Kulis.az tanınmış yazar Rövşən Abdullaoğlu ilə müsahibəni təqdim edir.
- Rövşən bəy, sizin ixtisasınız nədir?
- Mən bir neçə ixtisasa yiyələnmişəm. İlk təhsilimi Azərbaycan Dövlət İqtisad Üniversitetində, ondan sonra müxtəlif universitetlərdə Fəlsəfə, ilahiyyat, psixologiya sahələri üzrə ali təhsil almışam.
- Çoxlu kitablarınız var. Biri də deyəsən Darvin haqqındadır. Bu ilk kitabınız idi?
- Əslində mənim ilk kitabım idman haqqındaydı. Həmin vaxtlar mən orta məktəbdə oxuyurdum.
- Fiziki görünüşünüzdən də idmançıya oxşayırsınız...
- Bəli... Orta məktəb illərində güləşlə məşğul olmuşam. Sonra samboya keçdim. O illər öz-özümə düşünmüşdüm ki, mükəmməl bir idman növü yaratmalıyam. Bu fikir də sambodan qaynaqlanırdı. Sovetin tərkibində olan ölkələrin idmanlarından cəm olmuş idman növü idi sambo. Ruscadan tərcümədə “silahsız özünü müdafiə” adlanır. İlk işlədiyim kitab bu barədə idi. Tək sambo yox, digər idman növləri haqqında. Mən onu əlyazma şəklində yazmışdım. Sonra o dəftər itdi. İndinin özündə də qardaşlarım soruşur ki, o kitabın taleyi nə oldu. Sonra mən taekvando, karate ilə məşğul oldum. O zaman özümdə bütün bu idman növlərini cəmləyən mükəmməl bir idman növü yaratmaq istəyi vardı. İdmanın fəlsəfəsindən yazırdım.
- Nailiyyətləriniz olub?
- Axırıncı dəfə cüdo üzrə İranda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutdum. 2011-ci ildə. Ən son yarışmam o olub.
- Əsas hansı idman növündə özünüzü sınayırsınız?
- Sambo və boks. İndi yarışlara o qədər vaxtım yoxdu. Sadəcə formamı saxlamaq üçün çalışıram. 7 yaşından idmanla məşğul olduğum üçün artıq məndə bu vərdişə çevrilib.
- Adətən idmançılar kitabdan uzaq olur. Amma qəribədir ki, siz idmanla məşğul ola-ola “N” qədər kitab da yazmısınız...
- Hər şey vaxtın əlindədi. Vaxtı düzgün istifadə etmək lazımdı. İdman nə qədər vaxt alır ki? Uzaqbaşı 2 saat yarım. Bu bir idmançı üçün kifayətdi. Bəzən gecə yarıdan keçənə qədər davam edən məşqlərimiz olur...
- Yapon yazıçısı Mişima ağırlıq qaldırma növündə məşğul olub. Bizdən bir Əli Kərimdi. O da boksla məşğul olmuşdu. Və siz...
- İdman ağır bir şeydir. Elə adam var ona çətin gəlir. Ona görə də vaxt ayıra bilmir digər şeylərə. Amma biz həmişə çalışırıq ki, məşqə də, kitaba da vaxt ayıraq. Bu istəyə bağlıdır.
- Motivasiya, din, fəlsəfə, psixologiya və s. haqda kitab yazmısınız. Eləcə də bədii ədəbiyyat. Üstəlik də idman.
- 24 kitab. Tərcümə, şərhlər. Psixologiya, motivasiya, irfan, fəlsəfə və teologiya mövzuları haqqında kitablar. İbn Sinanın ağır bir kitabını tərcümə etmişdik... Sonra bütün bu düşüncələrin bədiiləşməsinə qərar verdim. Romanlarımda da...
- Necə vaxt ayırırsınız bütün bunlara? Bəlkə heç yatmırsınız?
- (gülür). Dediyim kimi, vaxtdan düzgün istifadə. Əsas məsələ budur.
- Siz həm də ilahiyyatçısınız...
- Bəli.
- Motivasiyanı da ilahiyyatçı kimi verirsiniz? Yəni İslam yolu ilə?
- Elə deyil. İnsanın müxtəlif elmlərdə mütəxəssis olmasının fərdi inkişaf mövzularında da faydası böyükdür. İslamın zəngin elmi bazası vardır, məxsusən də insanın düşüncəsi, psixologiyası barədə. Ümumiyyətlə nəinki təkcə İslamdan, digər fəlsəfi, ideoloji, elmi məktəblərindən də həyat təcrübələrindən, elmi nailiyyətlərindən istifadə etmək lazımdır. Mən tək İslamı deyil, digər dinlərin də oxunmasının, mənimsənilməsinin tərəfdarıyam.
- Demək istəyirəm ki, siz depressiyada olan bir adamı motivasiya edərkən ilahiyyatçı kimi çıxış edirsiniz?
- Psixoloqlar əvvəl nəzəriyyə üzərində işləyir, sonra da keçir praktikaya. Motivasiya çoxşaxəlidir. Geştalt terapiya məsələn, Loqo terapiya və s. Hərəsinin öz yanaşması var. Məsələn, Loqo terapiyada ilahi yanaşma var. Biz bütün bu motivasiya yollarını sınaqdan çıxarmalıyıq. Dini, ya qeyri-dini. Hansı praktikdir, ondan istifadə etməliyik. Erix Fromla Karl Yunqun bu haqda maraqlı araşdırmaları var. Onlar deyirlər ki, psixoterapevt bir ruhaninin gördüyü işin eynisini görür. O müalicə elədiyinə ruh deyir, biz isə psixika. Ola bilməz ki, biz güclərimizi birləşdirək? Dinin baxışından da istifadə edək. Psixologiya XIX əsrin ikinci yarısında formalaşmağa başlayıb. Halbuki dinlərin yaranışı daha qədimdi. Və onlar düşünürdü ki, dinlər bizdən daha təcrübəlidir. Məsələn, İslam fəlsəfəsinin insana verdiyi biliklər, müxtəlif həyat sahəsində irəli sürdüyü tezislər daha realdır. İslamda müxtəlif formalı psixoloji yanaşmalar vardır.
- Freydə münasibətiniz necədir?
- Freydin çox maraqlı fikirləri olub. Dünyada fikirlərinə çox istinad edilən biridir. Ancaq bununla belə bəzi fikirlərini psevdoelmi hesab edirlər. Çünki sənin ortaya qoyduğun nəzəriyyə praktiki olaraq çözüm tapmalıdır. Praktikada bu yoxdusa, mən o nəzəriyyənin doğruluğunu hardan bilim? Məsələn, yuxularla, parapraksis (dil sürüşməsi) ilə bağlı fikirləri. Freydə görə yuxuların hamısı, səhvən ağızdan hansısa söz qaçırtmaq mütləq olaraq şüuraltı mesajların təzahürüdür. Freyd bu kimi irəli sürdüyü fikirlərə bir neçə pasientinin xəstəlik tarxiçəsini misal gətirir. Ancaq elm adına edilən belə bir iddianın isbatı üçün bu kifayət deyildir.
- Onun ateist olmağına görə bu cür münasibət göstərmirsiniz ki?
- Yox, mənim hər hansı bir şəxsə münasibətim onun ateist olub-olmamağı ilə bağlı deyil. Freyd barədə bu iradları bir çox tanınmış psixoterapevtlər də gətirirlər. Müxtəlif elm sahələrində fikirlərini qəbul etdiyim bir çox ateist alimlər vardır. Kiminsə inancı mənim onun əsərlərini oxumağıma, düz fikirlərini qəbul etməyimə mane olmur.
- Bir dəfə ateistlərin savadsız olduğunu demişdiniz... Sanki onlara qəzəbiniz var.
- Mən ateistlərin dini mövzularda savadsız olduqlarını demişdim. Bu sahə haqqında danışmaq üçün gərək xeyli oxuyasan, məlumatlı olasan. İnternetdən oxuduğun qeyri-peşəkar fikirlər dini bilmək deyil. Bu akademik yanaşma sayılmır. Mən bu günə qədər din sahəsində yaxşı biliyə sahib olan ateist görməmişəm.
- Dünyanı da nəzərdə tutursunuz, yoxsa tək bizimkiləri?
- Fərq etməz. Ümumiyyətlə bizimkilərdə içində olmaqla dünyada belə bir tendensiya vardır: dini mövzularda hamı söz demək iqtidarında olduğunu düşünür. Rahat şəkildə ən çətin dini elmi sahələrdə belə fikirlər yürüdürlər.
- Məsələn, bizdə ortada olan və ateist fikirlər səsləndirən adamlar var. Onlar kifayət qədər din haqqında biliyə sahibdirlər.
- Bax o kifayət qədər nədir? Hansı kitabları oxuyublar? Gəlin razılaşaq ki, din haqqında fikir bildirən şəxs gərək dərin dini bilgiləri olsun. Din barədə dərin təhlillər vermək üçün dil faktoru da mühümdür. Quran və dini mətnləri orijinal ərəb dilindən oxumalıdır. Bu hansısa əsər deyil ki, onun tərcüməsini oxuyub onun haqqında biliyə sahib olsun. Bir də görürsən ki, Quranı Azərbaycan dilində oxuyub orada ayələrin, ifadələrin ziddiyyətindən danışırlar. Quranda uyğunsuzluğun, təkrarların olduğundan, bədii cəhətdən zəif olduğunu deyirlər. Quranın nazil olduğu ərəb dilini bilmədən, onu tərcümələrdən oxuyaraq bu iradları gətirənlər gülünc vəziyyətdədirlər. Fikir verin, Quranı ingilis, Azərbaycan dilində oxuyur, ancaq ərəb dilində olan Quranın özündə ziddiyyətin olduğunu iddia edirlər. Bu məntiqsizdir. İradı gətirən yalnız ziddiyyətin oxuduğu dildə olduğunu deyə bilər, ancaq ərəb dilindəki Quranda ziddiyyətin olduğunu deyə bilməz. Çünki o Quranı ərəb dilində oxumayıb.
- Deyirsiniz ki, ərəb dilində bilməyən adam gərək İslam dinindən danışmasın?
- Din barədə mükəmməl biliyə sahib olmalıdır. Dinin hansı sahəsi haqqında fikir bildirirsə, onu yaxşıca öyrənməlidir. Fundamental, köklü şəkildə. Din barədə dərindən bir fikir demək üçün ana qaynağını başa düşmək üçün onu öz dilində - ərəb dilində oxumalıdır. Ümumi dini bilgilər üçün hər kəs başa düşdüyü dildə oxuya bilər. Ancaq dini dərindən anlamaq üçün dil faktorunu nəzərə almaq lazımdır. Dini mətnlər tərcümədən oxunulan bədii ədəbiyyatlardan kəskin surətdə fərqlənir. Çünki dini mətnlərin dərki ərəb dilin xüsusiyyətilə çox bağlıdır.
- Təkamül nəzəriyyəsinə münasibətiniz necədir?
- Mənə görə Təkamülün dəlilləri yetərli deyil, sönükdür. Tək mənə yox, ümumiyyətlə dünyanın bir çox alimlərinə görə. Bu elmin gəldiyi son nəticə deyil. Təkamüldən əvvəl də yaradılış haqqında fikirlər vardı. Elmin düşüncəsinin 180 dərəcə dəyişdiyini nə qədər görmüşük. Sadəcə indi ona görə bu nəzəriyyəni qəbul edirlər ki, elmin hələlik yaradılışı, növlərin müxtəlifliyini izah edən alternativ nəzəriyyəsi yoxdur. Elm aləmində həmişə belə olub, dövrlərinə, elmi nailiyyətlərinə uyğun olaraq ən düz bildikləri nəzəriyyəni əsas tutur, dərslikləri onun əsasında yazırlar. Sonradan elm inkişaf etdikcə, daha üstün nəzəriyyə irəli sürüldükdə isə, köhnəni yenisi ilə əvəz edirlər. Ona görə də buna nəzəriyyə deyirlər, fakt demirlər. Darvin öz dövründə də deyirdi ki, bu mövzu işlənməlidir, indi də elə deyirlər. Yəni tam isbat yoxdur.
- Rövşən bəy, gəlin söhbətimizi ədəbiyyatla davam etdirək. Siz ədəbiyyatda qəfil ortaya çıxdınız.
- Qəfil ortaya çıxmaq subyektiv bir anlayışdır.
- Ədəbi mühitdə də yox idiniz...
- Ədəbi mühitdə necə olurlar? Buna uyğun bir universitet bitirəndə, ya da fəaliyyətin bu yöndə olanda. O adam ədəbi mühitdə olur, ətrafında yazıçı dostları olur və həmin adam nəsə yazanda gözlənilməz effekt yaratmır. Çünki o adam həmin çevrənin gözü qabağında olub. Mənim sahələrim isə tamam fərqli sahələr olduğundan ədəbi mühitdən uzaq hesab edə bilərlər. Ancaq bu o demək deyil ki, ədəbiyyat sahəsində fəaliyyətimiz yoxdur.
- Sizin qəfil gəlişiniz, kitablarınızın satışı çoxlarında qıcıq doğurdu. Bir çoxları hesab edir ki, Rövşən Abdullaoğlu ciddi ədəbiyyatla məşğul olmadığı üçün kitabları satış rekordu qırır. Yəni sizi kütləvi, populist yazıçı hesab edirlər.
- Onu deyənlər əsərlərimizi oxumayıblar. Əsərlərini oxumadıqları yazıçı haqda bunları necə deyə bilirlər? Mənim 24 kitabım çıxıb. Onlardan bəzisi fəlsəfə, bəzisi irfan, psixologiya, fərdi inkişaf, romandır. İbn Sinanın ən çətin fəlsəfi əsərlərinə şərh vermişik. Fəlsəfə, psixologiya, teologiya, irfan bunları dünyada qeyri-ciddi sahə heç kəs saymır. Aydındır ki, o sahədə əsər yazan yazıçını qeyri-ciddi əsər yazmaqda ittiham etmək mümkünsüzdür. O kitabları qeyri-ədəbiyyat hesab edən adamın ümumiyyətlə ədəbiyyatdan, elmdən anlayışı yoxdur.
- Söhbət bədii kitablarınızdan gedir...
- Bu sözü deyən gərək bizim kitabımızı oxusun. İddiasını da əsaslandırsın. Mənim istənilən bədii kitabımı götürək, orada fəlsəfənin, ontologiyanın, psixologiyanın, fərdi inkiş mövzuları ilə zəngin olduğunu görəcəksiniz. Mənim əsərlərimi də götürək ciddi ədəbiyyat hesab edilən istənilən əsərlə müqayisə edək. Görək, ciddi hansıdır, qeyri-ciddi hansı? Ciddi ədəbiyyat hesab edilməsi üçün əsərdə hansı xüsusiyyətlər olmalıdır? O xüsusiyyətləri sadalasınlar. Baxıb görəcəksiniz ki, onların hamısı bizim əsərlərdə vardır. Sadəcə olaraq qərəzsiz yanaşmaları bir də irad gətirdikləri əsəri oxumaqları lazımdır.
- Müasir Azərbaycan yazarlarını oxuyursunuz?
- Bəzilərini oxumuşam.
- Siz onları oxumadan ittiham etməkdə günahlandırdınız. Amma sizin özünüz də onlardan heç nə oxumamısınız...
- Mən onların hamısını oxumamışam. Ona görə də yalnız oxuduqlarım barədə fikir deyə bilərəm. İndiyə kimi də oxumadığım yazıçı barədə heç bir söz deməmişəm.Oxuduqlarımdan istedadlıları, gözəl əsər yazanları da var. Əksəriyyətinin isə yazıçılıq bacarıqları yoxdur. Elələri də var ki, onların əsərlərini oxuyandan sonra Azərbaycan oxucusunun öz yazarına qarşı niyə bədbin olduğunu anlamışam.
- Niyə bədbindir?
- Əsərləri elmi cəhətdən zəif görmüşəm, sujet xətti çox maraqsızdır. Mənə bayağı təəssüratı yaradıb.
- Siz onları bayağı zənn edirsiniz, onlar da sizi. Nə etməli?
- Mən oxuyub deyirəm, onlar isə oxumadan. Bir də sözlərim hamısına aid deyil. İçərilərində gözəl qələm sahibləri olanları da var.
- Hər halda oxuduqlarınızı bayağı hesab etdiyinizi söylədiniz...
- Bəli...
- Bir məsələ var burda. O yazarlar sizi bayağı hesab etdiyi üçün çox oxunduğunuzu deyirlər. Kütlə bayağılığa daha çox meylli olduğu üçün...
- İnsanların hamısı belədir demək olmaz. Bir əsərin çox satıldığına görə ona bayağılıq damğası vurmaq, insanları avamlıqda ittiham etmək yanlışdır. Bir yazıçının bütün əsərlərini bir çoxu bəyənirsə, oxuyurlarsa, onun oxucularını təhqir etmək ədəbsizlikdir. Mənim əsərlərimin oxucuları arasında çoxlu sayda ali təhsilli insanlar, tələbələr, müəllimlər, həkimlər, elm adamları, millət vəkilləri, psixoloqlar vardır. Mütəmadi olaraq universitetlərdə, liseylərdə bu oxucularla görüşlərimiz olur.
- Sizin haqqınızda səslənən ittihamlara münasibətiniz nədir?
- Hər deyilmiş söz, edilmiş ittiham əsaslandırılmalıdır. "O, bayağı yazır" deməklə məsələ həll olunmur. Mən bayağı hesab etdiyim kitabı niyə bu cür qiymətləndirdiyimi dəlillərlə sübut etməliyəm.
- Bədii əsərdə mütləq elmi nəsə olmalıdır? Bu necə meyardı?
- Yaxşı, elm, məntiq, dərin məna, psixologiya, insanın fərdi və ictimai inkişafı üçün təsirli olan nəzəri və ya praktik mesajlar yoxdusa, onda ciddi və qeyri-ciddini necə ölçürlər?! Hansısa üstün dəyərlərin təbliği, vətənpərvərlik, əxlaqi və mədəni elementlər yoxdursa, onda nə olmalıdır?! Bəzi yazarlar hesab edirlər ki, ədəbiyyatda bütün bunlar olmamalı, əsərin mənası önəmli deyildir. Onda ciddi və qeyri-ciddi nədir? Əgər bir əsərin mənası, elmi yükü önəmli deyilsə, o zaman ciddi və qeyri-ciddi ədəbiyyat kimi bölgüyə də yer yoxdur. Bu ümumiyyətlə ziddiyyətdir. Bir tərəfdən deyirlər ki, əsərin elmi və məna yükü önəmli deyil, digər tərəfdən də ədəbiyyatı mövtəva və məna cəhətindən ciddi və qeyri-ciddi olaraq iki hissəyə bölürlər.
- Söhbət əsərin bədii-estetik gücündən gedir...
- Yəni cümlə quruluşu, bədii ifadə vasitələri... Siz hansı əsəri ciddi hesab edirsiniz, məsələn?
- Məsələn, İsa Hüseynovun “Məhşər”i, “İdealı”... Sanballı əsərlərdi. Və bədii-estetik baxımından çox ucadadır.
- Mənə görə əsərin yalnız bədii-estetik tərəfi əsas deyil. Əsərin mənəvi gücü də olmalıdır. Azərbaycan klassiklərinin üstünlüyü onda olub ki, onlar hər iki tərəfə önəm veriblər, əsərlərinin həm bədii gücü, həm də mənəvi gücü olub. Müasir yazıçılar da onlardan örnək götürməlidirlər.
- Deyirsiniz ki, bu səbəbə görə sizi ciddi ədəbiyyat hesab etmirlər?
- Ədəbiyyatda ümumiyyətlə bu bölgü yoxdur: ciddi, ya qeyri-ciddi. Bəziləri bu bölgünü yaradıblar. Meyarı da öz zövqlərinə uyğun olaraq təyin ediblər. Sonra da başlayıblar öz dost-tanışlarını ciddiyə aid etməyə, qalanlarını da qeyri-ciddiyə. Ümumiyyətlə, yazıçı, maarif sahəsində fəaliyyət göstərən şəxs cəmiyyətin müəllimi məqamındadır. Çalışmaq lazımdır ki, bu statusa da uyğun hərəkət olunsun. İxtilaf yaratmaq, digərinin arxasınca danışmaq, təhqir, başqasının əks təbliğini etmək, paxıllıq, qərəzli tənqid – bu, cəmiyyətin müəllimi məqamı ilə uyğun gəlmir. Mən özüm indiyənə kimi kiminsə adını hallandırmamışam, bu deyilənləri kiməsə qarşı etməmişəm. Həmişə çalışmışam söz-söhbət, qalmaqaldan uzaq durum. Kimisə nədəsə səhv biliriksə, yalnız onun özünə deməliyik. Bəlkə, o elə bir arqument gətirəcək ki, mənim səhv olduğum məlum olacaq. Bütün yazıçılar hamısı eyni cəbhədə yer almış silahdaşlardır. Bir-birimizə də yalnız bu cür baxmalıyıq. Hamımız eyni hədəfə malikik.
- Rövşən bəy, bayaqdan fikir verirəm, özünüz haqqında danışanda “mən” yox, “biz” deyirsiniz.
- Mən deyəndə hardasa təkəbbürlü kimi çıxır. Özümə mən deyəndə təkəbbürlü görsəndiyi üçün hardasa narahat oluram. "Biz" deyəndə “Mən” kölgədə qalır. Bir neçə yerdə deyiblər mənə bunu. Axı siz neçə nəfərsiz? Bu kitabları neçə adam yazır ki? (gülür).