Romanında Bakının adını çəkən Fransa yazıçısı

Romanında Bakının adını çəkən Fransa yazıçısı
21 oktyabr 2017
# 17:05

Kulis.az Gülnarə İlhamın “Amin Maaluf və “Səmərqənd” romanı” yazısını təqdim edir.

Livanın 1975-ci ili faciələr, ölkəni viran qoyan vətəndaş müharibəsi ilə xatırlanır. Siyasi gərginliyin mərkəzində qalan bir çox ziyalı ölkəni tərk etməli oldu. Gələcəyin böyük yazıçısı Amin Maaluf da bu siyahıda idi. Həmin ərəfədə jurnalist karyerasının həvəsli dövrünü yaşayan Amin çarəni ailəsi ilə birgə qədim dağ kəndinə qaçmaqda görür. Təbii ki, Maalufun müvəqqəti sığınacağı etibarlı deyildi. O zamandan yazıçı anlayır ki, ölkəsində baş verən bu çaxnaşma Aminə əbədi mühacir həyatı yaşadacaq. Yazıçı müsahibələrində ömrünün bu çətin dövrü haqqında təəssüflə deyir: “Gənclik illərimdə nə vaxtsa Livanı tərk edəcəyim ağlıma gəlməzdi. Sonralar Amerika, Misir, Avstraliya, Kubaya üz tutan babam, əmilərim və digər doğmalarım kimi mən də getməyi seçdim”. Beləcə, 1976-cı ildən bəri Paris yazıçının həm həyatının, həm uğurlarının yenidən doğulduğu şəhər olur.

Amin Maaluf kimdir?

1949-cu ilin 25 fevralında Livanın paytaxtı Beyrutda katolik ərəb olan Rucdi Maaluf və Odette cütlüyünün dörd övladının ikincisi olaraq doğulub. Ailəsi hələ gənclik illərində ucqar dağ kəndi Ayn-Əl Kabudan şəhərə köçmüşdü. Atası yunan katolik icması, anası isə Maruni katolik kilsəsinə mənsub idi. Aminin valideynləri 1945-ci ildə Misirin paytaxtı Qahirədə, yəni anasının doğulduğu ölkədə nikaha daxil olmuşdular.

Amin Maalufun bioqrafiyasında ata babası haqda bəzi maraqlı iddialar yazılır. Onun rasionalist, antiklerikalist (kilsə və dini ayinlərə qarşı olan biri), hətta böyük ehtimalla mason olduğu haqda fikirlər mövcuddur. Bu ehtimalı təsdiqləyən sübut kimi isə övladları doğulanda xristian dini ayinlərinin əksinə gedərək, onları vəftiz etdirməməyi göstərilir.

Aminin ailəsində bir neçə nəsil davam edən zəngin yazıçılıq ənənəsi vardı. Məsələn, ulu əmisi Molyeri ərəb dilinə çevirmişdi. Avstraliyalı yazıçı Devid Maaluf və braziliyalı şair Fevzi Maalufu da bu tayfaya daxil edəsi olsaq, əməlli-başlı multikultural yazıçı məkanı canlanar gözümüzdə. Ədəbi çevrənin və ziyalı heyətin bir parçası olmağına rəğmən yaşadığı mühitin içərisində Amin Maaluf üçün dini kimliyi dəyərini çoxdan itirmişdi.

60 ölkədə milli-mədəni araşdırmalar

Rucdi Maalufun yazıçı, jurnalist fəaliyyəti oğlunun gələcək peşə seçiminə çox böyük təsirini göstərdi. O, həmçinin qəzet naşiri, dövlət əhəmiyyətli sənədləri hazırlayan, bununla yanaşı, Qərb klassik musiqisi yayımçısı idi.

Amin orta təhsilini Beyrutdakı Fransız məktəbində başa vurduqdan sonra paytaxtdakı Fransa Universitetinin sosiologiya və iqtisadiyyat fakültəsinə qəbul olunub. Ancaq atasının sənəti ona daha cəlbedici göründüyü üçün Amin Maaluf 22 yaşında Livanın ən məşhur gündəlik qəzetlərindən olan “Al-Nahar”da müxbir vəzifəsinə işə götürülüb. Jurnalistika ona müxtəlif ölkələrə səyahət sayəsində multikultural bilik qazandırıb. Bu müddət ərzində 60 ölkədə milli-mədəni araşdırmalar hazırlayıb, dünyanın nüfuzlu siyasi liderləri, yazıçılarından müsahibələr alıb. Bu məşhur simalar arasında Hindistanın baş naziri olmuş İndira Qandi (1966-77, 1980-84) də vardı. Əldə etdiyi zəngin tarixi informasiyalar sonralar onun əsərlərində qiymətli bədii nümunələrə çevriləcəkdi və kitabları onu dünyaya tanıtdıracaqdı.

“O, mənim ilk oxucumdur, özü də çox sərt oxucu”

Yazıçı bunu həyatını bölüşdüyü xanımı Andre haqda deyirdi. Maruni xristianlarından olan Andre 1971-ci ildə eşitmə qüsurlu uşaqlar üçün xüsusi məktəbdə çalışırdı. Vətəndaş müharibəsi vaxtı Andre üçüncü oğluna hamilə idi. Onlar kiçik bir qayıq alaraq Kiprə, ordan da Parisə üz tutdular. İki ay sonra cütlüyün üçüncü oğulları doğuldu. Hazırda böyük oğlu Rucdi vəkil, Tarek film sahəsində texniki mütəxəssis, Ziad isə radio jurnalisti kimi fəaliyyət göstərir.

Jurnalistikadan ədəbiyyata...

Amin burada “Jenue Afrique” qəzetində işə qəbul olundu və tezliklə baş redaktor vəzifəsinə qədər yüksəldi. 1979-1982-ci illərdə isə “An-Nahar” həftəlik qəzetinin Paris bölməsinə rəhbərlik etdi. Bu illərdəki fəaliyyəti, qazandığı uğurlar Amin Maalufu yetişkin jurnalist məqamına çatdırsa da, milli əzginlik sindromu hələ canından çıxmamışdı. O, Qərb və Şərq çəkişmələrinin təəssübünü çəkir, bu məsələyə çözüm axtarırdı. Elə ilk kitabı olan “Xaç yürüşləri ərəblərin gözü ilə” bu araşdırmaların fonunda meydana çıxdı. Təbii ki, fransız cəmiyyəti kitabı böyük maraqla qarşıladı. Bu şöhrətə Amin Maalufu jurnalist peşəsindən yazıçılığa aparan yolun bədii cazibə qüvvəsi də demək olardı. Beləcə, ikinci kitab təkcə tarixi faktlardan ibarət məcmuə deyil, artıq dünyanın dəyərli bədii nümunələri sırasında tezliklə özünə yer tapacaq, müəllifin “yeni mühacir kitabı” adlandırdığı “Afrikalı Leon” (1986) romanı oldu. Mühacir yazıçının həyatına növbəti məşhurluq dalğasını gətirən bu əsər “Fransız - Ərəb Dostluq Mükafatı”na da layiq görüldü.

Amin Maaluf özünü zəngin milli koloritli mühitin şanslı nümayəndəsi hesab edirdi. Ona görə də yazıçı bu imkanlardan yetərincə yararlanaraq, tarixi mənbələri qurcalayıb üzə çıxarırdı. Nəticədə Şərq mədəniyyətinin dərin qatlarını yenidən kəşf edərək romana çevirir. Böyük əziyyət hesabına başa gələn araşdırmaları ona indiyə qədər təsəvvür belə etmədiyi məşhurluq qazandırır. 1988-ci ildə fransız ədəbi mühitində böyük səs-küy doğuran bu roman “Səmərqənd” adlanacaqdı.

Biz bu təqdimatımızda sizi romana doğru aparan maraqlı hissələrlə tanış edəcəyik. Bu həftəlik mütaliə üçün tövsiyə etdiyimiz əsəri oxumaqla Şərq tarixinə səyahətdən böyük zövq alacağınızı ümid edirik.

“Səmərqənd” romanı (əsərin qısa məzmunu)

Romanın iki əsas qəhrəmanı var. Ömər Xəyyam və Benjamin O.Lesaj. Əsərin əvvəlində amerikalı Benjaminin 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə “Titanik” gəmisində batan dəyərli kitabla bağlı özünü günahlandırdığını oxuyuruq. “Onu doğulduğu Asiya torpaqlarından qoparıb alan mən deyildimmi? Mən, Benjamin O.Lesaj. O kitab gəmiyə mənim çamadanımda minmədimi? Onun minillik güzərgahını dəyişdirən dövrümün lovğalığı deyildisə, nə idi?”.

Benjamin O.Lesaj bunu iranlı müdrik filosof, astronom Ömər Xəyyamın “Rübaiyyat” əsərinin əlyazması haqqında deyirdi. Əsər boyu bu külliyyat həm də “Səmərqənd əlyazması” kimi təqdim olunur.

Roman dörd fəsildən ibarətdir. Bir-birini əvəz edən zəngin tarixi dövrlər sizə həm də məşhur tarixi şəxsiyyətləri tanıdır. Romanı oxuduqca Ömər Xəyyam dövründən başlayaraq xalqlar müharibəsi, istilalar, İranda demokratik parlamentin qurulmasına qədər böyük coğrafi məkana səfər edirik.

“Biz sirr və qorxu çağında yaşayırıq. Gərək iki üzün olsun: birini xalqa, digərini də Tanrıya göstərəsən. Gözlərinə, qulaqlarına və dilinə sahib olmaq istəyirsənsə, gözlərinin, qulaqlarının və dilinin varlığını unutmalısan”.

Azərbaycan, xüsusən Bakı ilə bağlı bəzi tarixi faktlar da romanda diqqətçəkən məqamlardandır.

“Ertəsi gün tünd rənglərdə üç zərf məni gözləyirdi. Ağızları açıq idi. Birinci məktub Bakıdakı İran konsulluğuna, ikincisi isə Mirzə Rzaya yazılmışdı”.

Əsərdən ən səmimi və təəssüfləndirən daha bir fikir yazmaqla romanı oxumağı ixtiyarınıza buraxırıq.

“Zorakılıq Şərq xalqlarını əzir, cəhalət azadlıq harayını boğur”.

“Səmərqənd”dən sonra da müəllifin 1991-ci ildə “İşıq bağçaları” (Les Jardins de lumiere), 1992-ci ildə isə “Beatrisdən sonra birinci 100 il” (Le Premier Siecle apres Beatrice) kitabları yayımlanıb. Yazıçı 1993-cü ildə çap edilən “Tanios Qayası” (Le Rocher de Tanios) romanına görə Fransanın məşhur “Qonkur Akademiyası Ədəbiyyat Mükafatı”na layiq görülüb. Yaradıcılıq istiqaməti çoxşaxəli olan Amin Maaluf bir neçə librettonun da müəllifidir.

Hazırda Fransada yaşayan yazıçı şəxsiyyəti, milli kimliyi barədə danışanda iki yol ayrıcında qaldığını dilə gətirir. “Əslində kim olmağımla bağlı düşüncələr məni heç vaxt tərk etmir. Şəxsiyyətimin tərkibində bir çox element var və mən onların hər birini etiraf etmək məcburiyyətindəyəm. Fransızlar haqqımda deyir ki, miliyyətimin heç bir fərqi yoxdur, mən fransızam. Livanlılar isə neçə illərdir Fransada yaşamağıma baxmayaraq, mənim məhz livanlı olduğumu vurğulayırlar. Məndən soruşsanız, özümü hər iki millətin nümayəndəsi hesab edirəm, deyərdim”./http://muallim.edu.az/

# 1725 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #