news-inner
clock14:47 calendar-gray 02 May 2018 view-gray267 dəfə oxunub
view-gray267 dəfə oxunub

Rafael Hüseynov düzmü deyir? – “Gerb” - “Herb” müzakirəsi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrinin müzakirəsi zamanı çıxışında “gerb” sözünün “herb” sözü ilə əvəz edilməsini təklif edib: “Bildiyiniz kimi “herb” polyak sözüdür və rus dilində “h” hərfi olmadığı üçün “g” ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orijinalı əsas götürürük. Ruslar “gipertoniya” deyir, amma biz “hipertoniya” kimi götürürük, onlar “Herakl” sözünü “g” ilə verir, amma bizdə “h” ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan “gerb” sözündə pozulur”.

Məsələ ilə bağlı Kulis.az sorğu keçirib. Cavabları təqdim edirik.

İsa Həbibbəyli

Image result for isa həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat institutunun direktoru, akademik

- Mən hörmətli millət vəkili Rəfael Hüseynovun fikirləri ilə tanışam. O, elmi cəhətdən əsaslandırılmış fikirlər söyləyir. Lakin gerb dövlət atributu olduğu üçün bu sözün yazılışının dəyişməsində dil qanunları deyil, Konstitusiya əsas götürülməlidir. Ancaq yerdə qalan bu tipli sözlərin tərcüməsi zamanı vahid yazılış qaydasının Terminologiya və Toponimiya Komitəsində geniş şəkildə müzakirə olunmasına ehtiyac var. Bu qaydalar həm də bizim dildən başqa dillərə tərcümələrə də tətbiq olunmalıdır. Və təbii ki, burda dilimizin fel kökləri və ahəng qanunu nəzərə alınmalıdır.”

Möhsün Nağısoylu

Filologiya elmləri doktoru, Professor,

Nəsimi adına Dilçilik İnstitutunun direktoru

- Azərbaycan dilinin izahlı lüğətində o sözün polyak mənşəli olması göstərilir. Başqa bir lüğətdə fransız mənşəli olması göstərilib. Hər iki lüğətdə “herb” yazılıb, yəni o sözün mənbə dildəki yazılışı bu cürdür. Ancaq biz o sözü rus dilindən aldığımız üçün o dildəki kimi “gerb” yazırıq, yəni birbaşa fransız və ya polyak dilindən almamışıq. Dilçilik İnstitutu olaraq Orfoqrafiya lüğətini hazırlayan komissiya ilə bu sözü müzakirə edəcəyik və bundan sonra yazılışını müəyyən edəcəyik. Təkcə bu söz deyil, bu cür yazılan xeyli söz var, onların hər birinə fərdi yanaşıb müəyyən bir qərara gələcəyik. “Gerb” sözü başqa sözlərdən fərqli olaraq dövlətimizin atributunun adını təşkil edir, neçə ildir belə alışmışıq, ona görə daha həssas yanaşmaq lazımdır, tələsik qərar vermək düzgün olmaz.”

Qulu Məhərrəmli

Image result for Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor

- Millət vəkili Rəfael Hüseynovun alınma sözlərin orijinala uyğun yazılması barədə söylədiyi fikirlər elmi cəhətdən maraq doğurur, amma bu prinsipi hazırda ana dilimizin lüğət fondunda sabitləşmiş sözlərə şamil etmək çox təhlükəli olardı. Rəfael Hüseynovun təklifi qəbul edilsə, gərək dilimizdəki alınma sözlərin xeyli hissəsinə əl gəzdirək, bu isə ana dilinin sabitliyi baxımından yolverilməzdir. Belə bir addım yazı qaydalarımızda arzuolunmaz xaos yaradardı. Onsuz da hazırda müzakirə mərhələsində olan sonuncu orfoqrafiya qaydalarına bəzi əsassız təkliflərin düşməsi dil qaydalarımızın mötəbərliyi ilə bağlı adamlarda ciddi şübhələrə yol açıb.

Bəli, sovet dövründə alınma sözlərin əksəriyyəti ana dilimizə rus dili vasitəsilə keçib və həmin sözlərin yazılışında vasitəçi dilin izləri qalıb. İndi o leksik vahidlərin yazılış şəkilini dəyişdirmək, bu sözlərə toxunmaq olmaz, çünki orfoqrafiyanın ənənəvi prinsipi belə yanaşmanı qəbul etmir. Amma bundan sonra dilə gələn yeni sözlərə Rəfael Hüseynovun dediyi kimi, “orijinaldan almaq” prinsipi ilə yanaşılmalıdır və məncə, dilimizdə sözalma prosesi elə həmin qaydaya uyğun gedir.”

Niyazi Mehdi

Image result for Niyazi mehdi

Fəlsəfə elmləri doktoru, professor

- Mən bu məsələdə Rəfael Hüseynovla həmrəyəm. Onun təklifi doğrudur. Ümumiyyətlə, bu sözlər orijinaldakı kimi yazılmalıdır. Əgər siz Vikipediyada açıb baxsanız, “herb” sözünün ingilis dilində necə yazıldığını görəcəksiniz. Və bizdə də ruslardakı kimi deyil, o cür yazılmalıdır. Məsələn, “Robin Qud”u götürək. Biz gərək onu “Robin Hud” yazaq. Bu baxımından “gerb” sözünün “herb” yazılması təklifini düzgün hesab edirəm.

Yaşar

Image result for yaşar əliyev

Yazıçı, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Aparat rəhbəri

- Dövlətin müqəddəs qəbul olunan atributları var, onlardan da biri gerbdir. Mən “gerb” sözünün dəyişdirilməsinin əleyhinəyəm. Nə qədər sözlər var ki, bu günə qədər bu cür yazılıb, artıq onlara öyrəşmişik, onları olduğu kimi saxlamalıyıq. Düzdür, ruslarda orijinaldakı səsləndirmirlər, “gerb” deyirlər, ancaq biz də belə deməyə öyrəşmişik axı. Bizdə bir “hərb” sözü var, “gerb”i “herb” kimi yazası olsaq o, onları fərqləndirmək çətin olacaq. Bu iki söz arasında uyğunluq olduğuna görə mən istəməzdim “gerb”i dəyişib “herb” edək. Yəqin o vaxtı, bu sözü dilimizə daxil edənlər dediyim nüansı nəzərə alıblar. Ruslarda bizə keçən elə sözlər var ki, artıq bizim dilimizə uyğunlaşıb, yaşam hüququ qazanıb. Məsələn, biz “yapon” deyirik, ancaq bütün dünya “japan” deyir. Əlbəttə bəzi sözləri orijinala uyğun olanı ilə dəyişmək olar. Ancaq bizim dilimizə keçən alınma sözlərin əksəriyyəti bir ilin, beş ilin sözləri deyil, on illərin, yüz illərin sözləridir və çoxdan yaşama hüququ qazanmış, Azərbaycan dilinə assimlə olunmuş sözlərdir. Buna görə də dəyişilməsinə ehtiyac görmürəm.”

Əsəd Cahangir

Image result for Əsəd cahangir

Tənqidçi

- Məncə, hər hansı qaydanı ehkam kimi götürüb, hər şeyi qeyd-şərtsiz ona tabe etmək düz deyil. Elə söz var ki, “h”, eləsi var ki “g”, eləsi də var ki, “q” kimi deyilməlidir. Burda əsas meyar dilə yatımlılıqdır. Amma bəzən bizdən öncəkilər müəyyən formanı qəbul edibsə, tarixə ənənəyə hörmət xatirinə elə o forma da saxlanılmalıdır. “Gerb”ə də mən elə baxıram. “Gerb” sözü dildə daha yaxşıdır, nəinki “herb”. İkincisi isə bu söz artıq bu formada vətəndaşlıq hüququ qazanıb. Bu hüququ ondan almağın elə bir önəmini görmürəm.”

Etimad Başkeçid

Image result for etimad başkeçid

Yazıçı-tərcüməçi

“Gerb” ilkin mənbədə “herb” kimi yazılır, yəqin müəllim ona görə bu təklifi irəli sürüb. Amma bu, sözün bizə ruslardan keçməsi faktını ortadan qaldırmır. Mənə qalsa, bu sözün özünü dəyişdirmək lazımdır. Onsuz da alınma sözdür, heç olmasa, qoy beynəlxalq aləmdə hamının başa düşəcəyi bir ifadə olsun.”

news-inner-user

15421 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əlləri qanlı yapışdı yaxamdan - Bircənin romanı
09:00 05 İyun 2020
Evlənmək, hüquqları ikiyə bölmək və... - Şopenhauerdən aforizmlər
21:01 04 İyun 2020
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
19:22 04 İyun 2020
Azərbaycan filmi Kann festivalında - İlk dəfə
18:53 04 İyun 2020
Heminqueyin naməlum hekayəsi çap olundu
18:45 04 İyun 2020
BAFTA mükafatına namizədlər açıqlandı
18:10 04 İyun 2020
Müharibədə ayaqlarını itirmiş şalvarlar – Yeni şeirlər
17:31 04 İyun 2020
"Mozalan" yeni film çəkilir
16:52 04 İyun 2020
Sənətin elitarlığını korlayanlar - Aqşin Yenisey yazır...
16:11 04 İyun 2020
“Ulduz”un may sayı çap olundu
15:30 04 İyun 2020
Kann festivalının film siyahısı açıqlandı
14:52 04 İyun 2020
Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı – Üzeyir bəyin tələbəsinin ürək dağlayan sonu
14:11 04 İyun 2020
Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum oldu
13:30 04 İyun 2020
“İtalyansayağı xoşbəxtlik” onlayn göstəriləcək
12:49 04 İyun 2020
"Bulvar ədəbiyyatı" polemikası: "Zırramanın biri olasan, özünün də bundan xəbərin olmaya" - Sorğu
12:09 04 İyun 2020
Gəlmə, Vaqif Bayatlı - Səhər Əhməd yazır...
11:36 04 İyun 2020
Məşhur rejissor haqqında film çəkildi - Video
11:00 04 İyun 2020
Millət vəkili Xalq artistinə görə Baş nazirə müraciət etdi
10:31 04 İyun 2020
Rövşən Abdullaoğlu onu sərt tənqid edən yazardan danışdı
10:02 04 İyun 2020
Tanınmış yazıçı vəfat etdi
09:55 04 İyun 2020