news-inner
clock17:12 calendar-gray 30 İyun 2017 view-gray397 dəfə oxunub
view-gray397 dəfə oxunub

Öpdüm çiyinlərindən... – Ulucay Akifdən ŞEİRLƏR

Kulis.az “Yeni imza” layihəsindən Ulucay Akifin şeirlərini təqdim edir.

Sənin körpücük sümüyünə

Xanım,
adının baş hərfini qoydum
digər qadın adlarının üstünə.
İkinin üstünə iki gəlirmiş kimi
sevməyi öyrəndim səndə.

hələ
toxunmamışdı günəş saçlarına,
hələ gəlməmişdi bahar bədəninə.
O gün, toplayıb bütün cəsarətimi,
Tanrıya toxunmaq istədiyim kimi
toxundum əllərinə.

Öpdüm çiyinlərindən,
Öpdüm mələklər toz qondurmasın deyə.
Öpdüm dodaqlarından,
Öpdüm necə ki,
uşaqlar tez dondurmasın yeyər.

Həmin gün
ilk dəfə gördüm məzarımı,
aşiq oldum qəbir yerimə.
Dua etdim tanrıya,
dua etdim,
sənin körpücük sümüklərində
basdırılım deyə.

Qiblə

Qızcığaz,
müqəddəs torpaqlar
qədər əzizdir bədənin mənə.
Sənin körpücük sümüyünə and içirəm,
üzümü bir yerə tutub dua etməliyəmsə,
Sənin olduğun yerlərdir qiblə.

Çarmıxa çəkilmiş İsa kimi,
Çəkdim ruhumu sənin adına.
Bir gün mən də qalxacam,
qalxacam göyün yeddinci qatına.

səni göstərəcəm tanrıya,
elçi düşəcəm müqəddəs ruhuna.
deyəcəm,
"Tanrım,o qız üçün inandım Sənə,
o qız üçün gəldim hüzuruna".

***

Tarlada işləyən oğluna
təndir çörəyi aparan nənədən
başlayır Vətən.

Zəhmətkeş adamlardır
bu ölkənin sərhədlərini
Əllərinin qırışında
qoruyan, gizlədən.

Bizim ölkənin himnidir
nənəsinin yanınca qaçışan
uşaqların gülüşü.

Torpaqda əkdiyimiz ağaclar da,
böyüyür, böyüyür,
axır-əvvəl
quşlar üçün bir Vətənə dönüşür.

Yorğun qadının nəğməsi

Ən böyük üsyandır
bir qadının sükutu.
Yorğun qadınlar
Susmağı seçir,
Susur, susur
və unudur.

Sənin dodaqların
oxuduğun dualardan
daha müqəddəsdir indi.
Barmaqlarının hər birisə
bir Cənnət müjdəçisi...

Bilirəm,
Bu şəhərdə
Xəyanət sevgidən,
Ayrılıqsa göz yaşlarından baha.

Image result for aşk

Eybi yox,
Sən güclü ol!
Barış saçlarınla.
Uzat saçlarını
qaranlıq gecələrə,
Gülüşünü gizlətmə daha.

Ən böyük üsyandır
bir qadının sükutu.
Yorğun qadınlar
Susmağı seçir,
Susur, susur
və unudur.

***

İndi əllərimiz qana bata-bata

Ölkələrin arasından tikanlı məftilləri,

Evlərin arasından hasarları sökməliyik.

İndi dünyanı daha da gözəl etməliyik.

Doyunca içməliyik dostlarımızla

Soyuq qış gecələrində isti çaxırı

Doğru adamlarla sevişməliyik

İsti yay gecələrində hər günün axırı.

Günəş uşaqlığımızdakı rənginə qayıtmalı,

Dənizlər həmişəkindən daha mavi olmalıdı.

Əlimizdəki son mərmiləri də,

dostumuzun toyunda havaya sıxmalıyıq.

***

Günəşə atılan mərmilər

(şəhid analarına ithaf)

Bir güllə dənizə,
bir güllə buluda,
bir güllə də günəşə atın,
gücünüz çatırsa onları da öldürün.
İnsanları öldürməyə nə var ki?

Qaz sobasında çaydan cızıldayır,
"Cəbhə xəttində atəşkəs yenə pozulub,
Atışma nəticəsində bir əsgərimiz şəhid olub,
Allah rəhmət eləsin" - deyir xəbərçi qız.

Anam qulağını dartıb
əli ilə taxtanı tıqqıldadır,
Mənə baxıb əllərini göyə qaldırır.

Qaz sobasında çaydan cızıldayır,
Hövsələsi çatmayanlar kanalı çevirir.
Başqa evdə isə bir şəhid anası
Həmin o çaydanı devirir.

Elə bil çaydana da güllə dəyir.
Qapağı bir tərəfdə, suyu döşəmədə.
Ayaqları yox, ürəyi yanır ananın.
Su buxarlanır,
Çaydan cızıldayır.

Qaz sobasında çaydan cızıldayır...

Depressiya qurbanı

Kaş,
37-də yaşayardım.
Müşfiq kimi,
qurban olardım
repressiyaya...

Təki görməzdim
Üçüncü minilliyi,
Düşməzdim depressiyaya.

Kaş,
Qandallayıb qollarımı,
Çatmamış
Otuz yaşıma,
Bir güllə sıxardılar başıma,
"Atəş!" əmrindən sonra,
Nargin adasında.

***

Uşağam,
Balaca uşaq.
Ona görə bu qədər
səliqəsizdir misralarım,
sözlərimsə bu qədər uzaq.

Sus...
Danışmaq
Ən böyük səhvidir insanlığın.
Bacarsan
Gözlərimdən kədəri sil,
Əllərimdən ayrılığı.

Arzularım
Uçmağı unudub.
Ümidlərimsə iməkləyir.
Bacarsan
Ürəyimdən ağrıları sil
Beynimdən təkliyi...

Uşağam,
Balaca uşaq.
Ona görə bu qədər
səliqəsizdir misralarım,
sözlərimsə bu qədər uzaq.

***

Elə asan görünür ki,
Qalın kəndir, kiçik bir stul.
Hər şey sıfıra qayıdır, yenə artır!
- budur düstur.

Bir tətiyin ucundaca
Boylanır üzünə həyat.
Sən əyrilərdən qaçdıqca,
Gülümsər düzünə həyat.

Çəkildiyin şəkillərdə
Təbəssüm üzdən sürüşür,
Ayaqların çox narahat,
Əllərin əsəbi düşür.

Güzgüdəki əksinlə də
gələ bilmirsən göz-gözə.
Deyəsən orucsan yenə,
dilin dəymir bircə sözə.

Elə asan görünür ki,
Qalın kəndir, kiçik bir stul.
Hər şey sıfıra qayıdır, yenə artır!
- budur düstur.

***

Elm yanılır,
ya da ki, məsafələr...
İsidə bilirsə əgər
deməli
o qədər də uzaqda deyil Günəş!
deməli
o qədər də güclü deyil uzaqlar,
deməli
kimsə uzaqlardan qayıda bilər!

İndi
bu küçələr,
bu şəhər, ölkə
sənin yoxluğunda
boz və bomboşdur.


qızcığaz,
"sevdiklərimin qucağıdır Vətən"
dedimsə əgər
deməli
bizimçün edam da xoşdur,
deməli
bizimçün sürgün də xoşdur.

İndi
bu küçələr,
bu şəhər, ölkə
bizimtək kədərli
və də sərxoşdur

Gülümsə,
eybi yox,
neyləmək olar?
Səndən ayrılmağın
özü də xoşdur.

Elm yanılır,
ya da ki, məsafələr...
İsidə bilirsə əgər
deməli
o qədər də uzaqda deyil Günəş!
deməli
o qədər də güclü deyil uzaqlar,
deməli
kimsə uzaqlardan qayıda bilər!

news-inner-user

17090 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020