news-inner
clock17:30 calendar-gray 27 Dekabr 2017 view-gray74 dəfə oxunub
view-gray74 dəfə oxunub

Arvadının robotunu öldürdü, edama məhkum edildi – Rey Bredberinin hekayəsi

Kulis.az dünya şöhrətli amerikalı yazıçı Rey Bredberinin “Cinayətsiz cəza” hekayəsini təqdim edir.

- Siz arvadınızı öldürmək istəyirsiniz? – deyə yazı masasının arxasında əyləşmiş qarasaç kişi soruşdu.

- Bəli. Yox, yox… Bu heç də elə deyil. Mən istəyirəm ki…

- Ad və soyad?

- Mənim, yoxsa onun?

- Sizin.

- Corc Hill.

- Ünvan?

- Qlenvü, Sayt Sent-Ceyms, 11.

Kişi sifətini turşudaraq yazırdı.

- Bəs arvadınızın adı?

- Ketrin.

- Yaşı?

- Otuz bir.

Suallar bir-birinin ardınca yağdırılırdı. Saçlarının, gözlərinin, dərisinin rəngi, xoşladığı ətirlər, paltarının ölçüsü...

- Sizdə onun foto-şəkli varmı? Diktofona yazılmış səsi necə? Aha, görürəm ki, hazırlıqlı gəlmisiniz. Lap yaxşı. İndisə...

Düz bir saat ötdü. Corc Hill tamam tər içində idi.

- Vəssalam! - Qarasaç kişi yerindən qalxıb Corca nəzər yetirdi. – Peşman deyilsiniz ki?

- Yox.

- Bunun qanunazidd hərəkət olduğunu bilirsinizmi?

- Bəli.

- Biz hadisələrin sonrakı nəticələrinə görə heç bir cavabdehlik daşımırıq.

- Allah eşqinə, tez qurtarın! - deyə Corc səsini ucaltdı. - Gör neçə vaxtdı məni sorğu-sual edirsiniz. Daha bəs deyilmi?

Kişi yüngülcə gülümsədi.

- Kuklanın, yəni arvadınızın surətini hazırlamaqdan ötrü hələ ən azı üç saat vaxt lazımdır. Dəhlizdən soldakı üçüncü aynalı otaq boşdur. Hələlik gedin orada oturub bir qədər mürgüləyin. Bu sizə rahatlıq gətirəcək.

Corc astaca aynalı otağa tərəf addımladı. Qapını açıb mavi rəngli divanda uzandı. Bədəninin təzyiqi sanki tavandakı aynanı hərəkət etməyə məcbur edirdi. Zərif bir səs ucalmağa başladı: “Yat... yat... yat...”

- Ketrin, ora getmək istəmirdim. Buna məni sən məcbur etdin... Aman Allah, mən daha burada qalmaq istəmirəm. Evə getmək istəyirəm... Səni öldürmək istəmirəm... – deyə Corc yuxulu vəziyyətdə donquldadı.

Ayna səssizcə fırlanır, parıldayırdı.

Corc dərin yuxuya daldı.

Yuxuda gördü ki, yenə qırx bir yaşındadı. Keti ilə əl-ələ tutub yaşıl təpəyə doğru qaçırlar, daha sonra təbiətin seyrinə çıxırlar. Onların uçduğu helikopter yaxınlıqda dayanıb. Külək şıltaqlıqla Ketinin saçlarına sığal çəkir, o isə xoşbəxtcəsinə gülüb şənlənir. Sonra onlar Keti ilə öpüşürlər, bir-birinin əlindən tutub heç nə yemir, vaxtlarını ancaq şeir söyləməklə keçirirlər.

Corcun gözünün qarşısında daha başqa səhnələr canlanır. Onlar helikopterlə 1997-ci ilin həmin məlum, uzun qızıl payız günündə Yunanıstanın, İtaliyanın, İsveçrənin üzərindən elə hey uçur, amma heç yerdə dayanmırlar.

Qəfildən qorxunc səhnə - Keti və Leonard Felps bir yerdədi. Corc yuxuda qışqırır. Axı, bu necə ola bilər? Felps haradan belə peyda olub onların dünyasına nüfuz etdi? Axı, niyə həyat bu qədər amansızdır? Bəs sadəlik, xeyirxahlıq necə oldu? Doğrudanmı bütün bunlar yaş fərqinə görəmi baş verir? Corcun əlliyə yaxın yaşı var, Keti isə gəncdir, çox gəncdir! Niyə, niyə?..

Bu səhnə həmişəlik onun yaddaşına həkk olunmuşdu. Leonard Felpslə Keti şəhərətrafı parkda görüşə çıxmışdı. Corc yoldakı döngədən elə vaxtda üzə çıxdı ki, Felpslə Keti öpüşürdü.

Bu səhnə Corcu hövsələdən çıxmağa məcbur etdi. Felpslə dalaşdı və hətta onu öldürməyə cəhd göstərdi.

Sonra sonu bilinməyən dəhşətli günlər...

Corc göz yaşları içində yuxudan oyandı.

- Cənab Hill, sizin üçün lazım olan hər şey artıq hazırdır.

Ağırlaşmış vəziyyətdə o, divandan qalxdı. Özünü uca və daha hərəkətsiz qalan aynada gördü. Bəli, doğrudan da Corc tam mənada əlli yaşlı kişiyə bənzəyirdi. Bu qorxunc bir səhv idi. Ondan da görkəmli, cəzbedici kişilər cavan qadınlarla evlənir, bir müddət sonra başa düşürdülər ki, arvadları necə onların qucağından sivişib çıxır, qəndin kristalları kimi suda əriyib yox olurlar. Corc acıqlı nəzərlərlə üst-başına göz yetirdi. Qarnı azca irəli çıxmışdı. Çənəsi də bir az qalınlaşmışdı. Bədənindən fərqli olaraq saçlarında bibərin və duzun miqdarı çox idi...

Qarasaç kişi onu başqa otağa gətirdi.

Az qala Corcun nəfəsi kəsiləcəkdi.

- Bu ki, Ketinin otağıdır!

- Şirkətimiz müştərilərinin istəklərini mümkün qədər təmin etməyə çalışır.

- Onun otağı! Hər şey bütün detallarına kimi burdadır!

Corc Hill on min dollarlıq qəbz yazdı. Kişi qəbzi götürüb getdi.

Otaqda sakitlik və istilik hökm sürürdü.

Corc əyləşib cibindəki tapançaya əlini toxundurdu. Gör ha, nə qədər pulundan keçdi... Amma varlı adamlar lazım gəldikdə özlərinə lüks “təmizləyici cinayət” hadisələrini törətməyi də rəva bilirlər. Zorsuz zorakılıq. Ölümsüz ölüm. Corc sakitləşdi. Qəfildən özündə rahatlıq tapdı. O, qapıya tərəf göz yetirdi. Yarım ildən bəri gözlədiyi an axır ki, yaxınlaşmaqda idi. Bir azdan hər şeyin sonu çatacaq... Ani olaraq otağa görünməz qüvvə ilə idarə olunan robot-kukla daxil oldu və...

- Salam, Corc.

- Keti!

O, ciddi-cəhdlə geriyə boylandı.

- Keti! - heyrətlə çığırdı.

Qadın arxasını Corca tərəf çevirmişdi. Onun əynində yaşıl rəngli don, ayaqlarında qızıldan toxunan başmaq vardı. Saçları dalğa kimi boynuna tökülmüşdü, mavi rəngli gözləri od saçırdı.

Corc qarşılaşdığı mənzərənin təsirindən hələm-hələm ayrıla bilmirdi. Axır ki, dilləndi:

- Sən gözəlsən.

- Məgər mən haçansa başqa cür olmuşam?

- İcazə ver, qoy sənə doyunca tamaşa edim, - Corc astaca özgə səslə qadından xahiş etdi.

O, əllərini qətiyyətsiz halda qadına toxundurdu. Ürəyində küt ağrı baş qaldırdı. Corc ağır hərəkətlərlə qadının ətrafında dolaşır, ehtiyatla onun bədəninə toxunurdu.

- Sən bəyəm bütün bu illər ərzində mənə baxa bilməmisən?

- Nə qədər baxsam da yenə doya bilmirəm...- deyə Corc göz yaşları içərisində etiraf etdi.

- Mənimlə nə barədə danışmaq istəyirdin?

- Gözlə, sən Allah, bir az gözlə.

O, qəfildən taqətdən düşdü və divanda əyləşib titrək əllərini sinəsinə sıxdı. Sonra isə yerə əyildi.

- Bütün bunlar sadəcə mümkünsüz işdir. Elə bil kabusdur. Onlar sənin surətini yaratmağı necə bacardılar, bax, bunu anlaya bilmirəm?

- Bu barədə danışmağı bizə qadağan ediblər. Çünki illüziya pozulur.

- Əsl cadugərlikdir.

- Yox, bu elmdir.

Ketrinin əlləri isti idi. Dırnaqları dəniz balıqqulağına bənzəyirdi. Bədənində heç bir xırda qüsur, hər hansı tikiş yeri müşahidə olunmurdu. Corc ona tamaşa edərkən həmin xoşbəxt günlərdə birlikdə tez-tez söylədikləri şeirin misraları yadına düşdü: “Sən necə də gözəlsən, sevgilim, əcəb gözəlsən!..”

- Corc!

- Bəli? - Corcun gözləri buz parçası kimi idi.

O, Ketrini öpmək həvəsinə düşdü.

- Corc!

Onun qulaqlarına boğuq səs-küy dolmuşdu. Otaq başına fırlanırdı.

Image result for rey bredberi

- Bəli, bəli, bu dəqiqə… - O, səs-küyü özündən uzaqlaşdırmaqdan ötrü başını sağa-sola yellədi.

- Axı, onlar bunu necə bacarıblar? - deyə Corc qışqırdı.

Belə tezliklə! Cəmi doqquz saata. Gör ha, Corcun yatıb yuxuya daldığı vaxt onlar Ketinin əsl obrazını yaradıblar. Həm də hər şey yerli-yerindədir. Bəs onun saçları? Onlara metal həşəratlar tərəfindənmi forma verilib? Yox, bu, heç də elə deyil. Çox güman ki, qızılı-sarı alov dalğası qəlibə tökülməklə onu möhkəmləndiriblər.

- Əgər sən bu barədə nəsə danışmaq istəsən mən çıxıb gedərəm, - qadın bildirdi.

- Yox, yox, getmə!

- Onda gəl mətləbə keçək, - qadın soyuqqanlı dilləndi. - Sən mənimlə Leonard barədə danışmaq istəyirdin?

- Dayan, bu barədə bir qədər sonra.

- Yox, elə indi, - qadın israr etdi.

Corcda artıq nifrət hissi qalmamışdı. Ketrini görəndən sonra elə bil ki, ürəyində yuva salmış qəzəbi, kin-küdurəti dalğalar yuyub özü ilə aparmışdı. İndi o, özünü yaramaz bir oğlan uşağına bənzədirdi.

- Niyə yanıma gəldin? - deyə qadın üzündə heç bir təbəssüm olmadan soruşdu.

- Xahiş edirəm…

- Yox, cavab ver. Əgər Leonarda görədirsə, onu sevdiyimi yaxşı bilirsən.

- Sus! - O, qulaqlarını əlləri ilə qapadı.

Qadın isə davam edirdi :

- Sənə yaxşı məlumdur ki, indi mən həmişə onunla bir yerdəyəm. Biz Leonardla əvvəllər səninlə olduğumuz yerləri gəzib-dolaşırıq. Monte-Verdyedəki çəmənliyi xatırlayırsanmı? Biz ötən həftə onunla orada idik. Bir ay öncə isə Afinaya uçmuşduq, yol boyu şənlənmək üçün özümüzlə həm də bir qutu şampan şərabı götürmüşdük.

Corc qurumuş dodaqlarını yaladı.

- Sən günahkar deyilsən! Sənin heç bir günahın yoxdur! - Corc irəli çıxaraq onun əllərindən yapışdı. – Sən təzəcə dünyaya gəlmisən. Sən o deyilsən. Sənin heç bir günahın yoxdu. Bütün günahlar ondadı. Sən tamam başqasan.

- Yox, doğru deyil, - qadın bildirdi. - Mən elə həmin Ketiyəm. Mən ancaq onun kimi davrana bilərəm. Biz onunla praktiki olaraq eyni adamlarıq.

- Axı, sən özünü onun kimi aparmamısan.

- Yox, mən özümü məhz onun kimi aparmışam. Mən Leonardı öpmüşəm.

- Bu ola bilməz! Sən axı, təzəcə doğulmusan!

- Bəli, elədir ki, var. Mən onun keçmişindən və sənin yaddaşından doğulmuşam.

- Qulaq as, - Corc özünü dinləməyə təşviq edən yalvarışla Ketrindən ikiəlli yapışdı. – Bəlkə mümkün oldu... Bəlkə çoxlu pul verim? Səni buradan aparım? Biz Parisə, Stokholma, hara istəsən uçub gedərik!

Qadın güldü.

- Kuklalar satılmır. Onları yalnız icarəyə verirlər.

- Axı, mənim pulum var!

- Bunu çoxdan sınaqdan keçirmişik. Olmaz. Adamlar bundan ağıllarını itirirlər.

- Keti, mənim bircə istəyim var – səninlə bir yerdə olmaq.

- Bu, mümkün deyil - axı, mən son hüceyrəmə qədər əvvəlki Ketiyəm. Həm də biz hər hansı rəqabətdən özümüzü qoruyuruq. Kuklaların şirkətin binasından çıxarılmasına icazə verilmir. Çünki kənardan sirlərimizi bilən olar. Bu barədə daha kifayətdir. Mən axı səni xəbərdar etmişdim: bu barədə bir kəlmə də danışmaq olmaz. Yoxsa illüziyanı məhv edə bilərsən. Gedərkən ayrılıqdan özünü bədgüman hiss edərsən. Axı buna görə sən pul vermisən. Odur ki, bura nə üçün gəldiyini yaxşı anlamalısan.

- Axı, mən səni öldürmək istəmirəm.

- Amma sənin başqa hissən bunu istəyir. Sən sadəcə ürəyində yuva salmış bu arzunu boğmağa çalışırsan, ona baş qaldırmağa imkan vermirsən.

Corc cibindən tapançanı çıxardı.

- Mən qoca səfehəm. Gərək bura gəlməyəydim… Sən necə də gözəlsən!

- Bu gün axşam mən yenə də Leonardla görüşəcəyəm.

- Sus.

- Sabah səhər isə biz Parisə uçacağıq.

- Eşitmədinmi nə dedim?

- Oradan isə Stokholma gedəcəyik. - Ketrin xoşbəxcəsinə gülərək Corcun çənəsindən yapışdı: - Bax belə, mənim gombulum.

Kişinin daxilində nəsə hərəkətə gəldi. Onun rəngi ağardı. Corc açıq-aşkar onunla nə baş verdiyini anlayırdı. Gizli hirs, kin-küdurət, nifrət hissi onun qəlbini, fikrini, düşüncəsini ağuşuna almışdı. Özü də bilmədən o, görünməz saplarla kuklanı idarə etməyə başlamışdı.

- Koppuş qoca. Axı, haçansa gözəgəlimli idin.

- Əl çək!

- Desən də, deməsən də - sən qocasan, mənim isə cəmi otuz bir yaşım var. Eh, Corc, sən necə də kor olmusan – bütün həyatın boyu işləmisən, mən isə belə bir vaxtda yenidən sevmişəm... Leonard doğrudan da gözəldir, elə deyilmi?

Corc qadına baxmadan tapançanı qaldırdı.

- Keti.

- “Başı təmiz qızıldandır...” - deyə Ketrin pıçıldadı.

- Keti, lazım deyil! - Corc qışqırdı.

- “…Saçları dalğalıdır, qapqara şəvə kimi... Əllərisə qızıldandır, dəyirmi ağac kimi...”

Mahnının sözləri haradan belə bu qızın yaddaşına həkk olunub? Bu sözlər axı Corcun beynində dolaşır, bəs Keti onları necə qavraya bilir?

- Keti, məni məcbur etmə!

- “Yanaqları ətirli çiçək kimi...- deyə qadın mırtıldadı, daha sonra gözlərini yumaraq səssizcə otaq boyu gəzməyə başladı.- Qarnı fil sümüyü ilə qalaqlanmış heykəl kimi... Gövdəsi isə mərmər dirəklərə bənzər...”

- Keti! - deyə Corc coşdu.

- “Dodaqları şipşirin...”

Atəş açıldı..

- “Bax belədir sevgilim...”

Daha bir atəş açıldı.

Qadın yerə yıxıldı.

- Keti, Keti, Keti! – Corc haray çəkdi.

O, qadının bədəninə daha dörd güllə yeritdi.

Qadın uzandığı yerdə çırpınırdı. Onun hissiyyatsız ağzı geniş açılmışdı. Vəhşicəsinə eybəcər hala salınmış Ketrin isə buna baxmayaraq hansısa mexanizmin təsirindən təkrar-təkrar söyləyirdi: “Sevgilim, sevgilim, sevgilim...”

Corc Hill huşunu itirdi.

O, alnına qoyulan yaş əsginin soyuqluğundan ayıldı.

- Hər şey bitdi, - qarasaç kişi bildirdi.

- Bitdimi? - deyə Corc astaca soruşdu.

Qarasaç kişi başını tərpətdi.

Corc halsız vəziyyətdə əllərinə baxdı. Onların qan içində olduğunu unutmamışdı. O, huşunu itirib döşəməyə yıxılanda çox dəqiqliklə əllərinin qan içində olduğunu yadında saxlamışdı. Amma indi Corcun əlləri tərtəmiz idi.

- Mənə getmək lazımdır, - deyə Corc Hill bildirdi.

- Əgər bunu bacarırsınızsa…

- Əlbəttə. - O, qalxdı. - Parisə gedəcəyəm. Hər şeyə əvvəldən başlayacağam. Yəqin Keti zəng vurur. Ümumiyyətlə, daha başqa heç nə etmək lazım deyil.

- Keti artıq ölüb.

- Hə, hə. Axı, onu mən öldürdüm! Aman Allah, qan necə də su kimi axırdı...

- Belə mənzərələrlə biz fəxr edirik.

Hill liftlə vestibülə düşüb, oradan da küçəyə çıxdı. Yağış yağırdı. O, saatlarla şəhəri gəzib-dolaşmaq həvəsində idi. Hill nifrət və qətl yanğısından təmizlənirdi. Xatirələr olduqca qorxunc idi, o, anlayırdı ki, bir daha öldürmək istəyinə düşməyəcək. Hətta əsl Keti belə indicə onun hüzuruna çıxsaydı, o, hər şeyi unudub Allaha dua edər, özünü qadının ayaqlarına atıb üzrxahlıq diləyərdi. Amma Keti ölmüşdü. Corc istəyini etmişdi. Qanunun ziddinə getsə də, bu barədə heç kəs xəbər tuta bilməzdi.

Yağışın sərin damcıları onun sifətinə yeni təravət gətirmişdi. Corc ürəyində fikirləşdi ki, təmizlənmə hissi onu tərk etməmiş dərhal buradan getməlidir. Yoxsa, yenidən köhnə istəklərindən yapışacaqsa, onda bu “təmizlənmə” prosedurlarının nə mənası var? Kuklanın da başlıca vəzifəsi real cinayətlər barədə qabaqcadan xəbərdar etməkdən ibarətdir. Əgər kimisə döymək, öldürmək və ya cəzalandırmaq fikrinə düşsən, onda kuklanın ruhuna bel bağla... Evə qayıtmağın heç bir mənası yoxdur. Yəqin ki, Keti indi evdədir, Corc isə onun barəsində yalnız ölmüş kimi düşünmək istəyir.

O, səkinin kənarında dayanıb yoldan ötən maşınlara baxırdı. Dərindən ciyərlərinə çəkdiyi təmiz nəfəsdən bədənindəki gərginlik artıq sovuşmuşdu.

- Cənab Hill? - kimsə yaxınlıqda onu çağırdı.

- Bəli. Nə olub?

Qandallar onun əlində şaqqıldadı.

- Siz həbs olunursunuz.

- Axı…

- Ardımca gəlin. Smit, yuxarıdakıları da həbs edin.

- Sizin buna hüququnuz çatmır…

- Ölüm faktına görə çatır.

Göydə şimşək çaxdı.

Axşam saat doqquza on dəqiqə qalıb. Artıq on gündür ki, yağış fasilə vermədən yağır. İndi yağış həbsxananın divarlarını da döyəcləyir. Corc pəncərənin barmaqlığından əlini çölə çıxardı, yağış damcıları onun titrək ovuclarında kiçik gölməçəyə dönmüşdü.

Qapı açıldı, amma Corc buna əhəmiyyət verməyərək əllərini yağışın altında saxlamaqda davam etdi. Gələn vəkil idi.

- Hər şey bitdi. Bu gün gecə sizi edam edəcəklər, - deyə vəkil bildirdi.

- Mən qatil deyiləm. Bu sadəcə kukla idi, - deyə Hill cavab verərək, yağışın səsini dinləməyə davam etdi.

- Qanun belədir və başqa heç nə etmək mümkün deyil. Bunu siz də bilirsiniz. Axı, başqalarını da cəzalandırıblar. “Kuklalar, inkorporeyted” şirkətinin prezidenti də gecə saatlarında öldürüləcək, onun daha üç köməkçisi isə gecə saat birdə edam olunacaq. Sizin növbəniz isə saat ikinin yarısındadır.

- Təşəkkür edirəm, - deyə Hill bildirdi. - Siz onsuz da mümkün olan işi gördünüz. Canlı insanı öldürməsəm belə, yəqin ki, bu, həqiqətən də qətl hadisəsi olub. Həm də məqsəd məlum, niyyət və plan da məlumdur. Sadəcə çatışmayan canlı Ketidir.

- Siz pis vaxta təsadüf etmisiniz, - vəkil dedi. - On il öncə sizə ölüm hökmü kəsməzdilər. On il sonra da sizə toxunmazdılar. Amma indi onlara dərs üçün mövzu lazımdır. Son zamanlar kuklalar ətrafında yaranmış ajiotaj sadəcə fantastik ölçünü ötüb keçib. Axı əhalini qorxutmaq lazımdır, həm də bunu ciddi şəkildə həyata keçirmək lazımdır. Yoxsa Allah bilir harayacan gedib çıxarıq. Bu problemin həm də dini-etik aspektləri var: həyat haradan başlanıb, harada başa çatır, robotlar nədir – canlı varlıqdırmı, yoxsa maşın? Onlar hardasa canlılara yaxındır: xarici impulslara reaksiya verir, hətta fikirləşə də bilirlər. Axı bilməmiş olmazsınız: iki il bundan əvvəl “Canlı robotlar haqqında” qanun da qəbul olunub. Məhz bu qanunun qüvvəyə minməsi ilə siz də qarmağa keçmisiniz. Bax reallıq bundan ibarətdir...

- İndi hər şey mənə məlum oldu, hökumət lap düzgün qərar çıxarıb, - deyə Hill bildirdi.

- Çox şadam ki, siz ədalət məhkəməsinin mövqeyini müdafiə edirsiniz.

- Bəli. Qətl hadisəsini leqallaşdırmaq mümkünsüzdür. Məni buradan heç bir cəza vermədən buraxmaq ədalətsizlik olardı. Mən cinayət törətmişəm. Və həmin müddətdən özümü cinayətkar hesab etmişəm. Ən ağır cəzaya layiq görüləcəyim barədə düşünmüşəm. Qəribədir, elə deyilmi? Gör cəmiyyət insanın şüuruna necə də hakim kəsilir! Bu cəmiyyət, heç bir əsas olmadan belə, insanı özünü günahkar saymağa vadar edir...

- Mən getməliyəm. Bəlkə hər hansı xahişiniz, tapşırığınız var?

- Yox, çox sağ olun, mənə heç nə lazım deyil.

- Əlvida, cənab Hill.

Qapı bağlandı.

Corc Hill pəncərənin barmaqlıqları önündə stulda dayanıb əllərini yağışın damcıları altında saxlamaqda davam etdi. Divardakı qırmızı lampa bərq vurdu və radio cihazından səs gəldi:

- Cənab Hill, arvadınız buradadır. Sizinlə görüşmək istəyir.

O, pəncərənin barmaqlıqlarını ikiəlli silkələdi. “Axı o, ölüb” – deyə fikirləşdi.

- Cənab Hill, - yenidən radiodan səs ucaldı .

- O, ölüb. Onu mən öldürmüşəm

- Arvadınız burada sizi gözləyir. Siz onu görmək istəyirsiniz?

- Axı, mən onu güllələdim, onun ölü kimi yerə necə yıxıldığını gördüm!

- Cənab Hill, siz məni eşidirsiniz?

- Bəli, bəli! - deyə o divarı yumruqları ilə döyəcləyib qışqırdı. - Eşidirəm! Sizi eşidirəm! O, ölüb! Qoy məni rahat buraxsın! Mən onu öldürmüşəm! Onu bir daha görmək istəmirəm! O, ölüdür!

Bir müddət sakitlik yarandı.

- Yaxşı, cənab Hill, - radiodakı səs donquldandı.

Daha sonra qırmızı işıq söndü.

Göydə şimşək çaxdı, onun sifətinə işıq qondu. Corc od tutub yanan sifətini barmaqlıqlara sıxaraq uzun müddət beləcə dayandı. Yağış elə hey yağırdı. Nəhayət ki, aşağıdakı qapı açıldı, həbsxananın dəftərxanasından bayıra iki plaşlı fiqur çıxdı. Onlar küçə işığının aydınlığında dayanaraq başlarını yuxarı qaldırdılar. Bu, Keti ilə Leonard Felps idi.

- Keti!

Qadın səsə geri boylandı. Kişi onun qoluna girdi və onlar yağışın altında küçənin o biri tərəfinə keçərək avtomobilə mindilər.

- Keti! - Corc qışqıraraq yumruqları ilə dəmir barmaqlığı, beton divarı döyəclədi. - O, sağdır! Ehey, nəzarətçi! Mən onu gördüm. O, sağdır! Mən onu öldürməmişəm, məni azadlığa buraxmaq olar! Mən heç kimi öldürməmişəm, bütün bunlar səhvdir, zarafatdır, mən onu gördüm, gördüm! Keti, eşidirsən, səninləyəm, qayıt, onlara de ki, sağsan! Keti!

Nəzarətçilər kameraya atıldılar.

- Siz məni edam edə bilməzsiniz! Mən heç bir cinayət törətməmişəm! Keti sağdır, mən onu indicə gördüm!

- Onu biz də gördük, ser.

- Onda məni azad edin, azad edin!

- Məhkəmə artıq qərarını verib, ser.

- Onlar dəli olublar! Bu, axı, ədalətsizlikdir!

Corc atılıb barmaqlıqdan yapışdı və qışqırmaqda davam etdi.

Küçədəki maşın yerindən tərpənərək Keti ilə Leonardı özü ilə apardı. Onlar Parisi, Afinanı, Venesiyanı, yazda Londonu, yayda Stokholmu, payızda isə Vyananı gəzib dolaşacaqdılar.

- Keti, qayıt! Keti, sən mənimlə bu cür rəftar edə bilməzsən!

Avtomaşının qırmızı işıqları soyuq yağışda itib yox oldu. Nəzarətçilər arxadan yaxınlaşaraq Corc Hillin qollarından tutdular, o isə elə hey qışqırırdı.

Tərcümə edən: Ağaddin Babayev

news-inner-user

12873 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti