Qapadılan studiyalar, piy içində boğulan aktyorlar, 200 manata işləyən sənətçilər – TEATR MÜZAKİRƏSİ

<b>Qapadılan studiyalar, piy içində boğulan aktyorlar, 200 manata işləyən sənətçilər – <span style="color:red;">TEATR MÜZAKİRƏSİ </b>
20 aprel 2018
# 15:30

2018-ci ildir. Prezidentin sərəncamıyla təsdiqlənmiş, milli teatrın inkişafına dair 10 illik dövlət proqramının (“Azərbaycan teatrı 2009-2019-cu illərdə”) icra müddəti bitmək üzrədir. Yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılmasını, islahatların aparılmasını, teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsini, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsini, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsini, teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsini, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsini, teatr mədəniyyətinin təbliğ olunmasını nəzərdə tutan bu proqram nə qədər icra olundu? Onun prosesə nə qədər faydası dəydi? Bu sualları teatr sənətçilərinin özlərinə ünvanlasaq daha düz olar deyə düşünüb, rejissorlara, aktyorlara, teatrşünaslara müraciət etdik. Beləliklə sual: “Teatrın inkişafına dair dövlət proqramı başa çatmaq üzrədir. Sizcə, bu proqram teatrın inkişafına nə qədər təkan verdi? İcrasından razısınızmı? Bir teatr sənətçisi kimi teatr işinin təşkilində hansı islahatın və yeniliyin olmasını istəyərdiniz?”

Cənnət Səlimova (rejissor, Xalq artisti, 78 yaş):

“Teatr proqramla yaşamır, yaşaya bilməz. İndi bizim teatrların hamısının bir əsas problemi var, bu da maliyyələşmədir”.

İntiqam Soltan (Bakı Uşaq teatrının rəhbəri, rejissor, 53 yaş):

“Bakı Uşaq Teatrının durumuna baxanda, – YOX! Və bu o demək deyil ki, mən öz qiymətimi kimlərinsə Uşaq Teatrına münasibətindən qaynaqlanaraq verirəm... Qətiyyən. Amma Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrı olan Bakı Uşaq Teatrı bir nümunədir. Və mənə ən yaxın nümünə... Bir də ki, teatrların çölündə (binalarının təmiri nəzərdə tutulur) inkişaf ola bilər... Son 10 ildə hansı yaradıcı "inkişaf" olub, onu siz məndən yaxşı bilirsiniz.

İndi 500 nəfəri bir tamaşa zalında toplayıb onlara 3-4 saatlıq bir tamaşa oynamaq zamanı deyil. Bunun vaxtı çoxdan keçib. Məncə Azərbaycan teatrının inkişafı müxtəlif səpkili özəl teatrların yaradılmasından və onlara müəyyən mənada dövlət qayğısından keçir.

300 nəfərlik işçisi 5 mərtəbəli binası olan teatr 30 nəfərlik, üstəlik iki otaqda yerləşən teatrın çevik repertuarını görməyincə və ora olan tamaşaçı axınının şahidi olmayınca çətin ki, öz işində dönüş yaratsın. Piy içində boğulan aktyorunun fiziki durumuna diqqət yetirsin...”

Pərviz Məmmədrzayev (aktyor, müstəqil Human teatrının bədii rəhbəri, Əməkdar artist 47 yaş):

“Teatr inkişafına dair dövlət proqramı bir çox tədbirlərdən ibarətdir. Onların bir çoxu teatr daxilində baş verən məsələlərdir. Və bu tədbirlərin hamısının həyata keçməsi və ya keçməməsi barədə yalnız Mədəniyyət və Turizm Nazirliyi tam fikir söyləyə bilər. Amma həyata keçməsi barədə şəxsən şahidi olduğum bir neçə maddə barədə danışa bilərəm.

Məsələn, həmin proqramın 2.9.-cu maddəsinə əsasən dövlət teatrlarında Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına studiyaların yaradılması tədbiri bir çox teatrlarda həyata keçirildi. Bu tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da sabiq direktor İ.İsrafilov tərəfindən həyata keçirilmişdi. Və həmin studiyanın bir çox yetişdirməsi bir çox tamaşalarda rol almışdılar. Sonradan, daha dəqiq desək, A.Nemətov teatra direktor gələndən sonra, ilk gördüyü işlərdən biri də studiyanın işinə xitam vermək oldu. Və demək olar ki, teatr studiyanın bütün yetirmələri müxtəlif bəhanələrlə tamaşalardan çıxarıldılar... Gənc rejissorların tamaşaları bağlandı. Biri isə rejissor teatrdan uzaqlaşdırılandan sonra köklü şəkildə dəyişdirildi. Rejissorlar deyərkən M.Mikayılovu, Ə. Ələkbərovu nəzərdə tuturam. Dəyişdirilən isə M.Mikayılovun quruluşunda olan "Müfəttiş" tamaşasıdır...

2.10-cu maddədəki “Teatr sahəsində təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi” barədə... Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Rusiya Şukin adına Teatr İnstitutuna aktyor və rejissor təhsili almaq üçün 10 tələbə göndərildi. Düşünürəm ki, bu a gələcəkdə öz təsirini göstərəcək. Azərbaycan və MDB və digər xarici teatr institutları arasında təcrübə mübadilələrini də misal çəkmək olar.

Müstəqil teatr rəhbəri, teatr sənətçisi kimi azad səhnələrin olmasını istəyərdim. Yəni müstəqil teatrların demək olar ki, heç birinin kifayət qədər maddi bazası yoxdur. Teatr binalarında tamaşa göstərmək üçün simvolik ödəniş edib tamaşa göstərməyə şərait yaradılmasını istəyərdim.”

İradə Gözəlova (Gəncə Dövlət Teatrının baş rejissoru 35 yaş):

“Məncə proqram inkişafa təkan verdi; teatrlar təmir olundu, bölgələrə cavan rejissorlar göndərildi, bir çox qastrol səfərləri baş tutdu, 11 tələbə Moskva şəhərinə oxumağa göndərildi və s. və i.

Qaldı ki, yenilik və islahat təklifinə, arzular çoxdur... Və bütün teatr sənətçilərin istəyi üzdədir... Onları sadalamaq istəmirəm... Ümid edirəm arzularımıza çatacağıq”.

Elvin Mirzəyev (rejissor, 43 yaş):

“Teatrın hazırki vəziyyəti göz önündədir. Desək ki, son 10 ildə Azərbaycan teatrının böyük tamaşaçı ordusu yaranıb, bu yalan olar. Görülən işlər pərakəndə halında olub və uğurlu nəticə arzu olunandan qat-qat aşağıdır. Hansısa tendensiyadan, cərəyandan söhbət belə gedə bilməz. Xaricdən dəvət olunan rejissorların böyük əksəriyyəti özəlliyi və dünya teatrına verdiyi töhfəsi ilə ölçülməyib, yalnız ad olaraq xarici olduğu üçün seçilib. Güman etmirəm ki, dəvət edilən rejissorların siyahısı düşünülmüş şəkildə, yəni, müxtəliflik və hazırda Azərbaycan teatrının, rejissurasının püxtələşməsinə xidmət edib. Bilmirəm, bahalığına görə, ya hər-hansı başqa səbəbə görə, amma gələn rejissorlar, nəyinki dünya onluğuna daxil deyildir, bir çoxları, ümumiyyətlə, sıradan bir, orta və ortadan aşağı səviyyədə idi. Əks təqdirdə, nəticə göz önündə olardı. Yerli rejissorların özünü ifadəsinə gəldikdə isə, lap acınacaqlı vəziyyət yarandı. Onlarla planlı şəkildə, hər kəsin reallaşdıra biləcəyi iş strategiyasına dair heç bir söhbət aparılmayıb.

Zənnimcə, teatrların repertuar siyasəti, strategiyası olmalıdır. Hər bir teatr özəlliyi və tutduğu yol, mövqeyi ilə fərqlənməlidir. Teatrın strateji planında tamaşaçılar kateqoriyalara bölünməlidir. Hər kateqoriyanın istəklərini təmin edə biləcək tamaşalar qurulmalıdır. Əks təqdirdə, tamaşaçıların teatra gəlişi hazırda gördüyümüz vəziyyətdə - pərakəndə, tanış, dost və məcburi bilet sırıma halında olacaq. Heç bir aktyora dair heç bir plan tutulmayıb. Uğur gətirən aktyor, nədənsə, sonra uzun müddət görünməməyə başlayır və az sonra teatrdan uzaqlaşır, yaxud, ən dəhşətlisi uzaqlaşdırılır. Öz üzərimdə də bir sıra hallarla rastlaşmışam, uğurlu iş göstərəndən sonra daha çox işlə təmin olunmaq əvəzinə, daha çox problemlərlə üzləşməyə başlamışam. Direktorlarla rejissorlar arasında yalnız şəxsi münasibətlər rol oynayır. Münasibət “yaxşı” olduqda “yaşıl işıq”, olmadıqda tamaşanın çıxarılması, oynanılmaması və rejissorla bütün əlaqələrin kəsilməsi ilə nəticələnir. Öz rastlaşdığım vəziyyətlərdən biri, məsələn: teatra tövsiyə etdiyim və özümün qura biləcəyim tamaşalar siyahısı təqdim edəndən bir neçə vaxt sonra mənə məlum olmayan səbəblərdən ciddi sıxışdırılma ilə üzləşmişəm və teatrdan getməli olmuşam. Bir çox məqamları sadalamaq olar. Biz o qədər də böyük ölkə deyilik, ölkədə peşəkarların sayı son dərəcə azdır, amma təəssüf hissi ilə demək istəyirəm ki, bu car davranışlar bizi məhvə doğru aparır.

Şəxsi münasibətlər arxa plana keçməli, ölkənin mənafeyi, cəmiyyətin mədəni tərəqqisi barədə, sənətin dünya arenasına çıxmasına dair düşünülməlidir. Biz elə də çox deyilik. Hər teatrın (3, 5, hətta 10 illik) öz strateji planı olmalıdır. O planda ölkənin hazırkı durumu (demoqrafiyası, cəmiyyətdə olan tendensiyalar, müxtəlif kateqoriyalı potensial tamaşaçıların arzuları, ölkənin siyasi-ictimai tələbləri və s.) nəzərə alınmalıdır. Planı reallaşdıra biləcək rejissorlar cəlb olunmalıdır. Real ulduz və potensial ulduz-aktyorlar aşkarlanmalı və onlara iş, ardıcıl olaraq repertuar-rol planı tutulmalıdır.”

Vidadi Qafarov (teatrşünas, 58 yaş):

“Rəsmi mənbələrə əsaslansaq, Dövlət proqramının icrası ərzində insafən az iş görülməyib. Beynəlxalq konfranslar, festivallar keçirilib, bir çox teatrlarımız əsaslı təmir edilib, gənc sənətçilərimiz xaricə təcrübəyə göndərilib, dövlət sifarişli tamaşalar hazırlanıb, bəzi teatrlarımız xarici festivallarda iştirak edib, əcnəbi rejissorlar teatrlarımızda tamaşalar hazırlayıb və s. Amma təəssüf ki, bütün bunlar milli teatr prosesində xüsusi canlanmaya, inkişafa səbəb olmayıb. Çünki teatr prosesinin ölkədaxili inteqrasiyası baş verməyib. Əksər rayon teatrlarında vəziyyət ürəkaçan deyil. Bu gün Qazax, Füzuli Dövlət Dram Teatrlarından heç bir səs-soraq yoxdur, bu teatrlar nə ilə məşğuldur, bilmirik. Bir çox rayon teatrlarından yalnız ara-sıra xəbərlər gəlir. Halbuki, Dövlət proqramının başlıca məqsədi milli teatrın kompleks inkişafına şərait yaratmaqdı. Teatr prosesini canlandıran amillərdən biri də dövri teatr mətbuatıdır. Amma bu gün ölkəmizdə hələ də teatrla bağlı bir qəzet və ya jurnal yoxdur. Ən mühümü isə odur ki, teatrları ələbaxımlılıqdan qurtarmaq lazımdı. Hazırkı durum teatrların yaradıcı rəqabət hissini də öldürür. Necə deyərlər, onlara çörək vermək yox, çörək qazanmalarına şərait yaratmaq gərəkdi. Belə olarsa rəqabət də yaranar və teatr prosesi canlanmış olardı.

Məncə teatrla əlaqədar islahatlara hüquqi-normativ sənədlərdən başlamaq lazımdır. Məsələn, "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu 2006-cı ildə qəbul olunub. Üstündən 12 il keçib. Bu illər ərzində həm cəmiyyətdə, həm dünya, həm Azərbaycan teatr məkanında çoxlu dəyişikliklər baş verib. Bu baxımdan "Teatr haqqında qanun"da çoxlu boşluqlar yaranıb. Yəni bu gün həmin Qanun zamanla ayaqlaşmır, ona görə də ciddi müzakirəyə, dəyişiklik və əlavələrə ehtiyacı var. Digər tərəfdən, bu gün ölkəmizdə fəaliyyət göstərən teatrların demək olar ki, hamısı repertuar teatrlarıdır. Bu teatr formasının da müasir parametrlərini dəqiqləşdirmək lazımdır. İndiki halda bu, qeyri-çevik və hətta mühafizəkar xassə daşıyır. Ümumiyyətlə, dövlət teatrı inkişaf etdirmək istəyirsə teatrlara müstəqillik verməli, prodüser institutun, alternativ teatr formalarının yaranmasına və fəaliyyətinə şərait yaratmalıdı. Yaxsa rəqabət olmayan şəraitdə teatrın inkişafı da mümkün deyil.”

Tural Mustafayev (rejissor, 37 yaş):

“İnkişaf proqramının aid olduğu 10 il ərzində bir çox dəyişikliklər baş verib. Bilirsiniz, teatr birbaşa dünyada baş verən proseslərlə bağlıdır. Biz elə məqama gəlib çatmışıq ki, teatra maraq azalıb. Lakin bu on illikdə müsbət məqamlar da var. Teatr binalarının bərpası, Beynəlxalq teatr konfransının keçirilməsi və nəhayət ki, beynəlxalq festivalın keçirilməsi... Amma və lakin teatrımız böyük böhrandadır. Bunun birbaşa səbəbi idarəçilikdədir. Kadr çatışmazlığı problemi, xüsusilə texniki işçilərin maliyyə sıxıntısı, teatr menecmentinin özünü bugünkü reallıqda realizə edə bilməməsi, dünyada gedən proseslərdən geri qalmağımız, Avropa və Rusiyada gedən teatr prosesinə inteqrasiya ola bilməməyimiz... İndi müştərək layihələrimiz çox olmalıdır. Teatrlarımız mədəniyyət fondları ilə sıx əlaqədə olmalıdır. Təəssüf ki, biz bu problemləri 10 il ərzində həll edə bilmədik. Biz bütün bunları müzakirə etməliyik. Teatr cəmiyyəti Mədəniyyət Nazirliyinə öz təkliflərini verməlidir. Bəlli teatr modelləri var. Düşünməliyik ki, hansı model bizim teatrımıza uyğun gəlir və inkişafı təmin edə bilər”.

Zemfira Əbdülsəmədova (GTT-nın aktrisası, 57 yaş):

“O dövlət proqramından tam yadımda qalan bu idi ki, teatr binalarının təmiri, hətta yaradıcılıq məsələlərinin də direktorun səlahiyyətinə verilməsi və baş rejissorun olmamasının da mümkünlüyü... Bizim teatrda bu proqramın icrasına əməl olunmasına gəldikdə isə, direktor yaradıcılıq işlərində baş rejissorla ortaq məxrəcə gələ bilir. Bu da onun keçmişdə aktyor olduğundan irəli gəlir. Anlayışla yanaşır. Mənim bir aktrisa kimi arzum yalnız gözəl bir rejissorla işləməkdir. Başqa nə ola bilər ki? Qaldı ki, teatrda – səhnə tərtibatı, musiqisi, geyimi, akustikası ( zalın arxa sırada oturan tamaşaçısı eşitsin deyə bağırmamağımız üçün) teatrda məşq, tamaşa zamanı bütün teatr qanunlarına və standartlarına cavab verə biləcək imkanların yaranması şərtdir. Bu da pula-paraya bağlıdır”.

Mir Sahib Ağazadə (rejissor, 38 yaş)

“Dövlət proqramı çərçivəsində daha çox teatr binalarının təmiri, yenidən bərpası gözə dəydi. Gənc rejissorlara böyük teatrlarda şərait də yaradıldı azdan çoxdan. Bu 10 ildə köklü hər hansı bir inkişafdan danışmaq olardı, amma və lakin... Əgər cəmiyyətimiz, hətta teatrlarımızın özü belə teatral olmayacaqsa, istənilən dəstək və dövlət proqramı teatrın inkişafına simvolik təsir edəcək.

Bu məsələ bir sorğuya sığmayacaq qədər uzun və böyük proqram tələb edən bir məsələdir. Amma qısa tezis olaraq deyim. Əvvəla nə qədər ağır səslənsə də teatrımızın siması olmalıdır. Maskalarla yox, öz siması. Biz hələ də Sovet Azərbaycanının teatrı simasındayıq. İkinci problemimiz odur ki, biz bir xalq olaraq böyük əksəriyyətimiz hələ də teatrla KVN, şou, gülməli səhnəciklər və istənilən diletantlığı ayıra bilmirik, çünki teatral deyilik. Sonuncusu teatr elitar sənət növüdür. Orda istənilən təbəqədən, istənilən yerdən-cəmiyyətdən gələnlə həqiqi, səviyyəli sənətçi 180-200 manata işləməyə məcburdursa heç bir elitar, kübar sənətdən söz gedə bilməz”.

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #