Allaha üsyan edən toz zərrəsi – Fəxri Uğurlu yazır...

Allaha üsyan edən toz zərrəsi – <span style="color:red;">Fəxri Uğurlu yazır...
28 noyabr 2017
# 14:51

Kulis.az yazıçı-esseist Fəxri Uğurlunun “Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si” məqaləsini təqdim edir.

Əvvəli burda

Atasının ölümündən sonra Mövlana mədrəsədə onun yerini tutur, beləliklə də, Konyanın ən nüfuzlu adamlarından birinə çevrilir. O vaxta qədərki Cəlaləddinin savad dairəsi haqqında əlimizdə dəqiq bilgi olmasa da, deyə bilərik ki, Bəhaəddin Vələdin 24 yaşlı oğlu nüfuzlu bir mədrəsəyə başçılıq etmək üçün, şəhərin adlı-sanlı adamlarının uşaqlarına dərs demək üçün, cümə günləri məsciddə moizə oxumaq və Quranı şərh etmək üçün hələ çox gənciydi, buna görə də atasının ən sadiq dostları və müridləri Cəlaləddinə kömək etməkdən ötrü Konyada onun ətrafına yığılırlar. Belə dostlardan biri, məşhur sufi Seyid Bürhanəddin Mühəqqiq 1232-ci ildə Termezdən Konyaya gəlir və doqquz il özünü bütünlüklə Cəlaləddinin mənəvi tərbiyəsinə həsr eləyir. Bürhanəddin mistik yolun sirlərini və sufizmin konsepsiyalarını bütün incəlikləriylə onun qarşısında açır, nəzəri tezisləri şəxsi psixoloji təcrübədə təsdiqləyir. Cəlaləddinin bu doqquz illik təlimdən nə götürüb-götürmədiyi bəlli deyil, ancaq görünür, bununla kifayətlənmədiyi üçün, yaxud da dini təhsilini artırıb nüfuzlu bir ilahiyyatçı kimi Konya cəmiyyətində möhkəm yer tutmaq üçün o, Suriyaya - o vaxtın ən iri dini təhsil mərkəzləri olan Hələbə və Dəməşqə gedir, ömrünün yeddi ilini də bu şəhərlərdə keçirir.

Konyaya dönəndən sonra həyatının növbəti beş ili (1240-1244) çox sakit, elə bil artıq müəyyən olunmuş bir rejimlə, dəyişməz qayda-qanunla keçir. Evi-eşiyi, mehriban və namuslu ailəsi, hər cür maddi təminatı... Yenə mədrəsədə mühazirələr deyirdi, məsciddə moizə oxuyurdu. Onu tez-tez Konyanın küçələrində, at belində, müridlərin əhatəsində görmək olardı. Sonralar o, həyatının bu dövrünü istehzayla xatırlayacaq... Bu günlər dünyanın bütün ağrıları onun ürəyindən yan keçirdi, monqol atlarının tappıltısı, döyüş meydanlarında can verənlərin sızıltısı, əsir düşən qadınların fəryadı, Baba İshaqın başçılığı ilə ədalət sorağına çıxanların bağırtısı onun qulaqlarına çatmırdı (14). Hələ haqq yanğısı dodaqlarını çatlatmamışdı, hələ Allah sevdasına düşməmişdi, hələ çox sakit yaşayırdı...

Bu illər içində o, bir neçə dəfə Qurana özünün şərhini yazmaq fikrinə düşmüşdü, daha sonra hədisləri toplayıb şərh eləmək istəmişdi, bunlar da baş tutmayanda öz moizələrini toplayıb bir kitab halına gətirmək arzusunda olmuşdu. Ancaq şair olmaq, görünür, heç ağlına da gəlmirdi. Söhbətlərinin birində deyirdi: “Dostlar bizə gələndə başlarını qatmaq üçün şeirlər qoşub oxuyurdum onlara. Yoxsa ki, mən hara, şeir hara? Vallahi, şeirdən usanmışam mən, bu dünyada şeir yazmaqdan betər peşə yoxdur. Fəqət Tanrı belə istədisə, mən nə edə bilərəm?..” (“Fihi ma fih”, XVI bölüm).

Ancaq hər şey qəfil dəyişir. 26 noyabr 1244-cü ildə şərqin ən böyük sufi mütəfəkkirlərindən olan gəzərgi dərviş Şəmsəddin Məhəmməd Təbrizi Dəməşqdən Konyaya gəlib çıxır və bir karvansarada əylənir. Bir az dincələndən sonra küçəyə çıxıb darvazanın ağzında oturur. Uzaqdan gələn atlını, bir yığın adamın aralığa aldığı üzündən nur yağan fəqihi görcək yerində dikəlir və izdiham gəlib onun tuşuna çatanda ayağa durub Cəlaləddindən (bəli, üzündən nur yağan fəqih məhz o idi!) soruşur: “De görüm, Allahın bəndələrindən kim daha böyükdür - Məhəmməd peyğəmbər, yoxsa Bayəzid Bəstami?” Cəlaləddin deyəndə ki, əlbəttə, Məhəmməd peyğəmbər, çünki Quranda yazıldığına görə, o, Allahın elçisi, peyğəmbərlərin möhürüdür, Şəms başqa sual verir: “Onda bunu necə başa düşək ki, Məhəmməd deyir: “Sübhansan! Sübhansan! Səni olduğun kimi dərk etmədik!”. Bəyazid isə belə deyirdi: “Sübhanam! Sübhanam! Gör mənim məqamım necə də əzəmətlidir!” (14, 216).

Bu, onun ömründə inqilab idi. Altmış yaşlı dərviş onun həyatını alt-üst eləmişdi. Həyatı əfsanələrin içində itib-batmış Şəms də ömrünün yeni və sonuncu əfsanəsini yaşamağa başlayırdı... Bir çoxları Ruminin həyatında Şəmslə bağlı süjetləri də əfsanə hesab edirlər, ancaq deməliyik ki, Rumi qəzəllərinin çoxu Şəmsin imzasıyla “möhürlənib” (Platonun öz fikirlərini Sokratın dilindən deməsini xatırladır) və “Divani-Kəbir”in ikinci adı da “Divani-Şəms”dir. Bundan başqa, Şəmsəddin Təbrizi tarixi şəxsiyyətdir. O, Yaxın Şərq ölkələrini gəzib-dolaşır, sufi ideyalarını təbliğ edirdi. O bütün dini ritualları, normativləri inkar edir, mənəvi təmizliyə çağırır və xalqla birbaşa ünsiyyəti vacib bilirdi. Şəms Təbrizi həm də kəlamçılığın rasionalizmini, sxolastik fəlsəfəni darmadağın eləyən bir sufi alim kimi tanınırdı. Onun müridləri tərəfindən tərtib olunmuş “Məqalat” kitabı belə fəlsəfi mübahisələrin üstündə qurulub.

Şəmslə tapışandan sonra Cəlaləddin “itməyə” başlayır. Günlərlə mədrəsəyə ayaq basmır, tələbələr başlı-başına qalır, valideynlər şikayətlənirlər, hətta ailəsi də onun üzünü görmür. Şəmsi tez-tez hədələyirlər, hətta bir dəfə ona sui-qəsd də edirlər (ancaq baş tutmur). 1246-cı ilin 11 martında Şəms Təbrizi gizlincə Konyanı tərk eləyib Dəməşqə gedir. Cəlaləddin oğlu Sultan Vələdi Şəmsin ardınca Dəməşqə yollayır, yalvarış və göz yaşıyla dolu bir qəzəli də oğlundan göndərir. Şəmslə Sultan Vələd piyada Konyaya qayıdırlar. Mövlananın tələbələri Şəmsi yenə düşməncəsinə qarşılayırlar. Cəlaləddin isə sevincindən yerə-göyə sığmır. Ancaq onu Şəmsə qısqananlar heç cür bu “itkiylə” barışmaq istəmirdilər və günlərin bir günü Şəms yenə qeyb olur - bu dəfə həmişəlik. Bu, 1247-ci ildə baş verib. Tarixi qaynaqlar hadisəni bir neçə versiyada nağıl eləyir ki, bunlardan birinə görə, Şəms Cəlaləddin Ruminin kiçik oğlu Əlaəddinin iştirakı (və ya təşəbbüsü) ilə öldürülüb; sonra Sultan Vələd onun meyitini tapıb Konya qəbiristanlığında dəfn eləyib və bütün bunları Mövlanadan gizlədiblər. Dəhşətli ümidsizliyə qapılıb başını itirən Cəlaləddin isə Şəmsi tapmaq ümidiylə iki dəfə Dəməşqə gedib...

Cəlaləddinin vəziyyəti o yerə gəlib çatıbmış ki, ailəsi, yaxınları onun dəli olacağından qorxurmuşlar. Ancaq o nə dəli oldu, nə də əvvəlki kimi fəqih oldu; bütün bunların əvəzinə, bərbəzəkli və miskin bir həyatın acığına, insanları qarışqa kimi qabağına qatan taleyin acığına Cəlaləddin Rumi şair oldu.

Amma yarsız-yoldaşsız yaşamaq, görünür, çətinmiş. 1249-cu ildə Rumi elan edir ki, Şəms Təbrizi konyalı zərgər Səlahəddin Fəridun Zərkubun cismində yenidən gəlib yer üzünə. Heç bir savadı olmayan ciddi və ürəyəyatımlı gənc oğlan Mövlananın xələfi, müridlərin başçısı təyin olunur. Müridlər arasında narazılıq yenidən güclənir və yalnız Mövlana əgər Səlahəddinə bir şey olarsa, Konyanı biryolluq atıb-gedəcəyini bəyan edəndən sonra yat-yut olur. Fəqət bu xoşbəxtlik də uzun sürmür, 1258-ci ilin 29 dekabrında Səlahəddin vəfat edir. Onun yerini Mövlananın sonuncu böyük dostu, ən səmimi köməkçisi Hüsaməddin Həsən tutur. Dünya mədəniyyəti “Məsnəvi”nin yaranmasına və yazılmasına görə məhz ona borcludur. “Məsnəvi” məhz Hüsaməddinin xahişi, təsiri və köməyi sayəsində yaranıb. O, ustadını kölgə kimi izləyir, gecə-gündüz evdə, küçədə, mədrəsədə, səma (mövləvilərin ritual-rəqsləri) vaxtı, hətta hamamda Mövlananın dilindən çıxanları yazırdı. Sonra bu tələsik yazılan qaralamaları Mövlanaya göstərir, o isə öz növbəsində müəyyən dəyişikliklər, düzəlişlər eləyəndən sonra Hüsaməddin yazıların üzünü köçürürdü. Bu hal qısa fasilələrlə Mövlana Ruminin ölümünə qədər davam eləyib.

Cəlaləddin Rumi 1273-cü ilin 17 dekabrında Konyada dünyasını dəyişib və Bəhaəddin Vələdin türbəsində atasıyla yanaşı dəfn olunub.

Yaradıcılığı

Ruminin əsərləri həcminə görə də ağlasığmaz dərəcədə böyükdür: fəlsəfi-didaktik mənzum hekayələrin altı cildlik toplusu “Məsnəvi” aşağı-yuxarı 26000 beytdən, “Divani-Kəbir” və ya “Divani-Şəms” adıyla tanınan böyük divanı isə 48 min beytdən (bəzi mənbələrsə divanın 60 min misradan ibarət olduğunu iddia edir) ibarətdir. Bunlardan başqa, Ruminin mədrəsədə söylədiyi mühazirələrdən, müxtəlif məclislərdəki fəlsəfi məzmunlu söhbətlərindən və məktublarından tərtib olunmuş “Fihi ma fih”, “Məcalisi-səbə”, bir də “Məktubat” adlı üç nəsr kitabı da var. Onu da deyək ki, farsca yazmasına baxmayaraq Mövlananın əsərlərində ərəbcə, türkcə və yunanca ayrı-ayrı sözlərə, misralara da rast gəlinir.

“Divani-Kəbir”in əsasını təşkil edən qəzəllər sufi təfəkkürünün məhsuludur; bu sistemdən kənarda Ruminin bir yazısı belə yoxdur, o hətta ailə üzvlərinə yazdığı məktublarda da sufi olaraq qalırdı. Buna baxmayaraq Mövlana heç vaxt hadisələrin, şeylərin mahiyyətinin poetik şərhini quru rasional-didaktik mühakimələrə qurban vermir, bütün lirik yaradıcılığı boyunca öz intuisiyasının “tərcüməçisi” olmaq kimi çətin və şərəfli vəzifədən imtina etmir. Orası da aydındır ki, Rumi öz əqli düşüncə qabiliyyətinə görə özündən əvvəlki və sonrakı təsəvvüfçü alimlərin, filosofların heç birindən geri qalmırdı (“Fihi ma fih” və başqa nəsr əsərləri buna sübutdur), ancaq həqiqətə çox yaxın olan bir adam kimi o, həqiqətə aparan ən qısa və sadə yolu - poeziya yolunu tutdu. Qəzəllərinin birində Mövlana yazırdı: “Bu sözlər - göy üzünə aparan bir nərdivandır. Kim bu nərdivana ayaq qoysa, ucaları görəcək” (9-319).

“Divani-Kəbir”in hər misrası Tanrı eşqiylə par-par yanır, ədalət yanğısıyla tüstülənir. Hər sözün misraya gəlişiylə külldən ayrı düşən cüzvün, Allah sevgisinə tutulmuş, iki dünya arasında - fəna mülkü ilə bəqa mülkü sərhədində qalmış aşiqin həsrəti bir az da böyüyür, həsrəti böyüdükcə ədalətsiz dünyayla ədalət divanı arasındakı məsafə gödəlir, aşiqi dünyaya bağlayan tellər əriyib tökülür. Sevgi onun bütün maraqlarını üstələyir, eşq təkcə vasitəyə yox, həm də məqsədə çevrilir. Əbədi eşq içrə yuva quran, yaddaşını və idrakını sevgisinə təslim eləyən aşiq nəsə qeyri-müəyyən, dərk olunmayan, ancaq varlığı heç bir şübhə doğurmayan cəmiyyətin, ilahi birliyin, kosmosun tamhüquqlu vətəndaşına çevrilir; onun cismani varlığı güclü bir ordunun təzyiqinə məruz qalan sərhəd kimi aradan götürülür, yer üzünün amansız fiziki-bioloji qanunları qüvvəsini itirir, bədən gərəksiz geyim kimi bir kənara atılır, Tanrı aşiqi özünün yeganə sadiq bələdçisi olan ürəyinin izinə düşür: “Eşq bizi göylərə dartan cazibə qüvvəsidir...” (9-317)

Beləcə diriykən ölən, fərd ikən fərdiyyətindən imtina edən, fani dünyadaykən bəqa mülkünün qanunlarıyla yaşayan, ilahi harmoniyanın işlək mexanizminə çevrilən aşiq haqqa doğru getdikcə yer üzü deyilən bu dünyadan addım-addım uzaqlaşır və nəticədə bu dünyanın çərçivəsindən kənara çıxmayan, əbədiyyət yurdunda heç bir əhəmiyyəti olmayan gəldi-gedər qanunlara, uydurma yasaqlara, qondarma əxlaq normalarına, “məhəlli qanunlara” qarşı onda bir laqeydlik, arxasında incə istehza gizlənmiş bir etinasızlıq yaranır: “Ey möminlər, özümü insanların arasında itirmişəm. Mən nə xaçpərəstəm, nə müsəlman, nə yəhudiyəm, nə də bütpərəst” (9-316). Bəzən bu laqeydlik üsyana, metafizik qiyama çevrilir: “Mən bir quru ot saplağıyam ki, kainatın cazibəsinə üsyan edirəm! Mən bir toz zərrəsiyəm ki, Allaha üsyan edirəm!..” (12-195).

Aşiqin fəna mülkünə, dünyanın mənasız çəkişmələrinə, sonu görünməyən davalara, umacaqlara, küsülərə laqeydliyi zalım dünyanın qəddar münasibətilə cavablanır. Onun getdiyi yerlərdən xəbərsiz olan fani dünya aşiqi passivlikdə, insanlığa etinasızlıqda, kafirlikdə, daha nə bilim, nələrdə ittiham edir, dünyaya təslim olmayan adamın sevgisində, gücündə dünya öz gücsüzlüyünü görür və heç cür bu zəifliklə barışmaq istəmir. Bəzən dünya öz zəifliyini öldürmək üçün son vasitəyə - sevgisindən qorxduğu adamın fiziki məhvinə əl atır və ən böyük məğlubiyyətə uğrayır. İsa peyğəmbərin, Həllac Mənsurun, Eynəlqüzat Miyanəcinin, Nəsiminin, Brunonun və neçə-neçələrinin edamı dünyanın ən böyük məğlubiyyətləri idi. İsa peyğəmbər məhz beləcə də demişdi: “Mən dünyaya qalib gəldim”. Mövlana isə belə deyirdi: “Siz ölümsüzlük qaynağından gəlirsiniz, ölüm sizə toxunmaz. Siz Allahın yer üzündəki taxtısınız” (9-321).

Davamı olacaq

# 2781 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #