Qadın istəsə riyakar da olar, xəyanətkar da

Qadın istəsə riyakar da olar, xəyanətkar da
9 oktyabr 2017
# 10:32

Çox vaxt məni feminist yanaşmada suçlayırlar. Bu yazıda tarazlığı saxlamağa çalışacağam.

“Mən qadın olub nə etmişəm?” Yəqin ki, bu sualı hər bir qadın özünə verir.

Ən azından dünya bir qadınlıq şəfqət qazanıb. Çünki qadın şəfqətlidir.

Sülhü qadın, kişini isə müharibə kimi təsəvvür edirəm. Razılaşın ki, qadınlar dünyanı idarə etsəydi, müharibələr olmazdı, dövlətlər uzaqbaşı bir-birindən küsüb-inciyərdi.

Atom bombasını da kişilər icad edib. Heç eşitmisiz, hansısa qadın silah icad etsin?

Əsla!

Filmlərdə döyüş səhnələri, öldürücü zərbələr insanı dəhşətə gətirir. Heç görmüsüz, qadınlar bir-birini belə vəhşicəsinə döysünlər?

Əsla!

Sülh qadındır. Qədimlərdə kişilər döyüşmək istəyəndə bir ağbirçək başından yaylığını açıb ayaqlar altına atardı, dərhal rəqiblər əl saxlayar, qılınclar qınına girərdi.

Razılaşıram ki, qadınlar da sözlə müharibə aparırlar, heç atom bombası da sözün verdiyi effekti verə bilməz. Hələ dedi-qodunun təsir gücünü demirəm!

Qadınların yerli-yersiz biri-biriylə rəqabət aparmaq cəhdlərini də deyək. Dövlətlər bir-biri ilə elə müharibə aparmır! Odur ki, qadından kompliment gözləmək absurddur. Qadınlar bir-birinə kompliment deyəndə də xüsusi eyham vururlar. Məsələn, sosial şəbəkələrdə fotoların altında olan yazıları götürək:

“Canım mənim, bu gün çox gözəl görünürsən!” (Yəni eybəcərin birisən, təsadüfən bir az babat çıxmısan.)

“Gözəlim, bu yaşıl paltar rənginə necə düşüb!” (Yəni paltarın rəngi də üzünün rəngi kimi yaşıldır, elə yaxşı tapmısan öz geyimini).

“Heç səni tanımadım, dəyişib başqa adam olmusan!” (Səni tanıyandan elə idbarın biri idin).

Qadınların yazdığı sətiraltı mənaları anlamaq üçün ya filosof, ya da elə qadın olmaq lazımdır.

Razılaşıram ki, “qadın həmrəyliyi” anlayışı mövcud olsa da, reallıqda belə deyil. Qadınlar bir-birini dəstəkləməkdənsə, üçüncü bir adamı - hər hansı kişini müdafiə etməyi üstün tuturlar. Bununla da həyatlarının ən böyük səhvini edirlər. Çünki kişilər öz həmcinsləriylə asanlıqla ittifaq bağlayıb öz əzəli “düşmənlərini” - qadınları sıradan çıxarırlar.

Tele-şouları xatırlayın. Kişilər qadınların bir-birini mənən məhv edib uzaqlaşdırmasını sakitcə seyr edirlər. Sonra isə tək qalmış qadının öhdəsindən asanlıqla gəlirlər.

Əslində, kişi həmrəyliyi anlayışı daha realdır.

Bir kişi dostumuz mənə dedi ki, siz qadınlar bir-birinizi əməlli-başlı tanımadan belə rəqabət aparırsınız, bizdə isə belə deyil. Bizdə bu hisslər yalnız ciddi səbəb olduqda yaranır. Məsələn, eyni bir qadını sevəndə. Razılaşın ki, bu halda rəqabətsiz ötüşmək mümkün deyil.

Yaxşı, bəs biz qadın olub neyləmişik?

Ailəni hifz etmək missiyası da qadına aiddir. Qadına ailə anlayışı çox doğmadır. Əgər o, ailəni dağıtmaq istəmirsə, əmin olun ki, bütün vasitələrdən istifadə edib buna nail olacaq.

Ailələr daha çox əgər qadın boşanmaq istəyirsə dağılır.

“Yuvanı dişi quş yapar” - anadoluların bir məsəli var.

Əlbəttə, razılaşıram ki, qadınlar da mələk deyil, xəyanətin geniş vüsət almasına ailəli qadınlar da az töhfə verməyiblər. Amma kişilərdən fərqli olaraq qadınlar çox vaxt evə qayıdırlar. Yəni ailə bütün hallarda qadınlar üçün önəmlidir.

Siz də razılaşın ki, kişilər qadınlar kimi dəlicəsinə və hətta bir qadın şairin dediyitək vəhşicəsinə sevməyə qadir deyillər.

Heç bir kişi yaraşıqlı olmaq üçün bu qədər vaxt və pul sərf etməz; saçları qaynaq edənlər, kiprik qoyanlar, silikon əməliyyatlarına tab gətirənlər, üzlərini tarım çəkdirib mimikalarını itirənlər, arıqlamaq həsrətiylə ac-susuz yaşayanlar...

Bunlar qadınlardır!

Razılaşın ki, heç bir kişi öz sevgilisi üçün bu qədər əzaba tab gətirməz. Gözəllik uğrunda edilən cəhdlərin fəsadları da var axı. Botokslu sifət deformasiyaya uğrayır, silikon dodaqlar əyilir, silikon döşlər partlayır, qaynaq saçlar başı keçəl edir və s.

Razılaşın ki, heç bir qüvvə qadını durdurmağa qadir deyil.

“Kapustinlər bulvarından gələn adam” fimində bir obrazın dediyi kimi: “Əgər qadın nə isə istəyirsə, bunu ona vermək lazımdır, yoxsa onsuz da o bunu zorla alacaq”.

Bu sözləri deyən adamın üzündə qəribə ifadə var idi. Sanki öz məğlubiyyətini anlamışdı. Amma bundan həm də bir zövq alırdı.

Razılaşın ki, qadınlarla mübarizədə özünü məğlub sayan yalnız o film qəhrəmanı deyil.

Sonra da deyirlər - “Qadın olub neynəmisiz?”

Daha neynəyəcəyik ki?!

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #