news-inner
clock14:30 calendar-gray 09 İyul 2017 view-gray78 dəfə oxunub
view-gray78 dəfə oxunub

"Gecikmə" filminin Anna Kareninaya bənzəyən qəhrəmanı

Biz aktyor, aktrisa, yazıçı, şair, rəssam, musiqiçi deyəndə adətən mərkəzdəki sənət adamlarını gözümüzün qabağına gətiririk. Halbuki əyalətlərdə nə qədər yaradıcı adam var ki, onlar sənətə səssizcə gəldikləri kimi səssiz də gedirlər. Və biz də çox vaxt təbii olaraq həmin sənət adamlarını tanımırıq, onların həyatı bizə maraqlı olmur. Televiziyalar mərkəzdəki sənət adamlarını göstərir, mətbuat mərkəzdəki sənət adamlarından yazır, əyalətdəki sənət adamlarının payına isə hər zaman unudulmaq düşür.

Mərkəzdəki sənət adamı hər nə qədər fədakar olsa da, tanınmaq, məşhurlaşmaq kimi ümidlə də yaşayır. Əlbəttə, mərkəzdə olmaq insana əlavə kommunikasiyalar bəxş edir ki, bunlar vasitəsilə uğura gedən yol qısa və rahat olur.

Ancaq əyalətdə yaşayan sənətçinin belə şansı olmur. Onun ürəyi daim sənətə olan hüdudsuz sevgi ilə çırpınır, əgər mərkəzdə sənət həm də dolanışıqdırsa, əyalətdə o ancaq hobbi və ya fədakarlıqdır, yəni qazanc gətirməyən işdir. Çox az halda o qazanc vasitəsi ola bilər. Ona görə də əyalətdəki sənət adamı ömrünün sonuna qədər yaradıcılığa uşaq sevgisi ilə və sadəlövhlüklə yanaşır. Onun bu sevgisi heç vaxt böyümür, yaşlanmır, sonacan uşaqsayaq qalır.

Əyalətdəki yaradıcı adamın uğur yolu adətən daşlı-kəsəkli, palçıqlı olur. Ona görə əyalətdə sənət yoluna çıxanlar adətən mənzil başına gedib çata bilmirlər, əsasən gecikirlər, ya da "marşrut" gəlib çıxmır.

Eynən bizim Fəqumə Yusifova kimi.

Bizim deyəndə "Gecikmə" sənədli filminin qəhrəmanı, Ağdam Dövlət Dram Teatrının aktrisası Fəqumə Yusifovanı nəzərdə tuturam. Məlumat üçün deyim: Aran Film Yaradıcılıq mərkəzi və Nova Gorica kino mərkəzində çəkilən "Gecikmə" filminin rejissoru Tahir Tahiroviç, ssenari müəllifi Sevda Sultanova, operatoru Faiq Kərimov, prodüseri İqbal Məmmədəliyevdir.

Film boyu ekranın arxasından gələn səslə danışan aktrisa hesabat vermir, yox, o, həyatını bölüşür. Sanki bu taleyi onun alnına yazmış ilahi qüvvəyə üzünü tutub onu geri oxuyur. Buna görə ona sual verən adamı, onu danışdıranı tamaşaçı görmür, o ekrandan kənarda qalır, görünməz olur, qeybdən gələn səs kimi.

Fəqumə danışdıqca bizim gözümüzün qabağında aktrisadan çox həyatı ağır sınaqlardan keçmiş qadın canlanır. Ancaq onun səs tonu danışdıqlarına adekvat deyil, bu səsdə öz keçmişi ilə, yaşanmışlarla barışıqlıq var (Bircə nakam sevgisindən danışanda həyəcanlandığını görürük).

Beş uşaqdan ibarət böyük bir ailəni əziyyətlə saxlayıb. Sonra Qarabağ müharibəsi başlayıb. Sonra qaçqınçılıq. Evsizlik-eşiksizlik... İndi isə evləndiriləsi övladını evləndirib, ərə veriləsi övladını ərə verib, Ağdamda tək yaşayır. Məişət işlərindən asudə qalan vaxtında özünü teatra, sənətə həsr edir, rolunu əzbərləyir, məşqə getməyə hazırlaşır.

Kamera arabir aktrisanın qırışlı üzünə, qaba əllərinə fokuslanır. Nə bu üz, nə də bu əllər adətən görməyə alışdığımız aktrisa üzünə-əlinə bənzəmir. Kənardan baxanda heç deməzsən ki, bu insan aktrisadır. Ancaq diqqətlə qulaq verəndə eşidirsən ki, o nəsə əzbərləyir, öz-özünə nəsə oxuyur. Bəs görəsən oxuduğu nədi? Aktrisa Anna Karenina rolunu öyrənir. Ekran arxasından gələn səs ona növbəti sualı verir. Aktrisanın tərəddüdündən Şekspiri və ya başqa bir dramaturqu tanımadığı nəzərə çarpır. Bəlkə o heç Anna Kareninanın yaradıcısını da tanımır. Bəlkə rolunu oynamağa hazırlaşdığı Anna Kareninadan heç də yüngül tale yaşamadağını bilmir. Bilmir ki, "həyatı danışsa, roman olar" misalı, həyatını oynasa tamaşa olar.

Bəlkə özü bilmir, amma filmin rejissoru da, ssenaristi də bilir. Buna görə Fəqumə özü haqqında danışarkən belə, sanki rola girir. Fəqumə ekranda özünü, əyalət aktrisasını oynayır. Ona görə də filmin əvvəlindəcə qol qaldırıb rəqs edir. Filmin sonunda da küçənin ortasında süzməyi ilə hər yerin onun üçün səhnə olduğunu göstərməyə çalışır.

"Nakam sevgi" səhnəsində bir yer var. Həyətdə çiçəklərə su verən yaşlı aktrisa cavanlıq sevgisindən, onu sevən oğlana qovuşa bilməməsindən, sonralar yanında uşaqları onunla şəhərdə rastlaşmasından danışır. Bu vaxt kamera çəpərin o üzünə - küçəyə tuşlanır. Küçədən keçən yaşlı bir kişi asta-asta kameraya yaxınlaşır, gəlib çəpərin dibində dayanandan sonra qəfildən geri çəkilir. Bu baş verən zaman fonda Fəqumənin "sevgi" hekayəsi hələ də səslənir və tamaşaçıya elə gəlir ki, bu kişi Fəqumənin nə vaxtsa sevdiyi həmin cavan oğlandır. Ancaq sonra məlum olur ki, həmin adam yoldan ötən biri imiş.

Filmdə nə teatr görürük, nə də tamaşa. Elə filmin adı da ümumi mesaja işarə edir. Məşqə gecikən qəhrəman artıq real həyatda öz məşqini, öz tamaşasını qurur. Ancaq mənə elə gəlir ki, filmə bir epiloq da əlavə olunmalı və burda aktrisanın məşq etdiyi tamaşadan bir səhnə göstərilməli idi. Yəni nəhayət ki, Fəqumənin məşq elədiyi tamaşa səhnələşdirildi.

Film boyu tamaşada oynayacağı rolun sözlərini əzbərləyən, güzgü qarşısında bəzənib-düzənib harasa hazırlaşan aktrisa evdən çıxıb şəhərin forslu aktrisalarının addımlarını belə atmayacağı kəndin palçıqlı yolları ilə xeyli gedəndən sonra nəhayət, gəlib dayanacağın olduğu yerə çıxır. Belə demək olarsa, sivilizasiyanın, hardasa normal nəqliyyat sisteminin olduğu yerə çatır və rahatlamış kimi, ayağındakı qaloşları dikdabana dəyişir. Ancaq burda da rayon mərkəzinə gedən avtobus ləngiyir. Gecikdiyini növbəti dəfə teatra xəbər verən Fəquməyə telefonun o başından deyirlər ki, məşq bitdi, daha gəlməyin mənası yoxdu. O zaman Fəqumə kəndlərindən keçib gedən bir maşınla geri qayıdası olur. Kənddə maşından düşür və maşından gələn mahnı səsinəcə küçənin ortasındaca oynamağa başlayır və oynadıqca kameradan uzaqlaşır. Film bu yerdə bitir.

Qəribədir ki, bu rəqsdən çox düşmənə döyüşqabağı meydan oxumağa bənzəyir. Sanki aktrisa bu hərbə-zorba ilə amansız taleyinin üstünə şığıyaraq ona həmlə edir ki, qorxudub savaşda qalib gəlsin. Ancaq tale ilə olan bu savaş bitməmiş də biz bilirik ki, qalib sənətkardır - Fəqumə Yusifova./Ədəbiyyat qəzeti/

news-inner-user
Mirmehdi Ağaoğlu

537 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri
16:41 24 Avqust 2019
Elyanora
16:36 24 Avqust 2019
“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq
15:51 24 Avqust 2019
“Dejavü” növbəti dəfə nümayiş ediləcək
14:25 24 Avqust 2019
Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə
13:29 24 Avqust 2019
Məşhur italiyalı aktyor vəfat edib
12:41 24 Avqust 2019
Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"
11:38 24 Avqust 2019
"Mama, nolar ölmə"
10:44 24 Avqust 2019
Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
10:04 24 Avqust 2019
İran qadınlarının həyatı: fahişədən general arvadınadək
09:01 24 Avqust 2019
“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019
Şəhriyar Del Gerani: “Firudin Qurbansoy falıma baxdı...”
13:30 23 Avqust 2019