Başımda bit qaynayırBİRCƏNİN ROMANI

<b>Başımda bit qaynayır</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
15 sentyabr 2017
# 10:52

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Sol qolum yaralı sağ yanağımda, sağ qolum gözlərimin üstündə, saçımın toppuz kimi düyünü kürəyimi əzə-əzə o gecə bütün yaşadıqlarım gözlərimin önündən keçdi. Hamısı boş, hamısı mənasız gəldi mənə. O ağrılar, o acılar göz qırpmadan övladının qara xəbərini gözləyən ananın çəkdiklərinin yanında heçnəymiş. İndi məni bir özgə dərd – doqquz ay bətnimdə bəsləyib canımdan can verdiyim balama yad oğlu, düşmən törəməsi kimi baxmağım, onu içimdə sevgisiz böyütməyim yandırırdı. Bəlkə mən onu istəmədim, əzizləmədim deyə belə zəif, dözümsüz, müqavimətsiz doğuldu? Bəlkə indi başıma gələnlər o doqquz aydakı naşükürlüyümə görə mənə verilən cəzaydı?..

Tibb bacısının səsi məni fikir-xəyaldan ayırdı:

- Al bu güzgünü, qalx üzünə bir az yod çək. Mikrob-zad düşər, özünə iş açarsan.

Hələ yeniyetməliyimdən xəstə yatanda güzgüyə baxmaqdan qorxmuşdum. İndi yenə xəstəxana, yenə güzgülər...

Çəpgöz tibb bacısı yumru bir güzgünü, bir parça pambığı, bir şüşə də yodu ətəyimə atıb getdi. O günlər təkcə aldığım hər nəfəsi, içdiyim hər qurtum suyu, ağzıma apardığım hər loxmanı yox, güzgüyə baxmağı, yaramın qanını silməyi də özümə haram bilirdim.

Ətəyimdəki güzgüyə, pambığa, yoda baxa-baxa neçə gündən bəri avqustun bürkülü gecələrini xəstəxana həyətindəki taxta oturacağın üstündə səhərə calayan Hakim yadıma düşdü. Başımı pəncərədən uzadıb qardaşımın öz postunda sədaqətlə oturduğunu görəndə ürəyim soğan kimi soyuldu. Yadıma uşaqlığımız düşdü...

Bəzən hansısa sinif yoldaşımın (söz yox ki, söhbət qızlardan gedir) ad gününə gedərdim. Belə vaxtda Hakim məni tək buraxmazdı, aparıb yığıncaq olan evin qapısından içəri salıb bayırda gözləyərdi. İstər yağış yağsın, istər qar, istər gün döysün, istərsə də külək – mən tədbirdən çıxanacan o, nümunəvi əsgər kimi postundan çəkilməzdi. Əgər gedən baş yolda məni incitsəydi, acığa düşüb gec çıxardım.

Bir dəfə yenə qızlardan birinin ad gününə gedəndə hava bərk dolaşmışdı, güclü leysan yağırdı. Eşikdə gözləyən qardaşıma ürəyim yandığından məclisdən tez durdum. Çıxanda gördüm Hakim darvazanın ağzındakı çöp tayasının dibindəki koğuşa girib məni gözləyir. O koğuşu qoyuna-mala gedən uşaqlar qardan-yağışdan daldalanmaq üçün eşib düzəltmişdilər, ancaq tez-tez süləngi itlər də belə koğuşlara girib yatardı. Qardaşımın bu halına çox acıdım, yol uzunu məni nə qədər danladısa da, səsimi çıxarmadım...

İndi yenə onun mənim yolumda belə cəfa çəkdiyini gördükcə umu-küsülər qəlbimdən silinib gedirdi, çox utanırdım.

- Həə, necədi bacoğlu, hələ söymür məni?

Mən bir əlim göynəyən yanağımda:

- Vallah, mənasızdı burda vaxt itirmək, - dedim, - yüz canı olsa da, inanmıram Cavid sağala.

- Ağzından yellər alsın, belə umudsuz danışma. Qorxma, uşağın sağalacaq.

Yaxşı ki, qaranlıqda Hakim yanağımın cırığını görmədi.

- Mənim burda olduğumu unut, uzan yat birtəhər.

Balam əzrayılın çəngində, qardaşım quru taxtanın üstündə – bu rahat yataqda mənim gözümə yuxumu gedərdi? Hələ istini demirəm.

Üzümün göynərtisi bir yana, başımda da qaşınma əmələ gəlmişdi, qaşımaqdan az qalırdı dırnaqlarım qopsun. Ancaq bunlar mənim beynimi məşğul eləmirdi, fikrim də, qəlbim də, canım da Cavidin yanındaydı. Körpələr yatan otaq çox soyuq olurdu, uşaqlar qızdırmalıydılar deyə həmin otağa kondisioner qoydurmuşdular. Düşünürdüm ki, yəqin Cavidin üstü açıqdı, indi lap betər soyuqlayacaq. Fikirləşirdim birdən balam komadan ayılar, hündür çarpayıdan yerə yıxılar. Bunlara yenə bir əlac tapmaq olardı. Bəs sabahda-birigündə mənim şeytani intizarla gözlədiyim o müdhiş hadisə baş verərdisə, bu uzunluqda yolu bu dərdlə necə qayıdacaqdım, mən günahkar bəndə o günahsız mələyi qara torpağa necə verəcəkdim, verib arsız-arsız bu dünyada necə yaşayacaqdım?..

İndi gəl bu düşüncələrin əlindən yat görüm, necə yatırsan!

Əlimdəki güzgünü çarpayının üstünə atıb başımı soyuq kranın altına tutdum. Sərin su təpəmi döydükcə elə bilirdim başımın halovuşu alınır, qaşınmam azalır, canım dincəlir...

***

Səhər qonşu palatadakı qadınlardan biri yanıma gəldi. Mən çarpayının ortasında domuşub, əlimi üzümün göynəyən yarasına tutmuşdum. Gəlinin üzündən mərhəmət yağırdı, mənim vəziyyətimdə olan bir ana üçün bu mərhəmətin qara xəbərdən fərqi yoxuydu:

- Qadan alım, qalx üz-gözünü yu. Qardaşların da yazıqdılar, neçə gündü ağacların dibində qalıblar. İndi sən belə eləyəndə uşağın sağalacaq? Bir az təmkinli ol. Gör dırnaqlarınla yanağına necə şıvrım atmısan! Olmaz belə, Allaha acıq gedər.

Qadın başımın üstündə dayanıb danışırdı, amma dedikləri beynimə gedib çatmırdı. Gözüm dəhliz boyu o baş-bu başa şütüyən ağxalatlılarda qalmışdı, onlardan hansınınsa indicə mənə pis xəbər verəcəyini gözləyirdim. Uşağımın gecəki halı gözümün qabağından çəkilmirdi.

Qadın qəfil həyəcanlandı:

- Bircə, sənə bir söz deyim, xətrinə dəyməsin.

Mən vahiməylə gözümü bu dolu əndamlı, qabarıq sinəli qadının ağzına zillədim. Gəlinin gözləri böyümüşdü.

- Sənin başında bit qaynayır!

Bunu eşitcək məni gic gülmək tutdu, elə bildim qadın səydi, ağıldankəmdi. İlin-günün bu çağında, bu halımda, bu dəkəmdə bircə bitim çatmırdı! Az qaldım qadına ağır söz deyəm, yaxşı ki, son anda dodaqlarım kilidləndi.

On barmağımın onunu da saçıma yeritdim. Bədənim uyuşdu. Saçlarımın dibi qaşınmaqdan yara bağlamışdı. Düyün düşmüş yerə su dəyəndə başıma ağırlıq eləyirdi. Uşağımı o halda görəndən sonra nəyisə özümə dərd eləmək ağlımın ucundan da keçməzdi, ancaq bu bit söhbəti tamam ayrı xəbər oldu.

- Bəyəm sən aralıdan baxmaqla saçımın dibini görə bilirsən?

- Dibini görmək vacib deyil, başının hər yerində qaynaşır.

Əlini atıb saçlarımın arasından birini qoparıb ovcuma qoydu:

- İnanmırsan, al bax.

Mən o murdar həşəratı yaxşı tanıyırdım – yeniyetmə çağlarımda başıma gələnləri, qanlı tumanımı dönə-dönə yuyub yaş-yaş geyinməkdən canıma bit daraşdığını bundan irəli danışmışam. Üstündən illər ötəndən sonra eyni şey yenə başıma gəlmişdi – saçlarımı soyuq suda o qədər isladıb boynumun ardına yığmışdım ki, qanımı içən həşərat sürüsü üçün münbit şərait yaranmışdı. Ovcumdakı biti bir ekspert nəzəriylə diqqətlə gözdən keçirəndən sonra ayağımın altında əzdim. Sonra naçar-naçar qadının üzünə baxdım:

- İndi mən neyləyim?

Qadın az qala pıçıltıyla:

- Heç nə, - dedi, - susacaqsan. Bilsələr ki, başında bit var, o dəqiqə səni xəstəxanadan uzaqlaşdıracaqlar.

Bilmirdim gəlin düz deyir, ya şişirdir. Çarpayıya yapışıb qalmışdım, qalxıb üzümü də yuya bilmirdim.

***

Canım bəlalı başımın hayındaykən həkim məni müjdələdi:

- Uşağın bədəni müalicələrə yaxşı cavab verir. Belə getsə, iki-üç günə sənin yanına köçürəcəyik.

Hə, belə dərmanın qabağında heç bit də duruş gətirə bilməzdi!

Həkimin dediklərinə, yox, həkimə yox, qulaqlarıma inanmırdım, özümü çimdikləyirdim, şillələyirdim, elə bilirdim səhv eşitmişəm, yenə qara basıb məni. Mənim rusca anlayışım orta məktəb səviyyəsindəydi, həkimi düz anladığıma əmin olmaq üçün gedib tibb bacısından da əhval tutdum. Cavidin komadan ayıldığını o da təsdiqlədi. Bundan sonrakı saatlarda sevincimi boğmağa çalışırdım, qorxurdum birdən xəbər yalan olar, ya uşaq yenidən komaya düşər.

Axşam Cavidin ayıldığını Hakimə deyəndə özümü saxlaya bilmədim, o aşağıda, mən yuxarıda bacı-qardaş bir-birimizə qarışıb doyunca hönkürdük. Birdən başımın biti yadıma düşdü, yenə sevincim boğazımda qaldı. Tibb bacısından xahiş-minnətlə bir qələm aldım, nə illah elədimsə bir barmaq ağ kağız tapıb vermədi mənə. Axtarıb-axtarıb zibil qabından bir konfet kağızı tapdım, üstünə “Mənim başımda bit qaynayır” yazıb kibrit qutusuna qoyub Hakimə atdım:

- İçindəkini oxu, fikrini bildir.

Hakim qutunu o üzünə-bu üzünə çevirdi, içindəki konfet kağızının qatını açıb bir az işığa doğru gəldi, kağıza diqqətlə baxdı, oxudu, barmaqlarının arasında əzdi, sonra yenidən açıb oxudu:

- Doğrudan? Bə sən nədən bildin?

- Qonşu palatada bir qadın yatır, o dedi.

- Eybi yox, pis olma, əvəzində balan sağaldı. Orda nə var ki, inşallah sağ-salamat evə gələrsiz, iki günə təmizləyərik...

O gecə Hakimi çox çətinliklə evə göndərdim. Əl-ayaq çəkiləndən sonra başımdakı bit yatağını kəşf eləmiş qadın əlində cürbəcür daraqlar gəldi:

- Sən dinməz dayan, mən saçının düyününü açacam. Düyünü aça bilsək, yuyub xırdadiş daraqla darayarıq, heç olmasa üzdə qaynaşanlar tökülər. Həm sənin canın dincələr, həm də uşaq gələndə ona keçməz.

Səssizcə oturdum bu tanımadığım gəlinin qabağında. Görünür, mənim halım-günüm onun qadın ürəyini bir az da yumşaltmışdı. Başıma gah isti, gah soyuq su tökdü, daraqların hər biriylə saçlarımı yavaş-yavaş daramağa başladı. Darağın dişləri saçımdakı o düyünə ilişdikcə ağzımda dişlərim də sızıldayırdı. Hamilə vaxtı uzanıb gözəlləşən saçlarım zahı vaxtımda zəiflikdən tökülməyə başlamışdı. Sonralar da xəstəxanalara düşməyim ucbatından saçlarımı tam açıb düz-əməlli daramağa macal tapmamışdım. Tökülən daranmadıqca bitili saçlara yapışıb iri bir dolaşığa dönmüşdü. Dolaşıqları ara-ara qayçıyla doğradıqca açılmağa başlayırdı. Uzun əziyyətdən sonra gəlin düyünü yoluq-yoluq eləyib axır ki, açdı. Elə bilirdim başım özü boyda yaralı çibandı – bir yandan bit sürüsü, bir yandan da daraqların iti dişləri başımı şumlamışdı. Dolaşıq tam açılanda yerə bir təpə tük yığılmışdı. Bitli olmasaydı, atmazdım onları.

Əlimdən ancaq bu gözəl qadının əllərindən öpmək gələrdi. Hardansa şampun tapıb gətirdi, termosundakı isti suyu soyuq suya qarışdırıb, tualetdə başımı yumağıma kömək elədi. Bir topa “Kommunist” qəzeti verdi mənə. Qəzetləri sərdim yerə. Darağı sulu saçlarıma çəkdikcə kağızın üstünə ovuc-ovuc bit tökülürdü. Başım yaş idi deyə bitlər də passivləşmışdi. Arada qəzeti büküb basırdıq zibil qutusuna, yenisini sərirdik. Saçlarım quruduqca başımdakı bit də azalırdı.

Qadın bitli qəzetləri bir torbaya yığdı, əl atıb yerdə tayalanmış saçlarımı da ora qoyanda ürəyim soğan kimi soyuldu:

- Elə yana-yana baxma, neynirsən bunları, arası bitlə doludu. Aparıb qəzet qarışıq yandıracam.

- Qadan alım, heç olmasa yandırma, eləcə at getsin.

- Olmaz, hər tərəfə bit daraşar.

Gəlin üstəlik daraqları da torbaya atdı, aparıb hardasa yandırdı.

***

Səhəri gün Cavidi palataya, mənim yanıma köçürdülər. Uça-uça tibb bacısının pişvazına çıxıb balamı ondan alanda sevincim əlimdə qaldı. Uşaq elə bil o uşaq deyildi – tamam solmuşdu, əlləri, ayaqları deşik-deşik idi, həm də deyəsən bir az qorxaq, gözüqıpıq olmuşdu, ağxalatlı görəndə sakitcə, için-için ağlayırdı. Bir sözlə, çiçək kimi körpə bir parça ətə dönmüşdü.

Balamın yatağından bir an da aralanmırdım, üzümü əllərinə, ayaqlarına, göbəyinə sürtüb saatlarla ağlayırdım. İnanmırdım uşaq bir də əvvəlki halına qayıda, böyüyə, iməkləyə, yeriyə. Düşünürdüm bundan sonra yaşasa da, yarımcan yaşayacaq, günümüz həkimlərdə, xəstəxanalarda keçəcək; mən də özümə övlad yox, dərd-azar bəsləyib böyüdəcəm...

Umudumun saraldığı belə günlərin birində Bakıda yaşayan qaynımın rus arvadı mənə dəyməyə gəldi. Bir-birimizi ilk dəfəydi görürdük. Məni başdan ayağa süzüb qırmızı-qırmızı dedi:

- Bəs hamı səni tərifləyirdi ki, ay belə qəşəngdi, ay belə bacarıqlıdı...

Düzü, kim nə desə də, mən özümü heç vaxt gözəl saymamışdım. Qabiliyyətli, evcanlı, işbilən olduğumu desəydilər, başqa məsələ, bununla yenə razılaşmaq olardı, amma gözəllik... Bir də axı bu gəlin hansı gözəllikdən danışırdı – bir aydan çox idi ana-bala xəstəxanalarda can verirdik, hansı gözəllik buna tab gətirərdi?..

Ancaq yaxşı ki, üzünü yenicə gördüyüm eltim məni yoluxmağa gəlmişdi. Gedəndə o mənə bir ağıllı məsləhət verdi:

- Çalış Cavid tam sağalıb böyüyənə qədər hamilə qalmayasan. Başın qarışar ikinciyə, bunu bada verərsən.

- Onsuz da mənim elə bir fikrim, planım yoxdu.

Mənim belə arxayın danışmağıma o, kinayəli bir gülüşlə cavab verdi:

- Eltin Maral da sənin kimi yekə danışırdı, dalbadal dördünü doğdu.

Mən onun ənlikli-kirşanlı üzünə baxıb susdum. Nə zamandı canımla əlləşirdim, düşdüyüm quyunun divarlarını cırmaqlayırdım, indi üstümü unlu görüb məni dəyirmançı bilən bu şəhərli qadına durub-durub nə deyəsiydim...

ardı var

# 1482 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #