“Gəlib burda “Can-cana” oynayanlar vardı” - Şəkidəki “Art-Klub”dan Reportaj

“Gəlib burda “Can-cana” oynayanlar vardı” - <span style="color:red;">Şəkidəki “Art-Klub”dan Reportaj
26 iyul 2018
# 09:01

Kulis.az Hədiyyə Şəfaqətin Şəki şəhərindəki “Art-Klub”dan yazdığı reportajı təqdim edir.

Ağır açılan qapını itələyib içəri keçirik. Bir az sərin, bir az günəşli, bir az yağışlı, qarışıq havadır. Burayacan gəzə-gəzə gəlmişik. Adını eşidib, özünü görmədiyimiz məkana - Art-Kluba...

Bizi gülərüz ofisiant, caz və qəribə ab-hava qarşılayır. Genişlikdir, divardan rəsmlər asılıb, ortada düzəldilmiş rəfdə bir-iki əl işi və kitablar var. Keçib əyləşirik, başqa bir masada bir neçə kişi və bir xanım əyləşib. Başımızla salamlaşırıq. Nədənsə, başqa müştərilərlə salamlaşmaq ağlımıza gəlməyib. Sonra buna gülürük. Bizdə günah yoxdur, məkanda nəsə qəribə doğmalıq havası var.

Üstündən yarım saat keçmiş, içəridəki bütün rəsmlərə baxmışdıq. Ofisiantla tanış olmuşduq. Söhbət etmişdik. Dostlarımızdan biri qalxıb bir şeir də oxumuşdu.

Yolüstü, təsadüfi yer olmadığı ilk baxışdan bilinirdi.

Marağımızı görən klub sahibləri yaxınlaşırlar, tanış oluruq. Dostumuz daha bir şeir oxuyur. Birlikdə alqışlayırıq.

Durub gedirik. Lakin mən bura bir də qayıdacağam, bu dəfə başqa məqsədlə.

Onlar üç dostdurlar. Əvvəl ikisi başlayıb, ideya da elə ikisindən gəlir, iki rəssam - Zaur və Asim.

Zaur Əhmədov 1989-cu ildə Şəki şəhərində anadan olub. Şəki uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsində təhsil alıb. Rəssamlıq Akademiyasını bitirib. Ha-hazırda Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam vəzifəsində çalışır.

Asim Abbasov 1986-cı ildə Şəki şəhərində anadan olub. Şəki Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Və Tural...

Hazırki əsas şəkil

- Asimlə uşaqlıqdan dostuq, Uşaq İncəsənət Məktəbindən. Məndən üç sinif yuxarı oxuyub. Əslində, təhsili başa vurduqdan sonra başqa-başqa işlərdə çalışırdıq. Mən zərgər işləyirdim, sonra Rəsm Qalereyasında bərpaçı-rəssam kimi çalışmağa başladım. Bir gün sərgilərin birində görüşdük, danışdıq. Şikayətimiz eyniydi, Şəkidə fəaliyyət azdır, sönükdür. Bir müddət sonra bizə başqa rəssam dostlarımız da qoşuldu, Şəkidən gedib rəssamlıq təhsili alıb qayıdanlar, belə bir fikrə gəldik: Biz varıqsa, nə çatışmır? Sən demə, çatışmayan elə bu klubun varlığıymış. İdeya yarandı, sonra ideyadan işə keçdik... – Söhbətə Zaur başlayır

- Zaur haqlıdır, sənətdən tamam uzaq düşmüşdük. – Asim ortağının fikrinə dəstək verir - Mən sahibkarlar təşkilatında işləyirdim, sonra keçdim bank işinə, sonra oteldə işlərim. Amma rəsmə həvəsim keçməmişdi, az-az çəkirdim. Birdəncə işdən ayrıldım. Dedim, qayıdıram sənətimə, rəssamlığa. İşlərimi çəkirdim, az-az, gizli-gizli də olsa. Lap elə az olsun, amma çörəyim də sənətdən gəlsin istədim. Sevmədiyim işdə işləyib çox qazanmaqdansa, sevdiyim yerdə olum, eybi yoxdur.

- Deyəsən, bu, sənət adamlarının ümumi kabusudur...

Gülüşürlər, razılaşırlar

- Amma olmur ki... İnsan bir gün ən gəlirli işini atıb sevdiyi yerə qayıtmaq qərarına gəlir. Elə Zaur da qalereyaya həmin səbəbdən gəlmişdi. O da çəkməyə başlamışdı. Beləliklə, həmin sərgidə ağlımıza gəldi, bir halda ki, ikimiz də qayıtmışıq, ikimiz də ayrı-ayrılıqda davam etmək qərarına gəlmişik, gəl özümüzə bir emalatxana yaradaq. Həm orda satış təşkil edək, həm digər rəssam tanışlarımızı cəlb edək. Bir-iki dəfə hansısa çayxanada, kafedə oturduq. Emalatxana yaratmağa qərar verdik.

- Adı necə qərarlaşdırdınız?

- Düzü, bunu çox düşünmədik. İncəsənətlə bağlı olduğu ilk baxışdan bilinməliydi, “Art-kafe” kimi düşündük. Sonra fikrimizi dəyişdik, kafe təyinatı bizə uyğun gəlməyəcəkdi, çünki məqsədimiz çay, içki satmaq, yemək vermək deyildi. Ortam yaratmaq istəyirdik. Beləliklə “Art-klub” olduq.

- O zamana kimi bütün Şəki rəssamlarıyla, bu sahədə olan insanlarla tanışlığınız vardımı?

- O zaman kimi çox az adam tanıyırdıq. Amma hazırda otuza yaxın rəssamla əlaqələrimiz yaranıb. Hətta Bayram Salamov gəldi. Onunla tanışlığımız oldu. Mirteymur Məmmədov gəldi. Sonra musiqiçilər yığıldı ətrafımıza. Sonra Turalla tanış olduq, o da bizə qoşuldu. Tural həm musiqiçidir, həm də incəsənətin ayrı bir qolu olan maketyığmayla məşğuldur.

Klubun ortasında əl işləri qoyulmuş rəfdə göz oxşayan ağ yelkənli qayığı göstərir:

- Tural müəllimin əl işidir. Sonra gitarada ifa edən uşaqlar ayaq açdılar. Rəqqaslar gəldi, müğənnilər gəldi... Hətta özümüz də ifa edirdik. Bir müddət sonra canlı musiqi axşamları təşkil etməyə başladıq. Elə də gözəldi, lakin biz məhz rəssamlıq üçün nəsə etmək istəyirdik deyə, məcbur olduq nəzərdə tutduğumuz formata qayıdaq...

- İndi masa arxasında öz aramızda ifa etdiyimiz musiqilər, elə olur, həmin axşamlardan gözəl alınır. Oturub oxuyuruq. Başqa masada olanlar da qoşulur. Ya da maraqlarını çəkir. - Bunu Zaur əlavə edir

- Bir ildir işləyirsiniz, amma heç vaxt sıxlıq olmur. Necə dözüb dayanmısınız?

- Onu nə siz soruşun, nə biz danışaq - Zaur gülür - Allah göstərməsin!

- Deyək, təmir bitdi, hazırladınız. Masaları düzdünüz, rəsmləri asdınız. Oturdunuz gözlədiniz, ilk kim gələcək, necə olacaq? Gəliri necə olacaq, ödəyəcək, ödəməyəcək?

- Onu danışsaq siz də ağlayarsınız, biz də - Zaur yenə zarafata salır. - Elədir. Xeyli borcumuz qalmışdı. Əslində, bizim istədiyimiz pul qazanmaq deyil. Biz özümüz üçün nəfəs ala biləcəyimiz bir yer arzulayırdıq. İndi də elə, eybi yox, xərcləri çıxanda sevinirik...

Başımı qaldırıb işıqlandırmaya baxıram:

- Hər şey sənət əsəridir

- Onu da özümüz etmişik, yəni taxtaları özümüz yonub hazırlamışıq, - Asim deyir, - sadəcə elektrik işlərini başı çıxan dostlar ediblər.

- Necə deyərlər, intilligent yuvası, hə?

- Təxmini. Sonra yavaş-yavaş ayaq açıldı.

Masanın üstündəki salfet qabına, kül qabına, xuruş, şirniyyat qoyulan qaba baxıram. Zaur tutur söhbəti:

- Bunlar da əl işləridir. Uşaqlarımız hazırlayıblar. Hərə bir əl yetirib...

Bu yerdə Şəkidə belə yerləri ümumiyyətlə yaratmağın, insanları cəlb etməyin çətinliklərindən danışırıq. Nə zamansa kitab-kafe, kitab mağazasıyla bağlı arzuya düşdüyümü danışıram. Düzdür, indi bu gerçəkləşib, mən etməsəm də, dostlar ediblər və bu elə eyni şeydir. Lakin mənə elə gəlir, bu, həm də komanda işidir. Asim, Zaur, sonradan Tural, digər adamlar da bir yerə yığılıblar deyə, nəyəsə nail olublar.

- Razılaşıram. Belə işləri təkbaşına etmək çox çətindir - bayaqdan susub söhbətə qarışmayan Tural dillənir.

- Bilirsiniz, fikir olaraq hamı razılaşmaqla da deyil. İnsanın məhz özü vacibdir, kim olduğu, məsələyə necə baxdığı...

- Uşaqlar, sizin komandanızda ədəbiyyat adamlarına ehtiyac var - bunu da rəfə qoyulmuş kitablara baxıb mən əlavə edirəm - deyəsən onu da mən boynuma götürməli olacağam...

Razılaşırlar:

- Kitablarımızı bağışlayıblar. Biz artmağını gözləyirdik, amma nə sirdirsə, yoxa çıxırlar. Deyəsən, oğurlayırlar

Gülümsəyirəm, o kitablardan biri hazırda mənim çantamdadır, lakin əlbəttə, bunu bilmirlər...

- Olubmu, klubun xərcləri keçsin şəxsi ehtiyacların qabağına. Deyəsiniz ki, eybi yoxdur. Bunu ötürək, özümə sonra...

- Hər ay! - Zaurun yaralı yeridir deyəsən, dərhal cavab verir.

- Etiraz etmirlər evdə-eşikdə?

- Çalışırıq xəlvət edək - Zaur gülür. Asim başını yelləyir. Deyəsən, təhlükəli mövzulardan danışırıq

- Ailədə incəsənət adamı varmı? Hər üçünüzə aiddir. Hardan gəlib bu?

- Bizdə hamı musiqiçidir - Tural cavab verir

- Mənim həyat yoldaşım rəsm çəkir. Qəfil qərardır, sürətlə irəliləyənə oxşayır - bu da Zaurun cavabıdır.

İçəridə xarici turist var, rəsmlərə baxır, Asimin başı ona qarışıb.

- Asimgildə hamı müəllimdir. Amma incəsənət adamı yoxdur - onun yerinə Zaur cavab verir

- Burda kiçik qrup dərsləri, müsabiqələr təşkil edə bilməzsinizmi? Və ya sərgi...

- Təşkil etmək istəyirik - Asim qayıdıb masaya yaxınlaşır - Lakin bu yerdə Rəssamlar İttifaqının qarşısına keçəmmirik. Onlar qalereyada təşkil olunmasını istəyirlər. Düzü...

- Anlayıram

- Amma belə rəsmi olmasa da, baş tutur. Birdən uşaqlar gəlir, kağız, karandaş, rəng paylayırıq, çəkmələrini istəyirik. Nəinki kağızda, elə masalarda, döşəmədə, stullarda da, əl-üzlərində də çəkirlər... - Mənzərəni təsəvvür edirik, gülümsəyirik - Sonra onlar gedir, tökülüşüb hər yerdən boya təmizləyirik - Zaur bunu danışarkən gözlərinin içi gülür...

- Uaşaqlar, komandanızda rəssam xanımlar varmı? Gələn, sizə qoşulan, rəsm çəkən, işləri nümayiş olunan.

- Olub. Xanımların işləri də nümayiş olunur...

- Ümumiyyətlə, Şəkidə belə bir klubun fəaliyyəti necə qarşılanır?

- Əslində qəribə qarşılanır. Sanki Şəkidə belə yer ola bilməzmiş kimi. Haralı olduğumuzu soruşurdular. Xaricdəmi təhsil almışıq, başqa yerdənmi gəlmişik? Əslində, bu suallar adama toxunur. Necə yəni, Şəkidə rəssam ola bilməz? Bəzən yaxşı rəssamlarımızın əsərlərini göstərirəm, adlarını sadalayıram, inanmırlar.

- Art-klub Şəki rəssamları üçün nəyisə dəyişə bilibmi?

- Deyəsən, dəyişib - Zaur deyir - Məsələn, elə adam gəlir, deyir, mənim də rəsmlərim var. Gətirir. Ya nə zamandır rəssamlıqla məşğul olub, atıb-gedib pul qazanmağa.

- Elə adam da olur, heç rəssam deyil, özü üçün çəkir. Xüsusi istedadla, heç bir rəssamlıq təhsili yoxdur. Gətirib verirlər, nümayiş etdiririk, satılanlar da olur. Amma o adamlar əksərən bunu satmaq üçün deyil, zövq üçün edirlər – bunları da Asim deyir

Bir tərəfdə qoyulmuş hazır kətana nəzər salıram:

- Deyəsən, həvəsi olanlar özlərini sınaya da bilirlər?

- Elədir - Asim cavab verir - rəsm çəkə bilərlər. Uşaqlı böyüklü, kimin içində əlinə fırça, karandaş götürmək sevgisi, istəyi varsa...

- Pulludur?

- Pullu deyil, sadəcə bahalı ləvazimatlardan istifadə edilsə, onun pulunu alırıq.

Marağımı rəssamların sifarişlə necə işləmələri çəkir. Ədəbiyyatda bu əsasən problem sayılır, yazıçılar xırda-para yazılarla tükəndiklərindən, başqa sahələrə paylandıqlarından şikayətlənirlər. Bəs görəsən rəssamlarda vəziyyət necədir?

- Ən qəşəng tərəfi bilirsiniz nədir? – Zaur gülə-gülə söhbətə qoşulur. Ümumiyyətlə, Zaur bu klubun gülər üzüdür də deyə bilərik - Sifarişli rəsm, artıq işdir, qazanc yeridir. Amma nə edəsən, o da ilham tələb edir. İstənilən halda, çəkdiyin rəsmin gedib haralara çıxacağı nə məlum?

- Sizin ümidliliyiniz məni heyran edir. Yəni, bütün çətinliklərin keçəcəyinə əminsiniz...

- Əlbəttə, keçəcək, tezliklə keçəcək. Hətta bizim hesabımızla – Zaur gülə-gülə dostlarından dəstək gözləyir - çoox az qalıb. Öz gücümüzə ümid edirik...

- Ümidlənirik - Asim dostunu dəstəkləyir - məsələn biz bu klubu açana kimi ayda-ildə bir rəsm soran-soruşduran olurdu. Çox az adam işləyə bilirdi. Təsadüfən iş düşürdü. Bu istiqamətdə xeyli irəliləyiş var

- İndi klubumuzda incəsənətin hər sahəsindən insanlar yığılıb. Dizaynerdən tutmuş, memarlıq, maket işinə kimi, hər cür üzvümüz var. Həmişə ticari işlərin olmayacağı yəqindir. Çünki, hər bir sənətkar öz əsərini, məhz öz əsərini yaratmaq, özünü sənətdə təsdiqlətmək istəyir. Dolanışıq çox şeyin qabağına keçə bilir, amma hər şeyi üstələmir, onlardan biri, elə həmin “öz əsərim”dir.

- Əslində - Asim fikrini bildirir - məsələ sənətə qiymət verilməsindədir. Lakin sənətkar həm də ailə, övlad sahibidir, yəni cəmiyyətin bir parçasıdır. Məsələn, elə rəsmlər var, içimdə gəzdirirəm. Çox çəkmək istəyirəm. Bu baxımdan mənim bir yaxşı qiymətə satılan rəsm işim imkan verərdi ki, oturum, dolanışıq dərdi çəkmədən məhz sizin qeyd etdiyiniz müəllif işini yaradım...

- Müştərilər əsasən necə işlərlə maraqlanırlar?

- Biz bunu zarafatla “zər-zibom” adlandırırıq. Adam gəlir, sifariş edir, amma sənətdən başı çıxmır. Neyləyəsən? Yenə də çalışırıq, bacardığımız qədər sənət təmayülü qorunub saxlansın. - Zaur deyir...

- Müştəri hansı əsərə üz tutubsa, ona uyğun necə adam olduğunu müəyyən etmək olur. Rəsm gözə xitab etdiyi qədər psixoloji aləmlə də bağlıdır. – Asimin fikridir – Zövqlər də bəlli olur. Ədəbiyyat qədər, incəsənətdə də zövq məsələsi var. Bu, özünü həm sifarişlərdə göstərir, həm gəlib rəsmlərə baxanda. Biz də istəyirik başa düşülək, yeni ideyalar, müxtəlif cərəyanlardan istifadə edək, müəllif özəyimizi üzə çıxaraq.

- Məsələn, bu rəsmi çox xoşlamağım nədən xəbər verir?

Fürsətdən yararlanıb, həqiqətən də ilk gündən diqqətimi cəlb edən iki rəsmi göstərirəm. Təhlükəli sualdır, rəssamlıqla bağlı çox az şey bilirəm.

- Yox, sizdə vəziyyət o qədər faciəvi deyil. Qapalı və fikirlərinizi gizlədən adamsınız. Mübahisə etmək xoşunuza gəlmir. Bir də heç nəyi səthi qəbul etmirsiniz. Sizə qaranlıq tərəflər maraqlıdır. Seçiminiz də yaxşıdır. Qorxmaya bilərsiniz.

Gülüşürük.

- Uşaqlar, müsiqi əladır. Əslində, belə yerdən başqa nə gözləmək olardı?

- Bununla bağlı başımıza çox işlər gəlib - Zaur güldü, dostları da ona qoşulurlar - hətta “Can-cana” qoyub oynayanlar da olub...

- İlk vaxtlarda gənclər gəlirdilər. Telefonda mahnı filan qoyurdular, cazı çıxarıb başqa musiqi qoymağımızı istəyən olurdu. Bir dəfə ad günü keçirdilər. Sonra gördük yox, nəsə əldən gedir. Yavaş-yavaş yığışdırdıq. Ola bilsin, bu, gəliş-gedişə ziyandır, amma buranın öz havasını saxlamaqdayıq. Belədə, şəhərdə nə qədər desəniz ad günü keçiriləcək yer var. Olar, gəlib tort kəssinlər, “Ad günün mübarək” oxusunlar, amma yadınızdadır, - uşaqlardan soruşur – “Pəri-pəri-pəri” oynayırdılar?

- Üzümüzdən zəhrimar tökülürdü... Nə gündü amma... – Zaur gülür.

- Musiqilərimizi peşəkar dostlar yığıb, bunu onlara etibar etmişik. Nəticə göz qabağındadır.

Əslində bitməyən söhbətdir. Gənclərin ürəyi doludur. Amma məni onların ümidi, iradəiylə yanaşı, elə Şəkidə olmaları da sevindirir. Bu cür yerlərə həmişə ehtiyac var. Gənclik artıq nəfəslik axtarmağa, öz cənnətini qurmağa başlayıb. Gözəldir. Susuruq. Caz səslənir, hava qaralmağa başlayıb. Küçədə yağış başlayıb. Adam burdan ayrılmaq istəmir. Neçənci dəfədir, birlikdə gəldiyim insanlarda da bunu hiss etmişəm. Bu qədər çəkən söhbətin ardından, qəfildən soruşuram:

- Uşaqlar, siz nə etmək istəyirsiniz?

- Şəki əzəldən elim, incəsənət, ədəbiyyat xadimləri yetişdirən şəhər olub. Xüsusi qaynar yaradıcı ruhu var bu şəhərin. O, heç zaman itmir, gendə, yaddaşda, ənənədə qorunub saxlanıb. Bəlkə də o ruh həm də kimsə evində gizli-gizli yaratdığı əsərdə, evinin bir küncündə gizlətdiyi rəsmdədir. O ruhu tapıb üzə çıxarmaq istəyirik...

- Çətin deyilmi?

Hazır olun, cavab möhtəşəmdir:

- Maddi məsələləri qoyuruq kənara, bu, ümumi dərddir, danışmağa dəyməz. Bizim yeganə çətinliyimiz Qenayla bağlıdır.

- Qenayla? – çaşıram, nədən söhbət getdiyi barədə heç bir fikrim yoxdur

- Hə, Qenayla, ofisiantımızla. Bir az dikbaşdır, nəyi hara istədi, necə istədi qoyur...

Qenaya baxıram, onu belə çağırdıqlarını bilmirdim. Əla oğlandır, kluba xüsusi aura qatır. Gülümsəyirəm, o da piştaxtanın arxasından təbəssümümə cavab verir

- Məncə Qena əla oğlandır...

P.S. Klubu tərk etməmişdən yalnız özümə məlum olan günahımı yumaq üçün özümlə gətirdiyim kitabları rəfə düzürəm, müasir Azərbaycan ədəbiyyatından nümunələr... Dostlar, unutmayın, Şəkiyə yolunuz düşsə, çalışın kitablarınızdan birini bu rəf üçün ayırasınız...

# 2073 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #