writer1

Şərif Ağayar

Məqalə sayı

461
clock13:01 calendar-gray 18 İyul 2018 view-gray155 dəfə oxunub
view-gray155 dəfə oxunub

Yüngüllükdən çəkinməyin

O gün bir tənqidçi ilə rastlaşdım, başqa bir tənqidçi haqda söylədi ki, həftəyə bir yazı yazır, həftəyə bir yazı yazmaq olar?

Mən həmsöhbətimlə mübahisə etmədim, ancaq o düşüncədə olanların çoxluğunu nəzərə alıb bu barədə fikrimi yazmağı qərar verdim.

Tənqidçi, yazıçı, şair nəinki həftədə bir dəfə, hətta hər gün, bəzənsə gündə bir neçə yazı yaza bilər. Baxır yazının janrına.

Qələm adamı, yaxşı oxucu yazılı düşünməyi və yazılı danışmağı öyrənməlidir. İnsanın hər gün, hər saat deməyə sözü olur. Sadəcə sənətkarlıq odur ki, bu sözün janrını düzgün müəyyən edəsən.

Tutaq ki, Frensis Fukuyamanın “Tarixin sonu”, yaxud Rolan Bartın “Müəllifin ölümü” kimi həcmi kiçik olsa da geniş miqyaslı və dərin esseləri nəinki hər gün, heç hər il, bəlkə də, bir ömür yazıla bilməyə bilər. Amma söhbət tək bu səviyyəli yazılardan getmir ki...

Umberto Ekonun siqret qutusunun üstünə yazdığı qeydlər var. Bizim Elçinin, Anarın, Rahid Uluselin də bir-iki cümləlik ədəbiyyat təəssüratları yayımlanıb. Yeri gəlmişkən, bir istedadlı dostumuz Kulis.az -da yayımlanan ədəbi qeydlərdən ibarət bir yazı haqqında yazmışdı ki, saytdan statuslar oxuyuruq.

Dəyərli bir fikir statusa bənzəyə bilər. Eyni zamanda, statusların cəmi çox maraqlı bir yazı ola bilər. Mən dəfələrlə Qorxmaz Quliyevin, Aqşin Yeniseyin müxtəlif vaxtlarda status kimi yazdığı ədəbi fikirləri toplayıb yazı kimi yayımlamışam və xeyli də oxucu qazanıb. Elə bizə bu iradı bildirən, nəzakət naminə adını çəkmədiyim xanım dostumuzun da bu cür yazı səviyyəli fikirləri ilə dəfələrlə rastlaşmışam.

Bilirsiniz, imza-imzadır, o, status yazanda da, xatirə yazanda da, açıqlama verəndə də, köşə, reportaj yazanda da, müsahibə edəndə də özünün müəyyən səviyyəsindən aşağı enmir. Təbii, bu imzalar əsas gücünü, deyək ki, məqalədən, yığcam qeydlərdən daha çox ədəbi esselərdə, şeirdə, hekayədə, traktatda, monoqrafiyada, romandagöstərir. Bircə problem var ki, “ağır oturub batman gələn” janrlarda yazan adam yüngül janrlarda nəsə yazmağı qəbahət sayır, hətta bunu edənlərə bir balaca ironik yanaşır.

Hökm o deyil ki, ağır janrlarda yazmağı xoşlayan imzalar mütləq köşə, qısa qeyd və ya məqalə yazmalıdır. Yazmasın. Amma lütfən müdrik poza alıb bu yazıları yazanlara ironiya da etməsin.

Qələm adamının yeganə məsuliyyəti yaxşı yazmaqdır. Nə yazması onun öz işidir. İstər mövzu, istər janr baxımından.

Mənə qalsa, özünü təsdiq etmiş qələm adamı çox görünməkdən, yüngül qeydlər yazıb yaymaqdan çəkinməməlidir. Çünki biz köşədə söhbət də edə bilərik. Düşündüyümüzü rahat şəkildə, gücənmədən, heç bir müdrik əhvala köklənmədən yazmağı bacarmalıyıq. Bu gün dünya ədəbiyyatı sadə yazan və özünü sadə aparan yazıçılarla daha çox qabağa gedir.

Özümüzü ifadə etməkdən çəkinməyək. Səviyyəmiz nədirsə, o cür görünəcəyik. Çox yazanda adam səviyyəsiz, az yazanda səviyyəli olur deyə bir qayda yoxdur. Özümüzü aldatmayaq. Əksinə, günümüz operativlik və aktuallıq tələb edir. Operativ və aktual olmayan qələm adamı tez unudula bilir. Bu gün Folkner əsri və heç kəs də Folkner deyil ki, bir romanla əbədi olaraq aktual və yaddaqalan olsun.

Paylaş

REKLAM

Yazarın digər yazıları