Tostu dəstəkləyən əsgər anası

Tostu dəstəkləyən əsgər anası
23 may 2018
# 13:33

Yeddi-səkkiz ilin söhbətidir. Xalam oğlu əsgərlikdə olan oğluna dəymək üçün kənddən Bakıya gəlmişdi. O, mənim də onunla birgə getməyimi xahiş elədi. Biz bir tanışımızın maşınına oturub əsgərin xidmət elədiyi Bakı ətrafındakı hərbi hissəyə yollandıq. Xalam oğlunun sürücüyə yol göstərməyindən başa düşdüm ki, o, buralara çox gəlib-gedib. Uzun yolu qısa eləyən söhbətlər bizi gətirib hərbi hissəyə çatdırdı. Xaloğlum çatan kimi giriş qapısındakı növbətçi əsgərdən oğlunu çağırmağı xahiş elədi.

Biz rahatca hərbi hissənin həyətinə keçdik. Əsgərimizlə görüşəndən sonra xalam oğlu növbətçi əsgərin birinə komandirlə də görüşmək istədiyini söylədi. Əsgər komandirin otağına tərəf qaçdı. Çox keçməmiş qayıdıb bizi içəri çağırdı. Mən getmək istəmədim, bilirdim ki, onların gizlin söhbəti olur.

Corabsız ayaqlarına çəkələk geyib koridorda hərlənən əsgərləri görəndə qanım qaraldı. Belə şeymi olar? Onlar əsgərdən çox tin uşaqlarına bənzəyirdilər.

Xalaoğlu komandirin yanından çıxandan sonra həyət qapısının yanındakı görüş yeri deyilən daxmaya girdik. İçəridə çayxana stilində sınıq-salxaq stol-stul düzülmüşdü. Daxmada bizdən başqa da iki dəstə vardı. Dəstənin birində əsgər anası da vardı. Ana çörəyə büküb gətirdiyi kababın tikələrini əzizləyə-əzizləyə oğluna yedirirdi.

Keçək özümüzə. Bizim əsgərimiz iki dostunu da süfrəyə dəvət elədi. Xalaoğlu gətirdiyi bağlamanı açdı. Bəh-bəh-bəh! Yuxaya bükülmüş iki dənə kənd xoruzunun qızartması! Bağlamanın o biri tərəfini eşələyib qəzetə bükülmüş bir butulka da çıxartdı. Bu nə olsa yaxşıdı? Tut arağı!

Öz canım üçün, gop-zad eləmirəm. Əsgərimiz qarşımıza iki-üç dənə müxtəlif biçimli stəkan tapıb düzdü. Xalaoğlum o biri valideynlərə də içmək təklif elədi. İndi olmasın, içən vaxtlarım idi. Fikirləşirdim, nə ola, onların arasında içən olmaya, yoxsa o yekəpərə araq çatdırmaq olmaz.

Xoşbəxtlikdən valideynlərin biri arvadın qorxusundan arağı yaxın qoymadı. Yekəpər də dedi, ümumiyyətlə, mən içən deyiləm. Sevindiyimdən yekəpər valideynlə zarafat elədim. Dedim, bizim kənddə bir Natiq var, möhkəm vurandı. Araq süzəndə həmişə deyir, içən bir gözümün işığıdır, içməyən iki gözümün. Kabab çeynəyən yekəpər hırıldayıb xeyli güləndən sonra dedi ki, demək, mən sizin kəndçi Natiqin iki gözünün işığıyam, qayıdanda məndən ona möhkəm salam deyərsiniz.

Nə isə, xalaoğlu ilə ikimiz içəsi olduq. Arağı süzəndə ətri bütün daxmanı bürüdü. Xoşbəxtlikdən bizim əsgər beçə budunu xoşlamırdı, atasının onun qabağına qoyduğu budları o da bir-bir mənim boşqabıma düzürdü. Birinci yüzü çox da səs-küy olmasın deyə tostsuz-zadsız içdik. Elə birincidən hallandıq. İkinci yüzdə xalaoğlum daxmaya ümumi bir sağlıq dedi. Arzu elədi ki, bütün əsgərlər xidmətlərini başa vurub sağ-salamat evlərinə qayıtsın.

Növbəti sağlığı mən deməli idim. Xalaoğlum artıq öz tostunda əsgərlərin hamısını evə “yola salmışdı”. Ona görə mənim tostum əsgərlik həyatından sonraya aid olmalı idi. Dərhal uzaqgörən bir sağlıq quraşdırdım. Dedim, mən də arzu eləyirəm əsgərlərimiz gedən kimi hərəsi bir gözəl xanımla evlənsinlər, biz də toylarında oynayaq. Küncdə əsgər oğlunu yemləyən ana əllərini göyə qaldıraraq yalvarıcı səslə “Amin-allah” - deyib mənim tostumu ürəkdən dəstəklədi.

Sürücümüz içən adam olsa da sükan arxasında olduğuna görə içmirdi. Biz içdikcə hərdən “bəh-bəh” deyib ağzımıza baxırdı. Hava isti idi, arağı axıra qədər içə bilməzdik. Bir neçə badədən sonra ayağa durduq. Əsgərlərlə sağollaşıb hərbi hissəni tərk elədik.

Geri qayıdarkən xalaoğlu komandirə hörmət elədiyini şəstlə söylədi. Nəyə görə belə etdiyini soruşdum. Dedi, hörmət eləməsən, uşağı incidərlər.

Yol boyu öz-özümə düşünürdüm, bu nə adət, bu nə əsgərlikdi? Əsgər atası nə üçün “hörmət eləməli”dir? Valideynin nə ixtiyarı var əsgərə yemək gətirsin? Əsgər nə üçün çəkələkdə hərlənməlidir? Valideyn nə üçün hərbi hissəyə girməlidir?

Bu suallar içində yuxu məni üstələdi.

# 1401 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #