyam çadır qurana deyirlər. Çadır siz bilən çadır deyil, dünyanın, kürreyi-ərzin çadırıdır. Mən öz adımı qazanmağa çalışıram.”

Bakıda, “İdeal” mağazasının üstündəki çoxmərtəbəli hökumət mənzilində necə çadır quran adını doğrultmaq olar?

Xəyyam Mirzəzadə əli əsalı obrazı ilə, qəribə ruh rahatlığı ilə çadır qura-qura dünyanı seyrə çıxan adamı xatırladırdı.

Sonuncu görüşdə mənə kitabını verdi, dedim, oxuyub qaytararam. Dedi, yalan demə, sizin tayfa heç nəyi qaytarmır. Heç olmasa apar oxu. Dedim, mən qaytaracam. “Dəqiq onlardansan, qaytaran deyilsən” - deyib güldü. Kitabı qaytarmadım həqiqətən. Üstə qoydum ki, yadıma düşsün, yolum düşəndə qaytarım. Kitab bir görüş imkanı kimi uzun müddət orada qaldı. Uzun sözün qısası, Xəyyam müəllim deyən kimi oldu.

Xəyyam Mirzəzadə - bu günə gülə bilən adam...

# 1397 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #