Robotların məhəbbəti - Nobelli yazarın qeyri-adi mövzusu

Robotların məhəbbəti - <span style="color:red;">Nobelli yazarın qeyri-adi mövzusu
3 noyabr 2017
# 09:00

Kulis.az Nobelli yazar Kazuo İşiquronun yüz ən yaxşı roman siyahısına düşən "Məni əsla tərk etmə" romanı haqqında Cavid Ramazanlının yazdığı “Robotların məhəbbəti” yazısını təqdim edir.

Yeniyetməlik çağımda baxdığım bir film məni mütəəssir edib uzun müddət təsiri altında saxlamışdı. Axşamlar ailələrin televizorda başlayan bir filmə gözlənilmədən aludə olduğu anlar olur, hamı səssizcə oturub baxır. Yadımdadır ki, biz də beləcə oturub robot oğlan uşağından bəhs edən bir filmə baxırdıq. Robot, xəstə övladının qaçılmaz ölümüylə heç cür barışa bilməyən, qüssə çəkən anaya təsəlli olmaq üçün alimlər tərəfindən xüsusi olaraq yaradılmışdı. Amma ona o qədər həqiqi duyğular yüklənmişdi ki, əsl insandan seçilmirdi, anası hesab etdiyi qadına da insani bir məhəbbətlə bağlanmışdı. Axırda ailə robot uşağın sevgisindən qorxuya qapıldı və qadın onu uzaq bir meşəyə aparıb azdırdı. Bundan sonra qəddar, qorxunc bir dünyaya düşən uşağın başına min cür fəlakət gəldi, onun isə həyatda istədiyi sadəcə bir şey vardı: böyük məhəbbətlə sevdiyi anasını yenidən tapmaq və ona yenidən qovuşmaq.

Film o qədər təsirliydi ki, yanımdakıların gözlərinin yaşardığını xatırlayıram. Mənim də gözlərim dolmuşdu, büruzə verməməkdən ötrü sifətimi gizlədərək yerimdə büzüşmüşdüm.

Sonralar uzun müddət bu filmi tapmağa çalışdım, tapa bilmirdim, yalnız 3-4 il əvvəl xoş bir təsadüf nəticəsində qarşıma çıxdı. Sən demə, Stiven Spilberqin 2001-ci ildə çəkdiyi “Süni intellekt” filmi imiş.

İnsanlara xidmət etmək üçün yaradılan robotlar, insanın öz əlləriylə yaratdığı texnologiya, süni intellekt bir gün nəzarətdən çıxarsa, necə olar? Əgər bu məxluqlarda da həqiqi duyğular, hisslər, məhəbbət baş qaldırarsa, nə baş verər? “Süni intellekt” filmi bu suallar ətrafındadır.

Bu günlərdə ədəbiyyat üzrə yeni Nobel mükafatçısı Kazuo İşiquronun “Məni əsla tərk etmə” romanını oxuyub bitirəndə, dərhal uşaqlığımda baxdığım həmin filmi xatırladım. Mövzu, süjet xətti, sualların qoyuluşunda hədsiz çox oxşarlıqlar var. Maraq xatirinə tarixlərə baxdım: İşiquronun romanı Spilberqin filmindən 4 il sonra 2005-ci ildə nəşr edilib. “Time” jurnalı onu ilin romanı adlandırıb və 1923-2005-ci illər arasında yazılmış yüz ən yaxşı İngilis dilli roman siyahısına salıb. Lakin romanı oxuyarkən o, mənə bədiiyyat cəhətdən hədsiz kasad görünürdü, ürəyimdə “hə nə olsun, nə var ki, bunda, niyə bunu bu qədər göyə qaldırıblar başa düşmürəm” kimi sualları verməyə bilmirdim. Ola bilsin, klassikaya çox dalmaqdandı, müasir romanları oxuyarkən tez-tez onların ədalətsiz yerə şişirdildiyini düşünmüşəm. Amma İşiquronun romanının axırlarına yaxınlaşdıqca, bir neçə səhnə məni möhkəm vurdu və sonda romana olan fikrim dəyişdi.

Bir şey mübahisəsizdir ki, İşiquronun çox usta qələmi var, romanı elə incəliklə və məharətlə qurur ki, əhvalatların bir-biriylə əlaqələnməsi, zaman duyumu, fonda gizlənən zəngin intellektual potensial sənə təbii görünür, gözünə batmır, baxmayaraq ki, roman bir robotun dilindən birinci şəxsin təkində nəql edilir. Belə təhlükəli sularda üzmək yazıçıdan əlavə cəsarət tələb edir, çünki çox asanlıqla mənəvi masturbasiyada ittiham oluna bilərsən.

İşiquro bu romanı 3 dəfə cəhd etdikdən sonra yazdığını deyir. O, ümumiyyətlə məhsuldar yazıçı deyil, müsahibələrinin birində də deyir ki, bir romanın yazılma prosesini yarımçıq qoyub 3 ilə qədər fasilə verə bilər. Məhsuldar olmamasını belə əsaslandırır: “Əslində mövcud olan ədəbiyyat kitablarının sayını artırmamaq üçün yazmamaq barədə qərar vermişdim. O kitabdakılardan ən azı fərqli romanlar yazmaq məqsədi güdürdüm. Yoxsa bu qədər kitab bolluğu olan dünyaya fərqli, orijinal fikri olmayan kitab yazıb bağışlamağın nə anlamı var? Bu baxımdan Stenli Kubrik həmişə mənə örnək olub. O, bir ideya üzərində uzun müddət fikirləşərək bir filmini digərindən tam fərqli yaratmağa müvəffəq olub. Mən də Kubrik kimi olmağa qərar verdim. Nə qədər vaxt lazımdırsa, bir o qədər fikirləşəcəkdim. Bu cəhdlər hər dəfə yeni dünya yaratmağıma kömək edəcək”. Hər hansı bir eyham vurmaqdan uzağam, sadəcə maraq üçün deyim ki, yazının əvvəlində bəhs etdiyim “Süni intellekt” filmi əvvəlcə Stenli Kubrikin ideyası olub, rejissor onu nə az, nə çox düz otuz il beynində bişirib, ölçüb-biçib, bir gün nəhayət, çəkilişlərə başlayanda isə qəfildən vəfat edib. Buna görə də filmin çəkilişlərini onun yaxın dostu Stiven Spilberq həyata keçirib və filmi də Kubrikin xatirəsinə həsr edib.

“Məni əsla tərk etmə” romanı elm məhsulu olan varlıqlar barədədir. Onlar xüsusi tibbi laboratoriyada nəzarətdə saxlanılır, yedirilir, içirdilir, tərbiyə edilir, vaxtları çatanda isə donor rolunu oynayırlar. Onlar daşıyıcı kimi nəzərdə tutulublar, bir gün orqanları çıxarılaraq ehtiyacı olan insanlara köçürülür, özləri isə sadəcə olaraq söndürülürlər. Lakin bəlli olur ki, görünüşcə insandan seçilməyən bu məxluqların da duyğuları, hissləri, düşüncələri, qorxuları, sevincləri, həyat eşqləri var. Olduqca mürəkkəb mövzuda, ancaq sadə dildə və üslubda yazılmış bu roman digər bütün cəhətlərindən əlavə, həm də məhəbbət və dostluq haqqında hekayətdir. Kitabda bir səhnə var. Baş qəhrəmanlar Tommi və Keti bir gün tam aydınlığı ilə dərk edirlər ki, qəbul edilməsi nə qədər çətin olsa da, çox bəsit və qəddar səbəblərdən dolayı həmişəlik ayrılmalıdırlar. Onda Tommi Ketiyə deyir: “Hardasa uzaqlarda sürətlə axan çayı heç cür ağlımdan çıxara bilmirəm. Suların içində iki nəfər bir-birindən möhkəm, nə qədər bacarırlarsa, o qədər bərk yapışaraq qopmamağa çalışırlar, amma bu, sonda kifayət etmir. Axıntı çox güclüdür. Onlar bir-birindən qopmalı, ayrılmalıdırlar. Bizim haqqımızda da mən eynilə düşünürəm. Bu, utancdır, Keti, çünki biz bütün ömrümüz boyunca bir-birimizi sevdik, amma nəhayətdə, həmişəlik bir yerdə ola bilmədik”.

İşiquronun romanı bütün yaxşı romanlar kimi cavablar deyil, suallar verir. Dünya çox sürətlə dəyişir, texnologiya, süni intellekt gözləniləndən daha sürətlə inkişaf edir, hətta insan ona uyğunlaşmaqda çətinlik çəkir. Hələ gördüklərimiz göz qarşısında olanlardır, biz gizli, yarımgizli laboratoriyalarda aparılan sınaqlardan, təcrübələrdən ya xəbərsizik, ya da başa düşməkdə çətinlik çəkirik. Təkcə son on, on beş ildə o qədər texnoloji yeniliklər baş verib ki, bunlar barədə oturub ciddi-ciddi düşünsək, dodaqlarımız uçuqlayar. Mən məktəb dövrümdə ilk dəfə sinif yoldaşımın əlində təzə çıxan fotokameralı telefon görəndə dəhşətə gəlmişdim. Sinif yoldaşım telefonuyla məktəbin dəhlizində bir qızın şəklini çəkmiş, qız da buna görə hay-küy salmışdı. Sonra şəklə baxdıq, qaranlıqda demək olar ki, heç nə görünmürdü, amma bu qaranlığın özü belə bizimçün möcüzəyə tən bir şey idi. Üstündən heç on beş il keçməyib, indiki smartfonlarla nəinki şəkil, hətta film çəkirlər. 20-30-50 il sonrakı dəyişikliklərin nələrdən ibarət olacağı isə ağlasığmazdır. Elə məhz buna görə bu yeniliklərin bir etik tərəfi də var axı. Olmalıdır. Sıravi insanlar bu dəyişikliklərə ayaq uydura bilirlərmi, bundan sonrakı lap geniş miqyaslı dəyişikliklərə uyğunlaşa biləcəklərmi?

“Məni əsla tərk etmə” romanının adı köhnə bir mahnıdan götürülüb: “Never let me go”. Romanda bir yerdə baş qəhrəman Keti yataqxanada yastığını qucaqlayaraq, bu mahnının sədaları altında rəqs edir, təkdir, özünü unudub. Gözlərini açanda isə birdən görür ki, rəhbərlərindən biri olan Madam (insan) qapıdan ona baxır, gözlərində isə yaşlar gilələnib. Uzun illər sonra Keti ondan o gün niyə ağladığını soruşur, Madam cavab verir: "Mən o gün sənin rəqs etməyinə baxanda, başqa bir şey gördüm. Gördüm ki, yeni dünya çox sürətlə gəlir. Bəli, daha elmi, daha effektiv bir dünya. Köhnə xəstəliklərə çoxlu çarələr tapılır. Lap yaxşı. Amma bu sərt, qəddar dünyadır. Mən balaca bir qızcığaz gördüm onda, o, gözlərini möhkəm qırparaq, qucağında köhnə dünyanı saxlamışdı, ürəyinin dərinliyində isə bilirdi ki, onu tutub saxlaya bilməz, amma saxlayırdı və yalvarırdı ki, onu əsla tərk etməsin. Mənim gördüyüm bu idi. Bilirəm, əslində bu sən deyildin, elədiyin də bu məqsədlə deyildi. Amma mən səni o cür gördüm və ürəyim parçalandı. Bunu heç vaxt unutmadım".

“Məni əsla tərk etmə” özündə belə etik sualları ehtiva edən həssas bir romandır. Əsərdə bircə dəfə də olsun hansısa elmi, fəlsəfi açıqlamalara yol verilməyib. Üstün cəhətlərdən biri də bu budur. Sadəcə hadisə. Oxucu da bu hadisələr zəncirindən ya nəticə çıxarmalı, ya da suallar üzərində baş sındırmalıdır: biz insancıqlar çox sürətlə yaxınlaşmaqda olan yeni dünyaya hazırıqmı?

# 1439 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #