Süleyman peyğəmbərin əlil uşağı – Şərif Ağayar yazır...

Süleyman peyğəmbərin əlil uşağı – <span style="color:red;">Şərif Ağayar yazır...
12 noyabr 2017
# 10:00

Kulis.az Şərif Ağayarın dahi Nizami Gəncəviyə həsr etdiyi “Dirilik suyu” essesini təqdim edir

Nizami Gəncəvinin “Yeddi gözəl”i həyatım boyu oxuduğum ən yaxşı əsərlərin beşliyinə daxil oldu. Şəksiz-şübhəsiz! Özü də bu uzaq tarixdə baş verməyib. Lap bu yaxınların söhbətidir. Olsun ki, bu qənaətimdə İtalo Kalvinonun Nizaminin roman-poeması haqda yazdığı essenin də təsiri var. Amma həm də yoxdur.

Görünən dağa nə bələdçi?

Hər şey bir yana, əsərin günümüzlə nəinki səsləşən, hətta günümüzə qəribə hünərlə meydan oxuyan mükəmməl strukturu kifayətdir ki, Nizami dühasının qarşısında sakit-səssiz əllərini yuxarı qaldırasan.

Əsərin adı “Bəhramnamə”dir əslində. O “Bəhramnamə” ki, özündən sonra “İsgəndərnamə” kimi dünya şedevri gələcəkdi dünyaya. Ancaq Nizami özü əsərlərinin birində poemanın adını “Həft peykər” kimi qeyd edib və elə bu cür də tanınıb.

Yeddi rəqəmində yeddi planet, yeddi iqlim, həftənin yeddi günü, dünyanın yeddi gündə yaranması, göyün və yerin yeddi qatı, cənnətin yeddi təbəqəsi və s. simvolizə olunur.

Əsərin əsas qəhrəmanı Bəhram Gur yeddi iqlim qurşağından yeddi gözəl alıb gətirir və onların hər birinə ayrıca qəsr tikdirir. Yeddi qəsrin hər birini yeddi müxtəlif rəngə boyayır.

Strukturun inanılmazlığı bununla bitmir: qəsrin içərisindəki kənizlərin həyatı, təmsil etdiyi coğrafiya və Bəhram Gur üçün danışdığı əhvalat həm də qəsrin rəngiylə simvollaşır. Bu rəqəmlərin və qəsrlərin quruluşunun bürclərlə paralelləşdirilməsi isə möcüzənin ta kəndisidir!

Bundan əlavə, əhvalatların qara rənglə başlayıb ağ rənglə bitməsi dünyanın yaradılması prosesini məcazlaşdırır. Tanrının işə başladığı birinci gün – şənbə, qaradır. Hər şey qaranlıqdır, heç nə aydın deyil. Bütün rənglərdən keçib dünyanı yaradaraq cüməyə – istirahət gününə gələn Tanrı bütün yaradılışı ağlığa, təmizliyə, aydınlığa qovuşdurduğu kimi, yeddi gözəlin sonuncu əhvalatı da ağ rəngli qəsrdə vaqe olur və həyat başlayır…

Əsər oxucunu da müəlliflə birlikdə ağ günə çıxarır “Yeddi gözəl”in quruluşundakı ecaz bununla bitmir: Bəhram Gurun günahkar vəzirindən şikayət edən məzlumların sayı da yeddidir. Və dərindən düşünəndə bu yeddi adam başına gələn əhvalatların fərqli keyfiyyəti ilə bu gün dünyadakı yeddi milyarda yaxın insanın dərd-ağrısını asanlıqla ehtiva edir. Az qala deyirsən, bu yeddi dərddən başqa dünyada dərd yoxdur. Qalan bütün dərdlər bu yeddi dərddən törəyib. Bütün melodiyalar yeddi notdan törədiyi kimi…

Təbii ki, yazdıqlarım “Yeddi gözəl”dəki “Yeddi”lərin hamısı deyil, ən əsasları, ən ələgələnləridir.

Əsərin poetik çəkisi, obrazlılığı haqqında heç söz açmadan sussaq yaxşıdır. Çünki bu, gerçəkdən şərhi-bəyana sığacaq söhbət deyil.

Nizaminin, heç nə yox, yataq təsvirlərində nisar elədiyi (şabaş kimi səpələdiyi – Ş.A.) bədii ifadə və təsvir vasitələriylə on-on beş xalq şairini yüz il yemləmək olar.

Bu da heç.

Bunu da buraxaq insaflı-insafsız, səmimi-saxta Nizamişünasların öhdəsinə.

Gələk şairin ideyasına.

Axı nə üçündür bu boyda hoqqalar?

Yazıçının məqsədi, məramı nədir?

“Mən hamıdan yaxşı yazıram” məntiqini hamıya yedizdirməkmi?

Zamana meydan oxumaqmı?

İtmiş zaman ağrısımı?

Əlacsızlıqmı?

Dolanışıq dərdimi?

Məncə, heç biri!

Nizami dövründə demokratiya anlayışı yox idi və o, cəmiyyətin, insanlığın xilasını yalnız padşahın ədalətli olmasında görürdü. Amma təkcə padşahın yox. Kərpic kəsən qocadan, Sultan Səncərin atının yüyənindən yapışıb ah-fəryad edən qarıdan tutmuş Xosrova, Bəhram Gura, İsgəndərə qədər hamını ədalətə səsləyirdi. Nizaminin ədalət duyğusu qarşısındakı heyrətim əsərinin mükəmməldən mükəmməl strukturu qarşısındakı heyrətimdən on qat artıqdır.

Hardandır bu sevgi?

Hardandır insanlıq üçün bu qədər qayğılanma, narahat olma?

Məhəmməd sonuncu peyğəmbər olmasa və Nizami özü bu fakta beşəlli biət eləməsə peyğəmbər deyib keçərdik, canımız qurtarardı. Onsuz da Nizamini fars şeirinin allahına bənzədənlər çox olub. Oranın allahlığından, buranın peyğəmbərliyinə gedən yol elə də uzun olmasa gərək!

Bir örnəyə baxaq.

İkinci iqlim qurşağından gətirdiyi rum qızının Bəhram Gura danışdığı əhvalatda belə bir məqam var. Bir şah kəniz almaq istəyir, seçib bəyəndiyi şux gözəl haqqında sahibindən soruşanda məlum olur ki, bu bakirə qız heç kimlə münasibətə girmir. Şahı maraq bürüyür. Kənizi alır, ancaq nə qədər danışdırıb sirrini açmağa çalışsa da heç bir sonuca vara bilmir və ona Süleyman peyğəmbərdən bir əhvalat danışır.

Bəli, əhvalat içində əhvalat.

Birincini kəniz şaha danışır, ikincini şah kənizə…

Şahın kənizə danışdığı əhvalatın qısa məzmunu belədir:

Süleyman peyğəmbərlə xanımı Bilqeysin iflic uşaqları varmış. Əli-ayağı işləmirmiş. Bir gün Süleyman peyğəmbər xanımını yanına çağırıb deyir ki, mən peyğəmbər, sən namuslu-qeyrətli peyğəmbər zövcəsi, biz nə günah etmişik ki, övladımız bu cür doğulub. Tanrı bizi niyə cəzalandırır? Bilqeys cavab verir: “Sən bunu sənə vəhy gətirən Cəbrayıldan soruş, mənə niyə deyirsən?” Süleyman peyğəmbər barmağını dişləyir və həqiqətən də Rəbbindən təvəqqe etməsi üçün Cəbrayıldan bu xahişi edir. Tanrıdan gələn cavab sarsıdıcıdır: “Siz bir-birinizə qarşı səmimi deyilsiniz!” Süleyman peyğəmbər fikirli-fikirli evə gəlir, xanımını bir də çağırır. Deyir, məndən gizli nə sirrin var? Tanrıdan ismarış gəldi ki, bir-birimizə qarşı səmimi deyilik. Mənə düzünü de, bəlkə tamah saldığın başqa kişilər olub? Bilqeysin cavabı: “Gözəgəlimli bir cavan görən kimi pis arzulardan yaxa qurtara bilmirəm”. Bunun müqabilində Süleyman peyğəmbər etiraf edir: dəryaların dibindən aya qədər hər şey mənim hökmüm altındadır, ancaq yenə də əl uzadanların əlinə baxıram ki, görən, nə hədiyyə edəcəklər… Birinci etirafla uşağın əlləri, ikinci etirafla ayaqları açılır.

İlahi, bu insanlıqdan hansı təmənnadır ki, belə bir incəliyə varır?! Nəyisə etiraf etməyib ürəyə gömmək oğlumuzun iflicliyi ilə cəzalanacaqsa, bəs hər gün törədilən bunca ağırdan ağır günahların cəzası nədir? Nə deyir Nizami? Başı xarabmı olub? Başı xarab olubsa 800 il dünya ədəbiyyatına hansı zəkayla hökm edir?

Anlayacağınız, zərgər dəqiqliyi ilə işlənən strukturu ilə tanrının yeddi gündə yaratdığı kainatın qarşısına ən azı “Karol” çıxaran “Yeddi gözəl”in ecazkar qurğusu altındakı mətləblər də elə-belə deyil. Nizami qızıl teştdə dirilik suyu təqdim edir. Hansı ki, özü İsgəndəri o dirilik suyunun dalınca Cənnətə göndərmiş, amma onu ora, necə deyərlər, susuz aparıb, susuz gətirmişdi. Əslində isə məsələ mürəkkəb olduğu qədər sadə idi: insanı əbədi yaşadan onun təmiz əməlləri, ədalət və vicdan duyğusudur. Dirilik suyu budur. O dirilik suyu ki, ən azı Nizamini 800 ildir şeirin, sözün, ədəbiyyatın ən uca məqamında hamıdan diri saxlayır.

# 1925 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #