Ərindən gizli abort etdirən yazıçı arvadı“Əsl kino”

<b>Ərindən gizli abort etdirən yazıçı arvadı</b> – <span style="color:red;">“Əsl kino”
3 fevral 2018
# 09:00

“Kvadrat” – bu il Kulis.az bu həftədən etibarən “Əsl kino” rubrikasında müxtəlif illərdə, özəlliklə XXI əsrdə çəkilmiş, daha çox ciddi sənətə xitab edən maraqlı filmlərdən bir neçəsini təqdim edəcək.

***

Haqqında danışacağımız ilk film ötən il Kann festivalının əsas mükafatına - “Qızıl Palma”ya layiq görülən “Kvadrat” filmidir. İsveç rejissoru, 43 yaşlı yaşlı Ruben Estlundun bu ekran əsəri XXI əsrin ən yaxşı filmləri siyahısına düşməyi haqq edir.

Süjet: Kristian (Klass Banq) müasir incəsənət muzeyində kurator işləyir. O, Latın Amerikasından olan bir müəllifin “Kvadrat” adlı instalyasiyasını muzeydə sərgiləyir. İdeyaya görə “Kvadrat” laqeydliklə, amansızlıqla qarşılaşan müasir insanın sığınacağıdır. O, bərabərliyi, mərhəməti, tolerantlığı, simvolizə edir və onun sərhədləri daxilində hər kəs eyni hüquqa malikdir.

Günlərin birində düz şəhərin mərkəzində Kristianın cüzdanı və mobil telefonu oğurlanır. Öz davranışlarında maddiyyatı önəmsəməməyə, tolerant, mərhəmətli olmağa çalışan qəhrəman sərt reallıqla üzləşəndə prinsipləri sınağa çəkilir. O, car çəkdiyi dəyərlərə uyğun yaşamaqda davam edə biləcəkmi?

Rejissor aktual problemləri ustaca, dramaturji dəqiqliklə, estetcə nizamlayır, onları plakatlaşdırmır, publisistikada boğmur: incəsənətin bazara çevrilməsi, hər cür zir-zibilin sənət adı ilə sırınması, Avropanı bürüyən miqrant problemi, ifadə azadlığının sərhədləri, seksual münasibətdən şantaj kimi istifadə, istənilən abırsızlığa əl atan reklamlar, toplumda güvənsizlik sorunu və bütün bunların fonunda humanizmi, tolerantlığı təbliğ edən Avropa insanının mənəvi böhranı...

Absurd məqamlar, qaba, kədərli yumor ən ciddi, gözlənilməz vəziyyətlərdən qaynaqlanır. Başqa cür desəm, reallıq özü bunu diktə edir.

Film həyəcanlı, gərgin epizodlarla zəngindir.

Ən yadda qalan, şok effekti yaradan səhnə rəssam – aksionistin insanabənzər meymun obrazında - yüksək təbəqənin qatıldığı qlamur ziyafətdə sərgilədiyi performansdır.

Epizod təkcə gərginlik yaratmır, eyni zamanda tamaşaçıya ifadəolunmaz utanc hissi yaşadır.

Performansı nəzarətdən çıxan rəssam ziyafətdəkiləri təhqir edir, qadınlara sataşır. Bahalı aksessuar, əlbisələr daşıyan, kübar davranışlı zənginlər qorxudan başlarını aşağı salaraq yanlarındakı adamın təhqir olunmasına göz yumurlar. İnstinktlərinə təslim olan rəssamın yanında, onlar bu vəziyyəti ilə daha miskin, insanlıqdan çıxmış görünürlər. Bu epizod Estlundun ideyasının əsas daşıyıcısıdır. Və mahiyyətinə, yanaşmasına görə Bunuelin, Şabrolun filmləri ilə müqayisə oluna bilər.

Məkanlar – istər interyer, istər natura sürrealist Rene Maqritin rəsmlərini xatırladır. Onun tablolarında predmetlər, insanlar dərin, sonsuz boşluqda tənhadırlar və fərqli mənalarla yüklənirlər. “Kvadrat” filmində də personajlar sxematik, səliqəli dekorasiyaların dərin boşluğunda hərəkət edir, hissini itirmiş hərəkətli fiqurlara bənzəyirlər.

***

Deyim ki, bu cəhət – soyuq, qlamur dəbdəbəlikdə insan tənhalığı, təqdim edəcəyim ikinci filmə “Gecə heyvanları” psixoloji trillerinə də xasdır.

Adrenalin həvəskarlarını Tom Fordun 2016-cı ildə Venesiya festivalında Qran-pri qazanmış bu filmini izləməyə dəvət edirəm.

Amerikalı Tom Ford geyim dizayneridir, demək olar ki, dünyanın hər yerində, o cümlədən Bakıda onun butikəri var. “Gecə heyvanları” rejissorun “Tənha kişi”dən sonra ikinci ekran işidir.

Süjet: Qalereya direktoru Süzan (Emi Adams) keçmiş əri Edvardan (Ceyk Cillenhol) məktub alır. O, Süzana yeni romanının əlyazmasını yollayır və Los-Ancelesə gələndə onunla görüşəcəyini bildirir.

Süzan biznesmen əri ilə monoton həyat sürür. Keçmiş ərini vaxtilə uğursuzluqda qınayan, onu yazıçı ola bilməyəcəyinə inandırmağa çalışan Süzan hətta hamilə olduğunu belə ondan gizləyir. Və abort etdirir. İndi romanı oxuduqca səhvini anlayır. Roman onu həyəcanlandırır, tükürpədici hadisələri sanki realda yaşayır... Əsər Süzanı həyatını saf-çürük etməyə, keçmişi analizə, səhvlərini görməyə vadar edir.

Bu arada ərinin ona xəyanət etdiyini də öyrənir. Mənasız həyatı, ərinin xəyanəti onu Edvardla görüşə həvəsləndirir. Amma Edvard onu bağışlayacaqmı?

Hadisələr üç xətt üzrə gedir: Süzanın indiki həyatı, romandakı dəhşətli hadisələr və fleşbeklərlə Süzanla Edvardın evlilik dönəmi...

Rejissorun hədəfi yüksək təbəqənin tükənməz istehlakçılığıdır. İstehlakçılıq fetişizm səviyyəsinə çatanda o, insanın ruhunu öldürür, istiliyini əlindən alır.

Ambisiyalı Süzan Edvardı prinsiplərindən dönməyə, cəmiyyətdə yüksək yer tutmağa məcbur etmək istəyir. Edvard ideyalarına sadiq qaldığından Süzan onunla qəddar davranır.

Çətin münasibətlər sistemində Ford mühüm bir şeyi də önə gətirir. Faşizm təkcə müharibədə, diktatura rejimlərində mövcud deyil. O, bəlkə elə daha çox məişətdə, qadın-kişi, ümumən sosial qatlarda özünü büruzə verir.

Özü də zəngin həyat sürən Ford bu haqda deyir: “Mənim özümün də Los-Ancelesdə yaxşı evim var və Süzan kimi adamlar üçün kolleksiya hazırlayıram. Gəncliyimdə isə son dərəcə sadəlövh idim və Hollivud filmlərində göstərilən hər şeyə inanırdım: sənin pulun çoxdursa dünya gözəlləşir və xoşbəxt olursan. Bizim mədəniyyət də bunu öyrədir, çox istehlak adamı xoşbəxt edir.

On il əvvəl ayıldım və anladım: pul, cah-calal sözsüz ki, xoş şeylərdir. Amma ünsiyyət qurduğun insanlar və onların hissləri daha vacibdir. Bunu hər şeydən çox qiymətləndirmək lazımdır”.

# 1112 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #