news-inner
clock17:10 calendar-gray 09 Yanvar 2018 view-gray244 dəfə oxunub
view-gray244 dəfə oxunub

Xəstə üçün pul yığan sürücü, ölümü düşünən qadın – Narıngüldən YENİ HEKAYƏ

Kulis.az yazıçı Narıngülün “Köşək gözlü” hekayəsini təqdim edir.

Əhmədlidə sınıq-salxaq, artıq kökü kəsilməkdə olan köhnə marşurutkalar dayanacaqda yan-yana düzülərək “ov” gözləyirlər. Bu ərazidəki köhnə marşurutkalar xaltura üçün oğrun-oğrun işləyirlər. Yəni az qala özlərinə düşmən hesab etdikləri yeni “Bakubus”adlanan marşurutlarla siçan- pişik oynayırlar. Marşurutkaların sürücüləri “Bakubus”ları öz aralarında “pılesos” da adlandırırlar.

Əslində, bu istiqamətə gedən yeni, qıpqırmızı, burnu yuxarıda olan “Bakubus” lara da əyləşmək olar. Amma bu marşurutkalar adama daha doğma gəlir, köhnəyə sədaqətli olmaq pis deyil, həm də vərdiş deyilən bir şey də var axı...

1-ci epizod.

Sınıq -salxaq marşurutkanın sürücüsü iri qara gözlü cavan oğlandır. Qaraşın sifətindən yorğunluq yağır. Əyninə dəbdən düşmüş qara rəngli dəri gödəkcə geyinib. Gödəkcənin bəzi yerləri sürtülərək ağarıb. Oğlanın gözləri qapqaradır, həm də fikirli görünür. 5-6 yaşlarında bir oğlan uşağı marşurutkanın qapısının ağzındakı tutacaqdan yapışıb. Ayaqqabısının birinin bağı açıqdır. Uşağın gözləri qapqaradır, köşək gözü kimi. Uşaq hərdən sərnişinlərin əlindən iyirmi qəpikləri qapıb marşurutkanın xırda pul yığmaq üçün qoyulmuş yeşiyinə atır. Uşağın qara totuq əlləri çirklidir. Tez-tez çirkli əllərini üzünə aparır, üz- gözünü çirkə boyayır. Amma üz- gözü çox şirindir. Uşaq durmadan adama bir hind filmindəki məşhur aforizmi diqtə edir: “Sın prokura budet prokurorom, sın vora budet vorom”. Uşağın anası yəqin ki, harasa gedib, yoxsa bu yaşdakı uşağı niyə atasının yanında qoysun ki?.. Uşaq diqtə edir ki, anası ikinci uşağı doğmaq üçün doğum evinə yollanıb.

...Uşağın anası ufuldaya-ufuldaya qaraşın sürücünün çiynini silkələyir:

- Dur, deyəsən, vaxtdır, sancıdan ölürəm.

Qaraşın sürücü gözlərini ovxalayıb zorla yuxudan ayılır. Gözləri qadının bir az da böyümüş qarnına sataşır, cəld yorğanı üstündən atır. Qadın uşağı çarpayıdan qaldırır, ağrıdan qıvrıla-qıvrıla gödəkcəsini geyindirir. Ayaqqabısının birinin bağını bağlayır, o birini bağlamağa heyi qalmır. Qaraşın oğlan uşağın anasını elə öz marşurutkası ilə aparıb doğum evinə yerləşdirir, sonra uşağın əlindən tutub marşurutkaya mindirir, doğum evinin artıq əzbər bildiyi xərcini bir də o tərəf –bu tərəfə çevirir. Axşama kimi bir neçə dövrə vurmaq olar... Uşaq yarıyuxulu halda tutacaqdan yapışır.

Uşağın gözləri qapqaradır, köşək gözü kimi...

2-ci epizod

Uşaq atasına nəsə deyir. Atası maşının səsindən uşağı eşitmir, yaxud da eşidir, cavab verməyə həvəsi yoxdur. Uşaq yenə də mızıldanır. Bir qədər keçmiş hündürdən səslənir:

“Dədə ,ay dədəəə”.

Maşının uğultusundan nə dediyi eşidilmir, ancaq elə “Dədə” sözünü eşitmək olur. Uşaq inadla diqtə edir ki, kasıb ailədəndir. Yoxsa, niyə cavan atasına dədə desin ki?.. Adətən kasıb ailənin uşaqları atalarına “dədə” deyə müraciət edirlər.

...Qadın ayağı qopmuş sınıq divanın altına taxta qoyur ki, divan yerində düz dayansın. Qadın bir əliylə irilənib aşağı sallanan qarnından yapışıb. Uşaq həm mətbəx, həm də yataq otağı olan evin bir küncünə yerləşdirilmiş çarpayıda mışıl-mışıl yatıb. Çarpayının üstündəki örtük uşağın ayaqları altında dürmələnib yerə düşüb. Uşağın paltarları səliqəsiz halda döşəməyə səpələnib. Qadın otağın təkgözlü pəncərəsinin örtüyünü çəkir. Otaq yarıqaranlıq olur. Mətbəxdən qazanda qaynayan xörəyin iyi gəlir. Pəncərənin şüşələri tərləyib. Uşaq yuxudan duran kimi təkgöz pəncərəyə qaçır. Tərli şüşədə əyri-üyrü xətlərlə maşın şəkli çəkir. Uşağın çəkdiyi maşının təkərləri özündən xeyli böyük görünür.

Uşağın gözləri qapqaradır, köşək gözü kimi...

3-cü epizod

Marşurutkaya gözəl və gənc bir qadın minir. Əynində bahalı xəz palto var, gözləri qonur rəngdədir. Əslində, bu marşurutda belə bahalı geyimli qadınlara az təsadüf olunur. Gənc qadın uşağı görüb bir anlıq duruxur, anidən əlini uzadıb uşağın başını sığallayır, saçlarını qarışdırır. Uşaq başını kənara çəkir, köşək gözlərini bir neçə dəfə qırpır. Qadın keçib arxada əyləşir. Az keçmiş avtobus mənzil başına yetişir. Qadın marşurutkadan enib yolu keçərkən gözucu sürücüyə baxır, sonra marşurutkanın pəncərəsinə yaxınlaşıb içəriyə boylanır. Sürücü qadının ətəyi xış-xış xışıldayan xəz paltosuna nəzər salır, qadın paltonun içərisində model kimi görünür. Sürücü ürəyində söylənir: “Mənlik deyil bu, getsin öz tayını tapsın”.

...Kişi güzgünün qarşısındakı bahalı odekalonla ətirlənir. Gözləriylə qonurgözlü qadını axtarır, arxada dayanmış qadını görür, bir anlıq duruxur, xəcalət çəkirmiş kimi güzgüdən ona baxır:

- Demək daha həkimlik də deyil, hər şey hədər imiş... Neyləyək, deyirsən? Əlbəttə, boş şeydir. Amma mən uşaq istəyirəm, uşaq! Başa düşürsənmi?! Uşaq!!!

Qadının qonur gözləri yaşla dolur. Ərinin üzünə baxmağa qorxur. İlk dəfə hiss edir ki, əlində olan ən bahalı şeyi salıb itirmək üzrədir. Kişi tələsirmiş kimi tez aradan çıxmağa çalışır, tələm-tələsik əl çantasını yığışdırır. Qadın onun yaraşıqlı və həyəcanlı sifətini güzgüdən seyr edir. Kişi qapıdan çıxarkən bu dəfə adətinə xilaf olaraq qadının burnuna çırtma ilə toxunmur, bir anlıq duruxur və son sözünü deyir:

“Deyəsən ayrılmalıyıq!”

Qadın güzgünün qarşısında fırlanır. Bu da son! “İntihar edəcəyəm – qadın acı-acı düşünür – aptekdən çoxlu həb almaq lazımdır. Məndən sonra qoy yanıb tökülsün, həm də ömürlük xatırlayacaq, unuda bilməyəcək məni” .

Qaraşın sürücü yeşikdəki pulları sayır, iri pulları ayırıb döş cibinə qoyur. Xırdaları təkrar- təkrar sayır. Qarşı tərəfdəki aptekdən çıxan qadın əlindəki həb dolu torbanı çantasında yerləşdirir, yenidən marşurutkanın pəncərəsinə yaxınlaşır. Hiss olunur ki, gözləriylə içəridən kimisə axtarır. “Bunun nə iti azıb görəsən, qarnının azarı nədir bunun?” - Sürücü gözaltı qadını süzür. Qadının üzü süd kimi ağdır, qonur gözləri heç nəyi ifadə etmir.

Sürücünün gözləri yol çəkir. Sürücü diqtə edir ki, bu pul hələ azdır, xəstəxanaya baş çəkməyə kifayət etməz. Hələ bir neçə dövrə vurmaq da lazım gələcək, ən azından üç dövrə...

Avtobusun içərisində döşəmədə əyləşib oyuncaq maşınla oynayan uşaq oyuncağını kənara ataraq gəlib qarşıda atasının yanında əyləşir, gözlərini yola zilləyir.

Uşağın gözləri qapqaradır, köşək gözü kimi...

Oxşar xəbərlər

Xəbər lenti

Əməkdar artistin kitabı çap olunub
18:50 02 Mart 2021
Ancelina Coli keçmiş nazirin tablosunu satdı
18:01 02 Mart 2021
Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri
17:20 02 Mart 2021
Xalq artistinə ağır itki üz verdi
17:13 02 Mart 2021
Aşıqlar dastan oxuyacaq
16:40 02 Mart 2021
Azərbaycan Türkiyə ilə müştərək filmlər çəkəcək - Rəsmi müqavilə imzalandı
15:58 02 Mart 2021
Ən gözəl tərbiyəsizlik: Bakıda divarlara yazılan "dastanlar" - Fotolar
15:16 02 Mart 2021
O film ilk sanballı ekran əsərimizdir – Anar yazır...
14:36 02 Mart 2021
Azərbaycanda yeni qurum yarandı - Nəşriyyatlar birləşdi
13:40 02 Mart 2021
Ekspertdən test sualları ilə bağlı sərt açıqlama: “Bilərəkdən gəncləri elmdən qaçırırlar”
13:01 02 Mart 2021
Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə
12:15 02 Mart 2021
Anar Kərimov Türkiyənin xarici işlər naziri ilə görüşdü
11:47 02 Mart 2021
Anar Yazıçılar Birliyinin qurultayının vaxtını açıqladı
11:27 02 Mart 2021
Atası gözünün qabağında öldürülən yazıçılar
11:02 02 Mart 2021
Berlin Film Festivalı başladı
10:23 02 Mart 2021
4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu
09:32 02 Mart 2021
Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə
09:03 02 Mart 2021
Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
18:56 01 Mart 2021
Türkiyə ilə mədəni əməkdaşlıq sənədləri imzalandı
18:21 01 Mart 2021
Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
17:49 01 Mart 2021