Yay qalereyasında sərgi açılıb

Yay qalereyasında sərgi açılıb
21 iyun 2017
# 10:12

İyunun 20-də YAY qalereyasında “Dəniz və dağlar arasında” adlı qrup sərgisi açılıb.

Mədəni və şəxsi mənsubiyyət suallarını araşdıran Azərbaycan rəssamlarının iki müxtəlif nəslinin əsərlərini bir araya gətirir.

“Dəniz və dağlar arasında” sərgisi müstəsna olaraq Azərbaycanın coğrafi və tarixi kontekstindən çıxış edir, həm avropalı, həm də asiyalı olan, mədəni identikliyini ərəb, fars və rus təsirləri altında formalaşdırmış türkdilli xalq haqqında danışır.

Gənc rəssamlar Zamir Süleymanov və Emin Əzizbəylinin həmmüəllif olduqları qısametrajlı “Astar” filmi gənc oğlanın həyatda tutduğu adi işlərdən bəhs edir. Gerçəkliyin təxəyyülə qarışdığı bu film quraşdırma mühit konseptini, eləcə də şəxsiyyətin kimliyinə bu mühitin necə təsir göstərməsini araşdırır.

Nadir Eminov “Bəhram Gur və Əjdaha” instalyasiyasında Bakıda son illər aparılan yenidənqurma işlərinə münasibətini bildirir. Rəssamın fikrincə, ictimai əraziləri üzlük daşları ilə yerli-yersiz örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil.

Zamir Süleymanovun “Dağlar! Dağlar!” adlı 7 ekranlı videosu Naxçıvanın yeddi müxtəlif dağ zirvəsi fonunda telefonla danışan kostyumlu kişiləri təsvir edir. Videoda iki müxtəlif - sosial və mifoloji baxış nöqtəsi yozulur. Rəssam birincisində “xüsusi əhəmiyyətli insan” fiqurunu yaradırsa, mifoloji yanaşmada 7 rəqəminin müqəddəs olmasını və əfsanəyə görə, Nuh peyğəmbərin gəmisinin Naxçıvan dağlarında, petroqlifləri ilə məşhur olan Gəmiqaya adlı yerdə lövbər salmasına işarə vurur.

Fərhad Fərzəliyev “Gələ, sənə iki şirvan! Qoy cibivə” əsərində sovet dövründə hər kəs üçün əlçatan olan parçanın üzərinə uşaqlıqda eşitdiklərimiz sözləri kiril əlifbası ilə həkk edir. Bununla rəssam son 80 il ərzində Azərbaycan əlifbasının rəsmən üç dəfə dəyişdirilməsini vurğulayır.

Aida Mahmudovanın “Adsız” tablosu seyrçini nostalji duyğuların qanadlarında melanxolik mənzərəyə uçurur. Əsər dünya xəritəsində Azərbaycanın hazırkı mövqeyinin təcəssümüdür.

Parisdə yaşayan azərbaycanlı rəssam Babi Bədəlov söz birləşmələrindən yaratdığı əsərlərində mənşə və irs, o cümlədən regionun ideologiyasının formalaşmasında əhəmiyyətli rol oynamış dəyərlər mövzularını əhatə edir.

Fərid Rəsulov “Memarlıq dixotomiyası” silsiləsindən olan “Adsız” heykəlində iki iri beton blok arasına incə şəbəkəni yerləşdirib. Şəbəkəni Azərbaycanı simvolizə elementi kimi qələmə verən rəssam ölkənin regionda tutduğu geosiyasi mövqeyini göstərir.

Elturan Məmmədovun “Adsız yüksəkliklər” adlı instalyasiyası Azərbaycanın mürəkkəb geosiyasi reallıqlarına münasibət qismində çıxış edir. Müəllif məşhur “Google Maps” proqramından istifadə edərək, Dağlıq Qarabağda işğal altında olan və daim atəşə məruz qalan adsız yüksəkliklər və onların ətraflarında olan yaşayış məntəqələrinin yaşayışı problemlərinə toxunur.

Tahir Salahovun “Novxanı ziyarətgahı” tablosu xalqın irsi identikliyi mövzusuna toxunur. Azərbaycanın hər yerində rast gəlinən, lakin İslam dininə zidd olan ziyarətgahların mövcudluğu faktı paradoksal haldır. Lakin bu, insanların onlara inamını azaltmır...

Məmmədhüseyn Hüseynovun “Xınalıq” adlı əsəri Azərbaycanın şimalında Böyük Qafqaz dağlarının yüksəkliklərində yerləşən eyniadlı kəndin mənzərəsini təsvir etməklə yanaşı, fərqli dili və adət-ənənələri, unikal memarlıği və mədəniyyəti olan etnik qrupun mövcudluğuna diqqəti cəlb edir.

Sentyabrın 29-dək davam edəcək sərginin kuratorları Björn Geldhof və Fərəh Ələkbərlidir.

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

15:30 24 fevral 2026
Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər