28 Mayın qeyri-adi hadisələri

28 Mayın qeyri-adi hadisələri
29 may 2018
# 16:18

Dünən 28 may idi. 100 il əvvəl ilk dəfə bu gün Qafqaz dağları Rusiyadan əsən küləklərin yolunu kəsdi. Qafqazda yaşayan xalqların üzünə, nəhayət ki, tale deyil, tarix güldü, müvəqqəti də olsa...

Avropanın bitdiyi, Asiyanın başladığı torpaqlarda adı Azərbaycan olan parlamentar bir respublika quruldu, müsəlman dünyasında bir ilk!

Bu gün Ankarada oturub Azərbaycanda cümhuriyyət təntənəsini izləyə-izləyə tarixdə bu gün baş vermiş digər qeyri-adi hadisələri xatırlamağa çalışıram; məsələn, oxuduqlarımdan yadıma düşür ki, 1987-ci ilin 28 may günündə o vaxt Qərbi Almaniyadan olan bir pilot kiçik təyyarəsi ilə Sovet İttifaqının hava sərhədini fit verər-verə keçərək Qızıl Meydana enib və Sovet İmperiyasını bütün dünyaya güldürmüşdü.

Yaxud 1959-cu ildə ABŞ tərəfindən kosmosa göndərilən iki meymun sağ-salamat dünyaya qayıdıb, Darvini yada salmadan üstüörtülü şəkildə göstərmişdilər ki, insanlar həmişə meymunların cəsurluğuna borclu olacaqlar.

1902-ci ilin mayında isə elm adamı Tomas Edison ilk batareyanı kəşf etdi və belə deyək, enerjini bərəkətə çevirdi.

Təbii ki, dünyada 28 mayda baş vermiş maraqlı hadisələr bununla bitmir, ancaq bir hadisə var ki, onun haqqında bir az geniş yazmaq lazımdır.

Gözü ayağının altını görməyən filosof

Qədim Yunanıstanın ilk filosofu sayılan miletli Fales (e.ə. 7-6-cı əsr) haqqında yayılmış bir rəvayətə görə, bir gün göy üzündəki ulduzları müşahidə edən Fales qarşısındakı quyunu görməyib içinə düşür. Onu bu vəziyyətdə görən bir kəndli qızı quyudakı Falesin halına rişxənd edərək şaqqanaq çəkib gülür. Fales əsəbiləşib onunla məzələnən qıza altdan-yuxarı dişinin dibindən çıxanı deyir, amma qəzəbi sakitləşdikdən sonra quyunun dibində oturub öz-özünü məzəmmətləyir: "Göy üzündəki ulduzları görürəm, amma burdan-bura önümdəki quyunu görə bilmədim, tfu!.."

Böyük düşünən bütün insanların həyatı bu cür kiçik səhvlərlə doludur.

Bu hadisə həqiqətən olubmu-olmayıbmı, önəmli deyil, vacib olan bu hadisənin nəzəriyyə ilə praktika arasında əlaqənin mövcudluğuna dair sonsuz fəlsəfi mübahisələrə bir nümunə olmasıdır; doğrudan da, ayağının altını görməyib quyuya düşən bir adamın ulduzları öyrənməsinin nə əhəmiyyəti var? Özünə umac ova bilməyənin başqasına kəsdiyi əriştənin nə dadı olacaq? Amma...

Qanlı müharibəni bir kəlməsi ilə sülhə çevirən Fales

Bu sualın cavabını da riyaziyyatçı-astronom, filosof Fales özü vermişdir; həm də çox astronomik bir cavab. Lidiyalılarla Farslar arasındakı uzun illər davam edən bir müharibə zamanı, eramızdan əvvəl 28 may 585-ci ildə, (yəni 2603 il əvvəl) Fales günəşin tutulacağını qabaqcadan bildirmiş və bu hadisəni “tanrılar bizim müharibə aparmağımızı istəmir” şəklində yozan hər iki tərəfin kralı sülh müqaviləsi imzalamağa razı olmuşlar.

Başqa bir yunan filosofu Herodot bu barədə belə yazır: "Altıncı əsrdə, Lidiyalar və Farslar bir-biriləri ilə vuruşduqları zaman, döyüş başladıqdan az sonra elə böyük bir hay-həşir qopdu ki, gündüz birdən-birə gecəyə döndü. Gündüzün gecəyə çevriləcəyini Miletli Fales qabaqcadan söyləmişdi”.

Fales günəşin tutulacağını hardan bilirdi? Məlum olduğu kimi qədim Babildə Günəş tutulmasını qabaqcadan öyrənməyə imkan verən “Saros Periodu” adlı bir cədvəl tərtib etmişdilər, Fales öz zəmanəsinin elmi mərkəzləri kimi tanınan Mesopotamiyaya və Misirə səfərləri zamanı bunu öyrənmişdi. O, Misirdə eramızdan əvvəl 603-ci ildəki Günəş tutulmasını ya şəxsən görmüş, ya da misirlilərdən eşitmişdi. Beləliklə, 18 il 11 gün sonra başqa bir tutulmanın olacağını hesablamaq olardı və Fales bu dəfə tutulmanın eramızdan əvvəl 585-ci ilin 28 mayına təsadüf edəcəyini dəqiqləşdirmişdi.Ulduzlara baxa-baxa quyuya düşən və kəndli bir qız tərəfindən gülüş obyektinə çevrilən Falesin bu astronomik uzaqgörənliyi sayəsində bir müharibənin qarşısı alındı, ancaq elmin inkişafı nəticəsində ötən əsrdə iki dünya müharibəsinin baş verdiyini də unutmamalıyıq. Bu iki müharibənin qanını elmin ağ köynəyinə yaxmaq doğru deyil, ona görə ki, yaşadığımız dünyada Falesə gülənlərin sayı Faleslərin sayından həmişə qat-qat çox olub; həm bizim eramızdan əvvəl, həm bizim erada, həm də güman ki, bizim eradan sonra da çox olacaq. /Finmarket.az/

# 3412 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #