İslamdan 1200 il əvvəl “Allahu-əkbər” deyən din

İslamdan 1200 il əvvəl “Allahu-əkbər” deyən din
4 may 2018
# 21:00

Kulis.az fəlsəfə elmləri doktoru Rahid Uluselin “Cığırların qovuşduğu Yol – TAO” essesini təqdim edir.

Özünü varlıq sisteminin qaynağında – nə artıq, nə əskik, məxsusi təbii yerində görən insanın idrakı cilalana-cilalana elə bir optimuma çatır ki, bütün subyektivliklərdən, ifratavarmalardan, ziddiyyətəyönəlmələrdən sıyrılaraq, yanılmalara yol vermədən, kamil bir meyarla, içində həyat tapdığı varlığı insandan kosmosa, təbiətdən dövlətədək bütün təzahürlərində açmaq məqamına yetişir. İnsan idrakı öz axtarışları prosesində damcı-damcı topladığı doğru qənaətləri – böyük, vahid, TAO həqiqətinin inteqralına çevirir. Bu insan – Lao Tsı Çin (e.ə. 605-531), onun idrakının barı “Tao Te Çinq”dir.

Image result for Lao Tsı Çin

Lao Tsı Çin Atom Taosundan Kainat Taosuna qədər bütün mövcudatı ümumdünya qanununun harmoniyasında görür. TAO – bütün varlığı başlanğıcından sonuna qədər özündə qapsayan, Lao Tsı Çinin belə adlandırmaqda çətinlik çəkdiyi sözəsığmaz əbədi yaradıcı, dəyişmələrin dəyişməz substansiyası, hərəkət trayektoriyalarının ana yolu – dialektikası, yaradılışın universal loqosu, sistemliliyin sinergetikası, harmoniya və xaosun tarazlığı, maddi və mənəvinin vəhdəti, dünyanın canı və ruhudur. TAO-nu dərk etmək, sinirmək üçün gərək bütün yaşlarında hələ doğulmamış körpə saflığında, körpə mənəviyyatında olasan. Materiyanın hansı təzahüründə olursansa ol – ya İnsan, ya Təbiət – bütün cığırlarınla TAO məcrasındasan!

Image result for daosizm

Lao Tsı Çin “TAO böyükdür” deyib – islamın 1200 il sonra deyəcəyi “Allahu-əkbər” (Allah böyükdür”) məqamına çatıb da dayanır. Doğru da edir. Bilir ki, buradan bir addım da irəli getmək olmaz. Dərk edir ki, TAO-nu ilahiləşdirsə, varlıq – parçalanmış görünəcək: Yaradanla Yaranan arasındakı sədd – sərhədlənəcək, onlar bir-birindən ayrı salınacaq. Böyük Vəhdətdən üz döndərilib, Tanrı-İnsan ziddiyyətləri, mahiyyətcə Tanrı-Qul qarşıdurması yetişəcək. Bütpərəstlikdən imtina ona daha zorakı qayıdışla nəticələnəcək. Yoldan azdırılmanın qarşısını almaq mümkün olmayacaq və o – çıxılmazlığa dirənəcək: Tanrıya ibadət və itaət dinləşdiriləcək, rituallaşdırılacaq, təsisatlandırılacaq, teoloji kanonikaya çevriləcək, bu qaydalara riayət etməyənlər cəzalandırılacaq. Artıq mehvərindən çıxmış dünyagörüşü hətta özünə qadağalar qoymaqdan mazoxist ləzzətlər alacaq. Və nəhayət, əski miflərdən yamanmış cənnət və cəhənnəm kabusu dini ideologiyanın aparıcı platforması və ən güclü təsir vasitəsi kimi gerçək həyatı – anti-həyata çevirəcək.

Image result for daosizm

Ona görə də zamandaşlarından fərqli olaraq mifik yozmalara qətiyyən yol verməyən, həssas düşüncəsinin axarı su kimi rəvan müdrik Lao Tsı Çin Tanrının lap qapısı ağzında – “TAO” deyərək dayanır. İnsan idrakının indiyədək qazandığı təcrübə ilə, insan mənəviyyatının indiyədək topladığı həqiqətlə bu o deməkdir ki: Tanrım, Sən Varsan! Ancaq Səni müqəddəsləşdirmək, sitayiş obyektinə çevirmək və həyatın mənasını yalnız bunda görmək – Sənin ucalığından qat-qat aşağıdır.

Səni dərk etmək, Sənin Yolunla (Lao Tsı Çində TAO) getmək yetər. Dünyaquruculuğunun sapılmaz və ifratavarılmaz yolu budur. Bununla da Lao Tsı Çin elə onun yaşadığı çağdan başlayaraq işaran Semit dinlərinin, daha sonra isə Platonun yanlışını yapmamış olur.

Image result for daosizm

Ancaq bunu onun sonrakı əsrlərdəki davamçıları edirlər ki, yəqin Lao Tsı Çin özü qəbul etməsə də, yenidən öz həqiqi başlanğıcına qayıda biləcək yol sayardı. Lao Tsı Çinin təlimi Taosizmin teoloji variasiyalarında nəinki dinləşdirilir, hətta onun özü ilahiləşdirilir...

Fəqət “Tao Te Çinq”in heç bir təhrifə uğradılmamış ilkin saf fəlsəfəsi bəşəriyyətin böyük sərvətidir. “Tao Te Çinq” – dünyanın yeganə əsəridir ki, onda nəyinsə arxaikləşdiyini, gərəksiz olduğunu düşünməyə əsas vermir: o, bəşəriyyətin bütün tarixini – keçmişdən ta bu günədək – özündə konsentrasiya edən bir yığcam traktat olaraq, müasir elmə, siyasətə, fəlsəfəyə, əxlaqa çox böyük ideya enerjisi ötürmək gücündədir. “Tao Te Çinq” – dünyanın dərin mahiyyətindən çıxış edən etik idrakın ali statusu, yanılmazlıq və uzaqgörənlik örnəyi, insanın həqiqət potensiyasıdır.

Image result for rahid ulusel

# 2544 dəfə oxunub

Oxşar xəbərlər

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər