Erməninin Rəmişdən aldığı tar

Erməninin Rəmişdən aldığı tar
20 aprel 2018
# 10:32

Kulis.az yazıçı, millət vəkili Aqil Abbasın şair Qulu Ağsəsin doğum günü münasibəti ilə yazdığı "Rəmişin yerlisi Qulu Ağsəs" yazısını təqdim edir.

Adamda bəxtə bax ey, gör harda doğulub. Ağdamın Abdal-Gülablı kəndində. O kənd ki Aşıq Valehin kəndidi.

Qarabağın duzu, Qarabağın Molla Nəsrəddini Abdal Qasımın kəndidi. Azərbaycan tarının atası Qurban Pirimiovun kəndidi, general Murtuz Quliyevin, qeyri-adi səsi ilə ruhumuza hopmuş Sara Qədimovanın, Aşıq Xaspoladın kəndidi. Hamı ilə mırt tutan, öz hazırcavablığı ilə Abdal Qasımın mənəvi varisi Şakir də bu kənddə doğulub.

Nədənsə Səxavət Məmmədovun adını çəkmək istəyəndə nəinki kövrəldim, hətta ağladım. Sonra dayandım, gözlərimi yumdum və Səxavət Məmmədovun ilahidən gələn səsini dinlədim. Səsi çox uzaqdan gəlirdi və çox da yanıqlıydı. Və mənə elə gəldi ki, Abdalın lap yuxarısında, dağın başında bir daşın üstündə oturub darmadağın olmuş yurd-yuvalarına, kəndlərinə baxıb ölmüş Abdal-Gülablıya ağı deyir.

İlahi, az qala unudacaqdım, çünki bir az təsirlənmişdim. Birdən özü bakılı olan əməkdaşımız Mehriban xanım kənardan dedi ki, müəllim, bəs Ceyhun Mirzəyev? İlk obrazı dünyanın ən təmiz uşağı İsmayıl, son obrazı fəryad çəkən, intiqamın alışdırıb-yandırdığı İsmayıl. İlk mahınısı “Kəndimiz, kəndimiz…”, son mahnısı həmin kənd uğrunda mübarizəsi…

Tanrının ağıldan başqa heç nə əsirgəmədiyi, dünyanın ən qeyri-adi istedadlılardan biri, milyonlarla ağıllıların həsəd apardığı, Azərbaycanın Paqanini kimi şeytanımı-mələyimi Rəmişin doğulduğu kənd.

Qurban əmi Rəmişin uşaqlığında ona bir tar bağışlayır. Bu tarın sədası sonra bütün Azərbaycana yayılır. Hətta görkəmli tarzən Həbib Bayramov Qurban əminin tarının eşqinə Ağdama gedir və həmin tar üçün Rəmişə 4 min manat pul və öz tarını təklif edir. Amma Rəmiş “əminin yadigarıdı” deyib tarı nə Həbib müəllimə, nə də Həbib müəllimdən sonra bu tarın havasıyla Ağdama gedən və külli miqdarda pul təklif edən tarzənlərə satır.

Və günlərin birində Ağdamda bir toyda Rəmiş o əmisinin yadigarını kiminsə təpəsinə vurub çilik-çilik edir. Adını indi unutduğum bir erməni kamançaçı vardı, elə həmin toydaca Rəmişə yalvarıb tarın qırıqlarını 3 min manata alır. Yəqin indi ermənilərin hansısa muzeyindədi.

Adamda bəxtə bax ey, gör harda doğulub?

Dünən soruşuram ki, ə qaqa, neçə yaşın var? Deyir, vallah, yadımdan çıxıb, deyəsən elə Abdal-Gülablıdan çıxdığım yaşdı. Düz deyir, eləcə Gülablının havası kimi, suyu kimi, torpağı kimi təmiz qalıb.

Bir dənə də bəxti gətirib, aprelin 20-də doğulub. 19-da doğulsaydı Hitlerlə bir gündə doğulmuş olurdu, 22-də doğulmuş olsaydı Leninlə, amma Nərimanovla bir gündə doğulub. Və bir də bəxti onda gətirib ki, həyatda ilk dəfə gördüyü “jivoy” şair də ustad Musa Yaqub olub. Kənddən gəlmiş uşaq Ağdamda, Mədəniyyət evinin qabağında Musa Yaqubu görüb və qaçıb kəndə, hamıya deyib ki, mən Musa Yaqubu gördüm ey! Deyirəm yaxşı ki, Zakir Fəxrini görməyib, yoxsa qəzəl yazmağa başlayacaqdı.

Dostum, ad günün mübarək! Biz o kəndə yenə gedəcəyik, o kəhrizlərin suyundan yenə içəcəyik. Abdalla Gülablını bir bağ ayırırdı. Bənövşə vaxtı o bağa girməyə ürək eləmirdilər ki, bənövşələr əzilər. O bənövşələrin qoxusu hələ də burnumdadı.

Və bir də bu kənddə pəpə deyəndən məmə yeyənə qədər hamı söz ustasıydı. Hamı Mirzə Cəlil, Haqverdiyev məktəbi keçmişdi.

Və bugünkü “Ağdamın Ağdam vaxtı” lətifəsini də elə həmin kənddən gətirəcəm.

Və sonda. Qaqa, sənin boynuna bir minnət də qoyum da. Mən hər şairin ad günündə belə köşə yazmıram./adalet.az/

# 2228 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #