news-inner
clock21:00 calendar-gray 24 Noyabr 2017 view-gray227 dəfə oxunub
view-gray227 dəfə oxunub

“Yazıçılara münasibət sizi qane edirmi?” – SORĞU

“Azərbaycanda ədəbiyyat adamına, yazıçıya adekvat münasibət varmı və əslində uyğun münasibət necə olmalıdı?” sualına yazıçılar cavab verir.

Image result for səfər alışarlı

Səfər Alışarlı:“Yəqin ki, yazıçılara bugünkü dövlət yardımı sovet dönəmindəkindən az deyil. Onun paylanmasında müəyyən problemlər olduğu üçün yazarlar narazılıq edir. Bu gün maddi yardımın təkcə AYB-yə verilməsi müstəqil dövlətçiliyin inkişaf perspektivlərinə bir o qədər də yatımlı görünmür. Yəni müstəqil yazıçı təşkilatları da belə dəstəyə layiq görülməlidir. Cəmiyyətimizdə yazıçıya sponsor, xeyriyyəçi yardımı sıfır səviyyəsindədir. Əlbəttə, istərdik ki, varlı adamlar pul xərcləyərək yazıçıları yazıb-yaratmağa ruhlandırsınlar”.

Image result for fəxri uğurlu

Fəxri Uğurlu:“Məncə, sənət adamının, ələlxüsus da yazıçının cəmiyyətə, xalqa, oxucuya münasibəti təmənnasız olmalıdır. Yəni, yazıçı gözləməməlidir ki, bir yaxşı əsər yazıbsa, cəmiyyət onu boynuna mindirəcək. Çünki o, təkcə özünün yox, elə həmin o cəmiyyət dediyimiz amorf toplumun, ayrı-ayrı fərdlərin, yekə çıxmasın, ümumən xalqın və bəşərin arzularının, ideallarının, travmalarının, kədərinin, sevincinin, bütövlükdə mənəvi varlığının ifadəçisidir. İndi biz varlığını ifadə elədiyimiz, ağrısını, sevgisini dilə gətirdiyimiz adamlara minnətmi qoymalıyıq? Bu, təxminən ananın öz balasına verdiyi süd müqabilində minnət qoymasına bənzəyir. Yazıçı sevinməlidir ki, çoxlarının deyə bilmədiyini dilə, sözə, yazıya gətirmək imkanı onun bəxtinə düşüb. Əgər sən bu missiyanı istedadla, ləyaqətlə, heç kəsə minnət qoymadan yerinə yetirə bilsən, inanıram ki, cəmiyyət də səni sevəcək”.

Image result for cavanşir yusifli

Cavanşir Yusifli:“Adi adama münasibət necədirsə, yazıçıya da münasibət elə olmalıdır. Ümumən bu " gözətdəmə vəziyyəti" təyinedici məqamdır. Yazıçı bəzən özünü tanımaq istəmir, deyir bütün dünya onu tanısın”.

Image result for nəriman əbdülrəhmanlı

Nəriman Əbdülrəhmanlı:“Məncə, cəmiyyətdə insanın yerini hansı vəzifənin, hansı peşənin sahibi olduğu yox, şəxsi keyfiyyətləri müəyyənləşməlidi. İstərdim ki, cəmiyyətimizdə də yazıçını fövqəladə insan kimi qəbul eləməsinlər. Eləcə də beş-üç yazı müəllifi olan adamın cəmiyyəti özünə borclu sayması, daim cəmiyyətdən yardım gözləməsi də xoşagəlməz şeydi. Cəmiyyət yazıçını insan kimi qəbul eləməli, oxucusa ona yazdığı mətnə görə dəyər verməlidi. Yaşadığımız cəmiyyətdə hələ bu aydın dərk olunmur, ona görə də razı qaldığımı deyə bilmərəm”.

Image result for rasim qaraca

Rasim Qaraca:“Cəmiyyət dediyiniz insan qrupu ağır xəstəlikdən yenicə qalxıb, 70 illik sovet xəstəxanasından yarımcan halda çıxıb və müstəqillik dövrünə də oradan çoxlu mikrob gətirib. Bizdə sağlam oxucu-yazıçı münasibəti yoxdur, yaranması üçün də sovet dövrünün düşüncələrdəki dövrü sona çatmalıdır. Əks halda yalançı dəyərlərlə yaradılan əsərlərin qondarma zövq daşıyıcısı oxucularından söhbət gedə bilər ki, o oxucuların o yazarlara münasibəti mənim üçün qaneedici deyil. Ədəbiyyat adamına, yazıçıya münasibət əsərinə görə olmalıdır”.

Image result for etimad başkeçid

Etimad Başkeçid:“Yazıçıya münasibət müxtəlif cür ola bilər, illah da bizim şəraitdə. Yazıçı dəyər yaradan insan sifətindən çıxıbsa, yaltaqlanırsa, yarınırsa, ağzına gələni yazıb, hökumətdən mükafat, xalqdan isə hörmət umursa, ona münasibət necə olmalıdır? Ona görə də, bu münasibətdən şikayətlənməyə dəyməz. Bizim yazarlar cameəsini ucdantutma qaralamaq istəmirəm, amma qurunun oduna yaş da yanır. Cəmiyyət işini-gücünü buraxıb, yazıçıların dərdini çəkəsi deyil, indiki «başlı başını saxlasın» zəmanəsində isə bu barədə, ümumiyyətlə, danışmaq artıqdır.

Normalda cəmiyyətin yazıçıya münasibətini kitabların tirajı müəyyən etməlidir. Bizim tirajlar isə, ən yaxşı halda, 300-500 civarındadır. Camaatın kitab oxumamasının ən böyük səbəblərindən biri – yazıçıların özüdür. Mənə görə, cəmiyyətin yazıçılara münasibəti tamamilə adekvatdır”.

Image result for aqşin yenisey

Aqşin Yenisey:“Gəlin, məsələni yazıçı və ədəbiyyat adamları ilə məhdudlaşdırmayaq. Sualı, ümumiyyətlə, "mədəniyyətə münasibət necə olmalıdır" şəklində qoyaq və dərhal cavab verək; biz xalq olaraq hələ də bu sualın cavabını bilmirik. Bilsəydik indi bu sorğuya ehtiyac olmazdı. Platonovun "Can" povestini xatırlayıram, özünün mədəniyyətdən uzaq azadlığından həzz alan Can xalqını. Mədəniləşmək istəməyən canları. Azadlığını mədəniyyətə dəyişməyən o səhra xalqını. Biz eynən Platonovun təsvir etdiyi Can xalqıyıq, öz azadlığımızı mədəniyyətə qurban vermək istəmirik. Şüuraltımızdan siqnallar ötürülür ki, mədəniləşsək, azadlığımızı itirəcəyik, məhv olacayıq. Mədəniyyətə, incəsənətə göstərdiyimiz müqavimət bizim əbədiliyimizin qarantıdır. Biz bunu bilirik və heç vaxt da bir xalq olaraq öz varlığımızı mədəniyyətə qurban verməyəcəyik. Mədəni olmaq, yox olmaqdır bizim üçün! Mədəniyyət bizim düşmənimizdir! Bu da bizim milli şüurumuzdur, milli etiqadımızdır, bununla həm özümüz barışmalıyıq, həm də bütün dünya!”

Image result for kənan hacı

Kənan Hacı:“Ədəbiyyata münasibət cəmiyyətin hansı vəziyyətdə olmasından asılıdır. Cəmiyyətdə gedən proseslər istər-istəməz yazıçı-oxucu münasibətlərinə də təsir göstərir. 90-cı illərin əvvəllərini xatırlayın. Həmin xaotik dövrdə ədəbiyyat sanki unuduldu. Bir formasiyadan başqa bir formasiyaya keçid dövründə zərbə həmişə ədəbiyyata dəyir. Təxminən 7-8 il ərzində ədəbi proses donmuş vəziyyətdə idi. Amma sonrakı dövrdə insanlar yenidən kitaba üz tutdular, yeni oxucu nəsli yarandı. Bu gün ədəbiyyat adamlarına münasibət deməzdim ki, pisdir. Amma tam qaneedici səviyyədə də deyil. Yazıçının itirilmiş nüfuzu tədricən özünə qayıdır. Yazıçı bu toplumun güzgüsüdür, hər şey o güzgüdə əks olunur. Bu gün hansı durumdayıqsa, ədəbiyyat da onu göstərir. Son 6-7 il ərzində ədəbiyyatda da canlanma yarandı və bu gün yeni nəsil ədəbiyyatı deyilən anlayış yarandı. Yazıçının əsərləri oxunursa, demək ona münasibət var. Azdı, çoxdu, bu müxtəlif səbəblərdən qaynaqlanır. Kitab sənayemiz inkişaf etdikcə söz adamlarının nüfuzu daha da artacaq. Bu baxımdan, mən çox nikbinəm”.

Image result for rəbiqə nazimqızı

Rəbiqə Nazimqızı:“Qənaətbəxş deyil. Məşhur filmdə deyildiyi kimi yanaşırlar bizə: "Budur yenə yığışacaqlar, baş dolu, cib boş". Bəzən də ciddi adam kimi qəbul eləmirlər. Saysız-hesabsız qəliblər yaradırlar şairə-yazıçıya. Amma əlbəttə ki, adamdan adama fərq var.

İstərdim ki, cəmiyyət şairə də, yazara da mətnlərinə, ictimai mövqeyinə görə qiymət versin, şəxsi həyatına, vərdişlərinə görə yox”.

Image result for könül həsənqulu

Könül Arif:“Bədii ədəbiyyat oxumayan cəmiyyətdən yazıçıya adekvat münasibət gözləmirəm".

Image result for fərid hüseyn

Fərid Hüseyn:“Bəzən bizim bəzi yazıçılar əsərlərinə sovet dövründəki diqqəti gözləyirlər, özlərinə də həmin dövrün münasibətini. Düşünürəm ki, cəmiyyətdə yazıçıya münasibət Sovet dövründəki kimi olmamalıdır: Yəni bir qırıq istedada, bəlağət keyfiyyətinə, natiqlik qabiliyyətinə üstünlük verərək hər tribunada onlar görünməməlidirlər. Yazıçı öz əsərləri ilə ürəklərə yol tapmalıdı, digər üstünlükləri isə ondan sonra qiymətləndirilməlidir. Əsl yazar roman, hekayə, şeir və sair mətnlər yaradarkən aldıqları həzzi digər fəaliyyətlərdən ala bilmirlər. Bu çox təbiidir. Məncə, bu təbii stixiya cəmiyyətdə də olmalıdır, yəni oxucular yazıçıları əsərlərinə görə qiymətləndirməlidirlər.

Xarici ölkələrdə km-lərlə uzanan oxucu növbəsinə baxanda düşünürəm: Bir adamı bir yerə çağıranda can çəkir gəlməyə, heç bir təmənnasız yazıçının əsərini alıb onun imzası üçün növbə gözləyirlər. Bir dəfə kitab sərgilərinin birində yazıçı imza saatı tamamlandı deyə getmək istədi, oxucular etiraz etdilər ki, biz sənə görə 22-23 satlıq yol qət edib gəlmişik, sən bizə 2 dəqiqəni sərf etmək istəmirsən. Polisin müşayiəti ilə yazıçıya bir yer düzəltdilər, ayaq üstə dayanıb bir neçə saat da gülə-gülə kitab imzaladı. Azərbaycanda bu cür oxunmağa layiq gözəl yazıçılar da, şairlər də var. Qələm əhlimizə belə münasibət arzulayıram, umuram…”

Image result for mirmehdi

Mirmehdi Ağaoğlu:“Ölkədə kitab bazarı normal inkişaf etsə, əhalinin kitab alıcılıq qabiliyyəti normallaşsa, yazıçıya, sənət adamına münasibət də düzələr”.

Image result for sahilə ibrahimova

Sahilə İbrahimova:“Deyil. Müəllimə lazımınca hörmət edirikmi? Həkim dəyərini ala bilirmi? Yox. Cəmiyyətimizin dəyərsizlik, yaxud yanlış dəyərvermə durumu bütün sahələri əhatə edir. Amma mən bunun günahını təkcə cəmiyyətdə görmürəm. Yazıçı, ədəbiyyat adamıdı deyə hər kəs qəbul olunmalıdır, hörmətə layiqdir deyə bir şey yoxdur. İşinin peşəkarı bənna məzmunsuz kimliyə və yaradıcılığa malik yazıçıdan daha hörmətli olmalıdır. Elə yazıçı, şair var ki, mən onunla eyni məclisdə oturmağa utanıram, cəmiyyət ona niyə dəyər verməlidir ki? Ədəbiyyat, adamına yazıçıya münasibət necə olmalıdır? Peşəkar və əxlaqlı biznesmenə, həkimə, müəllimə, tələbəyə olan kimi. Kimisə bütləşdirməyə, kimdənsə fövqəl-insan düzəltməyə ehtiyac yoxdur. Göydən metafizik siqnallar alıb şeir yazdığını deyən, buna görə cəmiyyətdən pərəstiş uman adamları, istədikləri münasibəti almayanda kövrələnləri anlaya bilmirəm. İşləmək lazımdı, dostlar, çox işləmək, dayanmadan işləmək. Bütün uğurlu adamlar, bütün hörmət sahibi olan adamlar olduqları məqama yalnız zəhmətin sayəsində çatıblar”.

Image result for cəlil cavanşir

Cəlil Cavanşir:“Cəmiyyətin ədəbiyyat adamına, yazıçıya, şairə münasibəti qətiyyən qanedici deyil. Cəmiyyətin bir kəsimi yazıçıyla, şairlə məhlə uşağı, əsgər yoldaşı kimi davranır, yeri gələndə, hətta yazıçın ələ salmağa da çalışırlar. Təəssüf ki, bu münasibətin kökündə yazıçının özünə dəyər verməməsi dayanır. Azərbaycan yazıçısı özünə dəyər verməli, kütlədən daha fərqli yerdə olduğunu dərk etməlidir. Ədəbiyyat adamı cəmiyyətdə üstün mövqeyə sahib olmalıdır və bu üstünlüyünü ciddi şəkildə hiss etdirməlidir”.

Image result for aqşin evrən

Aqşin Evrən:“Cəmiyyətin qələm adamına münasibəti maddənin plastilin halındadır və gündəm, ölkədə gedən proseslər onu istənilən formaya sala bilir. Əgər məişət səviyyəsində münasibəti nəzərdə tutursunuzsa, çox əladır. Şəxsən özümə qarşı həmişə yüksək hörmət, qayğı, sevgi görürəm. Əgər həyat səviyyəsində münasibəti soruşursunuzsa, bu məsələ təzadlıdır: cəmiyyət istədiyi vaxt şairdən porno-ulduz düzəldir, istədiyi vaxt ona ziyalı funksiyası yükləyir, istədiyi vaxt da bir qatar stansiyasında sətəlcəmə tərk edib öldürür.

“Münasibəti necə olmalıdır?” – məncə, cəmiyyət qələm adamına MƏTN kimi yanaşmalıdır, onun yazıçıdan Çe Qevara və ya Atatürk düzəltməyə mənəvi baxımdan ixtiyarı çatmır”.

Image result for cavid zeynallı

Cavid Zeynallı:“İndiki dövrdə yazıçıya olan münasibəti müzakirə mövzusu etmək mənə qəribə gəlir. Onsuz da münasibət bəllidir, yazıçı, ədəbiyyat adamı ciddiyə alınmır. Kapitalist dəyərləri, dolanışıq qayğıları ədəbiyyatı, yazıçını küncə sıxışdırıb. Amma əlbəttə, bunun başqa şəkildə, hörmət və sayğı ilə əvəz olmasını arzu edirəm. Kitaba, söz hörmət qoyulmayan cəmiyyətdə yazıb-yaratmaq qəhrəmanlıq kimi görünür. Çox az sayda oxucu var, kitablar satılmır, kitab mağazaları bağlanır. Necə mənzərədir? Məncə, bu 5-10 ilə tənzimlənəsi problem, qayğı deyil. Buna illər lazımdır. Cəmiyyət maddi qayğılardan azad olmalıdır, kitab dəbə minməlidir, yaxşı qonorarlar olmalıdır və s . Ondan sonra münasibət haqqında danışmağa dəyər”. /sim-sim.az/

news-inner-user

15792 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020