Məşhur alim necə tutuquşuya çevrildi? - HEKAYƏ

Məşhur alim necə tutuquşuya çevrildi? - <span style="color:red;">HEKAYƏ
12 noyabr 2017
# 16:42

Bu heykəllərin hamar daş simaları arxasında

çox vaxt çatlar və boşluqlardan ibarət dolanbaclar gizlənir,

müxtəlif növlərdən olan quşlar onların içində yuva qururlar.

Cozef Levender, “Pasxa adası”

Vyanada bu cür şaxtalı qışın keçməsi yadına gəlmirdi. Hər dəfə kafenin qapısı açılanda və içəriyə soyuq hava buludu girəndə o azacıq büzüşürdü. Xeyli vaxt idi ki, müştəri yox idi və Ziqmund artıq yüngül qocalıq yuxusuna dalmışdı, amma birdən qapı çırpıldı, o, başını qaldırdı.

Kafeyə iki yeni müştəri girdi – bakenbardlı bir kişi və saçına şinyon taxmış bir qadın.

Qadının əlində ucu iti olan uzun çətir vardı.

Kişinin isə əlində çox da böyük olmayan qadın çantası var idi, çantanın üzəri ərimiş qar dənəciklərindən azacıq islanan qara parıltılı xəzlə bəzədilmişdi.

Onlar asılqanın yanında dayandılar və soyunmağa başladılar – kişi plaşını çıxararaq asdı, sonra da asılqanın yuxarı hissəsində divardan çıxan xüsusi çıxıntılardan birinə şlyapasını asmaq istədi. Lakin şlyapa orda qalmayıb yerə düşdü. Kişi deyinib onu yerdən qaldırdı və asmağa nail oldu. Sonra isə xanıma kürkünü çıxarmağa kömək etdi. Kürkdən azad olub qadın ona mülayim bir təbəssümlə baxdı, çantasını onun əlindən götürdü, birdən üzündə narazı bir ifadə yarandı – çantanın bağı açıq idi və onun içinə qar dolmuşdu. Qadın çantasını çiynindən asdı, çətiri küncə, nədənsə tutacağı aşağı vəziyyətdə qoydu və kişinin qoluna girdi, onlar salona keçdilər.

- Aha, − deyib Ziqmund başını tərpətdi.

Divarla barın piştaxtası arasında, kişi ilə qadının üz tutduğu masadan bir az aralı balaca boş anbar var idi. Orada sahiblərin uşaqları oynayırdılar – üzərinə qara romblar səpələnmiş ağ sviterdə olan səkkiz yaşlı oğlan və cızıqlı qara reytuzla tünd rəngli don geyinmiş oğlandan yaşca bir az kiçik olan qız. Onlardan bir az aralı döşəmənin üstündə oyuncaq kublar və azca boşalmış rezin top vardı.

Uşaqlar özlərini qeyri-adi dərəcədə sakit aparırdılar. Oğlan yanlarında rəngli şəkilləri olan iri kublarla oynayırdı, o, qəribə formalı boyük bir ev tikirdi – ön divarda açıq qalan iri bir yerlə. Ev tez-tez aşırdı, çünki divarın dəliyi hər dəfə çox iri alınırdı və üstdəki kub dayana bilməyib aşağı düşürdü. Kublar hər aşanda oğlan bir müddət kədərli şəkildə çirkli barmağı ilə burnunu eşir, sonra isə tikintiyə yenidən başlayırdı. Qız isə qardaşı ilə üzbəüz döşəmənin üstündə oturub ona heç bir maraq göstərmədən tamaşa edirdi, vaxtaşırı da qarşısındakı bir ovuc qəpiklə oynayırdı, onları gah döşəmənin üzərinə düzür, gah da bir topaya yığıb öz altına basırdı. Amma bir müddət sonra bu məşğuliyyət onu bezdirdi, o, qəpik-quruşu rahat buraxıb yaxınlıqdakı stulun ayaqlarından yapışdı və özünə tərəf çəkdi. Sonra da onu bu vəziyyətdə döşəmə ilə sürüməyə başladı, stulun qabaq ayaqlarıyla da topunu itələyirdi. Ancaq bir dəfə topu elə zərblə itələdi ki, top lap uzağa dıvırlanıb oğlan öz tikilisinin başına üstündə apelsin və yanğınsöndürənlər təsvir olunan axırıncı kubunu qoyan an ona çırpıldı. Oğlanın kövrək tikilisi darmadağln oldu. O, başını qaldırıb bacısına yumruğunu göstərdi, qız isə ağzını açıb dilini çıxardı, sonra da dilini elə uzun müddət bayırda saxladı ki, bəlkə də, onu detallı şəkildə öyrənmək də olardı.

- Aha, - deyib Ziqmund baxışlarını bakenbardlı kişi və onun xanımına yönəltdi.

Onlara qəlyənaltı artıq verilmişdi. Kişi balaca gümüş bıçaqla dəniz ilbizlərini açıb onların içindəkiləri əminliklə udurdu və xanımına nə isə deyirdi, o da başını tərpədib gülümsəyərək şampinyon yeyirdi. O, göbələkləri iki tirəli çəngəllə götürür, əvvəlcə onları yaxşıca nəzərindən keçirirdi, sonra da sarı sousa batırırdı. Kişi indi də şüşəsini əlinə alıb badəyə ağ şərab süzərkən onu badənin kənarına vuraraq cingildətdi, sonra da bir qab şorbanı önünə çəkdi.

Ofisiant onlara yaxınlaşdı və masanın üstünə qızardılmış balıq xörəyini qoydu. Balığa baxıb qadın birdən əlini alnına çırpdı və kişiyə nə isə deməyə başladı. O, qadına baxdı, bir az dinlədi, simasında şübhə ifadəsi yarandı, daha bir badə ağ şərab içdi, sonra isə çilə barmağı ilə adsız barmağının arasında tutduğu qırmızı müştüyün içərisinə səliqə ilə siqareti salmağa başladı.

- Aha! - Ziqmund dedi və otağın o biri küncünə − kafenin sahibəsi ilə yekəpər ofisiantin dayandığı yerə tərəf baxdı.

Orada qaranlıq idi, daha doğrusu, otağın digər künclərinə nisbətən qaranlıq idi. Həmin küncdə tavandan asılmış işıq lampası yanmışdı. Sahibə kök əllərini belinə qoyub yuxarı baxırdı, üstündəki rəngarəng ziqzaqlı önlüklə və dayandığı pozaya görə o, antik yunan amforasına bənzəyirdi. Ofisiant artıq hündür açma nərdivanı gətirmiş və onu boş masaya söykəmişdi. Sahibə onun möhkəm dayanıb-dayanmadığını yoxladı, fikirli halda başını qaşıdı, sonra da ofisianta nə isə dedi. O, dönüb barın piştaxtasına sarı getdi, onun arxasına keçdi və əyildi, bir müddət görünmədi. Bir dəqiqədən sonra qalxaraq sahibəyə əlində tutduğu parlaq bir şeyi göstərdi. Sahibə başı ilə razılıq etdi, ofisiant onun yanına qayıtdı və əlindəki fənəri sahibəyə uzatdı, lakin sahibə başını bulayaraq döşəməyə işarə etdi.

Masanın yanında döşəmədə iri kvadrat şəkilli giriş vardı zirzəmiyə. O, demək olar ki, döşəmənin qalan hissəsindən seçilmirdi, çünki onun qapağı elə bütün döşəmə kimi romb parketlə düzülmüşdü, onu yalnız üzərindəki iki laylı mis kənarlar və taxtanın içindəki dəliyə salınmış mis halqanın hesabına ayırd etmək olurdu.

Ofisiant səliqə ilə şalvarının diz hissələrini yuxarı çəkdi və yerə çökdü, halqanı qaldırdı və bir güclü hərəkət ilə qapağı qaldırdı. Sahibə bir az üz-gözünü turşudub yerində var-gəl etdi. Ofisiant ona sual dolu baxışlarla baxdı, o, yenə də başı ilə işarə etdi və ofisiant aşağı düşdü. Belə görünür ki, döşəmənin altında qısa nərdivan vardı, çünki ofisiant döşəmənin altına görünməyən pillələrin qoyuluşuna uyğun olaraq xırda addımlarla enirdi. Əvvəlcə o, elə özü qapağı tuturdu, amma o xeyli düşdükdən sonra, sahibə onun köməyinə gəldi, qapaqdan iki əlli yapışdı və irəliyə əyilərək ofisiantın yoxa çıxdığı qaranlıq dəliyə baxdı.

Bir müddət sonra ağ geyimi toza və hörümçək toruna əməlli-başlı bulaşmış ofisiant yenidən döşəmə üzərində görünməyə başladı. Tamam çıxdıqdan sonra o, qapağı bağladı və elə nərdivana sarı getmişdi ki, sahibə onu əl hərəkəti ilə saxladı və geri qaytardı. Ofisiantın gödəkçəsini təmizləyib əlindəki lampanı aldı, onun şüşəsinə nəfəs verərək ovcu ilə bir neçə dəfə ehtiyatla sildi. Nərdivana sarı gedib ayağını birinci pilləyə qoydu, gözlədi ki, ofisiant nərdivanın kənarından bərk yapışsın, sonra yuxarı dırmaşdı.

Yanmış lampa tavandan sallanan uzun naqilin aşağısındakı dar şüşə abajurun içində idi, odur ki, çox da yuxarı qalxmalı olmadı. Beş-altı pilləni qalxıb sahibə əlini abajurun içinə saldı və yanmış lampanı açmaq istədi, amma o çox möhkəm bağlanmışdı, ona görə də abajur da naqillə birlikdə açılmağa başladı. Belə olduqda o, təzə lampanı dişlərinin arasına qoydu və dodaqları ilə sokol hissəsini tutdu, sonra da ikinci əlini qaldırıb abajurun kənarından yapışdı, beləcə, iş sürətləndi. Yanmış lampanı açıb sahibə onu önlüyünün cibinə qoydu, sonra da təzəsini salmağa başladı. Ofisiant nərdivanı öz güclü əlləri ilə bərk-bərk tutub onun toppuş ovuclarının hərəkətlərini heyranlıqla izləyirdi, arabir də qurumuş dodaqlarını dilinin ucu ilə isladırdı. Qəfildən abajur işıqlandı, ofisiant büdrədi, gözlərini yumdu və nərdivanı bir saniyəlik boş buraxdı. Açma nərdivanın tərəfləri hərəsi bir yana doğru açılmağa başladı, sahibə əllərini qaldırdı və az qala yerə yıxılacaqdı ki, ofisiant sonuncu anda nərdivanı saxlamağı bacardı, sahibə inanılmaz bir sürətlə iki-üç pilləni endi və ofisiantın qolları arasında gücsüz halda qaldı.

- Aha! Aha! − Ziqmund bərk səslə dedi və baxışlarını masa arxasındakı cütlüyə yönəltdi.

Şinyonlu xanım artıq desertə keçmişdi – onun əlində kremli çubuq vardı və o, onu enli tərəfindən dişləyirdi. Ziqmund elə ona baxan vaxtı qadın daha iri bir parça dişləməyə hazırlaşırdı, odur ki, o, kremli çubuğu ağzına alıb dişlərinin arasında sıxanda krem çubuğun arxa hissəsindən çıxmağa başladı. Bakenbardlı kişi elə həmin an reaksiya verdi və axan krem süfrənin üstünə deyil, onun ovcuna düşdü. Qadın gülməyə başladı. Kişi əlini ağzına yaxınlaşdırıb bir neçə dəfəyə onun içində olan kremi yaladı, bununla da, öz xanımını yenidən güldürdü. Qadın şirniyyatı sonadək yeməyib onu içində balıq sümükləri olan qaba atdı. Kremi yaladıqdan sonra kişi xanımının əlindən tutub onu ürəkdən öpdü, qadın isə qarşısındakı ağ şərabla dolu badəni qaldırdı və ondan bir neçə qurtum içdi. Bundan sonra cənab bir dənə də siqaret alışdırdı, onu qırmızı müştüyünə salıb bir neçə dəfə içinə çəkdi, ardınca da halqalar tüstülətməyə başladı.

Şübhəsiz ki, o, bu qəliz sənətin böyük ustası idi. O, əvvəlcə böyük dalğavari bir halqa buraxdı, sonra bir az kiçiyini – bu da böyüyün içindən ona qətiyyən toxunmadan keçdi. Sonra da əli ilə önündəki tüstü konstruksiyasını məhv etdi və iki yeni halqa buraxdı, bu səfər ikisi də eyni ölçüdə. Onların biri digərinin üzərində asılıb qaldılar və demək olar ki, düzgün formalı səkkiz rəqəmini təşkil etdilər. Onun xanımı baş verənləri diqqətlə izləyir və mexaniki surətdə nazik taxta çəngəlini balığın başına batırırdı.

Kişi yenə də siqaret dumanını ağ ciyərlərinə çəkdi, sonra isə iki nazik zolaq buraxdı, onlardan biri üst halqanın içindən, digəri isə altdakının içindən keçərək kəsişdilər, sonra da hamısı bulanıq mavi dumana döndü. Qadın əl çaldı.

- Aha! − Ziqmund dedi və cənab çevrilib onu maraq dolu baxışlarla süzdü.

Ziqmund yenə üzünü uşaqlara tərəf çevirdi. Görünür, onlardan biri yeni oyuncaqlar gətirmişdi. İndi onların ətrafında kublar və topdan başqa pərişan halda olan gəlinciklərlə müxtəlif ölçülü rəngbərəng plastilin hissələri də var idi. Oğlanın başı yenə də kublarına qarışmışdı, amma o, artıq ev deyil, uzun divar hörürdü və divardakı boşluqlara başlarında uzun qırmızı lələklər olan qalay əsgər oyuncaqları qoyulmuşdu. Divarda bir neçə keçid də qoyulmuşdu, onların hər birini üç əsgər – ikisi içəridən, biri çöl tərəfdən qoruyurdu. Divar qövsvari idi. Divar qövsünün içəri tərəfində isə dörd kubun üzərinə top yerləşdirilmişdi. Qız kürəyini qardaşına tərəf çevirmişdi və balaca sarıbülbül quşunun müqəvvasının quyruğunu didişdirirdi.

- Aha! − Ziqmund narahat halda qışqırdı. – Aha! Aha!

Bu dəfə ona təkcə bakenbardlı cənab deyil (o, xanımı ilə birlikdə asılqanın yanında dayanıb geyinirdilər), həm də uzun taxta parçası ilə pərdələri qaydaya salan sahibə də baxdı. Ziqmund əvvəl sahibəyə, sonra divara baxdı, orada bir neçə çəkil asılmışdı. Biri adi bir rəsm əsəri – ay və mayak təsviri. Digəri isə buraya necə gəlib düşməsi naməlum olan avanqard bir əsər – iki üstü açıq fortopianonun yuxarıdan təsviri, hər birinin içində də ölmüş Bünüel və Salvador Dali, ikisi də qeyri-adi uzun qulaqlarla.

- Aha! – Ziqmund var gücü ilə qışqırdı. – Aha! Aha! Aha!

Ona artıq hamı baxırdı. Üstəlik yalnız baxmaq deyil, bir tərəfdən əlində uzun çubuq olan sahibə, digər tərəfdən də əlində şlyapası olan bakenbardlı cənab yaxınlaşırdılar. Sahibənin üz ifadəsi həmişəki kimi narazı idi, cənab isə, əksinə olaraq, böyük maraq və riqqətlə baxırdı. Sifətlər o qədər yaxınlaşdı ki, Ziqmundun görmə sahəsini tutdu və o narahat olub bir küncə çəkilərək yumaq kimi yığıldı.

- Nə gözəl tutuquşunuz var, − bakenbardlı cənab sahibəyə dedi. – Başqa hansı sözləri bilir?

- Çox bilir, − sahibə dilləndi. – Ziqmund, yenə bir şey de görüm.

Sahibə əlini qaldırıb toppuş barmağının ucunu qəfəsin dəmir çubuqları arasına saldı.

- Ziqmunda afərin, − nazlanaraq Ziqmund dedi və qəfəsin küncünə daha da çəkildi. – Ziqmund ağıllıdır.

- Ağıllı olmasına ağıllıdır, − sahibə dedi, − amma qəfəsini gör bir nə günə qoyub, bir dənə təmiz yer yoxdu.

- Yazıq heyvana qarşı bu qədər sərt olmayın, bu axı onun qəfəsidir, sizinki deyil ki, − saçlarını tumarlayaraq bakenbardlı kişi dedi. – Özü burda yaşayır, özü də bilər.

Amma o, birdən hansısa vulqar bar sahibəsi ilə söhbət etdiyini anlayıb özünü narahat hiss etdi. Sifətinə sərt ifadə verib şlyapasına başına qoydu və üzünü döndərərək qapıya tərəf getdi.

Ruscadan çevirdi: Svetlana QULIYEVA

# 781 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #